Böyük
Ağa
Dünyaya göz açdığı ocaq ondan qabaq da müqəddəs sayılırdı. Çünki seyid nəslindən idilər. İmam övladları təqiblərə məruz qaldıqları vaxtlarda təhlükələrdən xilas olmaq üçün müxtəlif yerlərə üz tutmuşdular. Onun babaları da Azərbaycanı seçmişdilər.
Ağa Seyid
Əlinin uşaqlıq illəri
Atası Mir Əbutalib ağa İçərişəhərdə yaşayırdı. Onun 1884-cü ildə Böyük Qala küçəsində birmərtəbəli ev alması, bir il sonra isə burada ikimərtəbəli ev tikdirmək üçün Bakı Şəhər İdarəsinə müraciət etməsi barədə sənədlər mövcuddur.
Anası Xədicə xanım Mir Qasımova da seyid nəslindən idi. Onların altı övladları oldu: Oğlanları - Seyid Hüseyn ağa, Ağa Seyid Əli, Mir Kazım ağa, qızları - Zeynəb, Səkinə və Fatmanisə. Ağa Seyid Əli ailənin ikinci oğlu idi. Taleyinin fərqli olacağını valideynləri o, hələ körpə ikən anladılar. Ağa Seyid Əli xəstəydi. Hərə bir söz dedi. Kimi uşağın xəstəliyinin anadangəlmə olduğunu, kimi isə doğuş zamanı əbəçinin ehtiyatsızlığı ucbatından iflicə mübtəla olduğunu söylədi. Valideynləri hiss edirdilər ki, Ağa Seyid Əli bu mərəzdən qurtulmayacaq, ömrünün sonunadək pak ruhunu xəstə, zəif cismində daşıyacaq. Atası ona baxdıqca: "İlahi, qədər-qismət, təqdir Sənindir. Hökmünə şükürlər olsun!” deyib dua edirdi. Seyid Xədicə də həyat yoldaşı kimi Yaradanın təqdirindən gileylənmirdi. Onun övladı başqa uşaqlar kimi oynamır, qaçmır, azad-asudə danışıb-gülmürdü. Amma ana, nədənsə, bu körpənin halına acıya, ona şikəst kimi baxa bilmirdi. Ona hər dəfə nəzər saldıqca qəlbini izahedilməz fərəh bürüyürdü. Balaca Ağa Seyid Əlinin siması elə nurlu idi ki...
Bu ocaqda islam dininin qaydaları uca tutulurdu. Evin böyük oğlu Seyid Hüseyn ağa Məkkəyə,
Mədinəyə getmiş, dini və dünyəvi elmlər
sahəsində mükəmməl təhsil almışdı.
O, geri döndükdən sonra Mir Mövsümzadələrin
evi şəhərdə dini yığıncaqlar yerinə
çevrildi. Dini elmlərlə yanaşı, fizikanı,
riyaziyyatı, astronomiyanı gözəl bilən Seyid
Hüseyn ağa Bakıda bir çoxlarının, eləcə
də milyonçular Hacı Zeynalabdin Tağıyev, Ağa
Musa Nağıyev və başqalarının söhbətlərindən
doymadığı möhtərəm bir insan kimi
tanındı. Mir Əbutalib ağa dünyadan
köçdükdən sonra ailənin
başçısı da o sayıldı.
Məsumun duası
1918-ci ildə Bakıda ermənilər yenidən
qırğınlar törətməyə başladılar. Onların qəddarlığını
yaxşı bilən azərbaycanlı sahibkarlar Mir
Mövsümzadələri ermənilərin
basqınlarından qorumaq qərarına gəldilər. Seyid Hüseyn ağaya müraciət etdilər.
Onu Bakını ailəliklə müvəqqəti tərk etməyə,
gəmi ilə İrana getməyə, ara
sakitləşənədək orada qalmağa razı
saldılar.
...İçərişəhərdəki evlərinə
vurulan qıfıl bir də 1920-ci ilin əvvəllərində
açıldı. Mir Mövsümzadələr
İranın Ənzəli şəhərindən Bakıya
döndülər.
...Bolşeviklər Azərbaycanda hakimiyyəti ələ
keçirəndə artıq nə Mir Əbutalib ağa
sağ idi, nə də Xədicə xanım. O günü görmək
Seyid Hüseyn ağaya da nəsib olmadı. Geri
döndüklərindən bir neçə ay sonra o da bu
dünyadan köçdü. Vəsiyyətinə
əməl etdilər. Cənazəsini Kərbəlaya
aparıb, orada torpağa tapşırdılar (Seyid Hüseyn
ağanın valideynlərinin də Kərbəlada dəfn
olunduqları güman edilir).
Sovet hökumətinin qərarıyla məscidlər
uçurulur, seyidlər, axundlar, mollalar
sıxışdırılır, insanları öz dini
inancından üz çevirməyə məcbur edirdilər. Həmin
çətin illərdə Ağa Seyid Əlinin ziyarətinə
gələnlərin sayı azalmadı. Onu
kimisi Ətağa, kimisi Böyük Ağa, kimisi isə Mir
Mövsüm Ağa deyə çağırırdı.
