Azərbaycan və
Polşa məxfi məlumatları
bölüşəcək
Bir çox
ölkələrlə məxfi məlumatların mübadiləsi
və qarşılıqlı mühafizəsi haqqında
sazişlər imzalayan Azərbaycan
hökuməti bu sıraya daha
bir sənəd əlavə edir. Bundan sonra
Azərbaycan Polşa hökuməti ilə
də məxfi məlumatları bölüşəcək.
Bu barədə parlamentin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin
dünən keçirilən iclasında Milli
Məclis Sədrinin birinci müavini,
komitənin sədri Ziyafət Əsgərov məlumat verib.
Komitə sədri bildirib ki, bu ilin may ayının 31-də Azərbaycanla Polşa arasında mühüm sənədlər imzalanıb. Onlardan biri də məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında sazişdir.
"Azərbaycan Respublikası Hökuməti ilə Polşa Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi ratifikasiya olunması üçün Milli Məclisə göndərilib. Ölkəmizin bir çox dövlətlərlə bu tipli sənədlər imzaladığını deyən Ziyafət Əsgərov sazişi hər iki tərəf üçün mühüm əhəmiyyətli sənəd adlandırıb.
Müzakirələr zamanı çıxış edən komitə üzvü Aqil Abbas vurğulayıb ki, hazırda Polşa arxivlərində Azərbaycana aid çoxlu sayda mühüm sənədlər mövcuddur. Onların arasında Böyük Vətən müharibəsi illərində döyüşən, əsir düşən azərbaycanlıların taleyi ilə bağlı məlumatlar var. Bu sazişin imzalanması ilə həmin sənədlərin əldə edilməsi mümkün olacaq.
Qanun layihəsi Milli Məclisin plenar
iclasına tövsiyə olunub.
Sonra iclasda
"Azərbaycan Respublikası Hərbi-Dəniz bayraqları
haqqında” və "Azərbaycan Respublikası Dövlət
Bayrağının istifadəsi qaydaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə”
qanun layihəsi birinci
oxunuş üçün
müzakirəyə çıxarılıb. Komitə
sədri Ziyafət Əsgərov qeyd edib ki, dövlət
başçısının bu ilin aprel ayında
imzaladığı fərmanla "Azərbaycan Respublikası
Silahlı Qüvvələri Ali Baş Komandanının bayrağı
haqqında Əsasnamə” və "Azərbaycan
Respublikası Silahlı Qüvvələri Ali
Baş Komandanının
bayrağının təsviri” təsdiq edilib.
Həmin fərmanla Ali Baş
Komandanın bayrağının vahid
forması müəyyənləşdirilib. Bu
səbəbdən də dəyişikliklər edilməsi təklif
edilən bu qanunlarda həmin
münasibətlərin tənzimlənməsinə ehtiyac qalmır. Yəni təklif edilən dəyişikliklər
qeyd edilən səbəblərdən irəli
gəlir.
Komitə üzvləri qanun
layihəsinin Milli Məclisin plenar iclasına tövsiyə olunmasına
müsbət rəy bildirdilər.
R.BAXŞƏLİYEV
Azərbaycan.-2019.- 18 oktyabr.- S. 2.