Sənaye və
peşə təhsilinin birgə inkişafına dair müzakirələr aparılıb
Oktyabrın 15-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində "Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Milli Məclisin deputatları, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, habelə beynəlxalq təşkilatların, işəgötürən şirkətlərin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbiri açan Təhsil naziri Ceyhun Bayramov bildirib ki, ölkəmizin sosial-iqtisadi inkişafında prioritet istiqamətlərdən biri modernləşdirmə və qabaqcıl beynəlxalq təcrübə əsasında dayanıqlı inkişafın təmin edilməsi və əhalinin həyat səviyyəsinin yüksəldilməsidir. Qloballaşma şəraitində Dünya Dəyər Zəncirində iştirak, dünya iqtisadiyyatına inteqrasiya yolu ilə ölkəmizdə insan kapitalının inkişafı, təhsilalanların müasir səriştələrə yiyələnməsinin təmin edilməsi milli təhsil sistemi qarşısında duran əsas vəzifələrdən biridir. Bu baxımdan peşə təhsili iqtisadiyyatın real sektoruna və əmək bazarına ən yaxın təhsil pilləsi olmaqla, bütün seqmentlər üzrə ixtisaslı kadrlar hazırlanmasında, məşğulluğun təmin edilməsində, istehsal məhsulunun keyfiyyət səviyyəsinin artırılmasında, idxaldan asılılığın azaldılmasında müstəsna əhəmiyyətə malikdir.
Nazirin sözlərinə görə, peşə təhsili sisteminin inkişaf etdiyi ölkələrin təcrübəsi göstərir ki, inkişafın əsas səbəblərindən biri işəgötürənlərlə sıx əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Təsadüfi deyil ki, "Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası əsas strateji hədəflərdən biri kimi müəyyənləşdirilib. Bu gün qarşımızda duran əsas çağırışlardan biri də peşə təhsilinə marağın və peşə təhsilinin nüfuzunun artırılmasıdır. Bu təhsilə uğursuz karyera seçimi kimi baxılması stereotipləri tam aradan qaldırılmalı, peşə təhsili mərkəzlərinə peşəkarların hazırlanması məkanı kimi baxılmalıdır. Bununla bağlı təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması, məşğulluğunun təmin edilməsi məqsədilə ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflərin yaradılmasına başlanılıb. Cari tədris ilində Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabadda yerləşən 20 ümumi təhsil müəssisəsində belə siniflər yaradılıb. Növbəti tədris ilində isə peşə təmayüllü siniflərin sayının və əhatə dairəsinin artırılması nəzərdə tutulur. Peşə təmayülü üzrə təhsil alan şagirdlər təhsili başa vurduqda tam orta təhsil haqqında sənədlə yanaşı, öyrəndikləri peşə üzrə təhsil sənədi də əldə edəcəklər ki, bu da onların əmək fəaliyyətinə başlamasına imkan verəcək. Bu yeni təşəbbüsün həyata keçirilməsində məqsədimiz əmək bazarının tələbatına çevik uyğunlaşan, sürətlə inkişaf edən sənaye üçün yeni bilik, bacarıq və kompetensiyalara malik insan kapitalı yetişdirən peşə təhsili sistemi qurmaqdır. Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən qabaqcıl ölkələrin təcrübələri öyrənilir, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində bir sıra layihələr həyata keçirilir.
Ceyhun Bayramov diqqətə çatdırıb ki, beynəlxalq tərəfdaşlarımızlarla birgə böyük uğurla həyata keçirdiyimiz layihələrdən biri də Sənaye və İnnovasiyalar üzrə Peşə Təhsil Mərkəzinin yaradılmasıdır. Regionda bənzəri olmayan, müasir infrastruktura malik bu Mərkəzdə 8 ixtisas (mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, İT, avtomobil, avtomatlaşdırma) üzrə texniki peşə təhsili səviyyəsinə 230 tələbə qəbul edilməklə kadr hazırlığına başlanılıb. Gələn ildən yüksək texniki peşə təhsilinə qəbul və sənayenin tələbləri əsasında qısamüddətli kursların təşkili sayəsində tələbələrin sayının 1000 nəfərə çatdırılması nəzərdə tutulur. Təhsil Nazirliyi tərəfindən 7 pilot peşə təhsili müəssisəsinin (Bakı, Sumqayıt, Saatlı, Bərdə, Mingəçevir, Cəlilabad və Lənkəran) tikintisi və yenidən qurulması ilə bağlı işlərə start verilib.
Beynəlxalq təşkilat və qurumlarla əməkdaşlıqla yanaşı, özəl sektorun peşə təhsilinə cəlb edilməsi və işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra işəgötürən müəssisə və təşkilatlarla anlaşma memorandumları imzalanıb.
Təhsil naziri Ceyhun Bayramov peşə təhsilinin inkişafında, məzunların əmək bazarına hazırlanması və məşğulluğunun təmin edilməsində, dövlət strukturları və özəl sektor arasında səmərəli əməkdaşlığın yaradılmasında birgə səylərin öz bəhrəsini verəcəyini vurğulayıb.
Koreyanın Azərbaycandakı səfiri Kim Tong Op iki dövlət arasında inkişaf edən əlaqələrin önəmini xüsusi vurğulayıb və peşə sahəsində əməkdaşlıqdan danışıb. O, koreyalı mütəxəssislər tərəfindən yerli müəllimlərə təlimlər keçirilməsinin əhəmiyyətindən bəhs edib. Birgə tədbirlərin, layihələrin təşkilində maraqlı olduğunu qeyd edən səfir Kim Tong Op Peşə Təhsili üzrə Dövlət Agentliyi və Koreya Respublikası arasında mövcud əməkdaşlığın daha da məhsuldar olmasını arzu etdiyini bildirib.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov peşə təhsili və sənaye arasında əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli də çıxışında iqtisadiyyatın gücləndirilməsi istiqamətində peşəkar kadrların əvəzsiz rol oynadığını və əməkdaşlığın daha səmərəli nəticələr əldə edilməsinə şərait yaradacağını diqqətə çatdırıb.
Konfransda Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov "Peşə təhsilinin sənayenin inkişafında rolu” mövzusunda təqdimatla çıxış edib. O, Azərbaycanda peşə təhsilinin tarixi və bugünkü vəziyyəti haqqında məlumat verib. Ölkədə peşə təhsilinin inkişafı istiqamətlərində həyata keçirilən islahatlardan bəhs edib.
Layihə mütəxəssisi Myonqon Şin isə "Koreyanın texnoloji inkişafının Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tətbiqi” mövzusunda təqdimat edib. O, Koreya təhsil sisteminin üstünlüklərindən, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılan peşə təhsil mərkəzinin fəaliyyət istiqamətlərindən danışıb.
Tədbirin sonunda konfrans iştirakçıları Koreya təhsil standartları əsasında inşa edilən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət
Peşə Təhsil Mərkəzinin maddi-texniki
bazası və tədris prosesi ilə
tanış olublar.
Azərbaycan.- 2019.- 16 oktyabr.- S. 7.