İslahatçı
ölkənin islahatçı Prezidenti
Oktyabrın
15-də Prezident İlham Əliyevin yanında keçirilən
iqtisadi müşavirədə səslənən fikirlər və
dövlət başçısının
vurğuladığı bir sıra məsələlər
ölkədə bütün sahələr üzrə
aparılan islahatların uğurlu nəticələr verdiyini
təsdiqlədi. Uğurları dəyərləndirən
və qarşıdakı hədəfləri müəyyənləşdirən
Prezident inkişafın daha geniş vüsət alması
üçün ortaya çox güclü siyasi iradənin
qoyulduğunu diqqətə çatdırdı və bəyan
etdi ki, Azərbaycanı müasir, sürətlə inkişaf
edən, şəffaflığı öz siyasətində
bayraq edən ölkə kimi görmək istəyir və buna
da nail olunacaq. Heç bir qüvvə bu işdə Azərbaycana
mane ola bilməz.
Dövlət
başçısının müşavirədə səsləndirdiyi
fikirlərlə bağlı açıqlamalar verən Milli Məclisin
deputatları da hesab edirlər ki, Prezidentin ciddi
tapşırıqları qarşıdakı müddətdə
sosial-iqtisadi uğurların daha da geniş vüsət
alacağını şərtləndirdi.
Prezident yeni sosial layihələrin
müjdəsini verdi
Eldar
İBRAHİMOV,
Milli Məclisin
Aqrar siyasət komitəsinin sədri,
YAP
İdarə Heyətinin üzvü:
-
Bugünkü reallıqlar və faktlar sübut edir ki,
aparılan düzgün və məqsədyönlü siyasətin
bəhrəsi olaraq Azərbaycan Cənubi Qafqazın lider
dövlətinə çevrilməklə, dünyanın
davamlı inkişaf edən ölkəsidir.
Son 16 ildə Prezident İlham Əliyevin həyata
keçirdiyi məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində
Azərbaycanın dünyada yeri və rolu möhkəmlənməklə
yanaşı, ölkədə əhalinin sosial vəziyyətinin
yaxşılaşmasına, hüquq və azadlığın
ən yüksək səviyyədə təmin edilməsinə
nail olundu. Hətta Azərbaycan bir sıra qabaqcıl ölkələrin
əldə edə bilmədikləri uğurları qazana bildi.
Bu gün ölkəmizin iqtisadi uğurları göz
önündədir. Məhz bu uğurların sayəsində
sosial islahatlar reallığa çevrilməkdədir. Bu
il dövlət
başçısının təşəbbüsü və
tapşırıqlarına əsasən bir çox sahələri
əhatə edən sosial islahatlar həyata keçirilib və
bu tədbirlər dövlət büdcəsi hesabına maliyyələşdirilib.
Nəticədə büdcədə müəyyən struktur
dəyişiklikləri baş verib və büdcənin cari xərcləri,
yəni, sosialyönümlü xərcləri 3,7
milyard manat artıb, investisiya dövlət əsaslı vəsait
qoyuluşu xərcləri isə azalıb.
Son illərdə aqrar sektorun inkişafına da
böyük diqqət göstərilir. Prezident
İlham Əliyevin yanında keçirilən iqtisadi
müşavirədə də dövlət
başçısı kənd təsərrüfatının
inkişafı istiqamətində aparılan işləri, həyata
keçirilən layihələri dəyərləndirərkən
qeyd etdi ki, son illər kənd təsərrüfatına da
böyük investisiyalar qoyulub və bu sahənin
inkişafı prioritet olaraq müəyyən edilib. Hətta
cənab Prezident əvvəllər kənd təsərrüfatının
inkişafı ilə bağlı atılan addımların o
qədər də uğurlu nəticələr vermədiyinə
təəccübünü də gizlətmədi:
"Əvvəlki illərdə bir qədər təəccüblənirdim
ki, nə üçün bu qədər investisiyaların
müqabilində, bu qədər dəstəyin,
subsidiyaların, güzəştli şərtlərlə
verilmiş kreditlərin olduğu bir zamanda kənd təsərrüfatında
artım 2-3 faiz idi. Ancaq hazırda bu sahədə
də ciddi irəliləyiş müşahidə olunur. Beləliklə, kənd təsərrüfatı
doqquz ayda 7 faizdən çox artmışdır”.
Prezident, həmçinin gələn ilin büdcəsi
ilə əlaqədar tapşırıqlar verərək diqqətə
çatdırdı ki, 2020-ci ilin büdcəsi həm
sosialyönümlü, həm də
investisiyayönümlü olmalıdır. Cənab İlham Əliyevin
fikirlərindən bəlli oldu ki, dövlət gələn il də ciddi sosial proqramlar icra edəcək, əhalinin
yaşayış səviyyəsini yaxşılaşdırmaq
üçün önəmli addımlar atılacaq. Yəni
Prezident növbəti islahatların anonsunu verdi.
