Ceyhun Bayramov: “Son bir ildə
təhsil sahəsində aparılan islahatlar
uğurlu nəticələr verib”
Son bir ildə təhsil sahəsində aparılan islahatlar uğurlu nəticələr
verib.
AZƏRTAC xəbər verir
ki, bunu Təhsil naziri Ceyhun Bayramov
oktyabrın 17-də Yeni Azərbaycan
Partiyasının (YAP) mənzil-qərargahında keçirilən
ənənəvi mətbuat konfransında söyləyib. Cari ildə görülən işlər
haqqında məlumat verən nazir qeyd edib ki,
dövlət siyasətində təhsil sisteminin
maddi-texniki bazasının müasirləşdirilməsinə
və yeni şəraitin
yaradılmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə
Prezident İlham
Əliyev tərəfindən çoxsaylı proqramlar,
sərəncamlar imzalanıb. 2019-cu ildə 50-si modul tipli olmaqla
84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir. Nazir bildirib ki, təhsil müəssisələrindən
43-ü sentyabrın 15-dək təhvil verilib.
Digər 41 məktəbdə işlər ilin
sonuna qədər yekunlaşacaq.
Nazir bildirib ki, təhsil
sisteminin maddi-texniki
bazasının müasirləşdirilməsi və yenilənməsi
sahəsində görülən işlərdən
danışarkən mütləq Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın xüsusi
xidmətlərini də qeyd etməliyik.
Heydər Əliyev Fondunun xətti ilə
14 yeni məktəb binasının tikintisi, 8 məktəbin əsaslı təmiri
həyata keçirilir.
Eyni zamanda, dövlət proqramına uyğun olaraq cari ildə 257 məktəbdə təmir işləri görülüb. Ümumilikdə götürdükdə 2003-2018-ci illər ərzində ölkədə 3200-dən çox yeni məktəb binası tikilib və ya əsaslı təmir olunub. Nəticədə bir milyondan çox Azərbaycan şagirdinin təlim-təhsil şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb.
Nazir qeyd edib ki, təhsil sahəsində aparılan əməkhaqqı islahatlarını da diqqətdən kənarda qoymamalıyıq. Müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb. Nəticədə 150 mindən çox müəllimin dərs yükü 1,5 dəfə, əməkhaqqı isə orta hesabla 2 dəfə artıb. Təhsil sahəsində əməkhaqlarının artırılması sistemli və davamlı xarakter daşıyır. Sentyabrın 1-dən qüvvəyə minən Sərəncam nəticəsində müəllimlərin orta aylıq əməkhaqqı təxminən 600 manatı keçib. Bu artımdan sonra ümumtəhsil sistemində çalışan 5 mindən çox müəllimin əməkhaqqı 1000 manatı keçib.
Ceyhun Bayramov son illərdə ölkəmizdə təhsil sahəsində müsbət dinamika müşahidə olunduğunu və bir sıra əsaslı nailiyyətlər əldə edildiyini diqqətə çatdırıb. Məktəbəqədər təhsilin əhəmiyyətindən danışan nazir UNİSEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsindən bəhs edib. Bildirib ki, icma əsaslı məktəbəqədər qrupların sayı artırılaraq 300-ə, uşaqların isə 6000 nəfərə çatdırılıb.
Nazir məlumat verib ki, 2019-2020-ci tədris ilinə dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 milyon 668 min 865 nüsxə dərslik və metodik vəsait çap edilib, dövlət ümumtəhsil müəssisələrinin IV və VIII sinifləri üçün dərsliklər yeni tədris ilinə məzmun və dizayn baxımından təkmilləşdirilib və əsaslı şəkildə yenilənib.
Dərsliklərin çəkisinin
yüngülləşdirilməsi istiqamətində Təhsil
Nazirliyi tərəfindən müəyyən
işlər görülüb. Ümumtəhsil
müəssisələrinin I sinifləri üçün
yeni hazırlanan və bəzi məktəblərə
pilot istifadəyə veriləcək “Azərbaycan
dili” və “Riyaziyyat”
dərslikləri biri digərinin
davamı olaraq ikihissəli şəkildə
tərtib edilib. Bu dərsliklərin I hissəsi
birinci yarımil, II hissəsi isə ikinci yarımil üçün
nəzərdə tutulub. Əgər bu təcrübə özünü
doğruldarsa, gələcəkdə digər
irihəcmli dərsliklərin də ikihissəli şəkildə
tərtibi məsələsinə baxıla bilər.
Yeni dərsliklərdən biri də dünya səviyyəli “Macmillan” şirkəti tərəfindən I siniflər üçün “İngilis dili (əsas xarici dil)” fənni üzrə tərtib edilən “Happy Campers” adlı dərslik komplektidir.
Hər üç dərslik komplekti ölkənin seçilmiş məktəblərinin pilot siniflərində sınaq istifadəsindədir. Sınaq istifadə bu istiqamətdə həyata keçirilən ilk təcrübədir və nəticələr mütəxəssislər tərəfindən təhlil edildikdən sonra dərsliklər üzərində müvafiq təkmilləşdirmələr aparılacaq və yalnız bundan sonra onlar kütləvi istifadəyə veriləcək.
