Nuru Paşadan yadigar qalan məğlubedilməzlik rəmzi - qəmə

 

İçərişəhərin bir-birinə bənzəməyən küçələri ilə addımladıqca sanki bir anlıq keçmişə - əsrlərin dərinliklərinə baş vurursan. Gördüyümüz bu daşlar, bu divarlar tarixin çox qanlı-qadalı hadisələrinə şahidlik edib. İçərişəhərin hər addımı, hər döngəsi bizim üçün əziz olduğu qədər də doğmadır. Çünki bu yerlərə babalarımızın ölməz ruhu hopub. İçərişəhərin hər daşında, hər qayasında bir tarix yatır, bir tarix mürgüləyir. Əsrlərin sınaqlarından həmişə üzüağ çıxan İçərişəhər tikildiyi gündən bəri nələrə şahidlik etməyib, nələri görməyib? Bizim üçün çox sevindiricidir ki, bu gün doğma İçərişəhər zamanlara meydan oxuya-oxuya tarixi yoluna davam etməkdədir.

Heç uzağa getməyək, elə yüz bir il əvvəl doğma paytaxtımız olan Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsində İçərişəhər sakinləri də çox böyük fədakarlıqlar göstəriblər. Qoynunda böyüdüyü şəhərini azad görmək istəyənlər xilaskarları olan türk əsgərlərinə bacardıqları köməyi ediblər. İçərişəhər camaatı onları evlərində saxlayaraq qonaqpərvərlik göstərmiş, mənəvi arxa durmuşdular. Türk əsgərlərinə kömək edən, onlara öz ocağının başında yer göstərən insanlardan biri də İçərişəhər sakini Şıxəli Hacıyev olmuşdur. Çox xeyirxah və vətənpərvər olan Şıxəli Hacıyev 1880-ci ildə İçərişəhərdə dünyaya göz açmışdı. Sövdəgər nəslindən olan Şıxəli kişi Bakı şəhərinin mərkəzində bir neçə yerdə qalanteriya dükanları işlədirmiş. 1918-ci ilin mart soyqırımı günlərində ermənilərin Bakıda törətdikləri soyqırımının canlı şahidi olan Hacı Şıxəli neçə-neçə ailəyə əl tutmuş, onları təhlükələrdən qorumuşdu.

Qafqaz İslam Ordusu və Azərbaycan Milli Korpusu Bakını erməni-bolşevik qüvvələrindən azad etmək üçün şəhərə daxil olanda Hacı Şıxəli onlara əlindən gələn yardımı göstərib, xeyirxahlığını əsirgəməyib. Hacı Bakını azad edən türk əsgərlərinə hörmətlə yanaşıb. Var-dövlətini şəhərimizin erməni-bolşevik dəstələrindən azad edilməsi yolunda səxavətlə xərcləyib. Xeyli müddət onları yataqla, ərzaqla təmin edib. Türk əsgərlərinə mənəvi dəstək olaraq onları döyüşə, daşnak-bolşevik qüvvələrini məhv etməyə, düşmənlər üzərində qələbə çalmağa ruhlandırıb. Məhz belə xeyirxah və cəsarətli insanların sayəsində Bakımız, qədim İçərişəhərimiz istilaçı qüvvələrdən azad edilmişdir. Həm Bakı qoçularının, həm də Hacı Şıxəli kimi ləyaqətli insanların hesabına ermənilər İçərişəhərdə soyqırımı törədə bilməyiblər. Onun bir-birinə bənzəməyən küçələrinə sakinlərinin qanı tökülməyib.

Türk əsgərlərinin şəhər sakinləri tərəfindən yerlərdə belə mehriban qarşılanması xəbərləri general-mayor Nuru Paşaya da gəlib çatır. Tabeliyində olan əsgərlərinə belə rəğbətlə yanaşılması onun da ürəyini açır.

1918-ci il noyabr ayının 10-da Azərbaycan hökuməti Nuru Paşa ilə vidalaşma mərasimi təşkil edib, onun şərəfinə təntənəli ziyafət verib. Azərbaycan hökumətinin sədri F.X.Xoyski, "Müsavat” Partiyasının lideri M.Ə.Rəsulzadə çıxış edərək Nuru Paşayaonun komandanlıq etdiyi qoşunların əsgər və zabitlərinə göstərdikləri qəhrəmanlıq və fədakarlığa görə Azərbaycan xalqı adından minnətdarlıq ediblər.