Bu gün hər bir Azərbaycan vətəndaşı
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən siyasətin bəhrəsini öz həyatında,
yaşadığı cəmiyyətdə görməkdədir. Bu isə bir
daha təsdiq edir ki, Azərbaycan düzgün və
işıqlı yoldadır. Məhz bu
baxımdan Azərbaycan xalqı cənab Prezidentin daxili və
xarici siyasətini birmənalı şəkildə dəstəkləyir,
ona inanır və etibar edir. Bu belədir və
təbii ki, bundan sonra da belə davam edəcək.
Sosial müdafiə sahəsində
nümunəvi ölkə
Səttar
MÖHBALIYEV,
Milli Məclisin
deputatı,
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri:
- İstənilən dövlətin gücü, qüdrəti
ilk növbədə onun iqtisadi potensialından
asılıdır. Dayanıqlı inkişafın təmini
üçün müəyyən edilən iqtisadi
strategiyanın prioritetlərinin düzgün icrası sürətli
yüksəliş üçün real zəmin
formalaşdırır.
Son 16 ildə
Azərbaycan iqtisadiyyatının üç dəfədən
çox artması, ölkə iqtisadiyyatına 270 milyard
dollardan çox sərmayə yatırılması, valyuta
ehtiyatlarının 49 milyard dollara yüksəlməsi Prezident
İlham Əliyevin yeni inkişaf konsepsiyasının
uğurlarının real təcəssümüdür. Məhz bunun nəticəsidir ki, Azərbaycan
hazırda güclü iqtisadiyyata, güclü orduya, dünya
birliyində güclü mövqeyə sahib olmaqla
yanaşı, güclü sosial və iqtisadi siyasətə
malik olan ölkəyə çevrilib. Həyata
keçirilən sosial-iqtisadi, eləcə də struktur
islahatlarının nəticələri isə göz
önündədir.
Prezident İlham Əliyev müşavirədə bu
nailiyyətləri dəyərləndirərək
vurğuladı ki, əsas vəzifə iqtisadi inkişafı
şərtləndirən islahatları dərinləşdirməkdir. Bütövlükdə
Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir.
Beynəlxalq aparıcı maliyyə qurumları
bu uğurları hər zaman hesabatlarında göstərirlər.
Dövlət başçısının Dünya Bankı,
Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya
İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq
Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə
qurumlarının rəhbərləri ilə çoxsaylı
görüşlər də deməyə əsas verir ki,
ölkəmizdə aparılan islahatları yüksək dəyərləndirirlər.
Müşavirədə cənab Prezident 9 ayın
göstəricilərini müsbət qiymətləndirdi, lakin
bununla belə daha yüksək artıma nail olmaq
üçün kifayət qədər imkanların
olduğunu bəyan etdi. Həqiqətən də bu ilin ötən müddəti
ərzində əldə edilən uğurlara nəzər
yetirdikdə aydın şəkildə görərik ki,
qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən, qeyri-neft sənayemiz
15 faizdən, kənd təsərrüfatı 7 faizdən
çox artıb. Sahibkarlara 130 milyon manat kredit
verilib.
Əlbəttə ki, qeyri-neft sektorunda iqtisadi
artımın 3 faizdən çox olması şaxələndirmə
ilə bağlı tədbirlərin müsbət nəticəsini
verdiyini göstərir. Ancaq dövlət başçısı
hesab edir ki, bu artım daha yüksək olmalıdır. Buna nail olmaq üçün isə kifayət
qədər imkanlar, potensial var. Sadəcə olaraq bu
potensialdan maksimum səmərə ilə istifadə edilməlidir.
Qeyri-neft sənayesinin 15 faizdən çox artması isə
onu göstərir ki, son illərdə aparılan islahatlar,
xüsusilə qeyri-neft sektorunun inkişafı ilə
bağlı atılan addımlar öz bəhrəsini verməkdədir. Dövlət
başçısı bu yüksək nəticənin
dünya miqyasında rekord göstərici hesab olunduğunu
vurğuladı.
Göründüyü kimi, 9 aylıq yekun ölkə rəhbərliyinin
qeyri-neft sektorunun inkişafı sahəsində həyata
keçirdiyi siyasətin özünü doğrultduğunu
konkret faktlar əsasında təsdiqləyir.
Sosial sahədə də inqilabi yeniliklər baş verib. İlk dəfə
olaraq ölkədə 9 ayda minimum əməkhaqqı və
minimum pensiyalar 2 dəfə artıb. Minimum
əməkhaqqı 250, minimum pensiyalar isə 200 manata yüksəlib.
Prezidentin 2 böyük sosial paketi ilə 4 milyon
200 mindən çox insanın maddi vəziyyəti
yaxşılaşıb.
