Dövlətin şəhid ailələrinə hərtərəfli dəstəyi onlar üçün böyük təsəllidir

 

Əzizi, doğması torpaqlarımızın azadlığı, ölkəmizin müstəqilliyi uğrunda şəhid olmuş ailələrin dərdi dərin olsa da, qürur hissləri də böyükdür. Bu hissləri onlara bəxş edən vətən sevgisi, torpaq təəssübkeşliyi, dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə tükənməyən qayğısıdır.

Şəhid ailələri Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması üçün çoxsaylı tədbirlər həyata keçirməklə yanaşı, həm də həmişə onların dərdinə şərik olur, qayğıları və problemləri ilə maraqlanırlar. Bəlkə də belə bir ikinci dövlət tapmaq çətin olar ki, orada vətəndaşa, ağır vəziyyətdə yaşayan, doğmasını-yaxınını itirən insana bu qədər diqqət və qayğı göstərilsin.

İndiyədək 6650-dən çox şəhid ailəsinin dövlət tərəfindən mənzil, ev, 6000-dən çox şəhid ailəsinin isə minik avtomobili ilə təmin edilməsi dövlətin şəhid ailələrinə göstərdiyi qayğıya aydın misaldır.

Daha bir önəmli dəstək də keçən il aprelin 11-də keçirilən prezident seçkilərindən sonra dövlət başçısı İlham Əliyevin imzaladığı ilk fərman oldu. "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmana əsasən, qeyd olunan şəhid hərbi qulluqçuların vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulmuşdur.

Bu ilin yanvar ayında şəhid ailələri ilə görüş zamanı Prezident İlham Əliyev bu barədə demişdir: "Mənə verilən məlumata görə, üç mindən çox şəhid ailəsi 11 min manatı alıb. Ancaq bu proses zamanı məlum oldu ki, vaxtilə müavinəti alan vətəndaşların aldıqları məbləğ bu gün verilən məbləğlə üst-üstə düşmür. Yəni o illərdə - 1990-cı illərin əvvəllərində rəqəm böyük olsa da o vaxt 50 min manat nəzərdə tutulurdu, ancaq o vaxtın 50 min manatı bugünün 11 min manatı ilə heç də müqayisə oluna bilməz. Mən bu məsələ ilə bağlı ictimaiyyətə öz fikrimi bildirdim. Bildirdim ki, bu məsələ ciddi araşdırılmalıdır və burada iki əsas amil üstünlük təşkil etməlidir: qanun və ədalət. Bir tərəfdən, vaxtilə bu müavinəti alan vətəndaşlar bu siyahıya daxil edilməməlidir, bunu qanunqaydalar tələb edir. Digər tərəfdən, biz bütün məsələləri ədalətli həll etməliyik, bütün məsələlərə sosial ədalət prizmasından yanaşmalıyıq. Bunu nəzərə alaraq mən bu gün yeni fərman imzaladım”.

Dövlət başçısının həmin fərmanı ilə 19 aprel 2018-ci il tarixli fərmanda dəyişiklik edilmişdir. Bu dəyişikliyə əsasən, Azərbaycanın ərazi bütövlüyü uğrunda 1997-ci il avqust ayının 2-dək şəhid olmuş 2725 şəhidin, o cümlədən 11 min manatdan az sığorta ödənişi almış 2264 şəhid hərbi qulluqçunun və 461 şəhid polisin vərəsələrinə də birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Beləliklə, birdəfəlik ödəmələri alan şəhid vərəsələrinin ümumi sayı 12268-ə çatdırılmışdır.

Bütün bunlar təkcə maddi kömək, maliyyə dəstəyi deyil, həm də mənəvi dayaqdır. Bunlar o deməkdir ki, dövlət daim öz vətəndaşının yanındadır, onu unutmur, dərdinə şərik çıxır. Təsadüfi deyil ki, dövlət başçısı ilə hər görüşdə şəhid ailələrinin üzvləri onlara göstərilən böyük qayğını, səmimi münasibəti yüksək dəyərləndirdiklərini söyləyirlər. Xalqımızın İlham Əliyev kimi vətənini və torpağını sevən rəhbəri olduğundan qürur duyduqlarını vurğulayırlar. Birinci xanım Mehriban Əliyevanın onlara daim qayğı göstərdiyinə görə minnətdarlıqlarını bildirirlər.

Prezident İlham Əliyev məcburi köçkünlər üçün salınmış "Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edərkən də bu münasibət özünü aydın göstərdi. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı rayonundan məcburi köçkün, şəhid ailəsi Fəridə Cabbarovanın mənzilində oldular. Ev sahibəsi şəhid ailələrinə birdəfəlik 11 min manat yardım verildiyinin onlara böyük dəstək olduğunu bildirdi. Göstərilən hərtərəfli diqqət və qayğıya görə minnətdarlıq etdi: "Çox sağ olsun, Mehriban xanımın da gördüyü işlər danılmazdır. Allah Sizləri Azərbaycana çox görməsin. Həmişə Sizi bir yerdə görək, ölkəmizin başında olasınız və xalqımız Sizinlə daim fəxr etsin, qürurlansın”.

Şəhid ailələrinə dövlət tərəfindən mənzillərin verilməsi davamlı prosesdir. Nazirlər Kabinetinin bu ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev cari ildə şəhid ailələrinə ən azı 800 mənzil veriləcəyini bildirmişdir.

Tovuz rayonu Ağdam kəndinin sakini, Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifovun atası Nəsir kişi deyir ki, məsələ yalnız dövlətin şəhid ailələrinə göstərdiyi maddi yardımda deyil: "Önəmli bir şərt də bizə bəslənən ehtiram, daim sayılıb-seçilməyimizdir. Bu məsələdə də bizim Prezidentimiz öndədir. Dövlətimizin şəhid ailələrinə göstərdiyi həm maddi, həm mənəvi dəstək bizim üçün böyük təsəllidir”.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2019.- 17 oktyabr.- S. 7.