Koreya Respublikası Milli Assambleyasının sədri İçərişəhərlə tanış olub

 

Azərbaycanda səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədri Mun Hi-sanq oktyabrın 16-da dünya mədəni irs abidələrindən olan İçərişəhərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, qonaq gəzintiyə orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə tanışlıqdan başlayıb. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Gəzinti zamanı qonağa UNESKO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.

Sonra Qız qalası ilə tanış olan qonağa Bakının rəmzlərindən biri sayılan abidənin tarixi barədə məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırıqları əsasında 2009-2013-cü illərdə burada konservasiya işləri aparılıb.

İçərişəhərlə tanışlıq qonaqda xoş təəssürat yaradıb.

 

Azərbaycan.- 2019.- 17 oktyabr.- S. 6.