Azərbaycanda
düşünülmüş uzunmüddətli siyasət ən
yüksək səviyyədə həyata keçirilir
Azərbaycan
Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə
Xəbər verildiyi kimi, oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısı müşavirədə nitq söylədi.
Prezident İlham
Əliyevin nitqi
- Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir. Əlbəttə, biz istərdik ki, artım daha da yüksək olsun. Hesab edirəm ki, buna nail olmaq üçün kifayət qədər imkanlar, potensial var. Sadəcə olaraq, biz bu potensialdan maksimum səmərə ilə istifadə etməliyik.
Yenə də qeyri-neft sənayesi sahəsində yüksək göstəricilər mövcuddur. Beləliklə, qeyri-neft sənayemiz 15 faizdən çox artıb. Bu, onu göstərir ki, son illərdə aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı atılan addımlar öz bəhrəsini verir. Deyə bilərəm ki, qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər.
Bununla bərabər, bildiyiniz kimi, son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyulmuşdur. Kənd təsərrüfatının inkişafı prioritet sahə kimi müəyyən edilmişdir. Mən, eyni zamanda, əvvəlki illərdə bir qədər təəccüblənirdim ki, nə üçün bu qədər investisiyaların müqabilində, bu qədər dəstəyin, subsidiyaların, güzəştli şərtlərlə verilmiş kreditlərin olduğu bir zamanda kənd təsərrüfatında artım 2-3 faiz idi. Ancaq hazırda bu sahədə də ciddi irəliləyiş müşahidə olunur. Beləliklə, kənd təsərrüfatı doqquz ayda 7 faizdən çox artmışdır.
Digər iqtisadi göstəricilərimiz də çox müsbətdir. Bizim xarici dövlət borcumuz çox aşağı səviyyədədir - ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünya miqyasında doqquzuncu yerdəyik. Onu da bildirməliyəm ki, bizdən daha yaxşı nəticəsi olan ölkələrin bəziləri o ölkələrdir ki, onlara, ümumiyyətlə, xaricdən heç bir kredit verilmir. Ona görə də onların yüksək pillədə olması əlbəttə ki, obyektiv mənzərəni əks etdirmir. Beləliklə, biz dünya miqyasında xarici borcun aşağı səviyyəsinə görə qabaqcıl yerdəyik. Bunu bir daha demək istəyirəm, mən hökumət qarşısında vəzifə qoymuşam ki, biz xarici dövlət borcumuzu ildən-ilə azaldaq və gələn ilin büdcəsində bu, nəzərdə tutulur.
İnflyasiya çox aşağı səviyyədədir, 2 faizdən bir qədər çoxdur. Nəzərə almalıyıq ki, bu il çox ciddi və böyük sosial paket reallaşdı – 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşdı, pensiyalar, əməkhaqları, müavinətlər artırıldı. Yəni, bu məqsədlər üçün milyardlarla manat vəsait xərclənib və bu vəsait sosialyönümlü istiqamətə nəzərdə tutulurdu. Buna baxmayaraq, inflyasiya çox aşağı səviyyədədir. Bu, çox yaxşı göstəricidir. Əhalinin gəlirləri yenə də inflyasiyanı əhəmiyyətli dərəcədə üstələyir.
Minimum pensiyanın alıcılıq qabiliyyətinin səviyyəsinə görə Azərbaycan bu gün MDB məkanında birinci yerdədir. Orta aylıq pensiyanın həcminə görə isə üçüncü yerdədir. Əlbəttə ki, bu, bizi qane edə bilməz. Ancaq mən müqayisə üçün bunu bildirməliyəm. Hər şey müqayisədə ölçülür. Gələcəkdə də minimum əməkhaqqının, minimum pensiyanın artırılması üçün bizdə iradə var və imkanlar buna uyğun olmalıdır. Buna nail olmaq üçün bütün maliyyə və iqtisadi sahədə tam şəffaflıq təmin edilməlidir. Hazırda kifayət qədər çox ehtiyatlarımız var və hökumət qarşısında vəzifə qoyulub ki, biz bütün bu ehtiyatları aşkarlayaq və həm büdcə gəlirlərimizi artıraq, həm də büdcə xərclərimiz məqsədyönlü və şəffaf olmalıdır.
Bir neçə gün bundan əvvəl mənim Sərəncamımla Əli Əsədov Baş Nazir vəzifəsinə təyin edilib. Əli Əsədov uzun illər mənim köməkçim kimi fəaliyyət göstərib. Əminəm ki, Baş Nazir kimi o, mənim tərəfimdən qarşıya qoyulan vəzifələri icra edəcək. Əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir.
Keçən il prezident seçkilərindən sonra mənim andiçmə mərasimindəki çıxışımda demək olar ki, bütün əsas istiqamətlər üzrə hədəflər müəyyənləşdirilibdir. O çıxış proqram xarakterli çıxış idi. O çıxışdan sonra biz əməli addımlara başladıq, islahatları dərinləşdirdik. Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir. Gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Bu, bir daha onu göstərir ki, bizim nə qədər böyük ehtiyatlarımız var. Bu gün də hələ bir çox şirkətlər vergiləri tam ödəmirlər. Onların qara mühasibatlığı var. Bəzi şirkətlərdə işləyənlər orada qeydiyyata alınmır. Düzdür, son müddət ərzində on minlərlə iş yeri rəsmiləşdirildi və beləliklə, qara bölgədən ağ bölgəyə transfer olundu. Amma bu, kütləvi xarakter daşımalıdır. Bir çox özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayır.
