Azərbaycanın
və Qazaxıstanın daxili işlər
orqanları arasında əməkdaşlığın
inkişafı məsələləri müzakirə olunub
Qazaxıstan Respublikasının Daxili İşlər naziri, polis general-leytenantı Yerlan Turqumbayevin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 14-də Yerlan Turqumbayev və onu müşayiət edən şəxslər Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə əklil qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər çiçəklər düzülüb.
Dost ölkənin təmsilçiləri Şəhidlər
xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda
mübarizədə canlarından keçmiş
mərd mübarizlərin məzarlarını da
ziyarət edib, onların xatirəsinə
ucaldılmış "Əbədi məşəl” kompleksinin önünə əklil qoyublar.
Həmin
gün Azərbaycan Respublikasının Daxili İşlər
naziri, general-polkovnik Vilayət Eyvazov qazaxıstanlı həmkarının
rəhbərlik etdiyi nümayəndə heyəti ilə
görüşüb.
V.Eyvazov Daxili İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə polis general-leytenantı Yerlan Turqumbayevi təbrik edərək, bu səfərin əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini bildirib. Xalqlarımızı sıx dostluq, qarşılıqlı inam və hörmət tellərinin bağladığını, ölkələrimiz arasındakı əlaqələrin daim strateji tərəfdaşlıq xarakteri daşıdığını xatırladan nazir dövlətlərimizin başçılarının müəyyənləşdirdikləri strategiyaya uyğun olaraq son illər bütün sahələrdə dinamik inkişafın müşahidə edildiyini, bu kontekstdə Azərbaycan və Qazaxıstan Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın daha da dərinləşdiyini, sahələrarası səmərəli işbirliyinin yeni məzmun kəsb etdiyini diqqətə çatdırıb.
General-polkovnik Vilayət Eyvazov ikitərəfli əlaqələrin, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylərin, qabaqcıl təcrübə və operativ informasiya mübadiləsinin, həmçinin yaradılmış normativ-hüquqi bazanın, ilk növbədə, xalqlarımızın və dövlətlərimizin mənafelərinə, bölgədə təhlükəsizliyin təmininə xidmət etdiyini vurğulayıb.
Qonaqlara müstəqilliyin ilk illərində üzləşdiyimiz problemlər, torpaqlarımızın işğalı, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra cəmiyyətin bütün sahələrində, o cümlədən daxili işlər orqanlarında həyata keçirilən islahatlar, qəbul edilmiş yeni qanunlar barədə məlumat verilib, sabitliyin yaradılması və onun dönməzliyinin təmini, cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində görülən işlər barədə qısa məlumat verilib.
Qazaxıstan Respublikasının Daxili İşlər naziri, polis general-leytenantı Yerlan Turqumbayev yüksək qonaqpərvərliyə və ətraflı məlumata görə azərbaycanlı həmkarına təşəkkürünü bildirib. Y.Turqumbayev ölkəsindəki mövcud kriminogen durum, cinayətkarlıqla mübarizənin vəziyyəti, ictimai asayişin mühafizəsi, insan hüquq və azadlıqlarının müdafiəsi, DİN sistemində həyata keçirilən islahatlar, əməliyyat-xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi və digər sahələrdə görülən işlər, həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib. O, rəhbərlik etdiyi qurumun Azərbaycanın Daxili İşlər Nazirliyi ilə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu və səfərin bu məqsədə xidmət edəcəyinə əminliyini bildirib.
Səmimi və işgüzarlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın
Qazaxıstandakı səfiri Rəşad Məmmədov da iştirak edib.
Azərbaycan.- 2019.- 15 oktyabr.- S. 9.