Azərbaycan Konstantin Zatulinlə bağlı Rusiya XİN-ə nota göndərib

 

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim tərəfindən oktyabrın 11-də təşkil edilən məlum tədbirdə Rusiya Federasiyası Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin iştirakı ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə Azərbaycan tərəfinin narahatlığını ifadə edən rəsmi nota göndərilib.

Azərbaycanın Rusiyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, notada separatçılığı açıq şəkildə dəstəkləyən Konstantin Zatulinin qeyd edilən tədbirdə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı səsləndirdiyi növbəti təxribat xarakterli bəyanatlarına və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında yüksək səviyyəli əməkdaşlığa xələl gətirən çıxışlarına Rusiya tərəfindən münasibətin bildirilməsi, həmçinin rusiyalı deputatın işğal altında olan ərazilərə hansı qisimdə səfər etməsi və sözügedən səfərin kimin tərəfindən maliyyələşdirilməsi ilə bağlı məlumatın dəqiqləşdirilməsi xahiş edilib.

Bundan əlavə, notada Konstantin Zatulinin mütəmadi şəkildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın siyasi mövqeyinə zidd olan fikirlər irəli sürməsinə, tarixi faktları açıq şəkildə təhrif etməsinə, Ermənistanın apardığı işğalçılıq siyasətinə bəraət qazandırmaq cəhdlərinə müvafiq qiymətin verilməsinin vacibliyi vurğulanıb, onun bir deputat kimi öz sözlərinə və hərəkətlərinə görə məsuliyyət daşımalı olduğuna diqqət çəkilərək Rusiya XİN-dən lazımi tədbirlərin görülməsi rica edilib.

 

Azərbaycan.- 2019.- 16 oktyabr.- S. 12.