Vergi orqanları, digər hüquq-mühafizə orqanları bu tipli dırnaqarası sahibkarlara qarşı çox ciddi tədbirlər görməlidirlər. Həmin sahibkarlar da bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz. Mən bütün qurumlar qarşısında bu vəzifəni qoydum, maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır. Ancaq sahibkarlar dövlət vergisini tam şəkildə ödəməlidirlər. Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona görə də vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir.
Bir çox hallarda eşidirik ki, bizdə standartlar, meyarlar Avropa standartlarına uyğun olmalıdır. Avropa ölkələrində vergisini ödəməyənə hansı cəza verilirsə, biz də onlardan nümunə götürməliyik. Ona görə vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır. Mən bütün aidiyyəti qurumlara bir daha bu tapşırığı verirəm.
Bizim sosial siyasətimiz birmənalıdır. Dəfələrlə
demişəm ki, siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşı dayanır. Hesab edirəm ki, Azərbaycan
sosial müdafiə sahəsində dünya miqyasında
nümunəvi ölkədir. Həm minimum əməkhaqqı,
pensiyalar artırılır, həm də özünüməşğulluq
proqramı geniş vüsət alır. Bu il on mindən
çox insan bu proqramla əhatə olunacaq. Ünvanlı
sosial yardım alanların sayı artır. Mən Əmək və Əhalinin Sosial Müdafiəsi
nazirinin qarşısında vəzifə qoydum ki, biz bu
kateqoriyadan olan insanlara daha geniş həcmdə yardım
göstərək. İndi hər bir ailə
orta hesabla 200 manatdan çox yardım alır. O, ailələrin
sayı artmalıdır, qarşıya belə vəzifə
qoyulub.
Əlbəttə ki, əsas vəzifəmiz iqtisadi
inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir. Bütövlükdə
Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir.
Beynəlxalq aparıcı maliyyə qurumları
bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirirlər.
Mənim Dünya Bankı, Avropa Yenidənqurma və
İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa
İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər
aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri
ilə çoxsaylı görüşlərim deməyə əsas
verir ki, Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilir.
"Doing Business” hesabatında biz biznes mühitinə
görə dünya miqyasında 25-ci yerdəyik. Son hesabatda Azərbaycan
yenə də 20 ən islahatçı ölkə
sırasında yer alıb. Bu yaxınlarda
Davos Ümumdünya İqtisadi Forumu yeni hesabat dərc edib.
Bu hesabat bir daha onu göstərir ki, Azərbaycanda
aparılan islahatlar ardıcıl xarakter daşıyır.
Hesabatdan bəzi məqamları mən Azərbaycan
ictimaiyyətinin diqqətinə çatdırmaq istərdim.
Bildiyiniz kimi, burada rəqabətqabiliyyətliliklə
bağlı bir çox meyarlar mövcuddur, həm ictimai-siyasi
vəziyyət, həm də cinayətkarlığa
qarşı mübarizə, iqtisadi islahatlar, sosial islahatlar,
infrastruktur və sair.
Beləliklə, mütəşəkkil cinayətkarlığa
qarşı mübarizəyə görə Azərbaycan
dünyada 18-ci yerdədir. Deyə bilərəm
ki, bu hesabat dünyanın 141 ölkəsi arasında
keçirilən tədqiqatın nəticələri əsasında
hazırlanıb dərc edilmişdir. Polis
orqanlarına əhali tərəfindən inamın səviyyəsinə
görə Azərbaycan 30-cu yerdədir. Mülkiyyət
hüquqlarının qorunması sahəsində bizim yerimiz
37-cidir. Hökumətin, yəni, dövlətin
və rəhbərliyin uzunmüddətli strategiyasına
görə Azərbaycan, fikir verin, dünya miqyasında 10-cu
yerdədir. Yəni, bu, onu göstərir
ki, düşünülmüş uzunmüddətli siyasət
Azərbaycanda ən yüksək səviyyədə həyata
keçirilir. Rəhbərliyin dəyişikliklərə,
yəni, islahatlara meyillilik səviyyəsinə görə biz
dünyada 5-ci yerdəyik. Nəqliyyat
infrastrukturuna görə 31-ci yerdəyik. Yol
infrastrukturuna görə 27-ci yerdəyik. Biz
keçən hesabatda 34-cü yerdə idik, indiki hesabatda 27-ci
yerdəyik və MDB məkanında birinci yerdəyik. Dəmir yollarının səviyyəsinə görə
34-cü yerdəyik. Nəqliyyat xidmətlərinin
səmərəliliyinə görə 12-ci yerdəyik. Elektrik enerjisinin əlçatanlıq əmsalına
görə biz dünyada ikinci yerdəyik.
Son illərdə bu qədər elektrik
stansiyalarının, yarımstansiyaların,
ötürücü xətlərin tikilməsi, bax, bizi
dünya miqyasında ikinci yerə gətirib
çıxardı. Fəal əhalinin rəqəmsal qabiliyyətinə
görə 19-cu yerdəyik. Bu,
xalqımızın istedadını və mütərəqqi
meyillərə yaxın olduğunu göstərir. Biznesi başlamaq baxımından biz 8-ci yerdəyik və
bu rəqəmlər əlbəttə ki, həqiqəti əks
etdirir. Çünki Davos Ümumdünya
İqtisadi Forumu dünyanın aparıcı beynəlxalq
maliyyə qurumlarından biridir və çox mötəbər
forumdur. Bildiyiniz kimi, Azərbaycan Prezidenti
müntəzəm olaraq forumun iclaslarında iştirak edir.
