Prezidentin qətiyyəti
xalqımızı qürurlandırdı
İlham Əliyevin "Qarabağ
Azərbaycandır" çağırışı milli
ideyaya və hərəkata çevrilir
Prezident İlham Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində keçirilən "Valday” klubunun illik plenar iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın "Qarabağ Ermənistandır - nöqtə” sərsəmləməsinə "Qarabağ Azərbaycandır və nida işarəsi!” cavabını verdiyini elə ilk, televiziyada seyr edən andan maraqla izlədik, bu bəyanatın əsl mənasını anladıq.
74 ölkədən olan 1000 nəfərdən çox nümayəndənin iştirak etdiyi, bir çox dövlət başçılarının da qatıldığı nüfuzlu siyasi toplantıda Prezident İlham Əliyev tərəfindən məsələnin bu cür qəti (nida!) şəkildə qoyulması Azərbaycan xalqının ürəyindən xəbər verdi. Xalqımızın haqq işini müdafiə etmək, tarixi həqiqətimizi - Qarabağın əzəli və əbədi Azərbaycan torpağı olduğunu bu cür qətiyyətlə, tam kəskinliyi ilə bəyan etmək ölkəmizin rəhbərinin də, xalqımızın da böyük uğurudur. Prezident dəfələrlə ən ali məclislərdən bəyan etdiyi kimi, yenə də təkzibolunmaz faktlarla sübut etdi ki, nəinki Qarabağ vətənimizin ayrılmaz tərkib hissəsidir, hətta Ermənistan özü də vaxtilə Azərbaycan torpaqlarında yaradılmışdır. Prezidentimizin bütün müddəaları elmi arqumentlərə əsaslanır və erməni tərəfini dalana dirəyir. Bu tarixi çıxış ermənipərəst qüvvələrin də ikili standartlarına tutarlı cavabdır. Çünki həqiqətin bir üzü var: o, ermənilər üçün bir cür, azərbaycanlılar üçün başqa cür ola bilməz.
Son vaxtlar öz camiyəsində bütün siyasi kartları tükənən, iflasa uğrayan N.Paşinyan hakimiyyətini uzatmaq üçün Qarabağ kartına əl atmalı olmuş, Xankəndidə, bir qrup erməninin qarşısında həmin fikri söyləmiş, bununla da özünü rüsvay etmişdir. Öz xalqına yalan satan, xalqını siyasi avantüranın girovuna çevirən Paşinyandan fərqli olaraq, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev "Valday”dakı qətiyyətli çıxışı ilə tarixi həqiqəti bir daha dünyaya çatdırdı.
Azərbaycan xalqının səbri tükənmişdir. Ölkə rəhbəri xalqın ürəyindən xəbər verir və biz öz torpaqlarımızı quldurlardan təmizləməyə hazırıq. İlham Əliyevin "Valday” bəyanatı Prezident ilə xalqın sarsılmaz birliyini bir daha nümayiş etdirdi. İndi ölkəmizin hər yerində uşaqdan tutmuş böyüyə qədər hamının bir nömrəli söz-söhbəti budur. Məktəbdə - dərsdə müəllim də, şagird də, kənd və şəhərlərimizdə adi vətəndaşlar da bu mövzunu müzakirə edir, Qarabağ düyününün açılacağına ümidlər çoxalır. İnsanlar inanır ki, torpaqlarımız azad olacaq və xalqımızın üzü güləcək, qaçqın və məcburi köçkünlərimiz öz doğma yurd-yuvalarına qayıdacaqlar. Qarabağ əzəli və əbədi torpağımızdır - nida işarəsi! Vəssalam.
Gülzar HÜSEYNOVA,
Salyan şəhər 1 saylı məktəbin
müəllimi
Azərbaycan.- 2019.- 17 oktyabr.- S. 5.