Ocağına üz tutanlar ondan xeyir-dua istəyir,
problemlərinin çözüləcəyinə, diləklərinin
yerinə yetəcəyinə inanırdılar. Hətta Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi
Komitəsinin birinci katibi Mir Cəfər Bağırovun da ona
hörmət bəsləməsi, ehtiramla yanaşması barədə
o vaxtlar dillərdə dolaşan hekayətlərin bəziləri
bugünədək unudulmayıb. Mir
Mövsüm Ağanın həyatı, gün-güzəranı
hər zaman Mir Cəfər Bağırovun diqqətində
idi. Ona olan sevgini də, bəslənən
inamı da görürdü. Özünə
toxunmasalar da, qapısına gələnlərin
ayağını buradan kəsməyə
çalışırdılar. Amma buna
nail ola bilmədilər.
1941-ci ildə Böyük Vətən müharibəsi
başladı.
Bakıda da əli silah tutan hər kəs cəbhəyə
yola salınırdı. Gedənlər əvvəlcə
Böyük Ağanı ziyarət edir, cəddinə
müraciət edib nəzir deyir, sağ-salamat geri dönmələri
üçün onun ocağında Allaha dua edirdilər.
Bəzisi əynindən köynəyini çıxarıb bu
evdə qoyur: "Nəzir edirəm, salamat qayıdım, bu
köynəyi öz əlimlə gəlib buradan
götürüm” deyirdi.
Sovet hökumətinə o zamanlar təkcə
döyüşçülər lazım deyildi. Kəndlər,
şəhərlər gündən-günə
boşalırdı. Ona görə də
bir nəfər bir neçə adamın yerinə işləməliydi.
İnsanları zorla bu qədər əlləşməyə,
əziyyətlərə qatlaşmağa məcbur etmək
mümkün deyildi. Bunun üçün
sözlər, təmtəraqlı vədlər də kifayət
deyildi. Doğmalarını odun-alovun
içərisinə yola salanların inamını yaşatmaq
lazımıydı. Allahın
varlığını, böyüklüyünü
xatırladanlardan birinə - Böyük Ağaya sevgi bu yerdə
vacib idi. Ona görə də
qapısına gələnlərə toxunmurdular. Böyük Ağa isə yenə də əvvəlki
kimi insan əlləriylə qurulan bütün eybəcərliklərdən,
siyasi oyunlardan uzaq olan öz təmiz dünyasında olub-bitənlərə
əhəmiyyət vermədən Allahdan insanlara şəfa,
Yer üzünə salamatlıq diləyirdi.
Müharibə illərində o, Azərbaycanda Sovet
hökumətinə həm də maddi cəhətdən
lazım oldu.
Ağa Seyid Əlidən böyük məbləğdə
vergi alınırdı. Çoxlarının
cəllad kimi baxdığı Bağırovun hakimiyyəti
dövründə heç vaxt Böyük Ağanı həbs
etmək üçün gəlmədilər. Mir Cəfər niyə Ağanı həbs etdirməyib?
Bəlkə də onun nüfuzu lazım idi
birinci katibə? Bəlkə də fiziki cəhətdən
xəstə olan Ağanı həbs etməklə öz
nüfuzunu heçə endirmək istəmirdi? İndi
bu suala doğru-dürüst kim cavab verə
bilər ki? Bilinən budur ki, müharibədən
sonra da Böyük Ağanın ocağından dövlətə
yüksək məbləğdə vergi ödənirdi.
Onun öz evində isə bir taxtdan, dolabdan, dəmir
çarpayıdan, stullardan başqa heç nə yox idi...
Bir dəfə Böyük Ağanın adından verilən
vergi gecikdirildi. Rayon maliyyə şöbəsində onun
borcu hesablandı. Həmin məbləğin
ödənilməsi üçün çıxarılan qərara
əsasən, Ağanın evindən əşyalarını
aparmağa gəldilər. Sürücü
məsələni yalnız Ağa Seyid Əlinin evindəki
avadanlıqlar maşına yükləndikdən sonra bildi.
O, maşını sürməkdən imtina etdi. Nə qədər
israr edirlərsə, razılıq vermədi: "Apara bilmərəm,
mənim ailəm var” dedi. Bundan sonra
üç-dörd sürücü gətirdilər. Onlar da Ağanın evinin əşyalarını
aparmaqdan imtina etdilər.
Sevgi dolu ürəyin sahibi
Böyük Ağa insanları çox sevirdi. Onun
qulluğunda dayanmağı savab sayanların, özü
üçün səadət hesab edənlərin
sayı-hesabı yox idi. Amma Böyük
Ağa heç kimə qıymırdı. Bəzən kimsə qapısına gəlirdi,
"bura gəlib dilək diləmişdim, deyir. - Şükür Allaha, arzum yerinə yetdi. Niyyətim var, gərək bu həyəti
süpürüb-təmizləyəm”. Ağa
gülümsəyər, onları başa salardı ki,
lazım deyil. Həmin adamlar israr edəndə ürəklərini
sındırmırdı: "Elə mənim
başmağımı buradan götür, ora qoy, bəsdir. Hesab et ki, niyyətini yerinə yetirmisən”.