Bütün bunlar əlbəttə ki,
gördüyümüz işlərə verilən yüksək
qiymətdir. Ən böyük qiymət Azərbaycan xalqı tərəfindən
verilən qiymətdir. Bu yaxınlarda
aparılan sorğuya əsasən demək olar ki, əhalinin
mütləq əksəriyyəti Azərbaycan rəhbərliyini,
bizim apardığımız siyasəti birmənalı şəkildə
dəstəkləyir. Əlbəttə ki,
bu dəstək bizə güc verir, iradəmizi artırır
və biz islahatlara daha da böyük həvəslə, daha da
böyük imkanlarla meyil göstəririk, bu islahatları
aparırıq. Ancaq buna baxmayaraq, əlbəttə,
bir daha demək istəyirəm ki, istifadə olunmayan kifayət
qədər ehtiyatlar var və biz bu ehtiyatları aşkar etməliyik.
Elə etməliyik ki, Azərbaycanda hər bir sahə şəffaf
olsun və ən yüksək standartlara cavab versin. Əlbəttə ki, bu məqsədə nail olmaq
üçün korrupsiyaya, rüşvətxorluğa
qarşı amansız mübarizə aparılmalıdır.
Hesab edirəm ki, hazırda bu mübarizə bizi
tam qane edə bilməz. Çünki biz
bilirik ki, korrupsiya halları geniş vüsət alıb, təkcə
Azərbaycanda yox, bütün MDB məkanında. Yəni, bu, bizim keçmişdən qalan acı
mirasımızdır. Ancaq biz xoşagəlməz
hallara qarşı mübarizə aparmalıyıq və təkcə
hüquq-mühafizə orqanları yox, bütün aidiyyəti
qurumlar, o cümlədən vətəndaşlar. Mən dəfələrlə demişəm ki,
ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir yerdə, hər bir bölgədə,
Bakının hər bir yerində əgər hansısa
qanunsuzluq baş verirsə, aidiyyəti orqanlar bunu
aşkarlamalı və bu qanunsuzluğa yol açan vətəndaşları,
insanları məsuliyyətə cəlb etməlidirlər.
Vətəndaşlar da öz növbəsində
məlumat verməlidirlər, ictimai nəzarət
baxımından daha da fəal olmalıdırlar ki, biz
islahatları aparaq və ölkəmizin qüdrətini
artıraq.
Hazırda gələn ilin büdcəsi hazırlanır
və bilirsiniz ki, büdcə hər bir ölkənin əsas
sənədlərindən biridir. Yeni hökumət
qarşısında bir çox vəzifələr qoyulub.
Mən Əli Əsədovu bu vəzifəyə
təyin edərkən ona bir çox vəzifələr
tapşırdım. Onun
qarşısına vəzifə qoydum ki, islahatlar aparılmalıdır,
o cümlədən kadr islahatları. Müasir
dünyagörüşlü, müasir iqtisadiyyatı bilən,
savadlı gənc kadrlar işə cəlb edilməlidir.
Biz XXI əsrdə yaşayırıq, köhnə
təfəkkürlə, köhnə biliklərlə gələcəyə
necə gedə bilərik? Nə qədər
biz təbii resurslara arxalanaraq, necə deyərlər, belə ətalət
yolu ilə gedə bilərik? Düzdür,
islahatlar aparılır, dediyim rəqəmlər bunun əyani
sübutudur. Hər bir ölkə bu nəticələrlə
öyünə bilər. Ancaq biz bilirik ki,
ehtiyatlarımız çoxdur. Onu da bilirik
ki, əgər hər hansı dövlət və ya özəl
quruma təmiz, bilikli və Vətənə bağlı kadr gətirilirsə,
biz orada dərhal dəyişiklikləri görürük.
Hesab olunurdu ki, bizdə elə sahələr var
ki, orada islahatlar aparıla bilməz. Onlardan
biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər,
o biabırçı vəziyyət əbədi
qalmalıdır və burada heç bir irəliləyişə
nail ola bilmərik. Amma hər
kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə
düzəldə bildik. Büdcəyə
100 milyonlarla manat vəsait daxil olub, digər sahələrdə
də həmçinin.
Sosial müdafiə sahəsində nə qədər
pozuntular olub.
Yeni nazir Sahil Babayev bunları üzə
çıxardı və çox ciddi islahatlar aparır.
Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan
bəziləri də islahatlara qarşı
çıxış edirlər. Bu
islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl
törətmək istəyirlər. İslahatlara
meyilli olan, yeni təfəkkürə malik kadrları
qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə
çevrilib. Bu, dözülməzdir.
Mən indi dərinə getmək istəmirəm.
Amma bildirməliyəm: bu,
dözülməzdir, bir hökumətin bəzi üzvləri
digər üzvləri tərəfindən şantaj edilir. Onlar ləkələnir. Prezidentin
tapşırığı ilə onların
apardığı islahatların üzərinə kölgə
salınır. Dözülməz vəziyyətdir.
Əgər kimsə hesab edir ki, biz bununla
barışmalıyıq, səhv edir. Çünki
islahatlara alternativ yoxdur. Kim bu yolun
yolçusudursa, əlbəttə, işləyəcək.
