Neft Daşlarında unudulmaz
görüşlər
Dövlət
başçısının dəniz şəhərinə hər
səfəri bayrama çevrilir
"Mən hər bir azərbaycanlının Prezidentiyəm” deyən dövlət başçısı İlham Əliyev neftçilərin də böyük dostu və qayğıkeşi olduğunu dönə-dönə əməli işlərlə sübut edib.
"Neftçi peşəsi
Azərbaycanda həmişə çox
hörmətli peşə olub. Bu gün
də belədir, sabah da
belə olacaq. Azərbaycan neftçiləri ölkəmizin
iqtisadi qüdrətinin
artırılması istiqamətində
çox böyük işlər görüblər,
böyük töhfələr
veriblər. Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf
dövrünü yaşayır”
deyən Azərbaycan Prezidenti təbiətin xalqımıza bəxş
etdiyi əvəzsiz neməti yayın qızmarında və qışın şaxtasında
torpağın təkindən,
dənizin dibindən minbir əziyyətlə üzə çıxaran
qəhrəman neftçilərin
əməyini həmişə
belə yüksək qiymətləndirir.
Bu münasibəti Neft Daşlarında çalışan
çoxsaylı neftçilər
ailəsi də yaxından hiss edir. Vaxtilə Ulu Öndər Heydər Əliyevin çox sevdiyi, dəfələrlə səfər
etdiyi, hər zaman qayğı göstərdiyi bu əfsanəvi dəniz şəhəri və burada çalışan fədakar insanlar daim Prezident İlham Əliyevin də diqqət mərkəzindədir.
"Neft Daşlarında
işləyən hər
bir kəs ən böyük hörmətə layiq bir insandır. Orada işləməyən,
oranı görməyən,
oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz”. Bu sözlər Ümummilli
Lider Heydər Əliyevə məxsusdur.
Ulu Öndər dəfələrlə
Neft Daşlarında olmuşdu və bu ənənə Prezident İlham Əliyev tərəfindən
də davam etdirilir.
Dövlət başçısının dəniz
şəhərinə hər
gəlişi böyük
bayrama çevrilir. Prezident neftçilərin
işi, məişət
şəraiti, istirahəti
ilə maraqlanır.
Həm də təkcə dəniz şəhərində
olanda deyil, digər yerlərdə neft sənayesi ilə bağlı keçirilən bütün
tədbirlərdə onları
salamlayır, hal-əhval
tutur. Neft Daşlarını "qocalmağa”
qoymayan da bu diqqət və qayğıdır. "Möcüzələr adası” yaşa dolduqca cavanlaşır.
Köhnəlib sıradan çıxan
estakadaların əvəzinə
yeniləri tikilir, yeni özüllər və estakadayanı meydançalar istifadəyə
verilir. Yeni texnika və
texnologiyaların tətbiqi
neftçilərin əl
əməyini yüngülləşdirir,
fiziki əziyyətini
azaldır.
Prezident
İlham Əliyevin sərəncamları ilə
fəxri ad alan,
orden və medallarla təltif olunan neftçilər arasında Neft Daşlarının da onlarca əməkçisi
var.
Neft Daşlarına
qayğı neftçilərin
məişətində də
özünü göstərir. Onların yaşadığı
təmirli yataqxanaların
otaqları soyuducu, televizor, kondisioner, isti və soyuq
su ilə təchiz olunub. Neft Daşlarında tibb-sanitariya hissəsi, yeməkxana, çayxana, çörək zavodu, idman zalları, park və s. fəaliyyət göstərir. Bunların bir çoxu
son onilliklərdə gerçəkləşib
və əlbəttə
ki, dövlətin, şəxsən dövlət
başçısının Neft Daşlarına və onun əməkçilərinə
diqqətindən qaynaqlanır.
10 il əvvəl
neftçilər burada
Heydər Əliyev Muzeyi yaradıblar. Muzeydə Ulu Öndər Heydər Əliyevin neft strategiyasının uğurla davam etdirildiyini göstərən
eksponatlar da geniş yer alıb. 2009-cu ilin noyabrında Prezident İlham Əliyev Neft Daşlarının 60 illik
yubileyində iştirak
edərkən muzeyin xatirə kitabına ürək sözlərini
yazıb.
