Qlobal Jurnalistlər
Şurasının nümayəndələri ilə
görüş
Oktyabrın
15-də "Azərbaycan Respublikası Dağlıq
Qarabağ Bölgəsinin Azərbaycanlı İcması”
İctimai Birliyinin idarə heyətinin üzvləri Qlobal
Jurnalistlər Şurasının nümayəndələri ilə
görüş keçiriblər.
AZƏRTAC
xəbər verir ki, İctimai Birliyin idarə heyətinin sədr
müavini Elçin Əhmədov xarici jurnalistlərə Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri
və ağır nəticələri barədə məlumat
verib. O qeyd edib ki, münaqişə nəticəsində Azərbaycan
ərazisinin 20 faizi işğal olunub, 1 milyondan çox azərbaycanlı
etnik təmizləməyə məruz qalıb. Bu insanlar 30 ilə
yaxındır ki, qaçqın və köçkün vəziyyətində
yaşayırlar. BMT Təhlükəsizlik Şurasının
Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan
ərazilərindən çıxarılmasını tələb
edən dörd qətnaməsi dünyada mövcud olan ikili
standartlar nəticəsində 25 ildən çoxdur ki, yerinə
yetirilmir. ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı
və digər beynəlxalq təşkilatlar dəfələrlə
erməni təcavüzünü pisləyən sənədlər
qəbul ediblər. Əfsuslar olsun ki, həmin sənədlərin
də münaqişənin həllinə müsbət təsiri
olmayıb.
İctimai
Birliyin İdarə Heyətinin sədri Tural Gəncəliyev
çıxışında qurumun fəaliyyəti barədə
ətraflı məlumat verib. Ermənistanla informasiya
müharibəsinin davam etdiyini bildirən icma rəhbəri
deyib ki, işğalçı Ermənistan hakimiyyəti və
onların Dağlıq Qarabağdakı əlaltıları
olan cinayətkar ünsürlər Azərbaycana qarşı
informasiya müharibəsi aparırlar. Ermənistanın Azərbaycana
hərbi təcavüzü nəticəsində Dağlıq
Qarabağda etnik təmizləmə aparılıb və
yüz minlərlə soydaşımız öz
torpaqlarından didərgin düşüb.
İcma
rəhbəri çıxışında vaxtı ilə
Şuşada erməni qonşuları ilə birgə sülh
şəraitində yaşadığı günləri
xatırlayaraq, azərbaycanlı icmanın erməni icması
isə təmaslar qurmağa və konstruktiv dialoq aparmağa
hazır olduğunu diqqətə çatdırıb.
Tural
Gəncəliyev xarici jurnalistləri slayd vasitəsilə
işğal altında olan ərazilərimizdə ermənilər
tərəfindən məhv edilmiş dini və mədəniyyət
abidələrimizin vəziyyəti ilə tanış edib.
Azərbaycan.- 2019.- 16 oktyabr.- S. 7.