İqtisadi
islahatlar real nəticələr verir
Şahin
MUSTAFAYEV: "Prezident İlham Əliyevin hər bir
tapşırığı üzrə ayrıca əhatəli
Tədbirlər Planı hazırlanır”
"Prezident İlham Əliyevin yanında keçirilmiş iqtisadi müşavirədə dövlət başçısı qarşıdakı dövr üçün mühüm və konkret vəzifələr müəyyənləşdirib. Cənab Prezidentin verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq əlavə iqtisadi artım mənbələrinin iqtisadi dövriyyəyə cəlb edilməsi, işgüzar fəallığın daha da artırılması, iqtisadi subyektlərin əlavə dəyərin yaradılmasında iştirakının genişləndirilməsi üçün tədbirlərin görülməsi istiqamətində araşdırma və təhlillər aparılır”.
Bu fikirləri Prezident İlham Əliyevin yanında keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar olaraq İqtisadiyyat Nazirliyində reallaşan kollegiya iclasında nazir Şahin Mustafayev söyləyib. Prezidentin verdiyi tapşırıqların icrası istiqamətində nazirlik tərəfindən görülən və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə geniş məlumat verən Şahin Mustafayev vurğulayıb ki, beynəlxalq maliyyə institutlarının təcrübəsi nəzərə alınmaqla, dövlət dəstəyi tədbirlərinin və investisiyaların iqtisadi artıma təsirinin qiymətləndirilməsi üzrə yeni metodologiyanın ekspertlərin cəlb olunması ilə hazırlanması işləri həyata keçirilir.
9 ayda əsas kapitala 10,1
milyard manat sərmayə yatırılıb
İqtisadiyyat naziri Şahin Mustafayev
çıxış edərək müşavirədə
Prezident İlham Əliyevin bu ilin 9 ayının sosial-iqtisadi
göstəricilərini müsbət qiymətləndirdiyini
diqqətə çatdırıb. Belə ki, dövlət
başçısının rəhbərliyi ilə həyata
keçirilən kompleks tədbirlər və köklü
islahatlar nəticəsində bu dövrdə ÜDM 2,5 faiz,
qeyri-neft ÜDM-i 3,5 faiz artıb. ÜDM-də qeyri-neft
sektorunun payı 60,7 faiz təşkil edib.
Sənayedə 1,7 faiz, qeyri-neft sənayesində
15,6 faizlik məhsul istehsalının artımına nail olunub.
Toxuculuq sənayesi 39,2 faiz, kimya sənayesi 20,6 faiz,
tütün məmulatları istehsalı 78,5 faiz, qida məhsulları
istehsalı 15,1 faiz, içki istehsalı 40,4 faiz, ağac
emalı və istehsalı 99 faiz, mebel istehsalı 29,5 faiz,
maşın və avadanlıqların
quraşdırılması və təmiri işləri 28,2
faiz, kənd təsərrüfatı 7,1 faiz, rabitə xidmətləri
16,4 faiz artıb. Tikinti sahəsində 5,6
faiz azalma olub.
Azərbaycanın xarici dövlət borcu ÜDM-in 17
faizini təşkil edir. Bu göstəriciyə görə ölkəmiz
dünyada doqquzuncu yerdə qərarlaşıb. Bu ilin
yanvar-sentyabr aylarında əsas kapitala 10,1
milyard manat sərmayə yönəldilib ki, onun da 6,3 milyard
manatı qeyri-neft sektoruna, o cümlədən 1,2 milyard
manatı qeyri-neft sənayesinə yatırılıb.
İnflyasiya
2,6 faiz təşkil edib, ərzaq məhsulları
3,5 faiz, qeyri-ərzaq məhsulları 1,3 faiz, xidmətlər
2,4 faiz bahalaşıb. Əhalinin gəlirləri 6,7 faiz artıb və inflyasiyanı əhəmiyyətli
dərəcədə üstələyir.
Doqquz ayda
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
Azərbaycanın xarici ticarət dövriyyəsi 13,8 faiz artaraq 25,3 milyard dollar, xarici ticarət
saldosu müsbət 4,5 milyrad dollar təşkil edib. Qeyri-neft
ixracı 15,5 faiz artmaqla 1,4 milyard dollara
çatıb, sənaye məhsullarının ixracında 13,1
faiz, kənd təsərrüfatı və emalı məhsullarının
ixracında 18,6 faiz artıma nail olunub.
