Prezidentin bir
çağırışı milyonları səfərbər
etdi
YAP gəncləri "Qarabağ Azərbaycandır!”
hərəkatının öncülləri olacaq
Müasir Azərbaycan dövlətinin qurucusu olan
Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi,
idarəçiliyi və gərgin əməyi nəticəsində
qoyulmuş möhkəm təməl sonrakı illərdə
respublikamızın kompleks, davamlı və dinamik yüksəlişi
üçün möhkəm zəmin yaratdı. Ulu Öndərin
Azərbaycanın hərtərəfli inkişaf kursu bu gün
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilir, onun ideyaları reallığa çevrilərək
ölkəmizin hazırkı inkişafında, qazanılan
böyük uğurlarda öz tarixi əksini tapır.
16 ilin inkişaf salnaməsi
İlham
Əliyevin ilk dəfə qatıldığı prezident
seçkisində qazandığı möhtəşəm qələbədən
16 il ötür. 2003-cü
ilin prezident seçkilərində xalqın yüksək
etimadını qazanaraq prezidentlik missiyasına başlayan cənab
İlham Əliyev ötən 16 ildə Ulu Öndər Heydər
Əliyevin siyasi kursunu və inkişaf strategiyasını
layiqincə davam etdirib. Ona görə 16 il
müstəqil Azərbaycanda cəmiyyət həyatının
bütün sahələrinə möhtəşəm
inkişafla və yüksəlişlə əlamətdar olub.
Azərbaycanın bu dövrdə sosial-iqtisadi
inkişafı, dünya birliyində öz yerini daha da möhkəmləndirməsi
məhz Heydər Əliyevin zəngin siyasi-ictimai irsinin, siyasi
kursunun uğurla davam etdirilməsinin, ideyalarının
yaşamasının nəticəsidir.
Bu yüksəliş Heydər Əliyevin həm də
uzaqgörən bir strateq olaraq müəyyən etdiyi
inkişaf konsepsiyasının alternativsizliyini tam
dolğunluğu ilə təsdiq edir. Prezident İlham
Əliyev bu strategiyanı inamla davam etdirərək qısa
müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən
sürətlə inkişaf edən, sabit və qüdrətli
dövlətinə çevirməyə müvəffəq
oldu. Görülən işlərin
miqyası, Azərbaycanın dinamik və hərtərəfli
tərəqqisi naminə qəbul edilən və uğurla həyata
keçirilən qlobal dövlət proqramları, onların
real nəticələri, ölkəmizin dünya birliyində
öz mövqelərini möhkəmləndirməsi bu həqiqətləri
təsdiq edir. Bu mənada Ümummilli
Liderin müəyyən etdiyi inkişaf strategiyasının
Prezident İlham Əliyevin qətiyyəti, siyasi və liderlik
keyfiyyətləri ilə həyata vəsiqə alması
bugünkü nailiyyətlərimizi təmin etməkdədir.
2003-cü ildə Prezident seçildikdən sonra cənab
İlham Əliyevin qarşıya qoyduğu məqsədlərdən
biri ölkədə aparılan islahatlar nəticəsində
Azərbaycan iqtisadiyyatında qazanılan uğurların
miqyasını daha da genişləndirmək, bütün
regionları sosial-iqtisadi baxımdan yüksək səviyyədə
inkişaf etdirmək idi. Fərəhli haldır ki, 16 il ərzində
Azərbaycanın nail olduğu ən böyük uğurlar
sırasında iqtisadiyyatın inkişafı, ölkəmizin
bütün regionlarının yüksəliş yoluna
çıxarılması, bölgələrin iqtisadi
potensialının hərəkətə gətirilməsi, nəinki
şəhər və qəsəbələrin, hətta kəndlərin
simasının dəyişməsidir. Mübaliğəsiz demək
olar ki,16 ildə bütün Azərbaycan
yenidən qurulub, siması dəyişib. İqtisadi inkişaf
nəticəsində ölkədə on minlərlə yeni
istehsal sahələri açılıb, iqtisadiyyatımız
təxminən 3,3 dəfə, sənaye
potensialı 2,6 dəfə çoxalıb, 2 milyona yaxın
yeni iş yeri açılıb.