Amma kim buna qarşı çıxır və
altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə
ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik. Ona görə bir də demək istəyirəm ki, əhali
də bilsin və hər kəs mənim sözümü
eşitsin. Çox güclü siyasi iradə
ortaya qoyulub. Biz Azərbaycanı müasir,
sürətlə inkişaf edən, şəffaflığı
öz siyasətində bayraq edən ölkə kimi görmək
istəyirik və buna nail olacağıq. Heç kim bu işdə bizə mane ola bilməz.
Gələn ilin büdcəsi ilə əlaqədar
tapşırıqlar verildi. Hökumət üzvləri
artıq neçə vaxtdır ki, işləyirlər. Deməliyəm ki, gələn ilin büdcəsi həm
sosialyönümlü, həm də
investisiyayönümlü olmalıdır. Biz gələn
il də ciddi sosial proqramlar icra edəcəyik,
əhalinin yaşayış səviyyəsini
yaxşılaşdırmaq üçün önəmli
addımlar atılacaq, infrastruktur layihələrinin icrası
ilə əlaqədar kifayət qədər vəsaitimiz
olmalıdır. Ancaq gələn ilin xərclərinə
biz çox böyük diqqətlə baxmalıyıq və
burada şəffaflığı tam təmin etmək
üçün hökumət gərək təkliflər
versin. Tezliklə, ilin sonuna qədər bu
təkliflərə baxılacaq. Beləliklə, əminəm
ki, biz eyni həcmdə olan işi az vəsaitlə
icra edə bilərik. Buna nail olmaq
üçün, ilk növbədə, şəffaflıq,
dövlət nəzarəti və ictimai nəzarət
olmalıdır. Bütün dövlət
qurumlarına deyirəm, yoxsa onlar pis öyrəşiblər.
Hər ilin sonunda büdcə müzakirə
olunarkən, sifarişlər göndərirlər. Özü də orada şişirdilmiş rəqəmlər
öz əksini tapır, havadan götürülmüş rəqəmlər.
Onlardan soruşanda ki, misal üçün bənd tikmək,
yol çəkmək, kabel çəkmək bu qədər vəsait
barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma
aparılır, görünür ki, şişirdiblər.
Nəyə görə şişirdiblər?
Aydın məsələdir nəyə görə.
Buna da son qoyulmalıdır. Ona
görə Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, - bunu təkcə
onların boynuna atmaq olmaz, - hökumət də nəzarətçi
kimi şişirdilmiş bütün o rəqəmləri təhlil
etsinlər və real rəqəmləri müəyyənləşdirsinlər.
O rəqəmləri verənlər gərək məsuliyyət
daşısınlar. Əgər bu dəfə
bizim dövlət qurumlarımız, şirkətlərimiz yenə
də şişirdilmiş rəqəmlər versələr,
artıq özlərini ifşa etmiş olacaqlar. Hökumət əlbəttə ki, onların
bütün təkliflərinə baxacaq. Amma
onlar əgər şişirdilmiş rəqəmləri versələr,
öz cəzalarını alacaqlar. Ona
görə zəhmət çəkib normal işləsinlər
və pis vərdişlərdən əl çəksinlər.
Beləliklə, biz büdcəyə
böyük qənaət edərik, maaşların,
pensiyaların artırılmasına imkan yaradarıq və
şəffaflığı təmin edə bilərik.
Ona görə qarşıdakı həftələr ərzində
gələn ilin büdcəsinin parametrləri ilə əlaqədar
çox fəal iş aparılmalıdır. Bugünkü
müşavirə, o cümlədən bu məsələyə
həsr olunub. Ona görə istərdim ki,
indi burada gələn ilin büdcəsi ilə əlaqədar
fikirlər və təkliflər səslənsin.
X X X
Müzakirələrdə
Birinci vitse-prezident Mehriban Əliyeva, Baş Nazir Əli Əsədov,
Azərbaycan Prezidentinin iqtisadi siyasət və sənaye məsələləri
üzrə köməkçisi Natiq Əmirov, Maliyyə
naziri Samir Şərifov, İqtisadiyyat naziri Şahin Mustafayev,
Vergilər naziri Mikayıl Cabbarov, Əmək və
Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Mərkəzi
Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov,
Dövlət Neft Fondunun icraçı direktoru Şahmar
Mövsümov çıxış etdilər.
Maliyyə
naziri Samir ŞƏRİFOV dedi:
-Möhtərəm
cənab Prezident, hörmətli müşavirə
iştirakçıları.
2020-ci il üçün dövlət büdcəsinin
layihəsi Azərbaycan Respublikasının "Büdcə
sistemi haqqında” Qanununa uyğun olaraq hazırlanıb və
büdcə hesablamaları aparılarkən 2019-cu ildə
artıq tətbiq olunan büdcə qaydasına istinad
olunmuşdur. Büdcə layihəsinin hazırlanması
zamanı Maliyyə Sabitliyi Şurasında bir neçə dəfə
bu məsələyə baxılmış və
Şuranın yekdil fikrinə görə büdcədə bir
sıra əsas parametrlər üzrə razılıq əldə
edilmişdir. O cümlədən büdcəmiz
üçün, büdcə daxilolmaları üçün
mühüm əhəmiyyətə malik olan neftin qiyməti
ilə bağlı xeyli müzakirələr
aparılmış və neftin 55 dollar/barrel qiyməti üzərində
dayanılmışdır. Bunun əsasında
isə büdcə qaydasına uyğun olaraq xalis maliyyə
aktivlərinin dəyəri və eyni zamanda, icmal büdcənin
yuxarı həddi müəyyən edilmişdir. Həmçinin qeyd edilməlidir, Maliyyə Sabitliyi
Şurasında baxılan məsələlərdən biri də
o idi ki, orta və uzunmüddətli dövr üçün
büdcə qaydasında bəzi məqamlar mövcuddur ki,
onlar bizim xərclərimizin ahəngdar həyata keçirilməsi
üçün müəyyən
çağırışlar yaradır. Şübhəsiz
ki, biz bunları nəzərdə keçirməliyik. O
cümlədən vacib məsələlərdən biri də
inflyasiya səviyyəsinin tam nəzərə
alınmasıdır və onun dövlət büdcə
hesablamalarında əks etdirilməsidir.