Bakıda olduğu müddətdə türk əsgərləri ilə yerli əhali arasında dostluq münasibətləri yaranmışdı. İçərişəhər sakinləri ilə görüşlərində Qafqaz İslam Ordusunun komandanı bu mehribançılığa görə yeri düşdükcə onlara minnətdarlığını bildirirdi. İçərişəhərə gələn Nuru Paşa sakinlərlə görüşmüş, türk əsgərlərinə göstərdiyi mehribançılığa, qayğıkeş münasibətə görə yadigar olaraq üzərində Fateh Sultan Mehmetin möhürünüay-ulduz həkk olunmuş qəməsini Hacı Şıxəliyə vermişdi. İçərişəhər sakini Hacı Şıxəli Nuru Paşanın ona bağışladığı qəməni ömrünün sonuna kimi iftixarla qoruyub saxlamışdı. Bu müdrik insanın ölümündən sonra isə Nuru Paşanın hədiyyə etdiyi qəməni onun oğlu Məmməd Naib qorumuşdu. İndi isə həmin qiymətli hədiyyə Hacı Şıxəlinin nəvəsi, hazırda Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxananın Beynəlxalq əlaqələr üzrə direktor müavini Mələk xanım Hacıyevadadır. Nuru Paşanın bağışladığı qəmə bu ailədə, bu evdə qardaşlıq və məğlubedilməzlik rəmzi kimi saxlanılır və maraqlananlara ürəkaçıqlığı ilə nümayiş etdirilir.

Nuru Paşanın 1918-ci ildə İçərişəhər sakini Hacı Şıxəliyə qəməsini bağışlaması haqqında məlumatı ilk dəfə Mələk xanım Hacıyevadan eşitdim. Uzaq keçmişdən yadigar qalmış həmin qəməni görmək üçün onun yerinə getmişdim. Qəməni görəndə heyrətə gəldim. Evdə, ailədə onu yaxşı qoruyub saxlamışdılar. Bir əsrdən də çox yaşı olan qəməyə toxunanda çox duyğulandım. General-mayor Nuru Paşanın üstündə gəzdirdiyi qəməyə indi mənim əllərim dəyirdi. Doğrudan da, iftixar duyulası anlar idi.

Müxtəlif rakurslardan qəmənin şəklini çəkəndən sonra Mələk xanım türklərlə bağlı xatirlərdən də söz açdı. Tubu nənəsinin danışdıqlarını dilə gətirən Mələk xanım dedi:

- O illəri xatırlayan nənəm həmişə bizə danışardı ki, erməni-müsəlman qırğınında babanız İçərişəhərdəki bu evimizdə çoxlu türk döyüşçüsü saxlayırdı. Onların aralarında elə zabitlər var idi ki, Türkiyədən birbaşa bu evə babanıza görə gəlirdilər. Şıxəli hərbçiləri ürəkaçıqlığı ilə qəbul edir, yedirdib-içirdir, döyüşmələri üçün əlindən gələn köməkliyi edirdi. Türk əsgərləri Bakını azad edəndən sonra vətənlərinə qayıtmağa hazırlaşırdılar. Yola düşən gün babanız onlara ziyafət də verdi.

Görkəmli sərkərdə Nuru Paşanın Hacı Şıxəliyə hədiyyə etdiyi qəmənin üstündə əski əlifba ilə sözlər yazılıb. Bu sözlərin mənasını bilmək əlbəttə ki, maraqlı olardı. Mələk xanımdan öyrəndim ki, mətni Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemət oxuyub tərcümə edib. Məlum olub ki, qəmənin üstündə bu sözlər yazılıb: "Döyüşdə zərbə endirmək, xırda-xırda doğramaq, döyüşə hazır olmaq, haqqını ödəmək”. Döyüşə, mərdliyə, igidliyə çağıran çox dəyərli sözlərdir. Buradan belə nəticə çıxarmaq olur ki, savaş zamanı nəinki sərkərdənin, zabitin, əsgərin, hətta, qılıncın, bıçağın qəmənin də döyüş vəzifəsi var. Təbiidir ki, bütün bunlar müharibələrin yazılmış və yazılmamış qanunlarıdır.

Sözsüz ki, 1918-ci ilin mart soyqırımı günlərində erməni-bolşevik qüvvələrinin İçərişəhərə daxil ola bilməməsində türk əsgərləri ilə bərabər, bu qədim məkanın Hacı Şıxəli kimi hörmətli, nüfuzlu sakinlərinin də əməyi çox olmuşdur. Xalq yolunda görülən işlər heç vaxt unudulmur. Hacı Şıxəli kimi xeyirxah insanlar haqq dünyasına qovuşsalar da, qədirbilən xalqımız həmişə onları xatırlayacaq.

Nuru Paşanın Hacı Şıxəliyə qəməsini bağışlamasında bir nəzərəçarpacaq rəmz də var. Yəni görkəmli sərkərdə İçərişəhər sakininə başqa bir şey də hədiyyə edə bilərdi. Amma genaral qəmə hədiyyə edib. Çünki qəmə döyüş ləvazimatıdır. Yəqin böyük sərkərdə bununla demək istəyib ki, nə qədər ətrafınızda erməni kimi zalım, vəhşi düşməniniz var, silahınızı hazır tutun, həmişə döyüşə hazır olun. Şəhər və kəndlərinizi yağılardan qoruyun. Təbiidir ki, buna hamımız hazır olmalıyıq.

İçərişəhərin səhifələri belə maraqlı, dəyərli və ibrətli hadisələrlə zəngindir. Sadəcə olaraq, onlar haqqında zaman-zaman yazıb xatırlatmaq lazımdır. Çünki xatırladıqca İçərişəhərə olan sevgimiz daha da artacaq.

 

Vahid MƏHƏRRƏMOV

 

Azərbaycan.- 2019.- 16 oktyabr.- S. 10.