15 milyard
dollarlıq sərmayə
Azərbaycan
regionda həyata keçirilən qlobal iqtisadi layihələrin
icrasında Türkiyənin yaxından iştirakına daim
xüsusi diqqət yetirir
Azərbaycanın getdikcə artan maliyyə imkanları ölkəmizə indi xaricdə də çox mühüm layihələr həyata keçirmək, ən müxtəlif sahələrə böyük həcmdə sərmayələr yatırmaq imkanı verib. Azərbaycan regionda həyata keçirilən qlobal iqtisadi layihələrin icrasında Türkiyənin yaxından iştirakına daim xüsusi diqqət yetirir.
Xüsusilə Azərbaycanın neft strategiyasının həyata keçirilməsi Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsində mühüm əhəmiyyətə malikdir. Bunu Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, "Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi "Star” neft emalı zavodunun (NEZ), "Cənub qaz dəhlizi”nin ən mühüm halqası trans-Anadolu Təbii Qaz Boru Kəməri layihəsinin (TANAP) timsalında da aydın görmək olar.
Ümumilikdə Azərbaycanın Türkiyədəki ümumi investisiya yatırımının həcmi 15 milyard dolları ötüb. Hazırda davam edən layihələrlə bu rəqəmin 19,5 milyard dollara yüksələcəyi proqnozlaşdırılır.
Bu günlərdə Azərbaycanın regionda həyata keçirdiyi mühüm layihələrlə yerində tanış olmaq üçün Türkiyənin İstanbul, Ədirnə və İzmir şəhərlərinə bir qrup KİV nümayəndəsinin iştirakı ilə mediatur təşkil olundu. Səfər çərçivəsində növbəti dəfə əmin olduq ki, bu layihələr Azərbaycanın, Türkiyənin, eləcə də digər ölkələrin enerji təhlükəsizliyi üçün böyük təminat verir.
TANAP ildə 1,45
milyard dollar gəlir gətirəcək
İlk dayanacağımız Ədirnə şəhərinin
İpsala qəsəbəsidir. Türkiyə və Azərbaycan
arasında strateji enerji əməkdaşlığının
ən mühüm layihələrindən biri olan TANAP Ərdəhanın
Posof qəsəbəsindən Türkiyəyə daxil olan, 20
şəhər, 67 qəsəbə və 600 kənddən
keçdikdən sonra Ədirnənin İpsala qəsəbəsində
Avropa sərhədinə çatdırılan 1.850 kilometrlik
boru xətti ilə Azərbaycan təbii qazını
Türkiyə-Yunanıstan sərhədində Avropaya
ötürəcək trans-Adriatik Boru Kəmərinə (TAP)
qaz verilməsi üçün hazır vəziyyətə gətirilib.
Boru kəmərinin Faza-0 adlandırılan
Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər
hissəsinin diametri 56 düym, uzunluğu 1 340 km təşkil
edir. Kəmərin ilkin illik
ötürücülük gücü 16 milyard kubmetr təşkil
edir. Bu həcmin 6 milyard kubmetri Türkiyədə
istifadə olunacaq, 10 milyard kubmetri isə Avropaya nəql ediləcək.
TANAP-ın
baş direktoru Saltuk Düzyol jurnalistlərlə söhbət
zamanı qeyd etdi ki, Azərbaycanın "Şahdəniz-2”
yatağından hasil olunan təbii qazı əvvəlcə
Türkiyəyə, sonra isə Avropaya daşıyacaq
TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən
Əskişəhərə qədər olan hissəsinin
açılışı 2018-ci il iyunun 12-də olub və həmin
il iyunun 30-dan etibarən Türkiyəyə kommersiya məqsədli
qaz axını başlamışdı: "Boru kəmərinin
Əskişəhər ilə Türkiyə-Yunanıstan sərhədindəki
Avropaya çıxış nöqtəsi arasında qalan hissəsində
isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa
çatmış və 2019-cu ilin aprelində kəmərə
sınaq məqsədilə qaz vurulmuşdu. 2019-cu il iyulun 1-dən etibarən Avropaya qaz nəqli
üçün tamamilə hazır vəziyyətə gətirilən
TANAP "Türkiyə, Orta Şərq və Avropanın ən
uzun və ən geniş diametrli təbii qaz boru kəməri”
kimi adını tarixə qızıl hərflərlə
yazdırıb. Türkiyə-Yunanıstan sərhədində
TANAP ilə birləşən TAP boru kəmərində
aparılan işlər tamamlandıqdan sonra Azərbaycan
qazı gələn ildən etibarən Avropa bazarlarına
çatdırılacaq”.
