Şəhid ailəsinə ev tikilir

 

Vətən, xalq sevgisi idi onlara cəsarət verən. Düşmən də ölümün gözlərinə dik baxan mərd oğul və qızlarımızın cəsarətinə heyran qalır.

Bununla belə, qeyri-bərabər döyüşlərdə yüzlərlə şəhid vermişik. İndi bu şəhidlərin ruhu qədirbilən xalqımız tərəfindən daim hörmətlə yad edilir, xatirələri əziz tutulur.

Dövlətin daim diqqət mərkəzində olan şəhid ailələri yüksək qayğı ilə əhatə olunub. Belə ki, ölkə rəhbərinin fərman və sərəncamları ilə onlara bir çox imtiyazlar verilmişdir. Dağlıq Qarabağ münaqişəsi başlayandan 300 nəfərdən artıq şəhid verən Tovuz rayonunda da onların ailələrinə xüsusi qayğı ilə yanaşılır. Tez-tez bu ailələrlə görüşən, arzu və istəklərini dinləyərək kömək göstərən rayon rəhbərliyi bu dəfə daha bir şəhid ailəsini sevindirmişdir. Belə ki, 1990-cı illərdə Ermənistandan didərgin düşmüşsonralar cəbhəyə yollanaraq torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan Sahib Namazovun ailəsi üçün yeni evin tikilməsinə başlanılmışdır. Hazırda binada hörgü işləri aparılır.

Şəhidin həyat yoldaşı Mehin Quliyeva onlara göstərilən qayğıya görə dövlətimizə və Prezident İlham Əliyevə minnətdarlıq edərək dedi ki, ailəsinin yeni mənzillə təmin olunması Sahib Namazovun da ruhuna bir rahatlıq gətirir.

 

Sabir ƏLİYEV

 

Azərbaycan.- 2019.- 17 oktyabr.- S. 7.