Təhsil naziri müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində görülən işlərdən də söz açıb. Vurğulayıb ki, həyata keçirilən bütün tədbirlər cəmiyyətdə işə qəbulun obyektivliyinə inam formalaşdırıb və 2019-cu ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən xeyli artıb, müraciət edənlərin sayı 55 mini ötüb. Ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.
Nazir bildirib ki, bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi müəllimlik ixtisasını seçib. Bu isə müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar söyləməyə imkan verir.
İstedadlı uşaqlarla iş sahəsində görülən tədbirləri vurğulayan Ceyhun Bayramov deyib ki, beynəlxalq olimpiada və bilik yarışlarında Azərbaycan məktəbliləri son beş ildə 4-ü qızıl, 34-ü gümüş və 108-i bürünc olmaqla, ümumilikdə 146 medal qazanıblar.
Tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsi genişləndirilib və 2 min 140 sinifdə 47 min 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib. Ötən il ölkəmizin bir sıra şəhər və rayonlarında 60 lisey sinif yaradılıb. Gəncə şəhərində və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə nazirliyin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri yaradılıb. Siniflərin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır. Bu siniflər həm də beynəlxalq olimpiadalara hazırlıq mərkəzi funksiyasını daşıyır.
Tədrisdə İKT-dən istifadə
imkanlarının genişləndirilməsi, “Rəqəmsal
bacarıqlar” layihələri barədə məlumatları
diqqətə çatdıran Ceyhun Bayramov deyib ki, layihə 100-dən çox
məktəbi və 90 mindən artıq şagirdi
əhatə edir.
Qeyd olunub ki, cari tədris ilində ilk dəfə olaraq 6000-dən çox şagird əhatə edilməklə məktəblərdə STEAM-in (təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ öyrədilməsi) tədrisinə start verilib. STEAM layihəsinin tətbiq edildiyi ümumtəhsil məktəbləri Təhsil Nazirliyi tərəfindən 3D printer, robot texnologiyalar və digər zəruri təlim avadanlıqları ilə təmin edilib. STEAM təhsilinin tədrisi məqsədilə 34 məktəbdən 104 müəllim peşəkar heyət tərəfindən keçirilən təlimlərdə iştirak edib. Layihə ilə əlaqədar nazirlik tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. Portalda STEAM təhsili üzrə yeniliklər, layihə üzrə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumatlar yerləşdirilir. Layihənin tətbiq edilməsində məqsəd müasir təhsil çağırışları əsasında inkişaf etmiş ölkələrdə tətbiq edilən təhsil yeniliklərinin ölkəmizdə həyata keçirilməsi imkanlarının öyrənilməsi və tədris edilməsidir. Növbəti ildən regionların da STEAM layihəsində iştirakının təmin edilməsi və şagirdlərin sayının 20 minə çatdırılması nəzərdə tutulur.
Nazir qeyd
edib ki, son illərdə ali təhsilin
keyfiyyətinin yüksəldilməsi və bu
sahənin təkmilləşdirilməsi istiqamətində ciddi islahatlar
aparılıb. Yeni inkişaf
trendləri əsas götürülməklə universitetlərin
kadr potensialı və maddi-texniki
bazası gücləndirilib, ali təhsilin
əlçatanlığı istiqamətində mühüm addımlar atılıb.
Ceyhun Bayramov bildirib ki, hər il yüksək nəticələrlə ali məktəblərə qəbul olunan tələbələrə Prezident təqaüdünün, habelə gənclər üçün Prezident mükafatının təsis edilməsi onların daha yaxşı təhsil ala bilməsi, təhsilin əlçatanlığının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Təhsil naziri məlumat verib ki, Azərbaycan Respublikası Prezidentinin “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamı və “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması haqqında” Fərmanı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri artırılıb. Bununla da 600-ə yaxın doktorantın və 110 mindən artıq tələbənin təqaüdləri orta hesabla 20 faiz artıb.
“Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Sərəncama əsasən, ali məktəblərdə müvəffəqiyyət göstəriciləri əsasında dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayının 2019-cu il martın 1-dən 16 000 vahid artırılması ilə 2019-2020-ci tədris ilində təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına olan nisbəti 45 faizə çatdırılıb.
Nazir diqqətə
çatdırıb ki, bu
gün qarşımızda duran əsas çağırışlardan biri də peşə təhsilinə
marağın və peşə təhsilinin nüfuzunun
artırılmasıdır. Bu təhsil
pilləsinə uğursuz karyera
seçimi kimi
baxılması stereotipləri tam aradan qaldırılmalı, peşə təhsili
mərkəzlərinə peşəkarların
hazırlanması məkanı kimi
baxılmalıdır. Bu istiqamətdə
həm təhsil müəssisələri, həm də sahibkarlar birgə çalışmalı, gənclərimizin
və valideynlərin maarifləndirilməsi, cəmiyyətdə
peşə təhsilinin ictimai statusunun yüksəldilməsi üçün
səylərini əsirgəməməlidirlər.
Azərbaycan.-2019.- 18 oktyabr.- S. 2.