Möhtərəm cənab Prezident, bildiyiniz kimi, büdcə
qaydasına uyğun olaraq, növbəti ilin icmal büdcə
xərcləri əvvəlki ilin xalis maliyyə aktivləri əsasında
formalaşır. Eyni zamanda, burada digər vacib göstəricilərdən
biri də ondan ibarətdir ki, növbəti ilin icmal büdcəsinin
yuxarı xərcləri əvvəlki ilin icmal büdcəsinin
yuxarı xərclərinin 103 faizindən yuxarı
olmamalıdır. Hazırda təklif olunur
ki, həmin göstəriciyə biz inflyasiya prizması
baxımından yanaşaq və beləliklə, inflyasiya
meyilləri nəzərə alınmalıdır, yəni,
real artımdan söhbət gedə bilər.
Prezident
İlham Əliyev: Bəli,
düzdür.
Maliyyə
naziri Samir Şərifov: Bununla əlaqədar
İqtisadiyyat Nazirliyi tərəfindən növbəti il
üçün və sonrakı üç il
üçün hazırlanmış sosial-iqtisadi proqnoz,
makro-iqtisadi proqnoz nəzərə alınmış, həmin
proqnoza görə növbəti ildə 4,6
faiz inflyasiya səviyyəsi nəzərdə tutulub. Bu proqnoz nəzərə alınmaqla biz icmal büdcənin
yuxarı həddinə yenidən baxmışıq və
artıq müəyyən hədəf nəzərdə
tutulur.
Prezident
İlham Əliyev: Əvvəlki
illərdə verilmiş proqnoz ondan sonra özünü nə
dərəcədə doğruldur? Yəni, bunun
təhlilini aparan bir qurum varmı? Yəni,
sizin verdiyiniz proqnozlar özünü doğruldur, yoxsa yox?
İqtisadiyyat
naziri Şahin Mustafayev: Bəli,
cənab Prezident, əsasən doğruldur.
Prezident
İlham Əliyev: Əsasən neçə faiz
özünü doğruldur? Siz gərək bunu
dəqiq biləsiniz və kimsə bunun uçotunu
aparmalıdır. Çünki hər il
sizin verdiyiniz proqnozlar əsasında biz öz
planlarımızı qururuq. Amma sonra həmin
ilin yekunları müzakirə olunarkən verdiyiniz proqnoz kənarda
qalır. Ona görə biz bilməliyik
proqnoz nə qədər dəqiqliklə verilir ki, biz də
ona uyğun olaraq öz planlarımızı quraq.
Nazir
Şahin Mustafayev: Beynəlxalq
praktikaya uyğun olaraq fərqlənir, yəni, proqnozların
tam dəqiqliyi təbii ki, təmin olunmur, müxtəlif təsirlər
sonradan nəzərə alınır və hər üç
aydan bir proqnozlar dəqiqləşdirilməlidir. Misal
üçün, bu dəfə deyə bilərəm ki, Maliyyə
Nazirliyi yeni büdcə tərtib edərkən biz proqnoza yenidən
düzəliş etmişik və bu gün artıq gələn
il üçün proqnoz 3 faizdir.
Prezident
İlham Əliyev: Artım?
Nazir
Şahin Mustafayev: Bəli, 3 faiz
görürük. Qeyri-neft sektoru üzrə 3,8
faiz proqnozlaşdırmışıq və bu, artıq Maliyyə
Nazirliyinin investisiya ilə əlaqədar etdiyi düzəlişlərlə
birbaşa bağlıdır. Yəni, proqnoza
müxtəlif amillər təsir edir.
Prezident
İlham Əliyev: Əlbəttə, investisiya proqramı da
burada önəmli rol oynayır.
Nazir
Şahin Mustafayev: Bəli, bu, birbaşa təsir edən amillərdən
biridir və digər amillər də var. Biz üç aydan
bir düzəliş veririk.
Prezident
İlham Əliyev: Amma biz
çalışmalıyıq ki, iqtisadi artımımız
dövlət xətti ilə aparılan xərclərə
bağlı olmasın. Çünki bizim əsas iqtisadi
artımımızın mənbəyi dövlət investisiya
xərcləridir və açığını desək,
qeyri-neft sektoruna xarici sərmayə az
qoyulur. İndi rəqəmlər də bunu göstərir ki,
bu il də qoyulan investisiyaların
yarısı xarici investisiyalardır. Amma
onların qoyulduğu sahə qeyri-neft sektoru deyil, neft-qaz əməliyyatlarıdır.