Saltuk
Düzyol bildirdi ki, yekun investisiya qərarı qəbul ediləndə
ümumi xərcləri 11,7 milyard dollar həcmində qiymətləndirilən
layihənin tikinti mərhələsində maksimum səmərəlilik
nəticəsində indiyə qədər 45 faiz qənaətlə
6,5 milyard dollarlıq sərmayəyə nail olunub. Cari il
sentyabrın 30-dan etibarən TANAP üzərindən Türkiyəyə
nəql olunan qaz həcmi 2,7 milyard kubmetrə
çatdırılıb. Eyni zamanda bugünədək
TANAP boyunca sosial və ətraf mühitin mühafizəsi
məqsədilə 1000-ə yaxın layihə həyata
keçirilib.
TANAP səhmdarları
layihənin işlənilməsindən illik 1,45
milyard dollar gəlir əldə edəcək ki, bunun da 58 faizi
Azərbaycanın payına düşəcək.
Azərbaycan və Türkiyənin
"Star”ı
Növbəti
dayanacağımız İzmir şəhərinin
Əliağa rayonunda inşa edilən "Star” neft emalı
zavodudur (NEZ). Zavod ölkəmizin Türkiyədə,
ümumiyyətlə xaricdə ən böyük investisiya
layihəsidir. Təməli 2011-ci il oktyabrın 25-də
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən
qoyulan və ötən ilin oktyabrında hər iki dövlət
başçılarının iştirakı ilə
açılışı olan 6,3 milyard dollarlıq sərmayəyə
malik "Star” neft emalı zavodunda 2018-ci ilin avqustundan etibarən
sınaq məqsədilə xam neft emalına
başlanılıb. Bura ilk neft yükü məhz
Azərbaycandan olmaqla 80 min ton "Azeri Light” markalı neft
çatdırılıb.
Zavodun
baş direktoru Məsut İlter bildirdi ki, "STAR”ın
2018-ci ilin oktyabrında açılışından sonra
bütün qurğular mərhələli şəkildə
istifadəyə verilərək istehsala başlanılıb və
hazırda bu proses uğurla davam etdirilir: "İlk məhsul
satışı 2019-cu ilin yanvarında "Petkim”ə nafta
verilməsi ilə həyata keçirildi. Əsas
hədəf "Petkim” ilə inteqrasiya yaratmaqdır.
Zavod "Petkim”in yaxınlığında inşa
edilmişdir və iki nəhəng kompleks boru kəməri
vasitəsilə bir-birinə bağlanıb. 2019-cu
ilin ilk yarısında zavoddan "Petkim”ə 260 min ton nafta tədarük
edilmişdir. Ehtiyac duyduğu xammalın "Star”
zavodunda istehsal edilməsi səmərəli və davamlı təchizatı
təmin etməklə "Petkim”in istehsalat imkanlarını və
keyfiyyətini artırır. Bundan başqa, dəniz
vasitəsilə nafta idxalının dayandırılması nəticəsində
"Petkim”in yükləmə limanında sıxlıq
azalmış və ixrac mallarının yüklənməsi
asanlaşmışdır”.
