Erməni yalanları beynəlxalq
miqyasda
ifşa olunur
Soçidə keçirilən
"Valday” Beynəlxalq Diskussiya Klubunun illik iclasının
plenar sessiyası ilə bağlı televiziyada verilən
süjeti mən də izlədim. Ermənistanın baş
naziri Nikol Paşinyanın Xankəndidəki sərsəm
çıxışı hamı kimi, məndə də ikrah
hissi oyatmışdı.
Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin
Soçidə mötəbər bir tədbirdə həmin
çıxışa münasibət bildirərək vacib bir
tribunadan "Qarabağ tarixi əzəli Azərbaycan
torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır
və nida işarəsi” sözləri bütün
soydaşlarımız kimi, məni də
qürurlandırdı. Bununla bir daha ölkəmizin
sözügedən münaqişə ilə bağlı sərt
mövqeyi ortaya qoyuldu. Bu çıxış Ermənistana
vurulan növbəti siyasi-diplomatik zərbə kimi tarixə
düşdü.
Ümumiyyətlə, ölkə rəhbərinin
mötəbər məclislərdə Qarabağla
bağlı söylədiyi qətiyyətli fikirlər
hamımıza yaxşı məlumdur. Lakin bu
çıxışında Qarabağla bağlı birmənalı
mövqeyi nəinki Ermənistanın baş naziri Nikol
Paşinyana, erməni ictimaiyyətinə, həmçinin Ermənistanın
havadarlarına da olduqca layiqli cavab oldu.
İndi dünya politoloqları həmin
iclasda Prezident İlham Əliyevin
çıxışını müzakirə edir, onun nə
qədər dəyərli fikirlər söylədiyini diqqətə
çatdırırlar. Bütün Azərbaycan
xalqının ürəyindən xəbər verən bu
çıxışda bir çox məsələlərə
aydınlıq gətirilməklə yanaşı,
Dağlıq Qarabağın Azərbaycana məxsus olması
bir daha sübuta yetirildi. Prezident İlham Əliyev Ermənistanın
baş nazirinin məlum bəyanatının yalan olduğunu
vurğulayaraq demişdir: "Həmçinin Ermənistan
baş nazirinin təəccüb doğuran bəyanatına
toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə
qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən
də "Valday” forumu çərçivəsində
müvafiq cavab verilib.
Beləliklə, bəyanat sözbəsöz
belədir: "Qarabağ Ermənistanın bir hissəsidir və
nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır.
Dünya tərəfindən həm Aran, həm də
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi
kimi tanınır. Ermənistan özü də bu qanunsuz
qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan
torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır
və nida işarəsi”.
Digər maraqlı məqam da odur
ki, əgər Ermənistanın baş naziri yalan bəyanatı
Xankəndidə bir qrup tərəfdarı
qarşısında səsləndirmişdisə, Azərbaycan
Prezidenti əsl həqiqəti beynəlxalq tədbirdə -
"Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında səsləndirdi,
dünyanın maraqla izlədiyi bu forumda bir daha
Qarabağın Azərbaycan torpağı olduğunu diqqətə
çatdırdı. Bununla da Azərbaycan Prezidenti Ermənistanın
işğalçı-terrorçu dövlət olduğunu
bir daha bəyan etdi. Eyni zamanda Paşinyanın bəyanatına
əsaslı şəkildə zərbə vurmaqla Vladimir
Putinin timsalında Rusiyanın tam siyasi dəstəyini
qazandı. Ölkəmizin rəhbəri xalqımızın
mövqeyini yüksək tribunadan diqqətə
çatdıraraq Ermənistana mesaj ünvanladı ki, Azərbaycan
bu işğalla heç vaxt barışmayacaq.
Ermənistanın baş nazirinin bu
sərsəm bəyanatı onların ənənəvi tərəfdaşları
tərəfindən də ciddi qəbul edilmir. Hətta nəinki
qəbul edilmir, eləcə də bu bəyanat siyasi prosesin tənzimlənməsinə
zərbə kimi xarakterizə edilir. Paşinyan ucuz siyasətlə
özünə xal toplamağa çalışdı. Lakin o
anlamır ki, Ermənistana onun kimi baş nazirlər hələ
çox gəlib-gedəcəklər. Bu ölkədə siyasət
kökündən dəyişməsə,
yaxşılığa doğru heç nə dəyişməyəcək.
Növbəti insanlar hakimiyyətə gələ və belə
bəyanatları çox verə bilərlər. İş
burasındadır ki, nə qədər ki onlar qonşu
dövlətlərlə mehriban qonşuluq siyasəti yeritmək
istəmirlər, problemləri davamlı olacaq, hətta artacaq.
Təsadüfi deyil ki, Ermənistanda demoqrafik vəziyyət
gündən-günə pisləşir. Əhali durmadan xarici
ölkələrə köçür. İşsizlik
artır. Başlıcası da odur ki, Ermənistan vətəndaşlarının
gələcəyə inamı yoxdur. Bu gün erməni ailələri
öz övladlarını Ermənistanın millətçi,
avantürist rəhbərlərinin siyasətinə qurban vermək
istəmirlər. Xüsusilə 2016-cı il Aprel
döyüşlərindən sonra hər zaman Azərbaycanın
yenidən hərbi əməliyyatlara başlaması qorxusu
onları narahat edir.
Nikol Paşinyanın bu bəyanatı
Rusiyada da birmənalı qarşılanmayıb. Məsələn,
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov "Valday”
Beynəlxalq Diskussiya Klubunun illik iclasında Dağlıq
Qarabağ prosesinin nizamlanması haqqında sualı
cavablandırarkən deyib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri
sıx dostluq şəraitində çalışırlar.
Onlar bu il üç dəfə xarici işlər nazirləri
ilə görüşüblər, o cümlədən bu ilin
aprelində onun iştirakı ilə Azərbaycanın və
Ermənistanın xarici işlər nazirləri ilə
görüş keçirilib. İndi vəziyyət sakitdir.
Lakin siyasi proses yavaşıyıb və hələlik bu ləngiməni
aradan qaldıra bilmirlər. Tərəflər yetərincə
ciddi bəyanatlar, o cümlədən Qarabağın Ermənistan
olması barədə bəyanatlar verirlər. Şübhəsiz
ki, belə bəyanatlar siyasi prosesin tənzimlənməsinə
kömək etmir.
Söz yox ki, Prezident İlham Əliyevin
Rusiyanın Soçi şəhərində "Valday” Beynəlxalq
Diskussiya Klubunun XVI illik sessiyasında yüksək siyasi-diplomatik
peşəkarlıqla etdiyi çıxış bütün
Azərbaycan xalqının ürəyindən xəbər
verdi. Ölkə rəhbəri bu çıxışı ilə
həm ölkəmizin, həm də xalqımızın
maraqlarını qətiyyətlə müdafiə etdi.
İbrahim CƏFƏROV,
Azərbaycan
Dövlət Aqrar Universitetinin rektoru,
AMEA-nın
müxbir üzvü
Azərbaycan.-2019.-
19 oktyabr.- S.11.