Bu ilin sonunadək 6000, gələn il isə 7000-dən çox
məcburi köçkün ailəsi mənzillə
təmin olunacaq
Prezident
İlham Əliyev Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədrini qəbul edib
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev oktyabrın 18-də
Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sədri
Rövşən Rzayevi qəbul edib.
AZƏRTAC xəbər verir ki, məcburi
köçkünlərin problemlərinin həlli istiqamətində
bu il də çox böyük işlərin nəzərdə
tutulduğunu qeyd edən Prezident İlham Əliyev dedi:
-
Məcburi köçkünlərin problemlərinin həlli
istiqamətində bu il
də çox böyük
işlər nəzərdə tutulur. Bu işlərin bir hissəsi
artıq görülüb. Bu yaxınlarda "Qobu
Park-2” yaşayış kompleksinin
açılışını qeyd etdik. Bu kompleksdə 1300
qaçqın ailəsi yerləşəcək. Kompleksin
açılışında gördüm
ki, ən yüksək standartlar
tətbiq olunur. Çox
gözəl, rahat evlər, gözəl ictimai zonalar, məktəb,
uşaq bağçası, supermarket, tibb məntəqəsi,
yəni, yaşayış üçün
bütün şərait
yaradılıbdır. Sevindirici hal ondan ibarətdir ki, "Qobu-1” və "Qobu-2” komplekslərinin
tikintisi sırf özəl sektor tərəfindən təmin edildi. Hazırda tikilməkdə olan "Qobu-3” də özəl sektorun vəsaiti hesabına inşa
edilir. Beləliklə, təqribən 4 minə
yaxın köçkün ailəsi Qobu qəsəbəsində ən müasir standartlara cavab verən mənzillərlə təmin ediləcəkdir.
Mən
açılış zamanı sahibkarlara
da çağırış etdim, onlara bu
işlərə qoşulmağı tövsiyə etdim. Mənim
çağırışıma sahibkarlar
cavab veriblər. Hesab
edirəm ki, köçkünlərin
problemlərinin həlli ümumxalq məsələsi
olmalıdır. Düzdür, əsas yükü dövlət öz
üzərinə götürübdür.
Bu
günə qədər yüzdən çox
şəhərciyin tikintisi dövlət
hesabına təmin edilmişdir.
Ümumiyyətlə, köçkünlərin problemlərinin
həlli, müavinətlərin verilməsi, evlərin tikilməsi
üçün 7 milyard
manatdan çox vəsait
xərclənib. Bu il
məcburi köçkünlərin müavinətləri 50 faiz artırıldı. Bu,
bir daha onu göstərir ki,
dövlət bu kateqoriyadan
olan insanlara daim öz
yardımını edir.
İlin sonuna qədər
yeni şəhərciklərin
açılışı nəzərdə tutulur.
İlin əvvəlində nəzərdə
tutduğumuz bütün
işlər ilin sonuna
qədər öz həllini
tapmalıdır. Siz artıq indidən gələn
ilin proqramı üzərində işləməlisiniz. Gələn
il harada, nə qədər
köçkün ailəsini biz yeni evlərlə, mənzillərlə
təmin edə bilərik.
İndi isə görülən
işlər haqqında məruzə edin və gələn il
hansı işlərin görülməsi nəzərdə
tutulmuşdur?
Rövşən Rzayev: Çox
sağ olun, möhtərəm cənab Prezident. İlk növbədə,
"Qobu Park-2”nin açılışında iştirak
etdiyinizə görə təşəkkür edirəm. Bu
park oktyabrın 8-də açıldı. Artıq məruzə
edə bilərəm ki, Nəsimi rayonunda yerləşən
yataqxanaların birində yaşayan 120 ailə yeni mənzillərdə
məskunlaşıb. Proses davam etdirilir. Dünən ikinci
püşkatma oldu. Nərimanov rayonunda və Sizə əvvəlcədən
təqdim olunmuş ərazilərdəki yataqxanalarda məcburi
köçkünlər siyahıya uyğun
köçürüləcəklər. Bunun
üçün Sizin tərəfinizdən bütün şərait
yaradılıbdır. Komitənin bütün əməkdaşları
bu istiqamətdə məşğuldurlar və işi davam
etdirirlər.
