Nursultan NAZARBAYEV: “Azərbaycanda hər şey öz axarında gedir. Başlıcası budur ki, xalq
Sizin kursunuzu
dəstəkləyir”
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev oktyabrın 14-də Qazaxıstan
Respublikasının birinci
Prezidenti-elbası, Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının fəxri
sədri Nursultan Nazarbayevlə görüşüb.
AZƏRTAC
xəbər verir ki, elbası Nursultan Nazarbayevi salamlayan Prezident İlham ƏLİYEV dedi:
-Hörmətli Nursultan Abişeviç.
Sizi yenidən
görməyimə çox
şadam. Azərbaycana xoş gəlmisiniz.
Sizi - Qazaxıstanın
birinci Prezidentini Sizə çox tanış və doğma olan Azərbaycan torpağında qəbul etmək böyük şərəfdir. Mən bu
yaxınlarda Sizin ölkəmizə rəsmi
səfərinizi və
mənim Qazaxıstana
səfərim çərçivəsində,
beynəlxalq meydanlarda
görüşlərimizi xatırlayırdım.
Bizdə
- Azərbaycanda Sizi ölkəmizin, Azərbaycan
xalqının böyük
dostu kimi tanıyırlar. Siz beynəlxalq
əməkdaşlığın bir çox meydanlarında həmişə
bizə dəstək göstərmisiniz. Münasibətlərimizin möhkəmləndirilməsi işinə
verdiyiniz böyük töhfəni Azərbaycanda
çox yüksək
qiymətləndirirlər. Siz Heydər Əliyevlə birgə münasibətlərimizin
qurulmasının təməlində
dayanmısınız. Həmçinin mən Prezident
vəzifəsini icra etməyə yenicə başlayandan Sizinlə ünsiyyət təcrübəsi
mənim üçün
çox dəyərli
olub. Siz həmişə mənə dəstək göstərmisiniz və aramızda yaxın, deyərdim ki, doğma münasibətlər
qurulub. Türkdilli ölkələrin həmrəyliyinin möhkəmləndirilməsi
işinə töhfəniz
də çox böyükdür. Türk Şurasının
yubiley Sammitinin Bakıda keçirilməsindən
çox məmnunuq.
Siz türk dünyası birliyinin möhkəmləndirilməsi
işinə yönəlmiş
bir çox təşəbbüslərin və
addımların təməlində
dayanmısınız. Bir daha xoş gəlmisiniz.
Dəvəti qəbul edib
səfərə gəldiyinizə
görə sağ olun.
Qazaxıstanın birinci Prezidenti-elbası
Nursultan NAZARBAYEV dedi:
-İlham Heydər
oğlu, sağ olun. Həqiqətən də mən
müstəqillik illərində,
deyəsən, doqquzuncu
dəfədir Bakıya
gəlirəm. Burada əvvəllər
də olmuşam.
Sovet dövründə də Heydər Əlirza oğlu ilə bizim ayrıca münasibətlərimiz olub
və bu münasibətlər Sizinlə
də davam edir. Bizim başladığımız münasibətləri Sizinlə
davam etdirirəm.
Hər dəfə Bakının necə gözəlləşdiyini
görürəm. Mən bunun
nə demək olduğunu yaxşı bilirəm. Mən paytaxtı sıfırdan
inşa etdim. Siz qədim şəhəri yenidən qurdunuz, bu, daha çətindir.
Bu gün Bakının
siması, eləcə
də havası şübhəsiz ki, gözəl və təmizdir. Müasir binalar inşa
edilib, bu, ölkənin, dövlətin
inkişafından xəbər
verir. Sözün düzü, qüdrətli
qardaş Azərbaycan
məni çox sevindirir. Əgər Heydər Əlirza
oğlu indi bunları görsəydi, əlbəttə, çox
heyran qalardı.
Bizim münasibətlərimiz
davam edir. Mən ilk dəfədir
ki, buraya Prezident qismində deyil, bizdə deyildiyi kimi, millətin lideri, millətin atası kimi, Konstitusiyanın mənə verdiyi müəyyən səlahiyyətlər
çərçivəsində gəlirəm. Mənim varis
seçdiyim və təklif etdiyim, xalq tərəfindən seçilmiş Prezidenti dəstəkləyərək onunla
birlikdə nə edəcəyimiz – müstəqilliyimizi
möhkəmləndirmək, iqtisadiyyatı inkişaf etdirmək və bununla da xalqın
rifahını yaxşılaşdırmaq
istiqamətində işləyirik.
İlham
Heydər oğlu, Sizin Qarabağla, Ermənistanla münasibətlərlə
bağlı çətin
məsələləriniz az olmayıb. Ümumiyyətlə, Azərbaycanın coğrafi mövqeyi hamı üçün maraqlıdır. Lakin qeyd
etməliyəm ki, mən qiymət verməyə çalışmıram,
amma mənim həyat, siyasi və yaş təcrübəmdən çıxış
edərək deməliyəm
ki, Azərbaycanda hər şey öz axarında gedir. Başlıcası
budur ki, xalq Sizin
kursunuzu dəstəkləyir.
