Mütaliə böyük mədəniyyətdir
İndi o günləri bir az xiffət, bir az da təəssüflə xatırlayırıq. O günləri ki, kitablar əl-əl gəzərdi. Nəinki ali təhsil ocaqlarında, hətta orta məktəblərdə də yalnız dərs əlaçıları kitab maraqlısı sayılmazdı. Mütaliəyə, demək olar ki, hər kəs həvəs göstərirdi. Doğrudur, o vaxtlar da bütün nəşr edilmiş kitabların, yazıçıların və şairlərin hər birinin əsərlərinin oxunduğunu söyləmək olmazdı. Ancaq qələm sahibi istedadlı idisə, yazdıqları maraq doğururdusa, mütləq mütaliə ediləcəkdi.
Ali məktəblərdə yalnız humanitar fənlər üzrə təhsil alanlar deyil, bütün tələbələr nəinki yenicə işıq üzü görən, yaxud artıq çox məşhur olan əsərlərdən, onların müəlliflərindən xəbərdar idilər, hətta formalaşmış ədəbi-bədii zövqləri vardı.
Kimya, fizika, riyaziyyat, tibb, iqtisadiyyat və digər ixtisaslar üzrə təhsil alanlar da Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və başqa klassik şairlərin neçə-neçə qəzəlini əzbər deyirdilər. Əli Kərim, Nüsrət Kəsəmənli, Ramiz Rövşən və digər şairlərin şeirlərindən isə saatlarla nümunə gətirə bilərdilər. Sonra... Nə oldu ki, mütaliəyə maraq azaldı? İndi nəinki dəqiq fənlər üzrə ali təhsil alanlar, heç humanitar fakültələrin tələbələrinin də çoxu dünya klassikləri bir yana, Azərbaycanın şöhrətli şairlərinin üç-dörd şeirini belə əzbər söyləyə bilmir. Nə oldu? Nə baş verdi? Bizim gənclik nə səbəbə mütaliəyə maraq göstərmir? Bundan həm fərd, həm də cəmiyyət olaraq nələri itiririk? Bu suallarla ilk getdiyimiz yer 100 illik yubileyini qeyd edən, özünəməxsus ənənələri olan və çoxumuz üçün doğma ünvan - Bakı Dövlət Universitetidir. Müsahibimiz isə BDU-nun Elmi kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Sara İbrahimovadır.
Gənclərə
kitabları sevdirməliyik
Sara xanım özü də bu ali təhsil ocağının məzunudur. 1961-ci ildən isə BDU-nun Elmi kitabxanasında çalışır. O, altmış ilə yaxın fəaliyyəti müddətində mütaliəyə sevginin yüksəlişini də, azaldığını da görüb. Amma kitablarla ünsiyyətin heç zaman itməyəcəyinə əmindir: "Mütaliə insanın intellektini inkişaf etdirir, zehin açıqlığını, danışıq qabiliyyətini gücləndirir. Məntiqli düşüncə və fikirlərimizi sərbəst şəkildə ifadə edə, mühakimə yürüdə bilirik. Söz ehtiyatımızın çox olması, dünyanı daha yaxşı qavramaq üçün oxumalıyıq. Mütaliə böyük mədəniyyətdir. Onu körpəlikdən valideynlər formalaşdırmağa başlamalıdır. Böyüklərin kitablardan oxuduqları nağıllar, şeirlər uşaqların yaddaşında silinməz izlər buraxır. Beləliklə, onlarda mütaliəyə maraq oyanır. Sonrakı mərhələlərdə uşaq bağçaları, orta məktəblər bu marağı gücləndirməli, oxu mədəniyyətini formalaşdırmalıdır”.
Bu il Bakı Dövlət Universiteti ilə birlikdə onun Elmi kitabxanası da 100 illik yubileyini qeyd edir. 1919-cu il sentyabrın 15-də bu kitabxana 250 kitabla qapılarını oxucularının üzünə açıb. Fondundakı ən qədim kitab nümunəsi 1551-ci ilə aid olan kitabxana bir əsr ərzində xeyli zənginləşib. Tələbələri zamanla bir-birini əvəz edib. Bəzən mütaiəyə maraq o qədər güclü olub ki, oxucular hansısa bir əsəri oxumaq, onun dərc olunduğu jurnalları, kitabları əldə etmək üçün növbəyə yazılmalı olublar. Sara İbrahimova yada salır: "Anarın "Beşmərtəbəli evin altıncı mərtbəsi” adlı romanı "Azərbaycan” jurnalında dərc olunmağa başlamışdı. Oxucularımız jurnalın hər sayını həsrətlə gözləyirdilər. Tez-tez gəlir, oxumaq üçün yazıldıqlarını, növbənin onlara nə vaxt çatacağını xəbər alırdılar. O vaxtlar belə hadisələrlə qarşılaşırdıq. Oxucular maraqlı əsərləri həsrətlə gözləyirdilər”.
