Dağların ilk təbib oğlu
Lerikin Xəlifəkənd kəndi Qızyurdu zirvəsinin ətəyindədir. Çox da böyük olmayan bu obanın füsunkar təbiəti var. Üç tərəfi qayalardır, ayağından kiçik çay axır. Kənd abidələri ilə də tanınır. Daş heykəllər, qutu qəbirlər, pirlər kəndin qədimliyindən xəbər verir. Ötən əsrin əllinci illərində sovet rejiminin repressiyasına məruz qalan əhalisi arana, cənub bölgəsinə səpələnir. Bir neçə il keçəndən sonra 15-20 ilə yurd yerinə dönür. Kimi əkinçiliklə, kimi heyvandarlıqla, kimi də ata-baba sənəti olan dəmirçiliklə məşğul olur. Onların arasında Molla Rəzzak da var idi.
Ağsaqqal Rəzzak kişinin birinci
övladı Balağa Bağırov Lənkəran
şəhərində təhsil alır. Orta məktəbi qızıl
medalla bitirib Azərbaycan Tibb İnstitutuna daxil olur. Təhsil illərində fəal
tələbə kimi diqqəti çəkir.
Məşhur cərrah Mustafa Topçubaşovun
yanında birillik kurs keçir, böyük alimdən xeyir-dua alır.
1952-ci ildə institutu
fərqlənmə diplomu
ilə bitirən Balağa Bağırovun təyinatı Səhiyyə
Nazirliyi tərəfindən
Lənkəran rayonuna
verilir. O, bu təyinatı ilə razılaşmır, Lerikə
göndərilməsini xahiş
edir. Müraciəti nəzərə alınır. Doğulduğu diyara gəlib ilk təbib kimi rayon xəstəxanasının şöbə
müdiri təyin olunur. Əmək fəaliyyətinin ilk aylarından kəndləri
bir-bir gəzir, malyariyadan, traxomadan, qızılcadan əziyyət
çəkən xəstələri
müalicəyə cəlb
edir. Gənc həkim hər
ailədə hörmətlə
qarşılanır, adamlar
dərdlərini ona deməkdən çəkinmirlər.
1954-cü ilin mart ayında
rayon rəhbərliyi Balağa
Bağırova etimad göstərir, səhiyyə
şöbəsinə rəhbərlik
etmək barədə
nazirliyə təqdimat
göndərir. Təqdimat nəzərə alınır. Şöbəyə
yeni təyin olunmuş lerikli müdir tibb müəssisələrində vəziyyətlə tanış olur, işçilərə əhaliyə
vicdanla xidmət etməyi tapşırır.
Balağa Bağırov bir neçə kənddə
xəstəxana, feldşer-mama
məntəqələrinin açılması barədə
nazirlik qarşısında
məsələ qaldırır
və həllinə
nail olur. Qosmalian, Peştətük, Veri, Kirəvud kəndlərində
xəstəxana, Livədirqə,
Monidigah, Pirəsora, Conu kəndlərində feldşer-mama məntəqələri
açılır. Kadr çatışmazlığını
aradan qaldırmaqdan ötrü təkliflər
verir. Tibb İnstitutuna və
tibb məktəblərinə
lerikli gənclər müsabiqədənkənar qəbul
olunur. Onlar təhsili başa
vurduqdan sonra kəndlərə dönüb
işlə təmin olunurlar.
1964-cü ildə Balağa
Bağırov Elmi-Tədqiqat
Travmatologiya və Ortopediya İnstitutunun aspiranturasına qəbul olunur. Namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir. O,
bu institutda klinika müdiri, direktor vəzifələrində
çalışır. 1991-ci
ildən ömrünün
sonuna kimi baş həkimin müalicə üzrə müavini işləyir.
Uzun illər səmərəli
fəaliyyətinə görə
orden və medallarla təltif olunur. 1986-cı ildə
"Əməkdar həkim”
fəxri adına
layiq görülür.
Dağların təbib oğlu həm də şair-publisist idi. Qələmindən dörd kitab işıq üzü görüb. "Hər kəs yüz il yaşamasa...”
kitabı Lerik uzunömürlülərinə həsr edilib.
Balağa həkim Allah adamı idi. Ahıl çağında həcc ziyarətində olmuşdu. Beş övlad atası, 13 nəvə babası 2012-ci
il martın
26-da 83 yaşında dünyasını
dəyişib.
Bu günlərdə Lerik
rayonunun ictimaiyyəti
bu diyarın ilk təbibi, tibb elmləri namizədi, Əməkdar həkim Balağa Bağırovun
90 illik yubileyini qeyd etmişdir. Ağsaqqallar, ziyalılar, elm və incəsənət adamları
onun vaxtilə çalışdığı xəstəxanada xatirə
lövhəsinin açılışından
sonra mədəniyyət
sarayına toplaşmışdılar.
Tədbirdə çıxış
edən mərkəzi
xəstəxananın baş
həkimi Mübariz Ağayev, Milli Məclisin deputatları Hüseynbala Mirələmov
və Aqil Abbas, professorlar Anar İsgəndərzadə,
İslam Qəribli, Əli Davudov, ağsaqqal Eldar Cəfərov, şair Ağacəfər Həsənli,
kinodramaturq Eldar İsgəndərzadə, mərhumun
oğlu Əlimuxtar Bağırov Balağa Bağırovun keçdiyi
şərəfli ömür
yolundan söhbət açmış, xatirələrini
söyləmişlər.
Lerik Rayon İcra
Hakimiyyətinin başçısı
Rövşən Bağırov
dövlət başçısı
İlham Əliyevin
elm, mədəniyyət və
incəsənət adamlarına
göstərdiyi diqqətdən,
dünyasını dəyişən
ziyalıların xatirəsinin
yad edilməsindən danışmışdır.
Həmzə
VƏLİMƏMMƏDOV,
Əməkdar jurnalist
Azərbaycan.- 2019.- 15 oktyabr.- S. 11.