Türk dünyasında
qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri
Uzun illərdir ki, səlahiyyətli beynəlxalq təşkilatlar ədalətsizlik bayrağı ilə ikili standartlara əsir düşmüşlər. Azərbaycanın Dağlıq Qarabağ faciəsini böyük dövlətlərin liderləri sanki hələ də görmək və qəti olaraq həll etmək istəmirlər. Bəs necə ola bilər ki, ermənilərin Qarabağda işğalçılığı haqqında 4 qətnamə qəbul edilir, amma istilaçını işğal olunmuş ərazilərdən qovub çıxarmaq məsələsi həyata keçirilmir?
Çox maraqlıdır ki, Dağlıq Qarabağda ermənilərin azərbaycanlılara qarşı qanlı mübarizəsini, soydaşlarımızın ata-baba torpaqlarında soyqırımına məruz qoymalarını "azadlıq aktı”, Azərbaycanın ərazi suverenliyini bərpa etmək uğrunda mübarizəsini "azadlığı boğma” kimi dəyərləndirənlər də az deyildir.
On il əvvəl qədim türk yurdu Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. Bu keçən 10 il müddətində təşkilatın həm qlobal kontekstdə, həm də özümüz üçün zəruriliyini və aktuallığını sübut etməyə nail olduq. 10 il ərzində bütün mövcud sənədlərdən də görünür ki, Türk Şurası tamhüquqlu beynəlxalq təşkilat kimi özünü doğruldub.
Oktyabrın 15-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçirildi. Zirvə görüşündə türk respublikalarının geniş təmsilçiliyi var idi. Zirvə toplantısının açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətində iştirak edənlərə minnətdarlığını bildirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, "Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindəndir”.
Keçən müddət ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının coğrafiyası genişlənmiş və
yeni üzvlər qəbul edilmişdir.
Macarıstan artıq təşkilatda
müşahidəçi statusu əldə
edib. Şuranın qərarları
keçən 10 il müddətində bir daha təsdiq etmişdir ki, türk dünyasında birlik
və həmrəyliyin daha da güclənməsinə, əməkdaşlığımızın
dərinləşməsinə xidmət etmişdir.
Zirvə toplantısında beynəlxalq əhəmiyyət daşıyan hadisələrdən biri Macarıstanın Türk Şurası ilə əməkdaşlığıdır. Bu, şuranın Avropa ölkələri və regional təşkilatlarla əlaqələrinin inkişafına təkan verəcək.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyəti sayəsində nəqliyyat dəhlizləri genişlənir, energetika müəssisələri inşa edilir, yüngül sənaye və kənd təsərrüfatı inkişaf etdirilir. Logistika, nəqliyyat, turizm, innovasiya texnologiyaları kimi sektorlar da uğurla inkişaf etdirilir.
İlham Əliyev zirvə görüşündə demişdir: "Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Ermənistanın destruktiv siyasətinə görə irəliləyiş yoxdur. Ermənistan 30 ilə yaxındır ki, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirir”. Ermənistan Respublikası işğal olunmuş ərazilərdə etnik təmizləmə siyasəti aparıb, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenə də diqqəti ermənilərin hər yerdə olduğu kimi, Dağlıq Qarabağda da həyata keçirdikləri vandalizm aktına yönəltmişdir. Ermənilər dünyanın gözü qarşısında həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi-mədəni irs, İslam abidələri və məscidlərimizi dağıdıb və məhv ediblər.
Dağlıq Qarabağ
probleminin ən qısa müddətdə
sülh yolu ilə və
Azərbaycanın ərazi bütövlüyü
əsasında həll edilməsi üçün
səyləri davam etdirəcəklərini
türkdilli respublikaların rəhbərləri
bəyan etmişlər.
Şuranın BMT Baş Assambleyasında və İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi statusuna sahib olmasını da təşkilat üzvləri təklif etdilər.
Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının Bakı zirvəsində
təşkilatın perspektivi haqqında
inamlı fikirlər səslənmiş və layihələr
haqqında məlumat verilmişdir. Təşkilatın
katibliyindən verilən məlumata görə, qurumun inkişafının növbəti mərhələsinə
keçilir. Qarşıdakı illər üçün təşkilatın
qarşısında duran gündəlikdə
"Türk baxışı 2040”
proqramının işlənilməsi məsələsi durur.
Bununla bağlı
şuranın katibliyi tərəfindən
təşkilatın perspektivlərini müəyyən edən
"Türk Şurası 2025” adlı yeni strategiya
hazırlanır. Təşkilat birgə Xəzər gəmiçilik
şirkətinin yaradılmasını müzakirə etməyi
planlaşdırır.
Həsənbala
SADIQOV,
professor, Azərbaycan Respublikasının
Əməkdar müəllimi
Azərbaycan.-2019.- 18 oktyabr.- S.3.