Təbii ki, bu ilin sonuna qədər
Sizin tapşırıqlarınıza əsasən bir neçə
rayonda qəsəbələrin tikintisi başa
çatdırılacaq. İcazə verin, bir-bir sadalayım -
Şirvan rayonunda 685 mənzilli qəsəbəmiz artıq
hazırdır, tamamlama işləri yekunlaşır. Beləliklə,
Şirvan şəhərində məskunlaşan bütün
məcburi köçkünlər mənzillərlə təmin
olunacaqlar. Hətta ətraf rayonlardan bir neçə ailəni
də həmin qəsəbəyə yerləşdirə biləcəyik.
Göyçay rayonunda 80 mənzildən ibarət binada
artıq tamamlama işləri bitir. Orada da qəzalı vəziyyətdə
olan bir binada yaşayan 80 məcburi köçkün ailəsinin
hamısı yeni mənzillərə köçürüləcək.
Sizin tapşırığınıza əsasən Kürdəmirdə
salınan, 565 mənzildən ibarət böyük bir qəsəbəmizdə
də tamamlama işləri aparılır. Yəqin ki, oktyabr
ayının axırları, yaxud noyabrın ortalarında onu
da təhvil verə biləcəyik. Beləliklə, Kürdəmir
rayonunda məskunlaşan bütün məcburi
köçkünlərin hamısı bu qəsəbədə
mənzillə təmin olunacaq. Oraya hətta ətraf rayonlardan
bir neçə ailəni də gətirə biləcəyik.
Göygöl rayonunda ümumilikdə
130 mənzildən ibarət üç binanın
inşası davam edir. Ağcabədi rayonunda əsasən
laçınlıların məskunlaşdığı
Taxtakörpü qəsəbəsində 645 fərdi ev tikilir.
Biz 645 ailəni ilin sonuna qədər o evlərə
köçürəcəyik. Ucar rayonunda 250 ailəlik bir qəsəbəmiz
də ilin sonuna qədər tamamlanacaq. Beləliklə, Sizin
tapşırıqlarınız əsasında Komitə tərəfindən
inşa edilən mənzillərin sayı 3700-ə
çatacaq.
Özəl sektorun töhfələri
çox önəmlidir. Siz qeyd etdiyiniz kimi, özəl sektor
tərəfindən tikilən 1300 ailəlik "Qobu Park-2”
artıq açılıbdır. Özəl sektorun vəsaiti
hesabına tikilən 540 mənzillik daha bir qəsəbəmiz
var. İlin sonunadək biz o mənzilləri də məcburi
köçkünlərə təqdim edəcəyik. Beləliklə,
Siz dediyiniz rəqəmlər ilin sonuna qədər tamamilə
həllini tapacaq.
Möhtərəm cənab
Prezident, icazə verin, mən Sizin
tapşırığınızla gələn il hansı
rayonlarda hansı qəsəbələri tikəcəyimizlə
bağlı Komitə tərəfindən hazırlanan sənədləri
diqqətinizə təqdim edim.
Prezident İlham Əliyev: Ondan əvvəl
mən soruşmaq istəyirəm. Sumqayıt şəhərində
də mənim tapşırığımla yeni evlərin
tikilməsi nəzərdə tutulur. Mənim göstərişimlə
artıq Sumqayıtda şəhərcik salınıbdır.
Bu istiqamətdə hansı işlər görülür?
Rövşən Rzayev: Möhtərəm
cənab Prezident, ötən il Sumqayıt şəhərində
Sizin iştirakınızla iki qəsəbənin
açılışını etmişik. Sumqayıtdakı
1001 ailəlik qəsəbədə məskunlaşma tamamilə
başa çatıb. Sumqayıtın 12-ci mikrorayonunun ərazisində
1005 ailəlik şəhərcik Sizin iştirakınızla
istifadəyə verilib və orada da köçkünlər
yaşayırlar. Sizin tapşırıqlarınıza
uyğun olaraq, Abşeron rayonunun "Stansiya Sumqayıt” deyilən
ərazisində 1250 ailəlik qəsəbənin tikintisi
başlayıb, işlər davam etdirilir. Bu, Sizin investisiya xərclərindən
ayırdığınız vəsait hesabına inşa
edilir. Düşünürəm ki, biz o qəsəbəni də
10 ay ərzində təhvil verə biləcəyik.
Eyni zamanda, Sumqayıt şəhərində
Dövlət Komitəsinə 20 hektara yaxın yeni ərazi də
ayrılıbdır. O istiqamətdə də fəaliyyət
göstərilir. Gələn illərdə orada da tikintiyə
başlamaq nəzərdə tutulub.