Dəniz neftçiləri Prezidentin
Neft Daşlarına həmin səfəri haqqında xoş təəssüratla danışırlar. Deyirlər ki,
dövlət başçısı
onlar üçün
yaradılmış yeni
idman zallarındakı
şəraitlə maraqlandı,
burada quraşdırılmış
müasir trenajorlar, stolüstü tennis və
bilyard stolları, yəni bütün avadanlıqları gördükdən
sonra neftçilərin
sağlamlığının möhkəmləndirilməsi üçün
görülən tədbirlərdən
razı qaldı.
Həmin gün Prezident "28 May” Neft və Qazçıxarma
İdarəsinin qazın
ilkin hazırlanması,
nəqli və kompressor təsərrüfatı
sexində 2 nömrəli
sıxıcı kompressor
stansiyasının açılışını
da etdi. Bu, mühüm əhəmiyyət
daşıyan bir stansiyadır, belə ki, "Günəşli”
yatağından gələn
səmt qazını iki pillədə sahilə ötürür.
Neftçilər də Prezidentə qazandıqları nailiyyətlərdən
söhbət açdılar
və bildirdilər ki, bunlar heç
də son hədd deyil.
Mütəxəssislərin fikrincə, Neft Daşları yatağının
çıxarıla bilən
qalıq neft ehtiyatı bundan sonra da əhəmiyyətli
dərəcədə artırıla
bilər və bu istiqamətdə perspektiv proqramlar işlənib həyata keçirilir. Həmin proqramlar əsasında
əlavə hidrotexniki
qurğular tikilir, texnoloji obyektlər təmir və bərpa edilir, yeni quyular qazılır,
neft hasilatının artırılması üçün
elmi-tədqiqat və sınaq-təcrübə işləri
aparılır. Dəniz şəhərində
eləcə də silsilə ekoloji proqramlar həyata keçirilir. Gündəlik gücü 500 kubmetr olan bioloji təmizləmə
qurğusu yenidən qurulub.
Yeraltı təmir sexinin ustası Tofiq Dadaşov Prezidentə bildirib ki, uzun
illərdir Neft Daşlarında çalışır
və buradakı köklü inkişafın
canlı şahididir. O, dəniz
şəhərinin tanınmaz
dərəcədə dəyişdiyini,
müasirləşdiyini, neft
hasilatında ən müasir texnologiyaların
tətbiq edildiyini söyləyib.
Neft və Qazçıxarma İdarəsinin
istehsalat şöbəsinin
mühəndisi İqbal
Xancıqazov ölkədə
gənc neftçilərin
peşə hazırlığına
yönəldilən diqqətə
görə minnətdarlığını
və göstərilən
etimadı doğruldacaqlarını
bildirib.
SOCAR-ın birinci
vitse-prezidenti Xoşbəxt
Yusifzadə isə Neft Daşlarında çalışdığı illəri xatırlayıb. O, Ulu Öndərin Azərbaycanın
neft-qaz sənayesinin inkişafında əvəzsiz
xidmətlərini ətraflı
xarakterizə edib. Xoşbəxt Yusifzadə respublikamızın
neft-qaz sənayesinin inkişafında, eləcə
də "Əsrin müqaviləsi”nin araya-ərsəyə
gətirilməsində Prezident
İlham Əliyevin böyük xidmətləri
olduğunu vurğulayıb.
Həmin gün Prezident İlham Əliyev həmişə olduğu
kimi, neftçilər
qarşısında yenə
də dərin məzmunlu nitq söylədi. Xəzərin fatehlərinin ünvanına
söylənən xoş
sözlər əvvəlki
səfərlər kimi
bu görüşü
daha yaddaqalan etdi.
Neftçilər Prezident İlham Əliyevin "Neft Daşları hələ uzun illər Azərbaycana çox ləyaqətlə xidmət
edəcəkdir” sözlərini
öz işləri, fəaliyyətləri üçün
bir şüara çevirərək onları
böyük bir plakat üzərinə həkk edib nəhəng qurğuların
yuxarı hissəsində
yerləşdiriblər. Neft Daşlarının
ehtiyatları həqiqətən
də hələ çox və onları dənizin dərin qatlarından üzə çıxaran
fədakar Xəzər
neftçisinin əzmi
böyükdür.
Flora SADIQLI
Azərbaycan.- 2019.- 15 oktyabr.- S. 9.