Dil açandaş salnamə

 

İçərişəhər dini-mədəni, tarixi abidələr məkanı, maddi-mənəvi sərvətimizdir

 

Bakının tarixini daş yaddaşında yaşadan İçərişəhər!

Xalq arasında "Qədim şəhər” kimi tanınan bu tarixi məkan qala divarları ilə əhatə olunub. 221 min kvadratmetr sahəyə malik olan qoruq ərazisində 1300-dən çox ailə yaşayır. Əhalinin burada məskunlaşması Tunc dövrünə təsadüf edir. Arxeoloji tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, artıq VIII-IX əsrlərdə İçərişəhər ərazisində sənətkarlıq və ticarət inkişaf etmişdir. XV əsrdə Şirvanşahların öz iqamətgahlarını Şamaxıdan Bakıya köçürməsindən sonra İçərişəhərin həyatında "kristallaşmadövrü başlamışdır. 1748-1806-cı illərdə Bakı və onun mərkəzi olan İçərişəhər Bakı xanlığının paytaxtı olmuşdur.

Bu qədim şəhərdə yerləşən məşhur abidələr, Qız qalası və Şirvanşahlar Saray Kompleksi Azərbaycan memarlığının inciləri hesab edilirlər. Bunlardan başqa, hazırda orada onlarla tarixi abidələr - məscidlər, karvansaralar, hamamlar, yaşayış evləri yerləşir, bir neçə muzey, səfirlik, hotel, ticarət obyektləri, kaferestoranlar fəaliyyət göstərir.

1977-ci ildə İçərişəhər Tarix-Memarlıq Qoruğu elan edilib. 2000-ci ildə isə Qız qalası və Şirvanşahlar Saray Kompleksi UNESKO-nun Ümumdünya İrsi Siyahısına salınıb.

Bizim eranın birinci yüzilliyində Bakı kiçik liman şəhəri kimi mövcud olub.

XI əsrin 40-cı illərində türk-oğuzların Qafqaza yürüşlərini nəzərə alan Şirvanşahlar şəhərlərin qorunmasını təmin etmək üçün müdafiə sisteminin təkmilləşdirilməsinə başlayıblar. Orta əsrlərdə olduğu kimi, müasir dövrdə də İçərişəhərin üç əsas küçəsi var: Böyük Qala, Kiçik Qala (Saray yolu) və Asəf Zeynallı (Minarəli və ya Karvan yolu).

Böyük Qala küçəsi başlanğıcını digər tərəfdən - Şamaxı darvazası (Qoşa qala qapıları) yerləşən Qala meydanından götürür. Orta əsrlərdə bu meydanda müxtəlif el bayramları, şənliklər və yarmarkalar keçirilirdi.

Əsas hərəkət və karvan yolu (hazırda Qüllə, A.Zeynallı və V.Məmmədova küçələri) İpək yolu üzərində yerləşir və İçərişəhəri aşağı və yuxarı hissələrə bölürdü. İctimai binalar aşağı hissədə yerləşirdi. Küçələrdə həmişə insanlar qaynayır, zəngin ticarət mühiti hökm sürürdü. Sahilə yaxın yerləşməsinə görə bu hissədə balıqçılar, qayıqçılar və gəmiçilər, yuxarı hissədə yerləşən Şirvanşahlar sarayının ətrafında isə zəngin şəhər sakinləri yaşayırdılar.

Kiçik Qala küçəsi Salyan qapısından başlayaraq, şimal-qərb istiqamətində qala divarları boyunca uzanır və Şamaxı darvazasına doğru aparır. Asəf Zeynallı küçəsi MultaniBuxara karvansaralarının yanından başlayır, BöyükKiçik karvansaraların qabağından keçir. Bu məhəllədə əvvəllər çoxsaylı ticarət obyektləri yerləşirdi. Qız qalası, Məktəb məscidi, Aşur məscidi, Cümə məscidi, Şeyx İbrahim məscidi, Müqəddəs Varfolomey kilsəsi, Bazar meydanı və bir çox tarixi-memarlıq abidələrinə də burada rast gəlinir. Bu üç böyük küçədən başqa, İçərişəhərdə çoxsaylı kiçik, dar döngə və dalanlar da yerləşir.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2019.- 16 oktyabr.- S. 10.