Təbii
ki, iqtisadiyyatda əldə edilən uğurlarda Heydər
Əliyevin müəllifi olduğu enerji siyasətinin
böyük rolu var. Bu 16 ildə Prezident İlham Əliyev Ulu
Öndər Heydər Əliyevin yeni neft strategiyasının məntiqi
sonluğa yetişməsini uğurla təmin edib. Neft-qaz kəmərlərinin çəkilməsi və
işə salınması, hasilatının çoxalması
ölkənin milli gəlirlərinin əhəmiyyətli dərəcədə
artmasına və davamlı inkişafına əlverişli zəmin
yaratdı. Beləliklə, yeni neft strategiyasının
gerçəkləşməsi ölkə
iqtisadiyyatının inkişafının mahiyyətcə yeni
mərhələyə qədəm qoymasına, müasirləşməsinə
güclü təkan verdi. Neft
və qaz hasilatı sahəsində tarixdə görünməmiş
yüksəliş qeydə alınmaqla yanaşı, əldə
olunan gəlirlərin səmərəli istifadəsi Azərbaycanın
sürətlə inkişaf etməkdə olan modern bir ölkəyə
çevrilməsini təmin etdi.
İnkişafı şərtləndirən vacib amillərdən
biri bütün sahələr üzrə müasir
infrastrukturun olmasıdır. 16 ildə 15 min kilometr
avtomobil yolunun çəkilməsi, altısı beynəlxalq
status daşımaqla 7 aeroportun inşa olunması bir çox
dövlətlərin qibtə edəcəyi uğurlardır.
Ən mühüm nailiyyətlərdən biri də
ölkədə elektrik enerjisinə, içməli suya və
təbii qaza olan tələbatın tam ödənilməsidir.
16 il ərzində 30 elektrik stansiyası
tikilib. Bunun nəticəsi olaraq Azərbaycan
elektrik enerjisinin ixracatçısına çevrilib. Oğuz-Qəbələ-Bakı kimi nəhəng və
tarixi su kəmərinin çəkilməsi Bakı şəhərinin
içməli suya olan tələbatının daha keyfiyyətli
ödənilməsinə yol açdı.
Bütövlükdə, ölkədə içməli su ilə
təminatın 26 faizdən 67 faizə,
qazlaşdırmanın səviyyəsinin 51 faizdən 96 faizə
çatması mühüm uğurlarımız
sırasında yer alan inkişaf nümunələridir. Tarix boyu təbii qazın olmadığı kəndlərə
qaz çəkilməsi müasir Azərbaycanın ən
mühüm inkişaf reallıqlarından biridir. 3 min 200-dən çox məktəbin, 640 tibb müəssisəsinin
əsaslı təmir edilməsi və ya yenidən tikilməsi,
44 olimpiya mərkəzinin inşası keçilən möhtəşəm
inkişaf yolunun ayrı-ayrı nümunələridir.
Bütün bunlar həm də dünya ictimaiyyətinin
qəbul etdiyi gerçəklikdir. Təsadüfi deyil ki,
ölkəmizdə əldə olunan nailiyyətlər beynəlxalq
səviyyədə də etiraf olunur. Hətta
qlobal böhran dövründə iqtisadi inkişafın
sürətləndirilməsinə xidmət edən islahatlar
beynəlxalq ictimaiyyətin diqqətindən qaçmır.
Ona görə məhz bu uğurların müəllifi olan
Prezident İlham Əliyev dəfələrlə beynəlxalq
sorğuların, nüfuzlu nəşrlərin
araşdırmalarının nəticələrinə əsasən
ali mükafatlara, titullara layiq
görülüb. O cümlədən Azərbaycanda
keçirilən rəy sorğuları da ölkə ictimaiyyətinin
Prezident İlham Əliyevin siyasi xəttinə olan
etimadını, inamını və dəstəyini dəfələrlə
təsdiq edib. Təsadüfi deyil ki, ölkədə
bütün sahələrdə gedən inkişaf proseslərinin
davamlı olmasına öz seçimi ilə töhfə verən
Azərbaycan xalqı ötən il aprelin
11-də keçirilən prezident seçkilərində də
İlham Əliyevə dəstəyini növbəti dəfə
nümayiş etdirdi.
