Prezident İlham
Əliyev Baş Nazirin
müavini Hacıbala Abutalıbovu vəzifədən
azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul
edib
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də
Azərbaycan Respublikası Baş Nazirinin müavini Hacıbala
Abutalıbovu vəzifədən azad edilməsi ilə
bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul
edib.
AZƏRTAC
xəbər verir ki, Prezident İlham Əliyev dedi: Hacıbala
müəllim, siz bu gün mənə Baş Nazirin müavini
vəzifəsindən azad olunmağınızla bağlı ərizə
göndərmisiniz. Mən istərdim ki, sizə
gördüyünüz işlərə görə öz təşəkkürümü
bildirim. Uzun illərdir ki, siz müxtəlif vəzifələrdə
çalışırsınız, həm Baş Nazirin
müavini vəzifəsində, 17 il Bakı Şəhər
İcra Hakimiyyətinin başçısı kimi və son il
yarımda yenə də Baş Nazirin müavini işləyirsiniz.
Bilirəm ki, siz həmişə ulu öndər Heydər
Əliyevə sadiq olmusunuz. Heydər Əliyev
üçün ən ağır dövrlərdə siz
öz sözünüzü demisiniz. Bəzi gənclər əlbəttə
ki, bunu bilmir və bəzi adamlar bunu yaddan çıxarır.
Amma mən heç vaxt bunu unutmuram ki, o vaxt süni şəkildə
ortalığa atılmış yaş senzi məsələsinə
qarşı siz qəti etiraz bildirmisiniz. O vaxt ulu öndər
Heydər Əliyevin xalq qarşısında nüfuzu çox
yüksək idi və xalq ondan başqa heç kimi rəhbər
vəzifəsində görmürdü. Onun gələcək
fəaliyyətini əngəlləmək üçün o
vaxt partokrat hakimiyyət yaş senzi kimi çox cəfəng
bir qaydanı tətbiq etmişdi. Səhv etmirəmsə, 65
yaşdan yuxarı olan şəxs Prezident ola bilməzdi. Ulu
Öndərin də o vaxt 69 yaşı vardı və
yadımdadır, siz parlamentin qarşısında kütləvi
etiraz aksiyaları təşkil etmisiniz, öz
sözünüzü demisiniz, heç kimdən
qorxmamısınız. Çünki o vaxt repressiya təhlükəsi
çox böyük idi və Heydər Əliyevin hakimiyyətə
gəlməsini əngəlləmək istəyənlər
müxtəlif çirkin əməllərə əl
atmışlar. Heydər Əliyevin yaxın silahdaşı
Əjdər Xanbabayevi vəhşicəsinə qətlə
yetirdilər, özü də nə vaxt? Həmin gün ki,
Heydər Əliyev Moskvadan Bakıya gəlməli idi. Mən
ondan bir gün qabaq Bakıya gəlmişdim ki, onu
qarşılayım. Onun gəlişini əngəlləmək,
ona hədə-qorxu gəlmək üçün
günahsız bir insanı, ziyalını – Əjdər
Xanbabayevi həmin o dəstə qətlə yetirdi.
Düzdür, sonra onu öldürənlər öz layiqli cəzalarını
aldılar və Heydər Əliyevin Azərbaycana
qayıtmasını heç kim əngəlləyə bilmədi.
Bütün təhlükələrə baxmayaraq, o, Bakıya
gəldi, öz sözünü dedi. İndiki bəzi
dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli
olaraq, o, hər bir təhlükəyə, hər bir məhrumiyyətə
getməyə hazır idi. Onun böyüklüyü
bundadır və siz Hacıbala müəllim, o vaxt öz sədaqətinizi
göstərmisiniz, həm Ulu Öndərə, həm Vətənə,
dövlətə, xalqımıza. Çünki Heydər
Əliyevin hakimiyyətə gəlməsi bizi çox
böyük fəlakətdən qorudu. Təsadüfi deyil ki,
Ulu Öndər Sizə böyük vəzifələr təklif
etmişdir, Baş Nazirin müavini vəzifəsinə təyin
etdi, ondan sonra Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı, ondan əvvəl isə siz Suraxanı
rayonunda icra başçısı işləmisiniz.
Yadımdadır, sizin o vaxt fəaliyyətiniz də bəziləri
üçün bir növ təəccüblü idi,
çünki bildiyimə görə, qapılarınız
açıq idi, kim istəyirdi gəlirdi. Vətəndaşların
problemləri ilə maraqlanırdınız və bu, bir
novatorluq idi. İndi bəziləri bunu yaddan
çıxarır, amma mən yaddan çıxarmıram və
bu gün sizi dəvət etmişəm ki, bunu sizə deyim və
Azərbaycan vətəndaşları da bunu bilsinlər.
