Döyüş yoldaşları ona çox güvənirdilər

İntiqam Vahid oğlu Atakişiyev könüllü olaraq cəbhəyə yola düşəndə cəmi 17 yaşı vardı. Orta məktəbi təzəcə bitirmişdi. Qəbələnin Tüntil kəndində təhsil almışdı. Polis sıralarında işləmək istəyirdi. Amma Qarabağ müharibəsi, erməni işğalçılarının torpaqlarımızı zəbt etməsi onun istəklərinə bir sədd çəkmişdi. Deyirdi ki, torpaqlarımız işğaldan azad olunmayınca, bizə dinclik yoxdur. Gərək öz gücümüzü, qüvvəmizi səfərbər edib düşməni cavabsız qoymayaq...

İntiqam cəbhəyə yola düşəndə Ağdamda, Tərtərdə, Qubadlıda qızğın döyüşlər gedirdi. O, könüllü olaraq birinci Ağdama yola düşdü. Ən ciddi döyüş tapşırıqlarını sona qədər uğurla başa çatdırırdı, düşmənə sarsıdıcı zərbələr vururdu. Ən qısa müddətdə cəsarətli döyüşçü kimi tanınmışdı. Yüksək keyfiyyətlərini nəzərə alıb onu Türkiyədə hərbi təlimlərə göndərdilər. Özü demişkən, türk ordusunun gücü, qüdrəti ona yüksək keyfiyyətlər aşıladı. Mövqe seçimində çevikliyi, cəldliyi ilə fərqləndi. Türk ordusunun ən nümunəvi döyüşçüləri ilə rəqabətə dözürdü, öyrənməkdən yorulmurdu. Türkiyədə təlim kurslarını uğurla başa çatdırandan sonra yenidən doğma torpaqlarımızın azad olunmasında bütün qüvvəsini əsirgəmədi. Murovda davam edən ağır döyüşlərdə iştirak etdi. Və həmin döyüşlərin birində ağır yaralandı. İki aya yaxın müalicə almalı oldu. Hər an yenidən cəbhəyə dönəcəyi günü gözləyirdi. Hərbi hissədən onun qayıtmasına nə qədər etiraz etsələr də, inadından dönmədi. Murovda ən ağır döyüşlərə cəlb olundu. Bunun ardınca Tərtərdə, Qubadlıda gedən döyüşlərdə iştirak etdi. Düşmənin aylarla hazırladığı planları inadkarlıqla pozurdu. Artıq İntiqam Atakişiyevin adı erməni quldurlarına yaxşı bələd idi. Bilirdilər ki, İntiqamın iştirak etdiyi döyüşlər düşmənə ağır itkilərlə başa gəlir. Ona görə də onu birdəfəlik məhv etmək üçün yollar axtarır, hətta mükafatlar təsis edirdilər. Düşmənin nə qədər hiyləgər, məkrli olduğunu İntiqam yaxşı bilirdi. Bilirdi ki, belə düşmənə əsir düşmək dünyanın ən böyük faciəsidir. Belə bir məngənədən xilas olmaq üçün ehtiyatlı davranır, özünü və dostlarını düşmən hiylələrindən qorumağa çalışırdı.

Döyüş dostları İntiqam Atakişiyevə çox güvənir, onun gücünə, qüvvəsinə arxalanırdılar. Hər dəfə İntiqamın iştirak etdiyi döyüşlərin uğurla başa çatacağına çox inanırdılar. Özü deyirdi ki, inamsız döyüşə getmək uduzmağın başlanğıcıdır. Ona görə də ilk addımları elə atmalıyıq ki, düşmən planlarımızı qabaqcadan anlamasın. Belə olanda döyüşmək də asan olur. Döyüş dostlarımızın əqidə birliyi uğurlu nəticələrə güclü inam yaradırdı. Dəfələrlə şahidi olmuşam ki, gücümüzə inam olanda uğurlar qazana bilirik.

Cəbhədə mövqe dəyişikliyi tez-tez baş versə də, İntiqam dəqiq planlar cıza bilirdi. Onun döyüş dostları da bunu etiraf edirdilər. Komandirləri, döyüşə rəhbərlik edənlər İntiqamın məsləhətlərinə axıra qədər əhəmiyyət verirdilər, ondan faydalanırdılar.

 

İgid döyüşçü öz xatirələrində yazır ki, hər dəfə döyüşə gedəndə elə bilirdim doğma Tüntil kəndini qoruyuram, məndən ümid gözləyən doğmalarımın keşiyində dayanıram. Bu inamla döyüşə gedəndə daha çox uğurlar qazanırdım. Adamları təhlükəsiz yerlərə çatdıranda daxili ağrılarım bir qədər azalırdı. Döyüşlərin birində qəribə mənzərənin şahidi oldum. Anasına sığınan köməksiz körpəni görəndə elə bil mənə yenidən güc-qüvvət gəldi. Düşmənin həmin hədəfə tuşlanan snayperini dəqiq zərbə ilə susdurdum, həmin körpəni və anasını xilas etdim. Mənim də doğma kəndimizdə yolumu gözləyən iki körpə övladım vardı. Elə bildim ki, onları ağır bir zərbədən qurtardım.

Ağır döyüşlərin birində İntiqam düşmən gülləsindən yayına bilmədi. Yenidən ağır yara aldı. Amma bu dəfə də döyüş səngərini tərk etmədi. Hər dəfə dönə-dönə xatırlayırdı ki, məni Qəbələdə gözü yolda qalan iki övladım gözləyir. Onlar mənə ümidgüman yeri kimi baxırlar. Gərək sübut edim ki, mənə güvənənlər zərrə qədər də yanılmayıblar. Axı bu yola çıxanda söz vermişəm ki, geriyə yol yoxdur. Bu, təkcə mənim sözüm deyildi. Elə cəbhədə döyüş dostlarım da mənim bu mövqeyimi müdafiə edir, döyüşdə geri çəkilmirdilər...

İntiqamı tərbiyə edən, böyüdən nəsil ondan yalnız belə cəngavərliklər gözləyirdi. Gözləyirdilər ki, övladları onların sonuncu ümidlərini axıra qədər doğruldacaq. Bunun da öz səbəbləri vardı. İntiqam halal bir ailənin övladı idi. Onların tərbiyəsi ilə böyümək, halal yaşamaq vərdişlərinə yiyələnmək uşaqlıqdan onun payına düşmüşdü. Valideynləri deyiblər ki, bu vətən, bu torpaq sənin doğma ocağındır. Biz bu yerdə çox şeylərin şahidi olmuşuq. Amma heç kəsə əyilməmişik, haqqımızı itirməmişik. Ona görə də el-oba yanında üzümüz ağdır.

 

Bəşir ŞƏRİFLİ

Azərbaycan.-2019.- 19 oktyabr.- S.11.