Türk Şurasının fəaliyyətində
yeni mərhələ başlayır
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçirilən VII Zirvə Görüşü bütün dünyaya verilən ən mühüm mesajlarla yadda qaldı. Belə ki, dövlət başçılarının çıxışları göstərdi ki, münasibətlərin inkişafı ilə bağlı irəli sürülən təklif gələcəkdə türkdilli dövlətlərin birliyini daha da gücləndirəcək. Ən əsası isə Bakı görüşü bir daha təsdiqlədi ki, qloballaşan və dəyişən dünya nizamına türk dövlətlərinin həmrəylik nümayiş etdirməsi olduqca vacibdir.
Naxçıvanda
təməli qoyulan format
Türk Şurasının Bakı görüşü Naxçıvan Sazişinin 10 illiyinə təsadüf etdi. Türkdilli ölkələrin dövlət başçılarının 2009-cu il oktyabr ayının 3-də Naxçıvanda keçirilən Zirvə görüşündə imzalanmış "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması” haqqında sazişə əsasən təsis edilən Türk Şurası bu 10 ildə böyük inkişaf yolu keçib. Sazişə əsasən şuranın məqsədi türk dövlətləri arasında qarşılıqlı dostluğun möhkəmləndirilməsi, regionda və ümumilikdə dünyada sülhün qorunması, siyasi, ticari-iqtisadi, hüquq mühafizə, təbiətin mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat və ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığın edilməsi, elm, texnika, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman və turizm sahələrində qarşılıqlı əlaqələrin genişləndirilməsi, tərəflərin xalqlarının həyat səviyyəsinin daim yüksəldilməsi və həyat şəraitinin yaxşılaşdırılması məqsədilə regionda iqtisadi yüksəlişə, sosial və mədəni inkişafa səy göstərilməsi, türk xalqlarının böyük mədəni-tarixi irsinin təbliği, tanınması və yayılmasında kütləvi informasiya vasitələri arasında qarşılıqlı əlaqənin və ölkələr arasında təmasların təşviqi və sairdir.
Bu dövrdə üzv dövlətlər şuranın məqsəd və prinsiplərinə uyğun olaraq əməkdaşlığın yeni formatlarını qurublar. Belə ki, Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRK PA), Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası və Türk Biznes Şurası kimi qurumların yaradılması nəticəsində Türk Şurası çərçivəsində üzv ölkələr arasında əlaqələr sürətlə genişlənib.
Türk Şurası daimi fəaliyyət göstərən və BMT-nin standart və
normalarına uyğun olaraq
formalaşmış Katibliyə, nizamnaməyə uyğun yaradılmış rəhbər orqanlara - Dövlət Başçıları
Şurası, Xarici İşlər Nazirləri
Şurasına malikdir.
Naxçıvan sazişinə əsasən
Azərbaycan, Qazaxıstan, Qırğızıstan və
Türkiyə təşkilatın təsisçi dövlətləridir.
2018-ci ildə Macarıstan Türk
Şurasında müşahidəçi statusu
alıb. 2019-cu ildə Özbəkistan Türk
Şurasına qoşulmaq haqqında qərar
qəbul edib. Türk
Şurasının sammitləri də daxil
olmaqla, onun müxtəlif
tədbirlərində Türkmənistan da
iştirak edir. Bütün bunlar
şuranın təşkilatlanaraq möhkəmlənməsində
mühüm rol
oynayıb.
Türk Şurasına sədrlik Azərbaycana
keçdi
Bu gün bütün dövlətlər sülhün və sabitliyin qorunması, eləcə də sosial-iqtisadi rifahın və mədəni zənginliyin təmin olunması kimi müasir çağırışlarla üzləşirlər. Ona görə ortaq mədəni və mənəvi dəyərlərlə bir-birinə bağlı olan türk dövlətlərinin daha da möhkəmlənmələri, dünyada cərəyan edən proseslərə təsir göstərə bilmələri, öz milli maraqlarını müdafiə etmələri baxımından təşkilatlanmaları olduqca vacibdir. Azərbaycan türk cümhuriyyətləri ilə əlaqələrində məhz bu mövqedən çıxış edir və daim bu prinsiplərə sadiq qalır. Xarici siyasət konsepsiyasında türkdilli dövlətlərlə əlaqələrin bütün sferalar üzrə inkişaf etdirilməsini müəyyən edən Azərbaycan türkdilli dövlətlərin səylərinin birləşdirilməsini bu cür çağırışların vaxtında və effektiv cavablandırılması üçün önəmli vasitə hesab edir.
