Yüksəlişin və qüdrətli dövlətçiliyin təminatçısı

 

Tarixin ən qüdrətli Azərbaycanının möhtəşəm 16 ili

 

Müstəqillik tariximizin ən parlaq səhifələrindən biri Azərbaycanın inkişaf yollarında inamla və möhtəşəm nailiyyətlərə imza atmaqla irəliləməsidir. Respublikamızın qısa zamanda böyük uğurlar əldə edib, sosial-iqtisadi göstəricilərinə görə dünya miqyasında liderlər mövqeyinə yüksəlməsi beynəlxalq aləmdə etiraf edilən reallıqlardır. Bunun nəticəsində regionun iqtisadisiyasi cəhətdən aparıcı dövlətinə çevrilən Azərbaycan həm də beynəlxalq hüququn tam müstəqil, cəsarətli mövqeyi ilə seçilən, siyasi kursu nəzərə alınan subyektinə çevrilib.

Təbii ki, Azərbaycanın yüksəlişini, beynəlxalq arealda qazandığı nüfuzu qiymətləndirərkən Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətləri gözümüz önündə canlanır. Heydər Əliyev tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının nəticəsidir ki, bu gün xalqımız demokratikhüquqi dövlətdə yaşamaq imkanını əldə edərək, xoşbəxt gələcəyi üçün bütün təminatları yarada bilib. Azərbaycanın indiki yüksəlişinin özülündə məhz Heydər Əliyevin müəyyən etdiyi təkmil strategiya dayanır.

Heydər Əliyev Azərbaycanın gələcək inkişaf konsepsiyasını irəli sürməklə yanaşı, həm də bu strateji kursu qloballaşma dövrünün diktə etdiyi yeni şərtlərlə davam etdirməyə qadir olan istedadlı, yüksək idarəçilik keyfiyyətlərinə malik siyasi davamçı - lider yetişdirib. Bunun nəticəsidir ki, Azərbaycanın dinamik inkişafı davamlı xarakter alıb və respublikamızın beynəlxalq aləmdə yerinüfuzu günbəgün möhkəmlənməkdədir. Prezident İlham Əliyev Ulu Öndərin ən layiqli davamçısı olaraq onun başladığı, təməlini qoyduğu taleyüklü işləri ardıcıl surətdə və qətiyyətlə irəli aparır, ölkəmizin şərəfli tarixini yazır. Məhz Heydər Əliyevin dühasından və qüdrətli zəkasından ilham alan milli inkişaf strategiyası Azərbaycanın müstəqillik və inkişaf yolunda inamla addımlamasını təmin edir.

Bu gün cənab İlham Əliyevin ölkəmizə ilk dəfə prezident seçilməsindən 16 il ötür. 2003-cü ilin 15 oktyabrında xalqımız İlham Əliyevə səs verməklə Heydər Əliyev siyasi kursunun davamına, xoşbəxt və firavan yaşayışının etibarlı şəkildə təmin edilməsinə dəstək verdi. 16 il bir dövlətin tarixi baxımından uzun zaman kəsiyi sayıla bilməz. Lakin bu dövrdə Azərbaycanın yüksəlişi, əldə olunan möhtəşəm iqtisadi nailiyyətlər, ölkənin beynəlxalq imicinin artması, regionun lider dövlətinə və dünyanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilməsi hər birimizi dərindən qürurlandırır. Bunların hamısı ilk növbədə onu təsdiq edir ki, müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkəmizin inkişafına və modernləşdirilməsinə hədəflənmiş siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə layiqincə davam etdirilir.

2003-cü ildən indiyədək ötən dövr tariximizə möhtəşəm iqtisadi yüksəliş dövrü kimi daxil olub. Bu dövrdə Azərbaycan iqtisadiyyatının əldə etdiyi uğurlar, dayanıqlılıq və sabit inkişaf konkret statistik göstəricilər və rəqəmlərlə ifadə edilir. Belə ki, 16 ildə ümumi daxili məhsul istehsalı real ifadədə 3,3 dəfə, o cümlədən qeyri-neft sektorunda ÜDM 2,8 dəfə, sənaye məhsulu istehsalı 2,6 dəfə, qeyri-neft sənayesi 2,4 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb. Bu dövrdə dövlət büdcəsinin gəlirləri 18,4 dəfə, strateji valyuta ehtiyatları 29 dəfədən çox artıb. Təbii ki, bu 16 ildə Azərbaycanın iqtisadi sahədə qazandığı böyük uğurların kökündə dayanan əsas amillərdən biri iqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən məqsədyönlü siyasətdir. Bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatının tərəqqisi məhdud sfera üzərində köklənməyərək çoxcəhətli, genişmiqyaslı xarakterə malikdir. Ölkə iqtisadiyyatının ən müxtəlif sahələrində inkişafın paralel şəkildə getməsi, bir-birini tamamlaması hər zaman xüsusi diqqət mərkəzindədir. Bu səpkidə görülən işlər Azərbaycanın iqtisadi yüksəlişinə böyük töhfələr verərək, onu daha sürətli hala gətirib.