Cəmiyyətdə bu gün mütaliəyə marağın azaldığı məlumdur. Ali məktəblərin tələbələrinin kitablara münasibətlərinə gəlincə, burada da vəziyyət qənaətbəxş deyil. Ancaq Sara xanım BDU-nun tələbələrinin mütaliə həvəslərinin son illər yenidən yüksəlməyə başladığını deyir: "Elə bu gün səhər dəfələrlə kitabxanamızın işçilərindən universitetin birinci kurs tələbələri xəbər alıblar ki, buradan dərsliklərdən başqa da kitablar götürə bilərik? Onlara deyiləndə ki, bizim elmi kitablarla, bədii ədəbiyyatla olduqca zəngin kitabxanamız var, çox sevinirlər. Bu o deməkdir ki, gənclərin kitaba maraqları var. Bununla yanaşı, kitabxanaçılar da elə xidmət göstərməlidirlər, suallara ətraflı cavab verməlidirlər ki, oxucu həvəslənsin. Bir sözlə, gənclərə kitabları sevdirməliyik. Hazırda bizim kitabxananın 19 min üzvü var. 14 xidmət şöbəsi oxucuların ixtiyarına verilib. Hər gün 3 mindən çox oxucu bizə müraciət edir. Kitabxanamıza yeni gələn kitabları təbliğ edir, sərgi təşkil edirik”.
Elektron, yoxsa ənənəvi
kitab?
Texniki tərəqqi gündəlik həyatımızda bəzi çətinlikləri aradan qaldırıb. Bu gün bir çox kitabı oxumaq üçün internet vasitəsilə elektron kitabxanalara da daxil olmaq kifayətdir.
Bəs elektron kitablar ənənəvi kitablarla ünsiyyətimizə necə təsir göstərir? Sara İbrahimova bu məsələ ilə bağlı belə bir fikir söylədi: "Bəziləri deyir ki, internet, elektron kitabxanalar ənənəvi kitabları oxumağın qarşısını alır. Bu, bəhanədir. Öz təcrübəmizə əsaslanıb deyirəm. Oxucularımıza bəzən təklif edirik ki, oxumaq istədikləri kitabların elektron versiyası var, açıb kompüterdən götürə bilərlər. Amma onların bir çoxu ənənəvi oxuya üstünlük verir, kitab istəyir. Doğrudur, internet qarşımızda geniş imkanlar açır, bizə əhatəli məlumatlar toplamaqda kömək edir. Texniki tərəqqi əsridir və biz də zamanla ayaqlaşırıq. Amma elektron kitabları oxuyanda gözlərimiz, beynimiz daha tez yorulur. Ona görə də gənc oxucularımız bizdən oxumaq üçün kitablar istəyirlər”.
Tələbələr
daha çox nə oxuyurlar?
Şübhəsiz, tələbələrin oxumaq məcburiyyətləri var. Yəni istər-istəməz təhsil ocağında müəllimlərinin verdikləri tapşırıqları yerinə yetirməlidirlər. Bəs Bakı Dövlət Universitetinin tələbələrinin könüllü oxuculuq göstəriciləri hansı səviyyədədir? Humanitar fənlər fakültələri kimi dəqiq elmlər üzrə təhsil alanlar da bədii ədəbiyyata meyillidirlərmi?
Bu suallarla bağlı Sara İbrahimova diqqətə çatdırır ki, tələbələr mühazirə vaxtı kimin adını daha çox eşidirlərsə, dərs proqramlarında kimlər varsa, əsas onların əsərlərini istəyirlər. Bir də onları tam şəkildə və diqqətlə oxumağa çalışırlar. Çünki müəllimlər elə suallar verirlər ki, tələbələrin həmin əsərləri oxuyub-oxumadığı aşkara çıxır. Amma ali məktəblərdə oxuyan gənclərin bədii ədəbiyyata meyilləri bununla məhdudlaşmamalıdır. Yəni tələbələr yalnız imtahana görə oxumamalıdırlar.
Sara xanım vurğulayır ki, Bakı Dövlət Universitetində dəqiq və hümanitar fakültələrin tələbələrinin çoxu bədii ədəbiyyat oxumağa həvəslidir. Onlar oxumaq üçün Azərbaycan klassiklərinin, eləcə də tərcümə əsərlərini istəyirlər. "Müasir yazıçılardan, şairlərdən kimləri oxuyurlar” sualımıza cavabında Sara İbrahimova bildirir ki, gənclər mütaliə üçün daha çox detektiv əsərlər götürürlər.
Bugünkü gənclərin bir problemi də kiril əlifbasında yazılanları oxumaqda çətinlik çəkmələridir. Orta məktəblərin əksəriyyətində şagirdlərə rus dili fənni tədris olunduğu halda belə bir problemin ortaya çıxması təəccüb doğurur.
Sara xanıma son sualımız yarızarafat-yarıciddi olur: "Tələbələr yenə universitetin kitabxanasında oxumaq üçün götürdükləri kitablardan onlara lazım olan vərəqləri cırıb aparırlar? Sara İbrahimova gülümsəyir: "İndi buna ehtiyac qalmır. Tələbələrə kitabları veririk ki, surətini çıxarıb qaytarsınlar. Amma... İmtahanlar vaxtı bu hallar hərdənbir olur...”
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.- 2019.- 13 oktyabr.- S. 6.