Bu
dövrdə 186 ölkə ilə ticarət əlaqələri
aparılıb ki, bu da ötən ilin müvafiq dövrünə
nisbətən 5,7 faiz çoxdur. Xarici
iqtisadi fəaliyyətlə məşğul olanların
sayında 81,4 faiz artım müşahidə
olunub, ixrac məhsul çeşidlərinin sayı artaraq 2780-ə
çatıb.
2020-ci ildə qeyri-neft
ixracının 20 faiz artımı
proqnozlaşdırılır.
Şahin Mustafayev vurğulayıb ki, müşavirədə
dövlət başçısı qarşıdakı
dövr üçün mühüm və konkret vəzifələr
müəyyənləşdirib. Belə ki, Prezident İlham Əliyev
iqtisadi inkişafı şərtləndirən islahatların
dərinləşdirilməsi, qeyri-neft sektorunun
inkişafının daha da sürətləndirilməsi
hesabına yüksək iqtisadi artıma nail olunması, bu sahəyə
daha çox xarici investisiyaların cəlb edilməsi,
sosial-iqtisadi inkişaf proqnozlarının hazırlanması və
təhlilində əhatəliyin və dəqiqliyin təmin
olunması, Sahibkarlığın İnkişafı Fondunun,
bank sektorunun və investisiyaların qeyri-neft sektorunun
inkişafında və məşğulluğun
artırılmasında rolunun gücləndirilməsi, büdcə
xərclərinin səmərəliliyi ilə bağlı əsaslı
təhlillərin aparılması, şəffaflığın
təmin edilməsi və s. istiqamətlərdə
tapşırıqlar verib.
Sənaye parklarında 564 milyon
manatlıq məhsul istehsal edilib
İqtisadiyyatın aparıcı sahələrinin
inkişafı istiqamətində görülən işlərdən
danışan Şahin Mustafayev dövlət
başçısının sənayeləşmə siyasətinə
uyğun olaraq, sənaye parkları və məhəllələrinin
yaradılması, rezidentlərin fəaliyyətinin genişləndirilməsi
və yeni iştirakçıların cəlb edilməsi tədbirlərinin
daha effektiv şəkildə davam etdirildiyini bildirib.
Hazırda mövcud 5 sənaye parkında 44 rezident
qeydiyyatdan keçib ki, bunlardan da artıq 24-ü fəaliyyət
göstərir. İndiyədək sənaye parklarına 5,7 milyard manat investisiya yatırılıb, 9 minə
yaxın iş yeri açılıb. Sənaye parklarına
rezidentlər tərəfindən daha 673 milyon manat
yatırılması və əlavə olaraq 1,5
mindən çox yeni iş yerinin yaradılması nəzərdə
tutulur. Sənaye parklarında istehsal olunan məhsullar
daxili bazarla yanaşı, xarici ölkələrə də
ixrac olunur. Bu ilin 9 ayında sənaye parklarında 564
milyon manatlıq məhsul istehsal edilib ki, bunun 233 milyon
manatlıq hissəsi ixrac olunub.
Sənayenin inkişafında yeni və mütərəqqi
mexanizmlərdən olan sənaye məhəllələrinin təşkili
davam etdirilir.
Ölkənin regionlarında 4 sənaye məhəlləsi
yaradılıb. Bu sənaye məhəllələrində
38 rezident qeydiyyatdan keçib və bunlardan 22-si artıq fəaliyyət
göstərir. Sənaye məhəllələrinə
indiyədək sahibkarlar tərəfindən 53,8
milyon manat investisiya yatırılıb, 650-dən çox
iş yeri açılıb. Sənaye məhəllələrinə
daha 90 milyon manatdan çox sərmayə yatırılacaq ki,
bu da əlavə olaraq 1400-ə yaxın yeni iş yerinin
açılmasına imkan yaradacaq.
Hazırda ölkənin digər bölgələrində
də sənaye zonalarının yaradılması ilə
bağlı araşdırma və təhlillər
aparılır. Bu ilin sonunadək bölgələrdə
daha 2 sənaye zonasının (sənaye parkı və ya məhəlləsi)
təşkili barədə təkliflər aidiyyəti üzrə
təqdim ediləcək.
