Ölümsüzlük zirvəsində

 

Söz sərraflarımızdan biri olan Hüseyn Cavid deyib: "Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də zəhərli”. Onun Vətənə xidmətdə keçən ömrü isə qısa, lakin çox dəyərli oldu...

Deyirlər, Vətən uğrunda şəhid olanlar ölmürlər, onların ömür yolları qısa olsa da, daim nümunəyə çevrilir. Onlar bir məslək, bir əqidə, bir inam uğrunda vuruşub, qəhrəmancasına həlak olub, əbədiyyətə qovuşurlar. Asəf də ömrünün 28-ci baharında Vətən, ana, torpaq uğrunda şirin canından, gənc ömründən keçdi. Bu, qəhrəmanlıq dastanına layiq bir ölümdü! İllər, əsrlər dəyişsə də, onlar elə bu gənc yaşlarında qalacaq, beləcə xatırlanacaq, şərəfli ömürlərinə kədər notlarında elegiyalar yazılacaq. Bu səs-səda Vətənin hər qarış torpağında, dağ-daşında əks-səda verəcək.

Asəf Fərəcov toy da eləməmişdi, nişanlı idi. Bir payız günündə doğulduğu Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Yuxarı Daşarx kəndində toyu olacaqdı. Qara zurnanın "dəli nərəsi” - "Cəngi”si dağlarda, daşlarda əks-səda verəcəkdi... Amma o gün gəlmədi. Anası Gülsüm xalanın toyu səbirsizliklə gözlədiyi məqamda qara bir xəbər ildırım sürəti ilə kəndə yayıldı. Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərin birində, 1994-cü ilin bahar fəslində döyüşərək qəhrəmancasına şəhid oldu. Payızda doğulmuşdu. 1966-cı il sentyabr ayının 28-də. Payızı bütün fəsillərdən üstün tutardı. Amma baharın allı-güllü çağlarında şəhidlik zirvəsinə ucaldı. Xəzana dönmüş nakam ömrünü, uyuduğu məzarı saralıb solan, xəzan çiçəkləri deyil, qırmızı qərənfillər bəzədi.

O, həyatının hələ romantik illərini yaşayırdı. Çox xəyalların pişvazına çıxmış, arzulardan çələng hörmüşdü. Xətir-hörməti də Şərur ellərində çox idi. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil oldu. Ali təhsilini qiyabi davam etdirə-etdirə Şərur şəhər Uşaq-Gənclər İdman Məktəbində və doğulub boya-başa çatdığı Yuxarı Daşarx kənd orta məktəbində dərs deyirdi.

1994-cü ilin aprelində yay imtahan sessiyası dövründə Bakıdan birbaşa, könüllü olaraq odlu-alovlu nöqtəyə - Tərtərə, ön cəbhəyə yollandı.

Şəhid Asəfin qardaşı Məhəmməd Fərəcov deyir ki, o, ailədə 7 qardaşın üçüncüsü, həm də çox vətənpərvər, el-obasını sevən idi: "Almaniyada hərbi xidmətdə olmuşdu. Ötən əsrin 90-cı illərinin əvvəllərində, şaxtalı yanvar günlərində ermənilər Sədərəyə hücum etmişdilər. Kənd camaatı ayağa qalxmışdı. Qeyrətli oğullar Vətəni qorumaq üçün döyüş bölgələrinə axışırdı. O vaxtlar Sədərək, Yaycı, Havuş postlarına əlavə könüllülər də gedirdi. Sədərək döyüşlərinin birində qolundan yaralansa da, həftənin bütün günlərini qaynar nöqtələrdə olurdu.

Ermənilərin qaniçən, qəddar hərəkətləri, bəd əməlləri onu rahat buraxmırdı. Həmin il güclü qar da yağmışdı. Bir tərəfdən də azğınlaşmış erməni silahlı quldur dəstələrinin qəfil hücumları vəziyyəti daha da gərginləşdirirdi. Asəf və onun kimi qeyrətli oğullar o ağır günlərdə düşmənlə üz-üzə dayanmaqdan, gecələri səngərdə keçirməkdən çəkinmirdilər. Əsgərlik illərində Almaniyada aldığı hərbi təlimlər, müxtəlif silahlardan istifadəyə dərindən yiyələnməsi onu mahir bir döyüşçü kimi formalaşdırmışdı. Üstəlik, o həm də idmançı idi. Ona görə də Qarabağa gedib cəbhə bölgələrində vuruşmaq, erməniləri yerində oturtmaq onun istəyi idi”.

1994-cü ilin yaz-imtahan sessiyasında Asəf oxuduğu ali məktəbə yox, birbaşa Qarabağa, ön cəbhəyə yollandı. Həmin il məktəbi bitirəcək, sonra isə evlənəcəkdi. Anası Gülsüm xala oğlunun toyuna hazırlaşır, yır-yığış edirdi. Ancaq 1994-cü ilin aprel ayında o getdi... Sən demə, bu, Asəfin isti ocaqdan son gedişi imiş. Ağdərə uğrunda gedən döyüşlərə atıldı. Vuruşduğu batalyon düşmən mühasirəsinə düşmüş, yüzlərlə igid oğul onun kimi şəhid olmuşdu. Sağ qalanlar isə o döyüşlərin çox amansız olduğunu söyləyirlər...

Çox təəssüf ki, toyuna hazırlaşdıqları vaxt onun qara tabutu gəldi. İyul ayının 2-də doğma kəndində torpağa tapşırıldı. Bu hadisə hamının qanını dondurdu. Atası Təvəkkül kişi, anası Gülsüm xala bu acıya dözməyib dünyadan vaxtsız köçdülər. Qardaş-bacılarının saçlarına dən düşdü. Bu ocaqda, bu evdə hər şeyin dadı, duzu qaçdı. Öz əli ilə əkdiyi güllər açmaq əvəzinə soldu, şəhidinə yas tutdu.

Asəf Fərəcov əsl insana xas olan mənəvi dəyərlərə, yüksək əxlaqi keyfiyyətlərə malik bir gənc idi. Şərur elində onu kimdən soruşsaydın ağızdolusu haqqında tərif eşidərdik.

Ölümsüzlük zirvəsinə ucalan Asifin şəhidliyindən ötən 24 il onu qocaltmadı, necə vardısa, eləcə qaldı yaddaşlarda - gənc, qoçaq, cəsur, vətənpərvər...

Vaxtilə çalışdığı, şagirdlərinə vətənpərvərlik sağlamlıq dərsi keçdiyi məktəb bu gün şəhid Asəf Fərəcovun adını daşıyır. Məktəbin məzunları hər il bir qayda olaraq yüksək balla respublikamızın ali təhsil ocaqlarına qəbul olurlar. Şəhidin şərəfinə bulaq-abidə ucaldılıb. Dərs dediyi kənd tam orta məktəbin qarşısında büstü qoyulub. Bu büst qəhrəman oğula doğulub boya-başa çatdığı kəndin, onun insanlarının hörmət ehtiramının, xalq məhəbbətinin ifadəsidir. Bu gün kəndin hər bir sakininin qəlbində Asəf ucalığı, mətinliyi yaşayır. Şəhid ucalığı isə ən yüksək zirvədir. Bu zirvədən o, elinə, obasına baxır, əbədiyaşarlıq qazanır. Bütün bunlar Asəfin xatirəsi şərəfinə edilib.

 

Adilə SƏFƏROVA,

 

Əməkdar mədəniyyət işçisi

 

Naxçıvan

 

Azərbaycan.- 2019.- 17 oktyabr.- S. 7.