Mun Hi-sanq: Azərbaycan
Koreya Respublikası üçün
mühüm əhəmiyyət kəsb edir
Oktyabrın 16-da Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanqın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri ölkələrimiz arasında siyasi əlaqələrlə yanaşı, iqtisadi əməkdaşlığın da inkişaf etdiyini deyib. Bildirib ki, dost Koreyanın bir çox şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Bu günədək iki ölkə arasında 62 hüquqi sənəd imzalanıb. Əlaqələrimizin bu səviyyəyə yüksəlməsində ölkə başçılarının qarşılıqlı səfərlərinin mühüm rolu olub.
Sədr diqqətə çatdırıb ki, Azərbaycan ilə Koreya arasındakı ticarət dövriyyəsi iki ölkənin iqtisadi potensialını tam əks etdirmir. Bu göstəricilərin daha da artması üçün görüləcək işlər çoxdur. İqtisadi əlaqələrimizin inkişafı üçün Azərbaycanla Koreya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya yaradılıb. Azərbaycanda 67 Koreya investisiyalı şirkət qeydiyyatdan keçib. Azərbaycan Koreyaya 427 milyon, Koreya isə Azərbaycana 185 milyon dollar həcmində investisiya yatırıb.
Oqtay Əsədov bildirib ki, ikitərəfli münasibətlərin inkişafına hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən parlamentlərarası dostluq qrupları da öz töhfələrini verir. Dostluq qruplarının qarşılıqlı səfərlərinin intensivliyinin artırılması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Sədr Koreyanı Türkdilli Ölkələrin Parlament Assambleyasında müşahidəçi qismində iştiraka dəvət edib.
Koreya Milli Assambleyasının sədri Mun Hi-sanq Azərbaycan iqtisadiyyatının sürətli inkişafını, aparılan islahatları yüksək qiymətləndirib. Bildirib ki, Koreya informasiya texnologiyaları sahəsində öz təcrübəsini Azərbaycanla bölüşə, Azərbaycanın isə təbii resursların istifadəsi təcrübəsindən bəhrələnə bilər.
Qonaq diqqətə çatdırıb ki, Azərbaycan Koreya üçün mühüm əhəmiyyət kəsb edir və ölkəsi TÜRKPA-da müşahidəçi qismində iştirak etmək niyyətindədir. Koreya Cənubi Qafqazın bu bölgəsinə - Azərbaycana xüsusi maraq göstərir və gələcəkdə də əlaqələrini dərinləşdirmək niyyətindədir.
Söhbət zamanı qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və ağır nəticələri barədə məlumat verilib. Qeyd olunub ki, artıq 25 ildən çoxdur Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Münaqişə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib.
Görüşdə Milli Məclis sədrinin birinci
müavini Ziyafət Əsgərov, sədr
müavinləri Bahar Muradova,
Valeh Ələsgərov, Milli
Məclis Aparatının rəhbəri Səfa Mirzəyev,
komitə sədri Əhliman Əmiraslanov, Azərbaycan-Koreya
parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri
Malik Həsənov, işçi
qrupun üzvləri, komitə sədri Ülvi Quliyev, deputatlardan Xanlar Fətiyev,
Ülviyyə Ağayeva, Rauf
Əliyev, səfirlər Kim Tonq Op, Rəmzi Teymurov və digər rəsmi şəxslər
iştirak edirdilər.
Azərbaycan.- 2019.- 17 oktyabr.- S. 4.