Veteran güləşçilərimizin növbəti uğuru

 

Gürcüstanın paytaxtı Tbilisidə veteranlar arasında yunan-Roma güləşi üzrə XXI dünya çempionatı başa çatmışdır. 73 ölkənin idmançılarının iştirak etdiyi yarışda Azərbaycanı müxtəlif yaş qruplarında 6 güləşçi təmsil etmişdir. Onlardan üçü - Məmməd Əliyev (78 kq), Rövşən İsmayılxanlı (130 kq) və Musa Mirzəyev (130 kq) vətənə medalla qayıtmışdır.

Komandanın məşqçisi, Əməkdar bədən tərbiyəsi və idman işçisi, veteranlar arasında dünya çempionatlarının yeddiqat mükafatçısı Əlisahab Əlabbasovun dediyinə görə, hər il olduğu kimi, bu dəfə də güləşçilərimiz uğurla çıxış edərək müxtəlif əyarlı medallar qazanmışlar. 78 kiloqram çəki dərəcəsində mübarizə aparan Məmməd Əliyev yalnız finalda səkkizqat dünya çempionu C.Samuelsona məğlub olaraq gümüş medala sahib çıxmışdır. Bundan əvvəl isə o, rusiyalı V.Dodokov, finlandiyalı J.Siryaenen və moldovalı S.Coyuhari ilə qarşılaşmada çox inamlı təsir bağışlamış və rəqiblərə bir xal belə verməmişdi. Final görüşündə isə hakim ədalətli olsaydı, Məmməd Əliyev öz çəki dərəcəsində qızıl medal alacaqdı...

SOCAR-ın əməkdaşı Məmməd Əliyev uşaq yaşlarından "Dinamo” Cəmiyyətində güləşlə məşğul olmağa başlamışdır. Dəfələrlə Azərbaycan çempionu adını qazanmış güləşçi sonralar veteranlar arasında yarışlara qatılmış və nizam-intizamı, yüksək əzmkarlığı sayəsində növbəti dəfə dünya çempionatının mükafatçısı olmuşdur. O, 2015-ci ildə Yunanıstanın paytaxtı Afinada dünya çempionatının bürünc medalını qazanmışdı.

Qazandığı uğurlarda məşqçi Əlisahab Əlabbasovun əməyini qeyd edən Məmməd Əliyevin arzusu növbəti dünya çempionatını qalib kimi başa vurmaqdır.

Daha bir gümüş medalı isə komandamızın aktivinə Musa Mirzəyev yazdırmışdır. Digər tanınmış güləşçimiz - dünya çempionatlarının beşqat mükafatçısı Rövşən İsmayılxanlı Gürcüstan paytaxtında yüksək texnika və əzmkarlıq nümayiş etdirərək bürünc medala yiyələnmişdir.

 

Rizvan CƏFƏROV

 

Azərbaycan.- 2019.- 15 oktyabr.- S. 11.