İnvestisiya fəaliyyəti
haqqında yeni qanun layihəsi hazırlanır
İclasda dövlət investiya proqramı çərçivəsində
görülən işlər müzakirə edilib, dövlət
vəsaitlərindən istifadənin səmərəliliyinin
artırılması, nəzarətin daha da gücləndirilməsi
üçün beynəlxalq təcrübə nəzərə
alınmaqla yeni mexanizmlərin tətbiqinin əhəmiyyətli
olacağı vurğulanıb.
Qeyd edilib ki, investisiya qanunvericiliyinin daha da təkmilləşdirilməsi
istiqamətində təkliflər hazırlanıb. Özəl sərmayə
qoyuluşunun prioritetliyi nəzərə alınaraq,
iqtisadiyyatın investisiya cəlbediciliyinin
stimullaşdırılması məqsədilə investisiya fəaliyyəti
haqqında yeni qanun layihəsi və birbaşa xarici
investisiyaların təşviqinə dair Strategiya, "Azərbaycana
sərmayə” ("İnvest in Azerbaijan”) və "Azərbaycanda
ilk” ("First in Azerbaijan”) təşviq mexanizmləri, ölkədə
fəaliyyət göstərən müəssisələrin
qlobal dəyər zəncirlərinə qoşulmasına dair Tədbirlər
Planı hazırlanıb.
Bundan başqa, Türkiyə, Çin və digər
ölkələrdə Azərbaycanın investisiya
imkanlarının geniş təqdimatı nəzərdə
tutulur. Növbəti illərdə özəl investisiyalarin
orta hesabla 11 faizlik artımı gözlənilir.
Kollegiyada ölkə iqtisadiyyatına xarici
investisiyaların cəlb edilməsi ilə əlaqədar
işlərin sürətləndirilməsi barədə
müvafiq tapşırıqlar verilib. İnvestisiya təşviqi sənədinin
iqtisadiyyata sərmayələrin cəlb edilməsində əhəmiyyətli
mexanizm olduğunu qeyd edən iqtisadiyyat naziri bildirib ki, indiyədək
346 sahibkara investisiya dəyəri 3,9 milyard manata yaxın olan
layihələr üzrə 407 investisiya təşviqi sənədi
və bu investisiya təşviqi sənədləri əsasında
2940 təsdiqedici sənəd verilib. Layihələrin
59 faizi sənaye, 40 faizi kənd təsərrüfatı, 1
faizi isə turizm sahələrini əhatə edir. Bu
layihələrin icrası nəticəsində 27 mindən
çox iş yerinin
açılacağı gözlənilir. Artıq 245
sahibkarlıq subyekti üzrə 270 layihə fəaliyyətə
başlayıb və 19 minə yaxın iş yeri
açılıb. 9 ayda isə sahibkarlara investisiya dəyəri
807,6 milyon manat olan layihələr üzrə 75 investisiya təşviqi
sənədi verilib, texnika, texnoloji avadanlıq və
qurğuların idxalı üçün ümumilikdə 730
təsdiqedici sənəd təqdim edilib.
Sahibkarlara 130 milyon manatlıq güzəştli
kredit verilib
Beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində
yerləşən ölkəmizin nəqliyyat-tranzit
qovşağına çevrilməsi Prezident İlham
Əliyevin iqtisadi diversifikasiya siyasətində mühüm
yer tutur.
Bu ilin 9
ayında ölkənin nəqliyyat-tranzit imkanlarının
genişləndirilməsi istiqamətində tədbirlərin
davam etdirilməsi nəticəsində yük
daşımaları 1,6 faiz artıb. Bu
dövrdə qeyri-neft tranzit daşımaları 43 faiz artmaqla
2,1 milyon tondan çox olub. "Şimal-Cənub
nəqliyyat dəhlizi” ilə tranzit daşımaların həcmində
77 faiz, "Şimal-Qərb nəqliyyat dəhlizi” ilə
tranzit daşımalarda 53 faiz artım qeydə alınıb. Bu sahədə işlərin səmərəliliyinin
daha da yüksəldəcək, əlavə iqtisadi artım
üçün yeni imkanlar yaradacaq.
İclasda qeyd olunub ki, bu ilin 9 ayında da özəl
sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi istiqamətində sistemli tədbirlər
davam etdirilib.