4,5 milyon ton xam
neft emal edilib
Məsut
İlter onu da əlavə etdi ki, illik emal gücü 10 milyon
ton xam neft olan zavodda 4,8 milyon ton dizel və
1,6 milyon ton nafta ilə yanaşı Türkiyənin cari kəsirində
xüsusi əhəmiyyətə malik olan təyyarə
yanacağı və LPG kimi neft məhsulları istehsal edilir:
"100-dən artıq neft çeşidini emal etməyə
qadir olan "Star” neft emalı zavodunun gündəlik emal
gücü 214 min barel xam neft həcmindədir. "Star”
2019-cu ilin sentyabr ayından etibarən tam gücü ilə işləməyə
başlayıb. Bu ilin əvvəlindən ümumilikdə 4,5 milyon ton məhsul istehsal edən zavod daxili
bazarın tələbatını ödəməklə
yanaşı, məhsullarını Aralıq dənizi və
Şimali Avropa ölkələrinə də ixrac edir. Zavodun uzunmüddətli hədəfi məhsullarını
tam həcmdə daxili bazarda reallaşdırmaqdır.
Neft məhsulları
sahəsində Türkiyənin xaricdən
asılılığını aradan qaldırmağı və
cari kəsirini azaltmağı hədəfləyən
"Star” məhsul çeşidləndirilməsini də bu məqsədlə
həyata keçirir. Zavod ildə 4,8 milyon
ton dizel istehsalı ilə Türkiyənin dizel idxalından
asılılığını əhəmiyyətli şəkildə
azaldacaq. İndiyə kimi 4,5 milyon xam neft
emal edən zavodun məhsul çeşidləri arasında
benzin yoxdur. Bu ilin sonuna qədər "Star” 7,5
milyon ton neft emal etməyi nəzərdə tutur. Zavodda hazırda Azərbaycan nefti ilə
yanaşı "Urals”, Liviya neftindən də istifadə
edilir. "Star” istehsal etdiyi məhsulların 65-70 faizini
daxili bazara satır. 2020-ci ilə qədər isə
bu neft emalı zavodunun istehsal etdiyi məhsullar tamamilə
daxili bazarda satılacaq”.
Qeyd olundu
ki, "Star” zavodunun anbar tutumunun artırılmasına yönəldilən
layihə çərçivəsində mövcud 1,6 milyon kubmetrlik anbar tutumunun 2,5 milyon kubmetrə
çatdırılması nəzərdə tutulur. Layihə
hər biri 134 500 kubmetr olan iki xam neft çənini və hər
biri 36 500 kubmetrlik ara məhsul çənlərini
əhatə edir. Ümumilikdə 342 000 kubmetr
anbar imkanı yaradacaq layihənin 2021-ci ildə tamamlanması
gözlənilir.
İnvestisiyalar 1 milyard dollara
çatıb
"Petkim”in
baş direktoru Anar Məmmədov mətbuat nümayəndələrinə
rəhbərlik etdiyi şirkət barədə məlumat verdi. Bildirdi ki, "Petkim” bu
gün Türkiyənin neft-kimya məhsullarına olan
ehtiyacının yalnız 20 faizini təmin edə bilir. Genişlənmə potensialı çox yüksək
olan bu sektorda tələbatın ödənilməsi məqsədilə
böyük sərmayələr qoyulur.
2008-ci ildən
bəri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) hər
il "Petkim”ə, təxminən, 100 milyon dollar sərmayə
yatırıb və onun əlavə investisiyalarının
ümumi məbləği 1 milyard dollara çatıb:
"Petkim”in 15 əsas və 6 köməkçi obyektində
istehsal olunan 60 növ müxtəlif məhsulun, kiçik və
orta müəssisələr də daxil olmaqla, 6000 istifadəçisi
var. Məhsullarına yüksək tələbat olan bu
şirkət 2018-ci ili 872 milyon türk lirəsi məbləğində
mənfəətlə başa vurub. 2019-cu ilin
ilk 6 ayında isə şirkət bütün dövrlərin
ən yüksək məhsuldarlığını
nümayiş etdirib və istehsal rekorduna imza atıb. Belə
ki, cari ilin ilk yarısında 5,9 milyard lirə
gəlir, 439 milyon lirə xalis mənfəət əldə
edilib. Ötən 6 ayda "Petkim”in faiz,
amortizasiya və vergidən əvvəlki mənfəəti
(EBITDA) 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə
26 faiz artaraq 890 milyon lirəyə çatıb”.