Bu illərdə Azərbaycanın sosial-iqtisadi inkişafında məqsədli dövlət proqramlarının icrası xüsusi əhəmiyyət kəsb edib. Müxtəlif dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər ölkədə makroiqtisadi sabitliyin təmin edilməsində, iqtisadiyyatın dinamik inkişafında, əhalinin həyat səviyyəsinin yaxşılaşmasında mühüm rol oynayıb. Xüsusən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində ölkədə daxili istehsal dəfələrlə artıb, yeni sənaye sahələri yaradılıb, zəruri infrastruktur qurulub, təhsil, səhiyyə, mədəniyyət, idman, meliorasiya və digər sahələrdə əzəmətli layihələr həyata keçirilib. Ötən illər ərzində dövlət başçısının regionlara mütəmadi səfərləri, müxtəlif təyinatlı obyektlərlə şəxsən tanış olması və hər bir rayonun inkişafı ilə bağlı qarşıda duran spesifik vəzifələri müəyyən edərək verdiyi tapşırıq və tövsiyələr, imzaladığı sərəncamlar bölgələrin tarazlı inkişafının təmin edilməsində müstəsna rol oynayıb.

Təbii ki, iqtisadi inkişafda neft strategiyasının uğurla reallaşmasının böyük rolu oldu. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin inşasının başa çatdırılması ilə ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyuldu. Neftlə zəngin bir çox dövlətlərdən fərqli olaraq, Azərbaycanda neft gəlirləri düşünülmüş şəkildə ilk növbədə iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına və infrastrukturun yenilənməsinə yönəldildi. Və yuxarıda qeyd edilən mühüm makroiqtisadi nəticələrin əldə edilməsində neft gəlirlərinin böyük rolu oldu.

Ötən 16 ilin ən mühüm uğurlarından biri Azərbaycanın bir dövlət kimi müstəqilliyini və dünya birliyində öz yerini möhkəmləndirməsi, beynəlxalq aləmdə söz sahibinə çevrilməsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı inkişaf yoluna çıxarmaqla yanaşı, regional və beynəlxalq miqyasda nüfuzunu daha da artırıb. Azərbaycan dünyanın sayılıb-seçilən, hörmət olunan, etimad göstərilən dövlətinə çevrilib. Bu gün regionun lideri olan Azərbaycan beynəlxalq əhəmiyyətli məsələlərdə də söz sahibidir. Ona görə Avropanın bir çox dövlətləri Cənubi Qafqazın lideri olan Azərbaycanla strateji tərəfdaş olduqlarını bəyan ediblər. Bunun da əsas səbəblərindən biri Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tamamilə müstəqil siyasət yürüdən ölkə olmasıdır.

Beləliklə, Prezident İlham Əliyev ölkəmizin inkişafı ilə yanaşı, həm də dünya birliyində mövqelərini davamlı şəkildə gücləndirib. Dövlət başçısının həyata keçirdiyi tam müstəqil və qətiyyətli xarici siyasət regionda cərəyan edən siyasi, iqtisadi proseslərin axarına da həlledici təsir göstərir. Azərbaycanın rolu artaraq təkcə regional səviyyədə deyil, beynəlxalq inteqrasiya proseslərində də öz sözünü deyən mühüm faktora çevrilib. Məhz buna görədir ki, fəaliyyəti ilə ölkə cəmiyyətindən daim dəstək alan, gərgin qlobal beynəlxalq münasibətlər şəraitində istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən Prezident İlham Əliyev beynəlxalq miqyasda da nüfuzlu lider olaraq ehtiramla qarşılanır. Bu mənada fəxarət doğuran məqamlardan biriPrezident İlham Əliyevin dünyada dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik lider kimi qəbul olunmasıdır. Təsadüfi deyil ki, dövlət başçısının hadisələrə baxışı, münasibəti hər bir beynəlxalq tədbirin diqqətlə izlənilən məqamlarındandır.

