Dünyanın mərkəzi
Bura dünyanın var olan nöqtəsidir...
Bura dünyanın qibləgahıdır...
Bura bütün dünya müsəlmanlarının ən
müqəddəs ziyarətgahı,
Allahın ilk evidir...
Hər il milyonlarla
insanın Allaha üz tutduğu, tapındığı, dualar
etdiyi, qurbanlar kəsdiyi məkandır...
"Kəbə” ərəbcə
"əl-Kəb” sözündən
götürülüb, mənası
"kub” deməkdir. Böyük daşlardan
təxminən kub formasında tikilmiş formaya malikdir. Kəbə
180 kvadratmetr sahəni
əhatə edir.
Sahəsi 128,4 kvadratmetr, hündürlüyü
13,10 metrdir. Şimal-şərq
divarı 12,6, şimal-qərb divarı
11,03, cənub-qərb divarı
13,10, cənub-şərq divarı
11,22 metrdir. Divarlarında istifadə olunan
daşlar Məkkə
yaxınlığındakı təpələrdən gətirilmiş
qranitlərdir.
Kəbə binasının küncləri
düz Yer kürəsinin qütblərinə
- Şimal, Cənub, Şərq və Qərbə istiqamətlənib. Bu künclərin hər birinin xüsusi adı var. Kəbənin şərq küncündə
Həcərül-əsvəd adlanan qara daş
yerləşir. Şimal küncü
İraq, qərb küncü Şam, cənub küncü isə Yəmən küncü adlanır.
Kəbənin cənub-qərb divarının
qabağında hündürlüyü
90 santimetr, eni 1,5 metr olan yarımdairə
şəkilli, ağ mərmərdən tikilmiş
divar var. Bu ərazi Hatim adlanır və Kəbənin bir parçası hesab olunduğu üçün təvaf zamanı oraya daxil olmağa icazə verilmir.
Kəbənin qapısı yerdən 2 metr hündürlükdə
şimal-şərq divarında
yerləşir. Ora qalxmaq üçün
təkərlər üzərində
quraşdırılmış taxta pilləkəndən istifadə olunur. Bu pilləkən adətən
məsciddə, arka formalı Bəni-Şeybə
qapısı ilə Zəmzəm quyusunun arasında saxlanılır.
Kəbənin döşəməsi qranitdəndir. Divarların içərisi
yarıya qədər
Quran ayələri ilə
bəzədilmiş qranitdən,
yarıdan çoxu isə üzərində qızıl saplarla Quran ayələri işlənilmiş
yaşıl parçadan
ibarətdir.
Kəbənin içərisindəki 3 ədəd
qəhvəyi rəngdə
taxta sütun tavana dirək rolunu oynayır. Bu sütunlar olduqca möhkəm taxtalardan hazırlandığı üçün
1350 ildir ki, möhkəmliyini qoruyur.
Hər sütunun diametri 44 santimetrdir. Bu sütunlar hələ Məhəmməd peyğəmbərin
vaxtında Abdullah ibn Zübeyr tərəfindən
yerləşdirilib. Hər bir
sütun kvadratşəkilli
taxta platforma üzərində oturub.
Hər üç sütundan müxtəlif dövrlərdə
zəvvarlar tərəfindən
Kəbəyə bağışlanılan
hədiyyələrin asıldığı
dirək keçirilib.
Kəbənin içində ərəb
xəttatlığı ilə
bəzədilmiş 8 daş
var.
Kəbə evinə bərkidilmiş Qara daşa toxunub öpmək isə hər müsəlmanın arzusudur. Çünki bu daşın səmadan, Cənnət bağlarından endirildiyinə
dair inanc var. Müsəlmanlar bu daşın Adəmə Cənnətdən qovulduqdan
sonra günahlarının
təmizlənməsi üçün
göndərildiyini düşünürlər.
Bəzi rəvayətlərə
görə, daş əvvəl ağ
rəngdə olub və bir çox
günahkar insanın ona toxunması nəticəsində zaman keçdikcə qaralıb.