Prezident və xalq yekdil
olduqda xalqın öhdəsindən gələ
bilməyəcəyi güc
yoxdur. Buna görə Sizi təbrik edirəm.
Münasibətlərimizə gəldikdə isə onları davam etdirmək lazımdır. İndi imkanlar
daha böyükdür.
Amma hər halda Xəzər dənizi ilə ticarətimiz yetərincə deyil.
Hərçənd ötən ildə
artım yaxşı olub, 58 faiz təşkil
edib. Lakin həcm böyük
deyil. Odur ki, hökumətlərimiz
nə ilə ticarət etməyin və nəyin tədarük olunması üzərində bir daha çalışmalıdırlar.
Logistika yaxşı vəziyyətdə
olmayıb. İndi biz sizin
vasitənizlə, Qafqazdan
keçməklə Qars-Axalkalaki
yolu ilə Türkiyəyə, Avropaya
çıxa bilərik.
Lakin bərə yolları da genişlənib. Biz də öz
infrastrukturumuzu Çinə,
Sakit okeanadək inkişaf etdirmişik.
Beləliklə, heç bir
siyasi və digər problemlər olmadan ticari və siyasi münasibətləri inkişaf
etdirmək üçün
bütün imkanlarımız
var.
Sabah mənim 10 il
əvvəl Naxçıvanda
təklif etdiyim Türk Şurası toplanacaq. Sağ olun ki, mənə
fəxri sədr olmağı təklif etdiniz. İlham Heydər oğlu,
bunu məmnuniyyətlə
qəbul edirəm, çünki bizim dövlətlərimizin münasibətlərinin
möhkəmlənməsinə, türkdilli ölkələrin
birgə inkişafına
kömək etmək istəyirəm. Artıq türkdilli
ölkələr sözlərinin
nəsə başqa bir formasına, türk dövlətlərinə
keçmək haqqında
düşünmək lazımdır.
Dəvətə görə təşəkkür
edirəm. Qazaxıstanda Azərbaycanı diqqətlə
izləyir, sevir, hörmət edir, qiymətləndirirlər. Biz
bu dövlətin yaxşı inkişafını
müşahidə edirik.
İlham
Heydər oğlu, Sizə uğurlar arzu edirəm.
Prezident
İlham Əliyev: Ölkəmiz haqqında xoş sözlərə görə çox sağ olun,
Nursultan Abişeviç.
Öz növbəmdə, demək istərdim ki, biz şəhər quruculuğunda sizin gözəl
Nur-sultan şəhərinin tikintisi üzrə təşəbbüslərdən
nümunə götürmüşük.
Bu şəhər haqlı olaraq Sizin
adınızı daşıyır, çünki
Siz onu sıfırdan tikmisiniz. Nur-sultan şəhərində
tez-tez olaraq mən
sürətli dəyişiklikləri görmüşəm. Bir-iki ildən sonra gələrkən,
sanki yeni şəhərə
gəlirsən. Xüsusilə keçən dəfə Ekspoda olarkən tikintinin
miqyasından, memarlıq ustalığının səviyyəsindən
və düşünülmüş quruculuqdan heyrətə gəldim. Mən bilirəm
ki, Nur-sultan şəhərində
ucaldılan hər bir binanın, bəlkə
də yetişdirilən hər bir
ağacın arxasında şəxsən Siz
dayanmısınız. Sizin tövsiyəniz, təlimatınız olmadan, əlbəttə ki,
bu şəhərsalma ansamblı indi göründüyü
kimi belə möhtəşəm
görünməzdi və orada yaşayanlar üçün
rahat olmazdı. Buna
görə də düşünürəm ki,
bir çox ölkələr
üçün Nur-sultan
şəhəri özündə modernizmi,
ənənələri, həmçinin
rahatlığı cəmləşdirən müasir
şəhərsalma nümunəsidir. Əlbəttə ki, bu gün
beynəlxalq məsələlərdə mühüm
rol oynayan, fəal inkişaf edən Qazaxıstanın
uğurları Sizin adınızla
bağlıdır. Qazax
xalqının, bizim
qardaşlarımızın bəxti gətirib ki,
müstəqilliyin astanasında Siz
dayanmışdınız. Bunun sayəsində
Qazaxıstan bizim və SSRİ-nin
digər respublikalarının payına düşən bir çox
sarsıntılardan yan keçib.
Həmin yerlərdə müstəqilliyin ilk
illərində hakimiyyətə bacarıqsız qüvvələr
gəlmişdi. Buna görə də biz Sizin Qazaxıstanın
inkişafına töhfənizi, Sizin
ölkəmizə münasibətinizi çox
yüksək qiymətləndiririk. Mən bilirəm ki, Azərbaycanın üzv
olmadığı beynəlxalq təşkilatlar çərçivəsində
Siz həmişə bizi
müdafiə etmisiniz, dəstəkləmisiniz.
Bunu Azərbaycanın hər bir vətəndaşı bilir,
Sizə böyük hörmət və sevgi ilə yanaşır. Sizi
görməyimə çox şadam. Şadam ki, Siz ölkənizin
rifahı naminə öz aktiv
fəaliyyətinizi davam etdirirsiniz.
Azərbaycan.- 2019.- 15 oktyabr.- S. 3.