İlham Əliyev: "Qarabağ Azərbaycandır
və nida işarəsi”
Prezident İlham Əliyevin yürütdüyü siyasət
Azərbaycanın dostlarının sayını
artırıb, beynəlxalq müstəvidə layiqli yerini
möhkəmləndirib. Bu siyasət Azərbaycanın BMT Təhlükəsizlik
Şurasına sədrlik etməsinə, kosmik klubun
üzvünə çevrilməsinə qədər möhtəşəm
nailiyyətlərə imza atıb. Bütün
bunlar dolayısı ilə təsdiqləyir ki, Azərbaycan
beynəlxalq dilemma qarşısında deyil, hansısa məsələdə
tərəddüd etmir. Yeganə problemimiz
torpaqlarımızın işğal altında
olmasıdır. Ərazi
bütövlüyünü bərpa etmək Azərbaycan
üçün çətin deyil. Çünki
malik olduğu hərbi potensial Azərbaycana ən qısa
müddətdə Ermənistanı darmadağın etməyə
imkan verir. Cənubi Qafqazın ən
qüdrətli ordusuna malik Azərbaycanın Silahlı Qüvvələri
öz döyüş hazırlığına görə MDB
məkanında ön sıralarda gedir. Düşmən
də bilir ki, Azərbaycan dövləti və xalqı
heç bir zaman torpaqlarımızın işğal
altında olması ilə barışmayacaq. Prezident İlham Əliyev Soçidə keçirilən
"Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında bunu
bir daha beynəlxalq ictimaiyyətin diqqətinə
çatdırdı.
Sözsüz ki, "Valday” Beynəlxalq Diskussiya Klubunun
plenar sessiyasının ən yaddaqalan məqamı İlham
Əliyevin nitqi oldu. Xüsusən Prezident İlham Əliyevin
"Qarabağ Azərbaycandır və nida işarəsi”
sözləri bir daha dünya ictimaiyyətinə və Ermənistana
ciddi mesaj oldu. İlham Əliyev konkret
olaraq Qarabağın tarixi və əzəli Azərbaycan
torpağı olduğunu bir daha bəyan etdi, "Qarabağ Azərbaycandır!”
söyləməklə növbəti dəfə dövlətimizin
birmənalı mövqeyini nümayiş etdirdi. Beləliklə,
İlham Əliyev ölkəmizin və xalqımızın mənafeyini,
milli maraqlarını qətiyyətlə qorudu,
Paşinyanın Azərbaycanın işğal altında olan
Xankəndi şəhərindəki
çıxışını və bütövlükdə
Ermənistanın dövlət təbliğatını beynəlxalq
səviyyədə ifşa etdi. Ona görə
bu, bütün Azərbaycan xalqının ürəyindən
xəbər verən, çox güclü, dəqiq,
yığcam və eyni dərəcədə obyektiv bir
çıxış kimi tarixə düşdü.
Düşmənə vurulan
siyasi-diplomatik zərbə
Bir
neçə gün əvvəl Bakının Qaradağ
rayonunda "Qobu Park-2” yaşayış kompleksinin
açılışı zamanı məcburi
köçkünlərlə söhbətində bu
mövzuya toxunan Prezident İlham Əliyev deyib: "Ermənistanın
baş naziri Xankəndidə yığılmış bir
neçə adamın qarşısında o cəfəng
sözləri demişdi. Mən başqa bir beynəlxalq
tədbirdə ona cavab verə bilərdim. Amma
o tədbirin auditoriyası tutaq ki, 1000 nəfər, 2000 nəfər
olardı. Mən onu elə bir yerdə dedim ki, hər kəs
eşitsin - canlı efirdə, Rusiyada, mötəbər
"Valday” klubunun panelində dedim və bunu bütün
dünya eşitdi. Yəni sizə deyim ki, əgər
işlər məhz təmkinlə, ağılla qurulursa, zərbələr
də dəqiq olur. Elə zərbə
vuruldu ki, o zərbədən çətin ki,
ayılsınlar”.
Bəli,
İlham Əliyev Paşinyanın cavabını Bakıdan
deyil, dünyanın bütün siyasi mərkəzlərinin
izlədiyi mötəbər beynəlxalq tribunadan verdi. Kifayət qədər
populyarlıq qazanmış "Valday” diskussiya
platformasında bir çox ölkə rəhbərləri,
dünyanın ən nüfuzlu akademik dairələri, siyasətçilər,
jurnalistlər bəşəriyyətin qarşısında
duran ən aktual problemləri müzakirəyə
çıxarırlar. Və belə bir tədbirdə
İlham Əliyev Ermənistanın baş nazirinin
cavabını verdi. Bu, nəinki
ermənilərə, eyni zamanda onların himayədarlarına
da sərt və tutarlı cavab kimi yadda qaldı. Tarixə
müraciət edən Azərbaycan Prezidenti qətiyyətlə
bəyan etdi ki, Dağlıq Qarabağ tarixi, mədəni,
demoqrafik, siyasi, geosiyasi və bütün digər mənalarda
daim Azərbaycanın olub və ora indi də Azərbaycandır.