930-cu ildə Bəhreyndə
məskunlaşmış kərmətilər
Qara daşı oğurlayırlar. 951-ci ildə
bu daş yenidən Məkkəyə
qaytarılır. Kəbə iki
dəfə yanıb,
1626-cı ildə isə
Məkkə sel daşqınında suda batıb. Bu bədbəxt
hadisələrdən sonra
Qara daş 15 parçaya bölünüb.
İndi bu hissələr sement məhlulu ilə birləşdirilib və gümüş çərçivəyə salınıb.
Daşın görünən hissəsi təxminən
16,5x20 sm-dir.
Kəbənin içəri hissəsinin
təmizlənməsi mərasimi
ildə iki dəfə - ramazan ayının və həcc mərasiminin başlanmasından 15 gün
əvvəl yerinə
yetirilir. İçərinin
təmizlənməsi üçün
adi süpürgələrdən
istifadə olunur, Zəmzəm suyu ilə fars
qızılgül suyunun
qarışığı ilə
yuyulur.
Kəbənin üzəri kisvah adlanan qızıl saplarla işlənmiş ipək parça ilə örtülür. Hər il həcc
dövründə yenisi
ilə əvəz olunan kisvah 658 kvadratmetr sahəni örtür. Bu örtüyün
toxunması üçün
670 kiloqram xalis ipək, üzərindəki
naxışların vurulması
üçün isə
15 kiloqram qızıl
sapdan istifadə olunur. Naxışlarla ipəyin üzərinə
Şəhadət kəlməsi
və Quran ayələri
yazılır. 47 hissədən ibarət örtük Kəbənin
üzərinə örtülür
və yerə mis halqalarla bərkidilir. Onun düzəldilməsi təqribən
4,5 milyon ABŞ dollarına başa gəlir.
Kəbə evinin, örtüyünün,
həmçinin Kəbə
yaxınlığında İbrahim
peyğəmbərin ayaq
izinin əks olunduğu daşın yerləşdiyi Məqami-İbrahim
adlı yerin açarı isə əş-Şeybi ailəsindədir. Əslən Qureyşilərdən
olan əş-Şeybi
nəsli 1400 ildən artıqdır ki, Kəbənin açarlarını
özündə saxlayır
və nəsildən-nəslə
ötürülür. Yalnız bu ailənin icazəsi ilə müsəlman olan dövlət adamlarının
Məkkəyə səfəri
zamanı və ildə iki dəfə
təmizlik üçün
Kəbə evinin qapıları açılır.
Misir mütəxəssisi,
Qahirə Universitetinin
professoru Hüseyn Kəmaləddin elmi cəhətdən sübut
edib ki, vulkan püskürmələri
nəticəsində ilk dəfə
quru məkan məhz Kəbənin olduğu yerdə yaranıb. O vaxtadək bütün planet su ilə örtülü olub. Quru ərazilər buradan
yayılmağa, genişlənməyə
başlanıb. Bu elmi kəşf 1977-ci ildə rəsmən açıqlanıb. Alimlər müəyyən
ediblər ki, hazırda Ərəbistan yarımadası olan ərazidə vaxtilə Qondvana superqitəsi yerləşib. Sonradan bu
superqitə yeddi qitəyə bölünüb.
Hüseyn Kəmaləddin müəyyən
edib ki, Yer kürəsinin maqnit mərkəzi Məkkədə, məhz
Kəbənin dayandığı
yerdədir. Maraqlıdır ki, Yer kürəsinin maqnit qütbləri dəyişsə
də, Kəbədə
maqnit mərkəzi dəyişmir. Bu, dünyanın istənilən
nöqtəsindən qiblənin
istiqamətini ölçərkən
məlum olub. Alim müəyyən edib ki, qiblə hər tərəfdən Məkkə və Kəbəyə aparan maqnit xətlərin istiqaməti ilə üst-üstə düşür.
Xəyalə MURADLI
Azərbaycan.- 2019.- 13 oktyabr.- S. 7.