650 min ağac əkək: “Şamaxıda ağac əkiləcək ərazilər müəyyənləşdirilir, sahələr təmizlənir, çalalar qazılır”

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə 650 min ağac əkək aksiyası hər yerdə olduğu kimi, böyük şairin doğulduğu Şamaxı rayonunda da minnətdarlıqla qarşılanıb. Hazırda rayonda bu təşəbbüslə əlaqədar hazırlıq işləri aparılır.

Prezident İlham Əliyevin sərəncamı ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin "Nəsimi ilielan edilməsi, Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsü böyük sənətkarın adının əbədiləşdirilməsi, beynəlxalq aləmdə təbliği, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs Nəsimi dühasının təbliği ilə bərabər, ölkəmizin yaşıllıqlar diyarına çevrilməsinə də bir vəsilədir.

Şamaxı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, rayonda təşəbbüslə əlaqədar ağac əkiləcək ərazilər müəyyənləşdirilir, ayrılan sahələr təmizlənir, hamarlanır, çalalar qazılır.

Rayon sakini, ixtisasca aqronom olan Əhmədalı Əhmədov AZƏRTAC-a deyib: "Bu nəcib təşəbbüsə dahi şairin həmyerliləri olaraq rayonda hər kəs qoşulacaq”. Ə.Əhmədov aksiyanın keçirilməsində məqsədin ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək olduğunu bildirib.

Bu təşəbbüsün gənclər tərəfindən də yüksək qiymətləndirildiyini söyləyən Ramiz Mirzəyev ağacəkməyə həvəslə hazırlaşdıqlarını deyib: "2019-cu ilin "Nəsimi ilielan edilməsi, bir gündə 650 min ağac əkilməsi təşəbbüsünü dahi şairin həmyerliləri kimi, biz şamaxılı gənclər də minnətdarlıqla qarşılayırıq. Hər gün səhər ərazilərə gedir, sahələri təmizləyir, çalalar qazırıq. Təbiətimizə gözəllik gətirəcək ağacəkmə kampaniyasını səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkilməsi noyabr ayında həyata keçiriləcək. Bu təşəbbüs dahi şairin irsinin təbliği ilə bərabər, həm də ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərin həllində birgə fəaliyyətə səsləyir.

 

Azərbaycan.- 2019.- 16 oktyabr.- S. 8.