Cavan vaxtlarında çətinliklə də olsa, gəzir,
danışırdı. Sonralar ayaqları yeriməkdən
qaldı, dili söz tutmaqdan. Bacısı
Səkinə xanım həmişə yanındaydı.
O özündən iki-üç yaş böyük
qardaşı Böyük Ağanı həddindən
artıq çox istəyir, qulluğunda dayanırdı. Çox yaraşıqlı, ağbəniz simalı
Səkinə xanım qardaşına xidmət etmək
üçün öz səadətindən də imtina edərək
heç zaman ailə qurmadı.
Böyük Ağanın İçərişəhərdəki
evinə möhtac adamlar gəlirdilər. Kimi sağlamlıq diləyilə,
kimi də intizardan qurtulmaq ümidiylə... Uzun
növbələr yaranırdı. Adamlar
eyvanda öz kürsüsündə oturmuş Böyük
Ağanın əlindən öpür, ondan xeyir-dua
alırdılar. O da ziyarətinə gələnlərin
başlarına əlini çəkir, üzündən əskilməyən
xeyirxah təbəssümüylə hamıya xeyir-dua verirdi. Bu ocağa təkcə müsəlmanlar gəlmirdi.
Həyatının ən dəhşətli,
çarəsiz anlarında qeyri-ixtiyari Ağanın cəddini
çağırıb ondan kömək istəyən, nicat
tapan başqa xalqların nümayəndələri də bu
ocağa üz tuturdular.
Sirli bir
duyumla qapısını döyənlərin ürəklərindən
keçənləri, onların necə adam olduqlarını,
məqsədlərini, məramlarını anlaya bilirdi
Böyük Ağa. Bəzən onun kimisə qəbul
etməkdən imtina etməsi çoxlarına qəribə
görünürdü. Doğmaları, ən
çox da ona qəlbən yaxın olan bacısı Səkinə
(bu ocaqda hamı onu Qönçə
çağırırdı) başa düşürdü ki,
Ağa heç nəyi əbəs yerə etməz, ürək
sındırmaz. Ancaq düşünürdülər
ki, gələn hər kim olur-olsun,
Böyük Ağanın cəddinə üz tutub.
Pəncərədən ətrafı seyr etməyi
sevirdi. Havalar xoş olanda Böyük Ağanın
kürsüsünü çıxarıb həyət
qapısının ağzına qoyurdular. İri
gümüş saatı isə həmişə döş
cibində olurdu. Gəlib-keçənlər ona
yaxınlaşır, kimi əlindən öpür, kimi
soruşurdu: "Böyük Ağa, saat neçədir?” Bu sualdan xoşu gəlirdi. Cibini
göstərirdi. Saatı soruşanlar da
götürüb baxar, sonra qaytarıb yerinə qoyardılar.
1948-ci ildə Ağanı bu dünyada hamıdan
yaxşı anlayan bacısı Səkinə xanım vəfat
etdi. İki il sonra - 1950-ci ilin 17 noyabrında isə bu
dünyadan ayrılmaq növbəsi Böyük Ağaya
çatdı. Bütün Bakı əhli
vidalaşmaq üçün İçərişəhərə
- onun evinin qarşısına toplaşdı. Gələnlərin ardı-arası kəsilmirdi.
Hökumət orqanları bunu görüb
Ağanın dəfnini tələsdirdilər. Ağa Seyid Əli Şüvəlandakı qəbiristanlıqda
dəfn olundu.
Onun unutdurulması istiqamətində işlər
aparılmağa başlanıldı. Hətta Bakı şəhərinin
rəhbəri Tofiq Allahverdiyev partiya
yığıncağında Ağanın dəfn edildiyi qəbiristanlığın
ləğv olunması barədə qərar da
çıxartdı. Onun cəddinə
inananlar isə qorxa-qorxa da olsa ora gedirdilər. Apardıqları nəziri xəlvətcə
daşın altına qoyurdular. Hətta
partiya orqanlarında, digər yüksək strukturlarda işləyənlər
də gizli-gizli Mir Mövsüm Ağanın məzarını
ziyarət edirdilər.
Hakimiyyət rəhbərlərinin göstərişi ilə
ondan sonra qohumları bu ocağa ziyarətə gələnləri
içəri buraxa bilmirdilər. Qadağalara baxmayaraq,
işi müşkülə düşənlər,
arzuları, diləkləri olanlar yenə bura gəlir,
qapıya əllərini çəkib Ağanın müqəddəs
ruhunu köməyə çağırırdılar.
Sovet hakimiyyəti süquta uğrayandan sonra bir sıra
müqəddəs yerlərimiz kimi, Mir Mövsüm
Ağanın dəfn olunduğu məzarlıqda da abadlıq
işləri aparıldı. Bu gün Mir
Mövsüm Ağa ziyarətgahı öz əzəməti
ilə göz önündədir.
Zöhrə
FƏRƏCOVA
Azərbaycan.- 2019.- 16 oktyabr.- S. 10.