Çingiz Abdullayev:
650 min ağac əkmək
gözəl təşəbbüsdür və ölkəmizin
bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın 650 min ağac əkilməsi barədə təşəbbüsü özlüyündə gözəl ideyadır. Bu təşəbbüs həm də ona görə dərin məna kəsb edir ki, o, böyük Azərbaycan şairi Nəsiminin 650 illiyinə həsr edilib. Övladlarımız bilməlidirlər ki, ölkəmizin tarixində belə bir ŞAİR olub: o, canından keçməyə razı olub, lakin dünyaya baxışından imtina etməyib. Əminəm ki, ölkəmizin milyonlarla vətəndaşı bu faydalı və gərəkli təşəbbüsü dəstəkləyəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi əkmək üçün tingləri həm idarə və təşkilatlara, həm də arzu edən hər kəsə pulsuz paylayacaq. Ona görə də mən hər kəsi bu nəcib təşəbbüsün həyata keçirilməsində fəal iştirak etməyə çağırıram.
Dünya şöhrətli yazıçı Çingiz Abdullayev bu fikirləri böyük
Azərbaycan şairi Nəsiminin 650 illik yubileyi şərəfinə
Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən irəli sürülmüş 650 min
ağac əkmək təşəbbüsünü
şərh edərək söyləyib.
Xalq yazıçısı deyib: "Təyyarə ilə bircə dəfə də olsa Bakıya gələn hər kəs mənim sevimli şəhərimə yaxınlaşarkən səmadan necə mənzərə açıldığını bilir. Bizdə yaşıllıqlar çox cüzidir. Üstəlik, bəzi yaramazlar şəxsi mənfəət naminə ağacları kəsirlər. Onlar başa düşmürlər və ya başa düşmək istəmirlər ki, söhbət övladlarımızın və nəvələrimizin gələcəyindən, milyonlarla insanın yaşadığı meqapolisin ekologiyasından gedir. İndi məhz elə vəziyyət yaranıb ki, siyasi baxışlarından və ya əqidəsindən asılı olmayaraq hamı sıx birləşə bilər. Bu, çox gözəl ideyadır və ölkəmizin bütün vətəndaşları – Prezidentdən başlamış məktəblilərə və tələbələrə qədər hər kəs bu ideyanı dəstəkləməlidir. Belə bir məsəl var, deyərlər hər bir kişi oğul tərbiyə etməli, ev tikməli və ağac əkməlidir. Mən bunların hamısını etmişəm, lakin bu gözəl ideyaya və qoşulmağa hazıram. Bu, ölkəmiz üçün bizim edə biləcəyimiz işlərin bəlkə də ən yaxşısıdır”.
Azərbaycan.-2019.- 18 oktyabr.- S.10.