Bakı Beynəlxalq
Media Konfransının
iştirakçıları Quba
Soyqırımı Memorial Kompleksini
ziyarət edib
"Qloballaşma dövründə medianın inkişaf trendləri: risklər və imkanlar" mövzusunda Bakı Beynəlxalq Media Konfransının iştirakçıları oktyabrın 16-da Qubaya səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans iştirakçısı olan yerli və xarici media nümayəndələrini qarşılayan Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev qonaqlara rayonun tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, Qubadakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.
Sonra konfrans iştirakçıları Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba "ASAN həyat” Kompleksi ilə yaxından tanış olublar.
Diqqətə çatdırılıb ki, kompleksin "ASAN xidmət” Mərkəzində Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Milli Arxiv İdarəsi tərəfindən vətəndaşlara 30 növdən çox xidmət göstərilir. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər, o cümlədən bank, sığorta, hüquqi yardım, tərcümə və digər xidmətlər təşkil edilib. Quba "ASAN xidmət” Mərkəzi Quba, Qusar, Xaçmaz və Şabran rayonları ərazisində qeydiyyatda olan, ümumilikdə, 500 minə yaxın vətəndaşa xidmət göstərir.
Daha sonra konfrans iştirakçıları "Qubaekoaqrar” Məhdud Məsuliyyətli Cəmiyyətinin kənd təsərrüfatı mallarının istehsalı zavodunda olublar. Zavodu sutkada 4 ton fındıq və 2 ton quru meyvə istehsalı gücünə malikdir. Müəssisədə meyvələrin qurudulması, fındığın qovrulması və qablaşdırılması, alma çipsi istehsalı xətləri quraşdırılıb. Burada tələbata uyğun olaraq əsasən alma, armud, gavalı, ərik, üzüm və alça quruları, həmçinin alma çipsi istehsal olunaraq müxtəlif çəkilərdə paketlənir. Meyvə quruları sənaye üsulu ilə istehsal olunduğu üçün dadına, əmtəə görünüşünə və yüksək səviyyədə qablaşdırılmasına görə fərqlənir.
Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı qonaqlar ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.
Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Qonaqlar Quba
Soyqırımı Memorial Kompleksinin
xatirə kitabına ürək sözlərini yazıblar.
Azərbaycan.- 2019.- 17 oktyabr.- S. 7.