Ona görə bizim əsas vəzifəmiz
iqtisadi artımımızı birbaşa qeyri-neft sektorunun
inkişafı ilə bağlamaqdır. İndi biz 1,4 milyard manat güzəştli şərtlərlə
kreditlər vermişik. Kimsə hesablayıb ki,
bu kreditlər ümumi daxili məhsula, qeyri-neft sektoruna aid olan
hissəyə nə qədər təsir göstərir?
Nazir
Şahin Mustafayev: Təbii ki, cənab
Prezident, bütün hesablamalar aparılır.
Prezident
İlham Əliyev: Onda nə
üçün bizdə qeyri-neft sektorunda ümumi artım o
qədər də böyük deyil? Güzəştlər
veririk, subsidiyalar veririk, texnika alırıq, infrastruktur layihələri
həyata keçiririk, dövlət investisiya xərcləri
kifayət qədər yüksək səviyyədədir.
Bütün bu amillər özlüyündə
iqtisadi artımı daha da böyük rəqəmlərə
gətirib çıxarmalıdır. Amma
biz bunu görmürük.
Nazir
Şahin Mustafayev: Cənab
Prezident, doğru olaraq qeyd edirsiniz ki, son 3 il
ərzində qeyri-neft sektorunda artım ürəkaçan
deyil. Bunun əsas səbəbləri kimi mən
maliyyələşmə ilə bağlı problemləri qeyd
edərdim. Çünki Sahibkarlığın
İnkişafı Fondu vasitəsilə bu ilin 9 ayında 130
milyon manat verilib, ilin sonuna qədər 170 milyon manat nəzərdə
tutulub və icra olunacaq. Amma 130, ya 170 milyon manat
sahibkarlığın maliyyələşdirilməsi
üçün kifayət qədər vəsait deyil,
çünki bank sektoru tərəfindən kifayət qədər
maliyyələşmə həyata keçirilmir.
Prezident
İlham Əliyev: Düz
deyirsiniz, bank sektoru bizdə iqtisadiyyatın artımına,
iqtisadiyyatın real sektorunun artımına o qədər də
kömək göstərmir və son illərdə yenə də
istehlak kreditlərinin həcmi artır. Mən əvvəlki
illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak
kreditləri üstünlük təşkil edir və bank
sektorunun böhranının səbəblərindən biri də
məhz o idi. İndi də mənə məlumat
verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın
real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak
mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir
neçə ildən sonra xoşagəlməz problemlərlə
üzləşə bilərik. Ona görə
bütün bu məsələləri gərək ümumiləşdirib,
təhlil edib və bir qərara gələsiniz ki,
bütün alətlər - bank sektoru, Sahibkarlığın
İnkişafı Fondu, dövlət investisiya xərcləri
bir məqsədi güdməlidir – məşğulluğun
artırılması və qeyri-neft sektorunun artımı.
Nazir Samir
Şərifov: Cənab Prezident, bu inflyasiyanın bizim büdcə
qaydasında nəzərə alınması üçün
Azərbaycan Respublikasının "Büdcə sistemi
haqqında” Qanununda müvafiq dəyişiklik edilməsi nəzərdə
tutulub. Yəni, dəyişiklik ondan ibarətdir
ki, inflyasiya nəzərə alınmalıdır.
Prezident
İlham Əliyev: Bunu gərək
əvvəlcədən edərdiniz.
Nazir Samir
Şərifov: Birinci ildir cənab Prezident. Ola
bilsin, lazım idi ki, biz bunların hamısını
sınayaq. Biz prinsipcə onun üzərində
çalışırıq.
Prezident İlham
Əliyev: Belə olan halda artım daha da böyük olacaq. Neçə faiz?
Nazir Samir
Şərifov: Belə olan halda, cənab Prezident, bizdə 28,1 milyard manat məbləğində icmal
büdcənin yuxarı xərcləri
formalaşmışdır. Dövlət büdcəsinin xərcləri
müvafiq olaraq 25,6 milyard manatdır.
Prezident
İlham Əliyev: Yəni, bu ilin büdcəsindən
neçə faiz artıb?
Nazir Samir
Şərifov: İndi biz
artırandan sonra artıq icmal büdcənin xərcləri 29,5 milyarda çatır. Bizdə 1,3 milyard əlavə xərclər yaranır. Həmin xərclər də nəzərdə tutulur
ki, əsasən dövlət əsaslı vəsait
qoyuluşuna yönəldilsin.
Maliyyə naziri Samir Şərifov bildirdi ki, cari ildə
dövlət başçısının təşəbbüsü
və tapşırıqlarına əsasən bir çox sahələri
əhatə edən sosial islahatlar həyata keçirilib və
bu tədbirlər dövlət büdcəsi hesabına maliyyələşdirilib. Nəticədə büdcədə
müəyyən struktur dəyişikləri baş verib və
büdcənin cari xərcləri, yəni,
sosialyönümlü xərcləri 3,7
milyard manat artıb, investisiya dövlət əsaslı vəsait
qoyuluşu xərcləri isə azalıb. İnvestisiya
xərclərinin ümumi daxili məhsulun iqtisadi
artımına müsbət təsiri, eyni zamanda, ölkədə
iqtisadi fəallığın təmin edilməsində əhəmiyyəti
nəzərə alınaraq onu əvvəlki səviyyələrə
çatdırmaq üçün tədbirlər
görülür.
Maliyyə
naziri onu da vurğuladı ki, görülən tədbirlər
nəticəsində əlavə 1,3 milyard
manat vəsait yaradılıb, bu isə 7,7 faiz artım deməkdir.
