Yalnız ədəbiyyatda və rəsmdə qalan Bəzzaz məscidi

 

Xəzərin sahilində yerləşən mühüm tarixi hadisələrin şahidi Bakı şəhəri nəinki Azərbaycanın, Yaxın Şərqin ən qədim məskənlərindən biridir. Arxeoloji tapıntılar arasında olan artefaktlar şəhərin məskən kimi yaranmasını və Tunc dövrünə, yəni eramızdan əvvəl III minilliyə aid olduğu barədə məlumat verir.

Abşeron ərazisində zəngin neft yataqlarının olması müxtəlif ölkələrdən gələn tacir, missioner və səyyahları çox cəlb edirdi. Onlar bu yağlı, möhkəm qoxusu olan yanar məhlulu əcaib bir şey sayırdılar. Onlar Bakı şəhərini təsvir edərkən neftin qeyri-adiliyi haqqında həyəcanla yazırdılar. Neft yataqlarının yuxarı təbəqəyə yaxın olan müəyyən sahələri birdən-birə od tutub yana bilərdi. Elə buna görə də bu yerlər "Odlar diyarı” adlandırılırdı.

Bu müqəddəs torpaqda yaşayanlar üçün Bakı barədə hər bir məlumat qiymətlidir. Bakı şəhəri müxtəlif tarixi dövrlərdə rəssam və həvəskar səyyahlar tərəfindən təsvir edilmişdir. Yaranan hər bir əsər rəssamın öz təfəkkürünün, az da olsa fantaziyasının məhsuluna çevrilirdi və hər bir əsərdə tarixietnoqrafik həqiqət var idi. Bu kimi sənət nümunələri şəhərimizin təsvirinə hərtərəfli maraq oyadırdı.

İlk dəfə Bakı şəhərini 1683-cü ildə alman səyyahı E.Kempfer təsvir etmişdir. Sonrakı illərdə bir neçə alman rəssamı Bakını çəkmişdir. Bunlar V.Kizevetter, H.Qorşild, P.Frenken olmuşlar. Əsərlərdə xüsusilə tarixi abidələr, müxtəlif tipajlar, onların geyim tərzləri, mənzərələr öz əksini tapmışdır. Bu baxımdan Paul fon Frankenin əsərləri xüsusi vurğulanmalıdır. Rəssam səyahət etməyi çox sevirdi. O, Paris, Peterburq və Rusiyanın digər şəhərlərində olmuşdur. 1853-1861-ci illərdə isə Qafqaza gəlmişdir. Buranın tarixini, sənət sahəsini, ümumiyyətlə sənətkarlığını yaxından öyrənmişdir. Və ona "Qafqaz rəssamı” adı vermişlər. O, rəsmlərini qələmlə çəkirdi, sonra onun əsasında böyük əsərlər yaradırdı. Belə əsərlərdən biri "Bakı şəhərində Qız qalasının görünüşü” adlanır. Bu sənət nümunəsi 1830-cu ildə qələmə alınsa da, 1880-ci ildə böyük əsərə çevrilmişdir.

Müəllif əsasən mənzərə janrında işləmiş, əslində bu sahənin ustası idi. Romantik üslubda əsərlər yaradırdı. Onu Şərq nağılları, ekzotika daha çox cəlb edirdi. "Qız qalası” möhtəşəm rəsminə baxarkən onun dumanlı və aylı gecədə təsvir olunduğunu görürük. Burada mərkəzi yer Qız qalası üçün ayrılmışdır. Çünki bu möhtəşəm tikili hər zaman Bakı şəhərinin simvolu olmuşdur, onunla bağlı çoxlu əfsanələr, rəvayətlər danışılır, bugünə kimi alimlər tərəfindən öyrənilir və daim maraq mərkəzindədir.

Əsərə baxarkən Bakı şəhərinin təpə üzərində yerləşdiyini aydın görürük. Ön planda Bakının gecə həyatı təsvir edilir. Əsərin bu hissəsi etnoqraflar üçün daha maraqlı olardı. Burada toplanan insanlar gecə tutduqları balıqları bazarda alver edənlərə satırlar. Şəkildə bir necə yerdə tonqalların qalandığı təsvir edilib. Burada xırda qayıqlar çönmüş vəziyyətdə verilmişdir. İnsanların əynində olan yüngül geyimlərdən başa düşülür ki, ya payız, ya da bahar fəslidir. Çox təsirli şəkildə dəniz sularını işıqlandıran ay işığının təsviri daha gözəl görünür. Dəniz kənarında xırda yükləri daşımaq üçün "kirjimadlanan yelkənli gəmilər verilmişdir. Bütün bu səhnə Qız qalası önündə cərəyan edir. Lakin Qız qalasının istiqamətinin təsviri bir qədər dəqiq verilməmişdir. Bu isə, çox güman ki, rəssamın şəxsi yanaşmasından irəli gəlirdi. O, bunu belə görür.

Nəhayət, bu əsərdə İçərişəhərin cənub-qərb hissəsində vaxtilə "Bəzzaz” adlanan balaca düzbucaq şəklində olan məhəllə məscidinin təsviri vardır. İndi həmin məscid yoxdur, amma əsərdə onu aydın görmək olar. Məscidə müsəlman ölkələrindən olanparça alveri edən tacirlər namaza gəlirdilər.

Bakı şəhərinin təsviri müxtəlif illərdə bir çox rəssam tərəfindən çəkilmişdir. Amma belə rakursdan Bakı heç vaxt təsvir edilməmişdir və onun üçünbu əsər ikiqat maraqlıdır. Tədqiqatçıların yazdıqlarına görə, həmin məscid parça satılan məhəllədə yerləşirdi. Bu barədə məscidin divarında olan yazı şərqşünas B.Dorn tərəfindən oxunmuş və 1854-cü ildə Xəzər dənizinin cənubuna səfər zamanı hesabatında da vurğulanmışdır.

Bakıya müxtəlif ölkələrdən daxil olan parçalar barədə məlumatı arxeoloji tapıntılar da təsdiq edir. Şirvanşahların ailə türbəsində aparılan qazıntılar zamanı zərxara tipli parça aşkar edilmişdir. Belə tip parçalar İranda Şiraz şəhərində istehsal edilirdi və yalnız dəfn zamanı istifadə olunurdu. Çünki onun tərkibində metallik saplar vardı. Bu da çürümənin qarşısını alırdı. Eyni zamanda burada Hindistan tirməsi tapılmışdır.

Qədim Bakıda hər məhəllənin öz məscidi olub. Balaca olduqları üçün minarələri yox idi, azan damdan oxunardı. Bəzzaz məscidi də bu tip məscidlərdən idi.

 

Gülnar ƏLİYEVA,

 

İçərişəhər Muzey Mərkəzinin müşaviri

 

Azərbaycan.- 2019.- 13 oktyabr.-  S. 6.