Beləliklə, İlham Əliyev
"Qarabağ Ermənistandır” ifadəsinin yalan olduğunu
göstərdi. Həmin ərazinin statusu
1921-ci ildə Qafqaz bürosunun qərarı ilə "Azərbaycanın
tərkibində qalsın” kimi müəyyən edilib.
Azərbaycan
Prezidentinin sözləri həm də "Valday” klubunun
toplantısında iştirak edənlərə də bir
diplomatik mesaj oldu. Digər tərəfdən
İlham Əliyevin sözləri Ermənistanda ciddi rezonans
doğurub və təsadüfi deyil ki, erməni mətbuatı
Azərbaycan Prezidentinin çıxışının
Paşinyanın "nöqtəsini əzib keçdiyini”
yazıb.
Azərbaycan
Prezidenti MDB dövlət başçılarının
Aşqabadda keçirilən Zirvə görüşündə
çıxışı ilə Ermənistanın iç
üzünü bir daha ifşa etdi və bu, Ermənistana
vurulan növbəti siyasi-diplomatik zərbə oldu. Bununla həm də Ermənistanın yürütdüyü
faşizm siyasətinin beynəlxalq səviyyədə
ifşası istiqamətində növbəti uğurlu
addım atıldı.
Öndə Yeni Azərbaycan
Partiyasıdır
Prezident İlham Əliyevin mesajının ünvanı
həm də Azərbaycan cəmiyyəti idi. Ölkəmizin
hər yerində "Qarabağ Azərbaycandır!” sədasını
eşidirik. Bu mənada "Qarabağ Azərbaycandır!”
mesajı cəmiyyətin milli birliyini və vətəndaş
həmrəyliyini təmin edən ən mühüm ideyalardan
biridir. Bu ideya böyük bir hərəkata
çevrilir. Bu ideyanın ətrafında
cəmiyyət üzvlərinin fəal şəkildə birləşməsi
bunu deməyə əsas verir.
Bu ideyanın hərəkata çevrilməsi istiqamətində
başladılan fəaliyyətin önündə isə Yeni
Azərbaycan Partiyası gəlir. Yeni Azərbaycan
Partiyasının İcra Katibliyində "Qarabağ Azərbaycandır!
Münaqişənin həlli perspektivləri” mövzusunda
"dəyirmi masa”nın, "Qarabağ Azərbaycandır!”
mövzusunda konfransın keçirilməsi göstərir ki,
bu tarixi, məsuliyyətli və şərəfli missiyanı
məhz Yeni Azərbaycan Partiyası reallaşdıracaq.
Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi
Əli Əhmədov konfransda bununla bağlı deyib:
"Qarabağ Azərbaycandır!”
çağırışı milli ruhu və iradəni
inanılmaz dərəcədə yüksəldə bildi. Onun birləşdirici xarakterinin və
gücünün davamlı olacağı, ümummilli mahiyyət
kəsb edəcəyi şəksizdir. Gözlərimizin
önündə yeni bir hərəkat yaranır, bu
"Qarabağ Azərbaycandır!” hərəkatıdır.
Hər bir azərbaycanlının, hər bir vətənpərvərin
yeri bu hərəkatdadır”.
Təbii ki, YAP üzvlərinin əksəriyyətini təşkil
edən gənclər bu ümummilli ideyanın hərəkata
çevrilməsi prosesində mühüm rol oynayacaqlar. Cənab Prezidentin
çıxışının doğurduğu ümumxalq əhvali-ruhiyyəsinin
bir göstəricisi olaraq YAP üzvü olan gənclər tərəfindən
"Qarabağ Azərbaycandır və nida işarəsi”
devizi ilə fləşmob da keçirilib. Tədbirə
yüksək vətənpərvərlik ruhunda, böyük
maraq və həvəslə qatılan tələbələr
"Qarabağ bizimdir, bizim olacaq”, "Qarabağ Azərbaycandır!”
şüarlarını səsləndiriblər.
Gənclərimiz bu hərəkatın formalaşmasında
öndə olacaqlar. Çünki bu, ümummilli məsələ
olaraq xalqımızın öz haqqı uğrunda
apardığı ədalət mübarizəsidir. Dövlətini və xalqını sevən hər kəs
hərəkata qoşulacaq. Əminik ki,
"Qarabağ Azərbaycandır!” əzəmətli hərəkata
çevriləcək və İlham Əliyevin sayəsində
ən qısa zamanda öz məqsədinə çatacaq.
Aytac
ƏLİYEVA,
YAP Gənclər
Birliyinin sədr müavini
Azərbaycan.- 2019.- 17 oktyabr.- S. 5.