Bütün bunlar cənab İlham Əliyevin siyasətinin
mərkəzində vətəndaşın
dayandığını təsdiqləyən
reallıqlardır. Müşavirədə bu məsələyə də
toxunan Prezident demişdir: "Bizim sosial siyasətimiz birmənalıdır.
Dəfələrlə demişəm ki, siyasətimizin
mərkəzində Azərbaycan vətəndaşı
dayanır. Hesab edirəm ki, Azərbaycan
sosial müdafiə sahəsində dünya miqyasında
nümunəvi ölkədir. Həm minimum
əməkhaqqı, pensiyalar artırılır, həm də
özünüməşğulluq proqramı geniş vüsət
alır. Bu il on mindən çox insan bu
proqramla əhatə olunacaq”.
Prezidentin
çıxışından o da bəlli oldu ki,
islahatların artan sürəti maaş və
pensiyaların növbəti artımına da şərait
yaradacaq.
Cari ilin 9 ayının yekunlarının müzakirəsi
zamanı cənab Prezidentin gələcəyə aydın
baxışını bir daha gördük. Hər kəsə
bəlli oldu ki, dövlət başçısı yalnız
təbii ehtiyatlara, enerji resurslarına deyil, qeyri-neft sektorunun
inkişafına da xüsusi önəm verir. Ona görə
də cənab Prezident bütün aidiyyəti qurumlara ciddi
tapşırıq verdi. Qeyd
etdi ki, istifadə olunmayan kifayət qədər ehtiyatlar var və
bu ehtiyatlar aşkar edilməlidir. Elə edilməlidir ki,
Azərbaycanda hər bir sahə şəffaf olsun və ən
yüksək standartlara cavab versin.
Bu gün dünya miqyasında həm iqtisadi baxımdan
inkişaf edən, həm də davamlı islahatlar aparan
ölkələr sırasında Azərbaycanın da
adının çəkilməsi əlbəttə ki,
mühüm nailiyyətdir. Əldə edilən
bu uğurlar və reallaşmaqda olan yeni-yeni sosial-iqtisadi layihələr
onu deməyə əsas verir ki, 2019-cu ilin qalan dövründə
də qarşıya qoyulan vəzifələr uğurla icra
ediləcək, Azərbaycan iqtisadiyyatı öz inkişaf
dinamikasını qoruyub saxlayacaq.
Azərbaycan dünyanın ən
islahatçı ölkələri sırasında yer alır
Sahibə
QAFAROVA,
Milli Məclisin
deputatı:
-
Oktyabrın 15-də Prezident İlham Əliyevin yanında
keçirilən iqtisadi müşavirədə dövlət
başçısı ölkəmizin inkişafı ilə
bağlı çox mühüm məsələləri diqqətə
çatdırdı. Dövlət
başçısı qeyd etdi ki, qeyri-neft sektorunda iqtisadi
artım 3 faizdən çoxdur. Bu da onu
göstərir ki, şaxələndirmə ilə
bağlı ölkəmizdə həyata keçirilən tədbirlər
öz nəticəsini verir. Bunu ölkəmizin
qeyri-neft sənayesi ilə bağlı da deyə bilərik.
Azərbaycanda neftdən kənar iqtisadiyyat
üzrə innovativ əsaslı sənaye quruculuğu
mühüm yer tutur. 2019-cu ilin 9 ayında ən
yaxşı göstərici də məhz qeyri-neft sənayesində
qeydə alınıb və qeyri-neft sənayemiz 15 faizdən
çox artıb. Bu, onu göstərir ki,
Azərbaycanda aparılan islahatlar, xüsusilə qeyri-neft
sektorunun inkişafı ilə bağlı görülən
genişmiqyaslı tədbirlər öz bəhrəsini verir.
Prezidentin nitqində diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanda həyata keçirilən islahatların əhəmiyyəti ilə bağlı idi. Ölkədə aparılan islahatların yüksək qiymətləndirildiyini bildirən cənab İlham Əliyev qeyd etdi ki, uğurlu islahatlar beynəlxalq aparıcı maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında yer alır. Prezident vurğuladı ki, islahatlar bundan sonra da ardıcıllıqla davam etdiriləcək. "Əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir” deyə dövlət başçısı qeyd etdi.
Tam əminliklə deyə bilərəm ki, insanlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları yüksək qiymətləndirir, öz dəstəyini ifadə edirlər. Şübhə yoxdur ki, qarşıdakı dövrlərdə də Azərbaycanın sosial dövlət fəlsəfəsinə uyğun olaraq müvafiq tədbirlər davam etdiriləcək. Müşavirədə bildirildi ki, gələn ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olacaq və ciddi sosial proqramlar icra olunacaq. Bu isə ona dəlalət edir ki, əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər gələn il də davam etdiriləcək.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2019.- 19 oktyabr.- S.3.