Oktyabrın əvvəllərində keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında Prezident İlham Əliyevin çıxışı bunu bir daha təsdiq etdi. Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubuna dəvət olunmasının özü Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə hörmətlə qarşılanmasının göstəricisidir. İclasın ən mühüm hadisəsi isə İlham Əliyevin Ermənistanın baş nazirinin bir müddət əvvəl dediyi sözlərə verdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” cavabı oldu. Paşinyanın çıxışı erməni auditoriyası qarşısında olmuşdu. Amma İlham Əliyev onun cavabını Bakıda deyil, ölkədən xaricdə - Rusiya Prezidenti Vladimir Putinin, İordaniya Kralı II Abdullanın, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin, Filippin Prezidenti Rodriqo Roa Duterteninçoxlu sayda siyasətçinin iştirak etdiyi mötəbər tədbirdə verdi. Bu cavab nəinki ermənilərə, eyni zamanda onların himayədarlarına da sərt və tutarlı cavab kimi tarixə düşdü. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə "Qarabağ Azərbaycandır!” hərəkatının yaradılması da cəmiyyətin sosial sifarişi olaraq meydana çıxıb və bu, Azərbaycan ictimaiyyətini torpaqlarımızın azadlığı uğrunda daha da mübarizdaha sıx həmrəy edəcək.

Prezident İlham Əliyevin 16 illik fəaliyyətinin ən qabarıq tərəflərindən biriictimai-siyasi sabitliyin qorunub saxlanılması, daha da möhkəmləndirilməsi, cəmiyyət həyatının təhlükəsizliyinin təmin olunmasıdır. Lakin bizi bu günlərə gətirən yollar heç də həmişə hamar olmayıb. Ən azından müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələrin səriştəsiz fəaliyyətləri nəticəsində Azərbaycanda təhlükəsizliyə təhdidlərin baş alıb getməsi yaddaşlarda dərin iz buraxıb. Yalnız Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitlik bərqərar edildi. Son 16 ildə bu siyasət uğurla davam etdirilib və bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik əmsalına görə Azərbaycan postsovet məkanında birinci yerdə dayanır. Təsadüfi deyil ki, Bakı şəhəri və bütövlükdə respublikamız dünyanın ən təhlükəsiz diyarlarından biri kimi tanınır. Bugünün reallıqları ondan ibarətdir ki, Azərbaycan yerləşdiyi bölgənin ən sabit ölkəsidir. Başqa bir həqiqət isə odur ki, ölkə əhalisi mövcud siyasi kursu dəstəkləyir və bu da vətəndaş həmrəyliyinin təmin olunmasında əsas şərtlərdən biridir. Bütün bunlar isə zəncirvari şəkildə bir-birini tamamlayaraq bütövlükdə Azərbaycanın dövlətçiliyinin güclənməsinə, müstəqilliyimizin möhkəmlənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsinə və nəhayət, cəmiyyətimizdə bərqərar edilmiş sabitliyin və vətəndaş həmrəyliyinin əbədi olmasına mühüm töhfələr verir.

Ölkədə əldə edilən hər bir uğur vətəndaşların Prezident İlham Əliyevə olan etimadını artırıb, milli həmrəyliyi daha da sıx edib. İndiyədək keçirilmiş bütün yerlixarici rəy sorğularının nəticələri Prezident İlham Əliyevin yüksək reytinqini dəfələrlə sübuta yetirib. Bunun da əsas səbəbi cənab Prezidentin uğurlu fəaliyyəti və bu fəaliyyətin xalq tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanmasıdır. Təsadüfi deyil ki, ötən hər prezident seçkisi seçicilərin mütləq əksəriyyətinin öz səslərini cənab İlham Əliyevə verməsi ilə yadda qalıb. İnkişaf proseslərinin davamlı olmasını arzulayan Azərbaycan xalqı hər dəfə seçkilərdə İlham Əliyevə dəstəyini nümayiş etdirib. Bu dəstək Azərbaycan cəmiyyətinin mövcud siyasi kursa inam və rəğbətinin əyani təcəssümü olmaqla, mütləq əksəriyyətin istək və arzusunu özündə əks etdirib. Bundan irəli gələrək bütün parlament seçkilərində də Yeni Azərbaycan Partiyasının namizədləri üstünlük qazanıblar.

Azərbaycan Prezidentinin ötən 16 ildəki fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli xidmət prinsipi üzərində qurulmuşdur. İlham Əliyevin özününqeyd etdiyi kimi ötən illər ərzində Azərbaycan Ulu Öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf etmişdir. Eyni zamanda Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Görülən işlər göz qabağındadır. Bu inkişaf bir daha təsdiq edir ki, Azərbaycanda Heydər Əliyevin müəyyən etdiyi siyasətin alternativi yoxdur. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi tezliklə Azərbaycanın müasir tarixinə ən möhtəşəm uğurları yazacaq. Xalqımız isə özünün firavan gələcəyinin təminatçısı olan bu siyasətə daim sadiqdir.

 

Xanlar FƏTİYEV,

 

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2019.- 15 oktyabr.- S. 7.