Türk Şurasının VII Zirvə Görüşündəki çıxışı zamanı Prezident İlham Əliyev bəyan etdi ki, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir: "Qırğızıstandan Türk Şurasına sədrliyi qəbul edən Azərbaycan bu müddət ərzində ölkələrimiz arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcəkdir. Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır. Türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir”.
Ötən 10 il Türk Şurasının səmərəli və çoxprofilli beynəlxalq təşkilat kimi formalaşması mərhələsi olub. Xüsusən son bir ildə onun institusional dəyişməsi sayəsində bu mərhələni başa çatmış hesab etmək olar. İndi qarşılıqlı fəaliyyətin daha keyfiyyətli mərhələsinə və infrastruktur, sərmayələr, qanunvericilik sahələrində, həmçinin iqtisadiyyatın real sektorunda birgə layihələrin həyata keçirilməsini ehtiva edən sıx inteqrasiyaya keçməyin vaxtıdır. Məhz belə bir vaxtda - Türk Şurasının VII Zirvə Görüşündə quruma sədrlik Qırğızıstandan Azərbaycana keçdi.
Bakı görüşü şuranın fəaliyyətini
daha da canlandıracaq
İndiyə qədər Azərbaycan
nəinki siyasi sferada,
o cümlədən qlobal
əhəmiyyət kəsb edən iqtisadi
məsələlərdə türkdilli
dövlətlərlə əməkdaşlığa,
onların da beynəlxalq layihələrə
cəlb olunmasına mühüm diqqət
yetirib. Məsələn,
respublikamızın təşəbbüsü ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiyanı Avropa
ilə birləşdirən nəhəng infrastrukturdur.
Artıq Azərbaycan, Qazaxıstan və Türkiyə bu yoldan istifadə edir. Gələcəkdə digər türkdilli dövlətlər də buna qoşula bilərlər.
Eyni zamanda Azərbaycanın
təşəbbüsü ilə reallaşan
enerji layihələri dolayısı ilə
türkdilli dövlətləri birləşdirir,
Qazaxıstan və Türkmənistanın ixrac
imkanlarını artırır. Türkiyə isə tranzit ölkə kimi neft-qaz boru kəmərlərinin
bəhrəsini görür. Bütün bunlar Azərbaycanın
türk dünyasına böyük
töhfələridir. Bütövlükdə Azərbaycan özünün şaxələndirilmiş nəqliyyat
sistemi və logistika
imkanları ilə həm də türk
dünyasına öz töhfəsini verir.
Türk Şurasına sədrliyi
dövründə isə Azərbaycan öz
təşəbbüsləri ilə türk
dövlətləri arasında əlaqələrin daha da dərinləşməsinə
nail olacaq. Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan təşkilata sədrliyi dövründə ölkələrimiz arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylərini davam etdirəcək.
10 ildə Türk
Şurası qarşısında duran vəzifələrin
həyata keçirilməsi istiqamətində böyük
uğurlar əldə edib.
Son Zirvə toplantısı göstərdi
ki, təşkilat öz
imkanlarından türkdilli xalqların mənafeyi
naminə səmərəli istifadə etməkdədir.
Bakıda keçirilən VII Zirvə Görüşü
isə şuranın fəaliyyətində xüsusi
canlanma yaradacaq, türk xalqlarının birliyinin
daha möhkəmlənməsinə yol açan tarixi hadisə olacaq.
Rəşad
CƏFƏRLİ
Azərbaycan.-2019.- 20 oktyabr.- S.1;2.