Kamran Bayramov:
“Ermənistan Şahbaz Quliyevi
və Dilqəm Əsgərovu əsirlikdə saxlamaqla
beynəlxalq humanitar hüququ
kobud surətdə pozur”
Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin iştirak etdiyi Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 141-ci Assambleyasının növbəti günündə İttifaqın Beynəlxalq Humanitar Hüququn Təşviqi üzrə Komitəsinin Cenevrə Konvensiyalarına həsr olunmuş açıq sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən nümayəndə heyətimizin üzvü, Milli Məclisin deputatı Kamran Bayramov ölkəmizin beynəlxalq humanitar hüquqa hörmətlə yanaşdığını, müvafiq Cenevrə Konvensiyalarına tərəfdar çıxdığını və müddəalarına ciddi şəkildə əməl etdiyini bildirib, beynəlxalq humanitar hüququn təşviq edilməsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin səylərini və xidmətlərini xüsusilə qeyd edib.
Deputat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən
danışaraq işğal siyasətini həyata
keçirən Ermənistanın beynəlxalq humanitar
hüququn prinsiplərinə məhəl
qoymadığını, Şahbaz Quliyevi və Dilqəm Əsgərovu beş ildən artıq əsirlikdə saxlamaqla və onlara işgəncələr verməklə beynəlxalq humanitar hüququ kobud surətdə pozduğunu
sessiya iştirakçılarının
diqqətinə çatdırıb, tədbirdə iştirak edən Ermənistan nümayəndələrini
qeyd edilən mülki
şəxsləri əsirlikdən tezliklə azad
etməyə çağırıb.
Assambleya çərçivəsində deputatımız, həmçinin Birləşmiş Millətlər Təşkilatının məsələləri üzrə Daimi Komitəsində "Beynəlxalq hüquqa BMT-nin Nizamnaməsi və qətnamələri əsasında əməl olunması” mövzusunda keçirilən panel müzakirələrində iştirak edib. Müzakirələrdə K.Bayramov BMT-nin Təhlükəsizlik Şurası tərəfindən qəbul olunmuş qətnamələrin bəzən bir neçə gün ərzində yerinə yetirildiyini, bəzən isə, məsələn, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrin illərlə icra olunmadığını qeyd edib, bu təcrübənin beynəlxalq hüquq üçün xoşagəlməz presedent yaratdığını və gələcəkdə onun universal prinsiplərinin və beynəlxalq müqavilələrin müddəalarının pozulmasına yol açdığını bildirib.
Eyni zamanda,
K.Bayramov, BMT-nin Təhlükəsizlik
Şurasının sülhməramlı missiyalar
yaratmaq, müvafiq sanksiyalar tətbiq etmək, gücün
tətbiq edilməsinə icazə vermək hüququna
malik olduğuna baxmayaraq onun dörd qətnaməsini
25 ildən artıq müddət ərzində yerinə yetirməyən
Ermənistanın hələ də cəzasız
qaldığını təəssüflə qeyd
edib. Çıxışın sonunda deputatımız panel
müzakirələrinin iştirakçılarına
müraciət edərək təmsil etdikləri
dövlətləri hüquq aliliyinə sadiq qalmağa,
qoşulduqları beynəlxalq müqavilələrdən irəli
gələn öhdəliklərini vicdanla
yerinə yetirməyə çağırıb, BMT-nin və digər beynəlxalq təşkilatların
qərar və qətnamələrinin icra
olunmamasına görə dövlətlərin məsuliyyətinin
gücləndirilməsini təklif edib.
Azərbaycan.-2019.- 18 oktyabr.- S. 2.