Neft gəlirlərinin hesabına maliyyələşən
xərclərin ildən-ilə azaldılmasını təklif
edən Samir Şərifov əlavə gəlirlər və əvvəlki
illərdə toplanmamış vəsaitlər hesabına artan
dövlət büdcəsinin maliyyələşdirilməsinin
təmin olunacağını vurğuladı. Prezidentin sosial sahə ilə bağlı
tapşırıqlarının dövlət büdcəsi
layihəsində öz əksini tapdığını deyən
Maliyyə naziri ölkədə iqtisadi sabitliyin təmin edilməsi
üçün Mərkəzi Bankla çox sıx tədbirlərin
əlaqələndirilməsinin əhəmiyyətini
vurğuladı.
Əmək və Əhalinin Sosial Müdafiəsi
naziriSahil BabayevPrezident İlham Əliyevin
tapşırığına uyğun olaraq Dövlət Sosial
Müdafiə Fondunun büdcəsinin gəlirlərinin
optimallaşdırılması istiqamətində görülən
işlərdən danışdı. Nazir Fondun büdcəsinin 4 milyard
825 milyon manat məbləğində
proqnozlaşdırıldığını, bunun cari ilə
nisbətən 16,9 faiz çox olduğunu dedi, 697 milyon manat əlavə
vəsaitin məhz əhalinin ödənişlərinə
yönəldiləcəyini vurğuladı. Ümumi sosial
sığorta yığımlarında 22,5
faiz artımın olduğunu bildirən nazir Fondun gəlirlərində
qeyri-büdcə təşkilatlarının payının
artdığını vurğuladı.
Transfertin
məbləğinin cari illə müqayisədə 81 milyon
manat artacağını qeyd edən Sahil BABAYEV dedi:
-Transfertin
məbləği 2017-ci ildə Dövlət Sosial Müdafiə
Fondunun gəlirlərinin 39 faizini təşkil edirdisə,
artıq 2018-ci ildə bu, 35,6 faizə düşüb, 2019-cu
ildə 32,8 faizə, 2020-ci ildə isə 29,6 faizə
düşəcək ki, bu da iki il ərzində 8 faizlik azalma
deməkdir. Bu da Dövlət Sosial Müdafiə
Fondunun dayanıqlılığı, onun maliyyə müstəqilliyinin
təmin edilməsi baxımından çox önəmli
amildir. Əhaliyə ödənişlər
4 milyard 684 milyon manat məbləğində olacaqdır.
Yəni, ümumi gəlirlərin 97,1 faizi
məbləğində və bunlardan da əmək
pensiyalarının ödənişi 4 milyard 570 milyon manat məbləğində
olacaqdır. Ümumi artımın 16,6 faiz
olacağı gözlənilir. 651 milyon 700 min
manat məbləğində artım gözlənilir. Bu
651 milyon 700 min manatın 475 milyon manatı məhz Sizin təşəbbüsünüzlə
həyata keçirilən əməkhaqqı artımları
nəticəsində ölkədə orta əməkhaqqının
artmasının nəticəsi olacaqdır. Beləliklə,
indeksasiya nəticəsində gələn ildən etibarən
ölkədə əmək pensiyaları bir daha
artırılacaqdır və bu artımın nəticəsi
olaraq əlavə 475 milyon manat vəsaitin vətəndaşlarımıza
ödənilməsi planlaşdırılır. Eyni zamanda, 114 milyon manat məcburi sosial
sığorta haqları hesabına verilən müavinətlər
qismində vətəndaşlarımıza ödəniləcəkdir.
Nazir
bildirdi ki, dövlət büdcəsinin öhdəlikləri
bu il də balanslaşdırılmış
büdcə modeli üzərində qurulduğundan transfertin həcmi
ciddi şəkildə azalıb. Ötən il əhaliyə
ödənişlər 1,1 milyard manat
artdığı təqdirdə, transfertə cəmi 89 milyon
manat ayrılıb. Bu da onu göstərir ki, 1
milyard manatdan artıq vəsait məhz Dövlət Sosial
Müdafiə Fondunun gəlirlərinin artması hesabına
qarşılanıb və büdcə üçün əlavə
bir yük yaratmayıb. Nazir qeyd etdi ki, hazırlanan
proqnozlar əsasında gələn il
ölkədə əmək pensiyalarının orta aylıq məbləğinin
16 faiz artımına və orta aylıq pensiya məbləğinin
293 manata çatdırılması
planlaşdırılır. Aparılan optimallaşma, eyni
zamanda, əsassız əldə edilən pensiyaların ləğvi
nəticəsində artıq cari ilin 9 ayı ərzində 99
milyon manata qənaət edilib ki, növbəti dövrlər ərzində
də bu məbləğ daha da artacaq və əmək
pensiyalarının davamlı şəkildə artımı təmin
ediləcək.
Sahil Babayev minimum əmək pensiyasının 200 manata
çatdırıldığını, bununla da ölkəmizin
MDB məkanında alıcılıq qabiliyyəti indeksi
üzrə birinci yerdə olduğunu bildirdi. Qeyd etdi ki,
orta aylıq pensiya alıcılıq qabiliyyətində də
ölkəmiz MDB məkanında ilk ikilikdə qərarlaşa
bilər.
