Dövlət sərhədinin pozulmasının qarşısının alınmasında fərqlənmiş sərhədçilər təltif olunublar

 

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi ənənələri sırasında vəzifələrinin icrasında fərqlənmiş sərhədçilərin xidmətlərinin qiymətləndirilməsi və onların təltifləndirilməsi xüsusi yer tutur.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 15-də Dövlət Sərhəd Xidmətinin aparatında bununla bağlı növbəti tədbir keçirilib.

Xidmət rəisi, general-polkovnik Elçin Quliyev dövlət sərhədinin pozulmasının qarşısının alınması zamanı fərqlənmiş sərhədçilərlə görüşüb və yüksək təltifləri onlara təqdim edib.

Dövlət sərhədinin pozulmasının qarşısının alınması üzrə sərhəd əməliyyatına rəhbərlik etmiş sərhəd zastavasının rəisi "Sərhəddə fərqlənməyə görə” medalı ilə, 4 nəfər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu isə "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medallarla təltif edilib.

Çay süfrəsi arxasında davam edən görüşdə sərhədçilər əməliyyatın təfərrüatlarını məruzə edib, Vətənə xidmətdən şərəf və qürur duyduqlarını, dövlət sərhədinin toxunulmazlığını təmin etməyə, dövlət sərhədində hər hansı təxribatın qarşısını qətiyyətlə almağa hər zaman hazır olduqlarını vurğulayıblar. Onlar müddətli hərbi xidmətlərini başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətində peşəkar xidmətə qəbul edilmək arzusunda olduqlarını bildiriblər.

General-polkovnik Elçin Quliyev Prezident İlham Əliyevin Azərbaycan Sərhəd Mühafizəsinə ali diqqəti sayəsində dövlət sərhədinin etibarlı mühafizəsinin yüksək səviyyədə təmin olunmasını, bu istiqamətdə xidməti imkanların daha da gücləndirilməsi üçün ardıcıl işlərin davam etdirilməsini bildirib. Xidmət rəisi Azərbaycan sərhədçilərinin qəhrəmanlıq nümunələrinin şəxsi heyət arasında təbliğ edilməsi üzrə müvafiq göstərişlər verib.

 

Azərbaycan.- 2019.- 16 oktyabr.- S. 7.