Qeyd olunub
ki, 2018-ci il rəqəmsallaşma və infrastruktur işləri
baxımından "Petkim” üçün həlledici il
olub: "Sənaye 4.0 parametrləri ilə istehsalda qabaqcıl
analitik texnologiyaların və süni intellektin tətbiqinə
başlanılıb. "Petkimin rəqəmsallaşma
işləri ilə məşğul olan komandası bu vaxta qədər
40-dan çox layihə həyata keçirib. Bu layihələr kompüter təhsili, süni
intellekt, görüntütanıma, proseslərin
robotlaşdırılmış avtomatizasiyası kimi
texnologiyların tətbiqi vasitəsilə
reallaşdırılıb. Yeni layihələr
maliyyə baxımından da səmərəlidir. "Petkim” bütün şirkətdə tətbiq
olunması nəzərdə tutulan layihə ilə Türkiyə
və Azərbaycanın ən rəqəmsal şirkəti
olması istiqamətində addım-addım irəliləyir”.
Anar Məmmədov qeyd etdi ki, SOCAR Türkiyənin
İzmir şəhərinin Əliağa bölgəsində
daha bir neft-kimya kompleksinin təməlini qoymaq niyyətindədir. Bu layihə də, digər
layihələr kimi, strateji əhəmiyyət
daşıyacaq: "Obyektin fəaliyyətə
başlaması ilə Türkiyənin saf tereftal turşusu
(PTA) idxalına tamamilə son qoyulacaq. Bu gün
Türkiyədə həmin məhsul yalnız "Petkim”in tərkibindəki
PTA fabrikində istehsal olunur. Lakin fabrik təkbaşına
Türkiyənin ehtiyacının ancaq bir qismini ödəyə
bilir. Yeni investisiya layihəsi eyni zamanda
hazırda 800 min ton həcmində idxal olunan paraksilen (PX) məhsullarının
da Türkiyədə istehsalına imkan verəcək. 1,8 milyard ABŞ dolları sərmayə
qoyulması ehtimal edilən layihə üzrə sahə
işlərinə 2020-ci ilin I yarısında
başlanılması planlaşdırılır: "BP və
"SOCAR Türkiyə”nin həyata keçirəcəyi layihənin
yekun investisiya qərarının 2020-ci ildə verilməsi nəzərdə
tutulur. "Merkuri” adlanacaq layihə üzrə hazırda
texniki sənədləşdirmə prosesi aparılır: nəticələr
müsbət olsa, 2020-ci il ərzində
son maliyyə qərarı veriləcək və tikinti işlərinə
başlanacaq. Yeni müəssisənin tikintisi 5
ilə yaxın vaxt apara bilər və onun istifadəyə
verilməsi 2024-2025-ci illərdə baş tuta bilər”.
Göründüyü kimi, bütün bunlar ölkələrimiz
arasında münasibətlərin daha da güclənməsinə
sanballı töhfə verir. Bununla yanaşı,
Türkiyə və Azərbaycan özlərinin iqtisadi, enerji
imkanlarından, eləcə də geosiyasi mövqeyindən
daha səmərəli şəkildə istifadə edirlər.
Hazırda bölgənin uzunmüddətli
inkişaf strategiyasının müəyyənləşdirilməsində
aparıcı rol oynayan və iki ölkə arasında
münasibətlərin çox vacib elementlərindən olan
neft və qaz layihələri təkcə regionda deyil, eləcə
də bütün dünyada dövlətlərimizin
nüfuzunu əhəmiyyətli dərəcədə
artırıb.
Elçin CƏFƏROV,
Bakı-İstanbul-Ədirnə-İzmir-Bakı
Azərbaycan.-
2019.- 16 oktyabr.- S. 1; 9.