Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni inzibati binasının açılışı olub

 

Oktyabrın 14-də Bakıda Azərbaycan, Türkiyə, Qazaxıstan və Macarıstan Xarici İşlər nazirlərinin, TÜRKSOY-un Baş katibinin iştirakı ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni istifadəyə verilmiş inzibati binasının açılışı olub.

AZƏRTAC xəbər verir ki, qonaqlar inzibati binada yaradılan şəraitlə tanış olub, türk xalqlarının tarixinə, mədəniyyətinə, adət-ənənələrinə dair sərgiyə baxıblar.

Qonaqları salamlayan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Gunay Əfəndiyeva rəhbərlik etdiyi qurumun yaranma tarixi və fəaliyyəti, türk dünyasının zəngin mədəniyyəti, qədim tarixi, milli-mənəvi dəyərləri ilə bağlı həyata keçirdiyi layihələr haqqında məlumat verib. Günay Əfəndiyeva türk dünyasının maddi və mədəni irsinin zənginliyindən, bu irsin qorunmasının, öyrənilməsinin və beynəlxalq miqyasda təbliğ edilməsinin əhəmiyyətindən danışıb. O əlavə edib ki, yeni istifadəyə verilmiş binada bütün türk xalqlarının mədəniyyəti, tarixi, zəngin irsi ilə bağlı tədbirlər keçiriləcək.

Tədbir bədii hissə ilə davam edib.

Qeyd edək ki, türkdilli xalqların maddi-mənəvi irsin qorunması, tədqiqi və təbliği işini həyata keçirən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması təşəbbüsü ilə bağlı qərar 2009-cu il oktyabrın 3-də Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvan şəhərində keçirilmiş IX Zirvə Görüşündə qəbul edilib. Həmin qərar 2010-cu il sentyabrın 16-da İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X Zirvə Toplantısında dəstəklənib. Fondun Nizamnaməsi 2012-ci il avqustun 23-də Bişkek şəhərində keçirilən Zirvə Görüşündə Azərbaycan, Qırğızıstan, Türkiyə, Qazaxıstan hökumət başçıları tərəfindən qəbul edilib.

 

Azərbaycan.- 2019.- 15 oktybar.- S. 5.