Ancaq
həyat yerində durmur, qarşıya yeni vəzifələr
qoyulur, yeni çağırışlar qarşımızda
durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə
ki, daha gənc nəslə yol vermək lazımdır. Ona
görə sizin ərizə ilə mənə müraciətinizi
yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya
yaşına çatmış, hər halda 70
yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin
ki, sizin nümunənizi təkrar edəcəklər. Hər
halda mən buna ümid edirəm. Siz Yeni Azərbaycan
Partiyasında da fəal iş görürsünüz. Hesab
edirəm ki, bundan sonra da partiya tərkibində siz öz fəaliyyətinizi
davam etdirməlisiniz. Sizə gələcək fəaliyyətinizdə
uğurlar arzulayıram və gördüyünüz işlərə
görə təşəkkürümü bildirirəm.
Hacıbala Abutalıbov: Çox
sağ olun.
Minnətdarlığımı bildirirəm. Birinci növbədə Ulu Öndərə olan sevgim, məhəbbətim
Leninqradda təhsil aldığım günlərdən
başlayıb. Düzdür, onda mən onunla
birbaşa görüşməmişdim.
Amma Siyasi Büro üzvlərinin şəkillərinin
içərisində ikinci
yerdə Heydər Əliyevimizin şəklini
görəndə bütün
azərbaycanlılar fəxr
edirdilər. Bizə hamı
hər yerdə Heydər Əliyevçilər
deyirdilər. Biz bununla fəxr edirdik. Heydər Əliyevi hakimiyyətə
xalq gətirdi. Azərbaycan xalqı düşdüyü
bəladan çıxmaq
üçün yalnız
və yalnız Ulu Öndəri rəhbərlikdə görə
bilərdi və görürdü də.
Ulu Öndər çox ağır vəziyyətdə olan Azərbaycanı xilas etmək üçün özünü qurban verdi. Gecəsini gündüzünə,
gündüzünü gecəsinə
qatırdı, Naxçıvanda
gecə lampa işığında işləyirdi,
soyuqda Azərbaycanı
belə bir ağır vəziyyətdən
çıxarmaq yollarını
araşdırırdı. Hakimiyyətə gələndən sonra Heydər Əliyev məni dəvət etdi və Suraxanıda vəziyyətin çox ağır olduğunu deyərək, məni bu rayonun icra
hakimiyyətinin başçısı
vəzifəsinə təyin
etdi. İnsanın həyatında elə
bir hal olur
ki, o hal insanın ən xoşbəxt günü sayılır. Mənim də
ən xoşbəxt günüm Heydər Əliyevlə əl-ələ
salamlaşmağım olub.
Suraxanıda işlədiyim vaxt
Heydər Əliyevimiz
və Siz Amerikadan qayıtmışdınız.
Prezident
İlham Əliyev: Müalicədən qayıtmışdı,
1999-cu il, yadımdadır o günlər,
xatırlayıram.
Hacıbala Abutalıbov: Bəli,
qurbanlar kəsilirdi. Üç gündən sonra Yeni Suraxanıya
gəldi, Heydər Məscidini açdı, bir aydan sonra
məni kabinetə dəvət etdi və dedi ki,
indi səni Baş Nazirin müavini təyin edirəm. Bir ildən sonra
məni Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
təyin etdi. Bakı Şəhər İcra Hakimiyyətində
Siz dediniz, düz 17 il
yarım işlədim.
Heydər Əliyevin böyük arzusu var idi: Bakı
təmizlənməlidir, Bakı
abadlaşmalıdır, Bakı
yaşıllaşmalıdır, Bakı gül-çiçəyə
çevrilməlidir. Gecə 3-də, 5-də zəng edirdi, yatmağı yox idi, gecəsi-gündüzü
yox idi. Sonra Sizin hakimiyyətiniz dövründə işlədim.
Sizin göstərişlərinizin, Bakının
belə gözəl vəziyyətə çatdırılması
üçün Sizin
arzularınızın yerinə
yetirilməsində əlimdən
gələni edə bildim. Bakı gözəlləşdi və Siz də
həmişə demisiniz
və deyirsiniz ki, Bakı dünyanın
ən gözəl şəhəridir. Əgər Heydər
Əliyevimiz Azərbaycan
dövlətini yaratdısa,
dövlətçiliyin banisidirsə,
Siz inkişaf etmiş Azərbaycanın
banisisiniz. Azərbaycanda sabitliyin qiyməti yoxdur. Çox sağ olun
ki, Azərbaycan belə bir inkişafdadır.
Minnətdarlığımı bildirirəm.
Prezident
İlham Əliyev: Sağ olun, Hacıbala müəllim.
Hacıbala Abutalıbov: Çox
sağ olun.
Azərbaycan.- 2019.- 22 oktyabr.- S. 1; 2.