Dövlət
Sosial Müdafiə Fondunun xərclərinin strukturunun
optimallaşdırılması üzrə görülən
işlərdən danışan nazir dedi ki, İşsizlikdən
Sığorta Fondunun gəlirləri çərçivəsində
növbəti ildə 128,2 milyon manatlıq
büdcə formalaşdırılıb. Burada
artım 30 faizdən çoxdur. Bu məbləğin
111 milyon 900 min manatı məhz işsizlikdən
sığorta haqlarının yığımlarına yönəldiləcək.
Qeyri-büdcə təşkilatlarının
sayı artıq 68 faizə çatıb ki, büdcə təşkilatlarından
toplanan payın ümumi gəlirlərdəki payı daha da
aşağı düşüb. Eyni
zamanda, cari ildən gözlənilən 16 milyon manatlıq
qalıq vəsait növbəti ildə xüsusilə
özünüməşğulluq proqramının maliyyələşdirilməsinə
yönəldiləcək.
Çıxışını
davam etdirən Sahil Babayev dedi: Xərclərimiz
128 milyon 200 min manat məbləğində nəzərdə
tutulur və bunun ana xəttini Sizin
tapşırığınıza müvafiq olaraq
İşsizlikdən Sığorta Fondu hesabına maliyyələşdirilən
özünüməşğulluq layihəsi təşkil
edir, 63 milyon manat vəsait məhz özünüməşğulluq
layihəsinə yönəldiləcəkdir. Gələn il ərzində sırf İşsizlikdən
Sığorta Fondu hesabına 11 min ailənin özünüməşğulluq
layihələrində iştirakının maliyyələşdirilməsi
planlaşdırılır.
Prezident
İlham Əliyev: Dünya
Bankı da bu layihəyə qoşulur. Onların
da vəsaitini nəzərə alsaq bu rəqəm daha da
artacaqdır.
Nazir Sahil
Babayev: Bəli, cənab
Prezident, Sizin tapşırığınızla Dünya
Bankı ilə danışıqlar yekun mərhələdədir.
Bu ilin sonunadək hökumətə kredit
sazişi layihəsi təqdim olunacaq. Növbəti
ildə Dünya Bankının şurasında onun təsdiqi nəzərdə
tutulur. Dünya Bankının
prosedurlarını nəzərə alsaq, real aktivlərin
alınması mərhələsinə biz ilin sonunda
çatacağıq. Ona görə də növbəti
il Dünya Bankının payını
1000-2000 ailə olaraq qiymətləndiririk. Amma
ondan sonrakı illər ərzində sabit olaraq 5 min ailə
Dünya Bankı tərəfindən maliyyələşdiriləcək.
Eyni zamanda, bu xərclərin strukturunda məşğulluq
layihələri üzrə müxtəlif aktiv məşğulluq
tədbirlərinin təşkili nəzərdə
tutulmuşdur. Cari ildə planımız yüz min nəfərin
işə düzəldilməsi idisə, gələn il üçün bu rəqəm 130 minə
çatdırılacaq. Haqqı ödənilən
ictimai işlər proqramının davam etdirilməsi nəzərdə
tutulmuşdur. Eyni zamanda, iri dövlət
şirkətlərində yaradılan müvəqqəti
ictimai işlər proqramı da davam etdiriləcək. Dünya Bankı ilə yanaşı, BMT
İnkişaf Proqramı ilə də özünüməşğulluq
proqramı çərçivəsində işlərin davam
etdirilməsi nəzərdə tutulur və əlavə 500 nəfər
BMT İnkişaf Proqramının xətti ilə maliyyələşdiriləcək.
Prezident
İlham Əliyev: BMT İnkişaf Proqramının maliyyə
təminatını biz öz üzərimizə
götürmüşük, elədirmi?
Nazir Sahil
Babayev: Bəli, cənab Prezident.
Prezident
İlham Əliyev: Sadəcə, onlar məsləhətçi
qismində çıxış edirlər.
Nazir Sahil
Babayev: Bəli, layihənin icrasına nəzarəti təmin
edirlər. Bizim üçün də çox
gözəl təcrübədir ki, ən müsbət beynəlxalq
təcrübəni gətirərək bu layihəni müxtəlif
rayonlarda icra edirlər. Biz də onların
müsbət təcrübəsini digər rayonlarda
özümüz tətbiq edirik.
Peşə hazırlığı üzrə gələn
ilin proqnozu 5 min nəfəri əhatə edəcək. Bizim mövcud
peşə mərkəzlərimizdən əlavə iki
peşə mərkəzinin tikintisi də buraya daxildir. Orta məktəblərin son siniflərinin şagirdləri
üçün peşəyönümü məsləhətləri
proqramlarının genişləndirilməsi və 150 min
şagirdi əhatə etməsi nəzərdə
tutulmuşdur.
Ümumilikdə,
İşsizlikdən Sığorta Fondunun və Dövlət
Sosial Müdafiə Fondunun xərcləri çərçivəsində
DOST mərkəzləri şəbəkəsinin maliyyələşdirilməsi
də nəzərdə tutulmuşdur. Cari
ildə əlavə iki mərkəzin açılması və
növbəti ildə əlavə yeddi mərkəzin fəaliyyətə
başlaması, həmçinin onların saxlanma xərcləri
də məhz Dövlət Sosial Müdafiə Fondunun və
İşsizlikdən Sığorta Fondunun vəsaitləri
hesabına qarşılanacaq. Bu da imkan verəcək ki,
dövlət büdcəsinə əlavə yük yaratmadan
ümumilikdə idarəetmə xərclərinin
optimallaşmasına nail olaq.
Azərbaycan.- 2019.- 17 oktyabr.- S. 1; 2;
3.