Azərbaycan-Koreya
əlaqələri uğurla inkişaf edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 16-da Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanqın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:
- Mən sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. Əminəm ki, sizin səfəriniz iki ölkə arasındakı əlaqələrə yeni təkan verəcək. Bizim əlaqələrimiz uğurla inkişaf edir və şadam ki, Koreya-Azərbaycan əlaqələri yeni pilləyə qalxıb. Siyasi əlaqələrimiz yüksək səviyyədədir və sizin səfəriniz bunu bir daha təsdiqləyir. Dövlət başçıları səviyyəsində qarşılıqlı rəsmi səfərlər həyata keçirilmişdir. Əlbəttə ki, iqtisadi sahədə əməkdaşlıq daha da geniş vüsət alır. Azərbaycanda 70-ə yaxın Koreya şirkəti rəsmi qeydiyyatdan keçib. Bir neçə Koreya şirkəti Azərbaycanda müxtəlif infrastruktur və inşaat layihələrində iştirak edir. Bakı şəhərində yeni tikilmiş, arxitektura baxımından cəlbedici olan bəzi binaların memarlıq dizaynı Koreya şirkətləri tərəfindən təmin edilmişdir. Ümumiyyətlə, biz istəyirik ki, qarşılıqlı investisiya qoyuluşu daha geniş vüsət alsın. Azərbaycan sizin ölkəyə yarım milyard dollara yaxın sərmayə qoyub. Bizim Dövlət Neft Fondumuz Koreyada daşınmaz əmlaka sərmayə qoyub və əminəm ki, gələcək illərdə qarşılıqlı sərmayə qoyuluşu daha geniş vüsət alacaq.
Şadam ki, Koreyadan Azərbaycana gələn turistlərin də sayı artır. Bildiyiniz kimi, Koreya vətəndaşları üçün sadələşdirilmiş viza rejimi tətbiq olunur və onlar elektron vizanı bir neçə gün ərzində alıb Azərbaycana gələ bilərlər. Bilirəm, koreyalılar xarici ölkələrə səfər etməyə çox həvəslidirlər və ümid edirəm ki, Azərbaycan onlar üçün çox maraqlı bir yer ola bilər.
Əlbəttə, parlamentlərarası əlaqələrə xüsusi diqqət yetirilir. Şadam ki, bu gün sizin rəhbərliyinizlə yüksəksəviyyəli nümayəndə heyəti bizim qonağımızdır. Səfər zamanı həm parlamentlərarası əlaqələr müzakirə ediləcək və bununla bərabər gündəlikdə duran ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Əminəm ki, səfəriniz uğurlu olacaq, bir daha xoş gəlmisiniz.
x x x
Koreya Respublikası Milli Assambleyasının sədri
Mun Hi-sanq dedi:
-Çox sağ
olun, cənab Prezident, Sizinlə görüşdüyümə görə çox şadam və çox şərəf hissi duyuram. Mən bilirəm, xəbərdaram
ki, Siz nə
qədər məşğulsunuz
və belə bir vaxtda bizə
görüş üçün
vaxt ayırmısınız.
Bildiyimə görə, Siz
oktyabr ayında Rusiyada olmusunuz, Gürcüstanın Baş
Naziri Azərbaycana səfərə gəlib və dünən Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının
VII Zirvə Görüşü
Azərbaycanda keçirilib.
Mənə çox maraqlıdır, Sizin
bu tükənməz enerjiniz haradan gəlir? Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında
Macarıstan və başqa bir ölkə, sadəcə,
müşahidəçidir, üzv deyil. Mən düşünürəm
ki, bizim də təşkilata müşahidəçi kimi
üzv ola
bilmək imkanımız
var. Ola bilərikmi?
Prezident
İlham Əliyev: Çox yaxşı olar. Mən elə bu məsələni sizinlə
müzakirə etmək
istərdim.
Milli Assambleyanın sədri Mun Hi-sanq: Çox
istərdim həyata keçsin.
Prezident
İlham Əliyev: Ona görə, əgər belədirsə,
onda gərək səfər zamanı bu məsələ müzakirə olunsun. Gələn il
Türkiyədə keçiriləcək
növbəti Zirvə
Görüşündə Koreya əgər müşahidəçi qismində
iştirak edərsə,
biz çox məmnun olarıq. Macarıstan müşahidəçi kimi bizim tədbirlərdə
artıq ikinci dəfədir ki, iştirak edir. Bu, onu göstərir
ki, bu təşkilat
yeni üzvləri, müşahidəçi qismində
iştirak edən yeni ölkələri qəbul etməyə çox böyük maraq göstərir. Dünənki Zirvə Görüşündə
həm qarşılıqlı
siyasi dəstək göstərildi, eyni zamanda, iqtisadi sahədə bir çox önəmli layihələr müzakirə
olundu. Ona görə xahiş
edirəm, siz bu məsələni ciddi müzakirə edəsiniz və ümidvaram ki, nəticələr yaxşı
olacaq.
Milli Assambleyanın sədri Mun Hi-sanq: Mən
əminəm ki, uğurlu nəticə əldə olunacaq. Çünki Ural-Altay mədəniyyətinə
daxil olan xalqlar həmişə ailəyə çox böyük önəm verib, böyükləri hər zaman özlərindən yüksəkdə
tutublar. Buna görə də inanıram ki, biz eyni mədəniyyətə
daxilik və bu əməkdaşlığımız
uğurla nəticələnəcək.
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan.- 2019.- 17 oktyabr.- S. 1;
3.