Prezident İlham Əliyev: İndi
Bakı şəhərində yataqxanalar boşaldılır.
Bu yataqxanaların bir çoxu qəzalı vəziyyətdədir.
Onların taleyi necə olacaq, söküləcəkmi, təmir
olunacaqmı? Siz bu məsələ ilə məşğul
olmusunuz, yoxsa yox?
Rövşən Rzayev: Bəli. Biz
çalışırıq ki, bütün yataqxanalardan məcburi
köçkünləri tamamilə köçürək.
Biz yataqxanaları rayon icra hakimiyyətlərinə və Əmlak
Komitəsinə təhvil veririk.
Prezident İlham Əliyev:
Onların vəziyyətinə də baxmaq lazımdır. Qəzalı
vəziyyətdə olan yataqxanalar sökülməlidir və
onların yerində yeni binalar tikilə bilər.
Rövşən Rzayev: Möhtərəm
cənab Prezident, deyə bilərəm ki, bütün
yataqxanalar həqiqətən də qəzalı vəziyyətdədir,
bu, onları bərpa etməyə imkan verməyəcək. Yəqin
ki, sökülüb yerində yeni binalar tikiləcək.
Prezident İlham Əliyev: Gələn
ilin proqramı haqqında məruzə edin.
Rövşən
Rzayev: Gələn ilin
proqramını biz üç
variantda işləmişik. İcazənizlə,
mən Sizə bu variantları bir-bir məruzə edim.
Deməli, biz gələn il
Abşeron rayonunda əlavə
olaraq 1890 ailəlik, Goranboy
rayonunda isə 552 ailəlik qəsəbələr
sala bilərik. Bunlar üç variantdır, Sizin
diqqətinizə çatdırırıq,
tapşırıqlarınızı gözləyəcəyik.
Gəncə şəhərində 1512 ailəlik qəsəbə
sala bilərik. Bunların
hamısının vəsaiti Sizin tərəfinizdən
ayrılıbdır. Qaradağ rayonunun "Ümid” qəsəbəsində
də 500 ailəlik şəhərcik sala
bilərik. Şəmkir rayonunun ərazisində
375 məcburi köçkün ailəsi üçün yeni qəsəbə
tikə bilərik. Bu, bizim təqdim edə biləcəyimiz
ikinci variantdır. Üçüncü
variantımız - məcburi köçkünlər üçün Binəqədi rayonunda ayrılmış torpaqlarda
800 ailəlik, Gəncə şəhərində 1512 ailəlik
və Samux rayonunun ərazisində
200 ailəlik qəsəbələr sala
bilərik.
Prezident İlham Əliyev:
Əgər biz bunu həll
etsək, ümumiyyətlə, nə qədər köçkün ailəsi yerləşdiriləcək?
Rövşən Rzayev: Bununla
bağlı biz üç variantda sənəd
hazırlamışıq, icazənizlə, diqqətinizə təqdim
edim. Birinci variantda toplam 6989 ailənin, ikinci variantda 6934 ailənin,
üçüncü variantda isə 7059 ailənin yerləşdirilməsi
nəzərdə tutulub.
Prezident İlham Əliyev:
Məncə biz üçüncü
variant üzərində
dayanmalıyıq. Gələn il biz köçkünləri mümkün
qədər çox yerləşdirməliyik.
Siz bu proqrama yenidən
baxın, xüsusilə Bakı və Sumqayıt şəhərlərini
nəzərə alın. Çünki ən
çox köçkünlərin məskunlaşdığı
şəhərlər Bakı və Sumqayıtdır. İndi biz bölgələrdə
vəziyyəti böyük dərəcədə
yaxşılaşdıra bilmişik. 2007-ci ildə bütün
çadır şəhərcikləri ləğv edildi və Azərbaycanın rayonlarında
100-dən çox şəhərcik
salınmışdır. Ona görə bu proqramı mən bütövlükdə təsdiqləyirəm.
Ancaq buna əlavələr
edilməlidir, daha böyük
həcmdə evlər tikilməlidir. O ki
qaldı, buna lazım olan
vəsaitə, biz vəsait taparıq. Çünki bu, bizim üçün ən
prioritet məsələdir.
Azərbaycan.-2019.-
19 oktyabr.- S. 1; 2.