Bu dövrdə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın
İnkişafı Fondu tərəfindən müvəkkil
kredit təşkilatları vasitəsilə ümumi dəyəri
450 milyon manat olan 887 sahibkara geri qaytarılan vəsaitlər
hesabına 130 milyon manat, o cümlədən 857 kiçik və
orta həcmli layihəyə 24 milyon manat güzəştli
kredit verilib. Bu kreditlərdən istifadə etməklə
investisiya layihələrinin reallaşdırılması 3800-dək
yeni iş yerinin açılmasına imkan yaradır. Güzəştli
kreditlərin 74 faizi aqrar sektorun, 26 faizi sənaye istehsalı və
digər sahələrin, 66 faizi regionların, 34 faizi isə
Bakı qəsəbələrinin payına düşür. Bu ilin 9 ayı ərzində fondun güzəştli
kreditlərindən istifadə etməklə yaradılan 19
müəssisə istifadəyə verilib.
Əlavə
iqtisadi artım mənbələrinin yaradılmasında və
ixracın genişləndirilməsində
stimullaşdırıcı tədbirlərdən olan güzəştli
kreditləşdirmə həyata keçirilib, logistik mərkəzlərin
yaradılması işlərinin davamı olaraq son illərdə
Sahibkarlığın İnkişafı Fondu tərəfindən
400 hektardan çox ərazidə müasir istixana və 9,6 min
hektar ərazidə intensiv bağçılıq təsərrüfatlarının
yaradılmasına 313 milyon manat, ümumi tutumu 353 min ton olan
logistik mərkəzlərin təşkilinə 180 milyon
güzəştli kredit verilib. Bu isə, ixracda
kənd təsərrüfatı məhsullarının ixrac həcminin
artmasına müsbət təsir göstərir.
İxracın
dəstəklənməsi məqsədilə ilin 9 ayında 8
beynəlxalq sərgidə sahibkarların vahid ölkə
stendi ilə iştirakı təmin edilib, müxtəlif
ölkələrə 7 ixrac missiyası təşkil olunub, 90
sahibkarlıq subyektinə 16 ölkəyə 120,4 milyon dollar dəyərində
məhsul ixracına görə 7,2 milyon manat ixrac təşviqi
ödənilib.
Əlavə
iqtisadi artım resurslarının cəlb olunması işlərinin
tərkib hissəsi olaraq ölkənin 33 rayonunda 262 min hektar ərazidə
ümumi dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri
fermer təsərrüfatı yaradılır. Ümumi
dəyəri 764 milyon manat olan 27 aqropark və iri fermer təsərrüfatının
yaradılmasına 192 milyon manat dövlətin güzəştli
kredit vəsaitləri ayrılıb. Əlavə
olaraq 23 aqropark və iri fermer təsərrüfatı üzrə
ümumi dəyəri 759 milyon manat olan 45 layihəyə
investisiya təşviqi sənədi verilib. İnvestisiya
təşviqi sənədi hesabına qənaət olunmuş
25,2 milyon manat vəsait layihələrin
icrasına yönəldilib. Aqroparklardan 28-i
artıq istifadəyə verilib, ilin sonunadək daha 5-nin istifadəyə
verilməsi gözlənilir.
Ölkə üzrə KOB
dostlarının sayı 18-ə çatdırılıb
İclasda mikro, kiçik və orta sahibkarlığın
(KOB) iqtisadiyyatda rolunun artırılmasının sosial-iqtisadi
inkişaf strategiyasının prioritetlərindən olduğu
diqqətə çatdırılıb. Bu baxımdan KOB-lara dəstək
məqsədi ilə yaradılmış İqtisadiyyat
Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA) tərəfindən 2019-cu ilin yanvar-sentyabr
ayları ərzində sahibkarların məlumatlandırılması,
onlara müxtəlif xidmətlərin göstərilməsi,
yeni dəstək mexanizmlərinin yaradılması,
KOB-ların maraqlarının müdafiəsi istiqamətində
müvafiq tədbirlər görülüb.
Bu dövrdə 8 KOB Dostu fəaliyyətə
başlayıb ki, bununla da ölkə üzrə KOB
dostlarının sayı 18-ə çatdırılıb. KOBİA-nın
dəstəyi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı
kəndində yaradılmış arıçılıq təsərrüfatlarında
istehsal edilən məhsulların emalı və
qablaşdırılması üçün mobil emalatxana,
Abşeron rayonunda kombi istehsalı zavodu fəaliyyətə
başlayıb, Şəmkirdə istixana təsərrüfatının
fəaliyyətinin genişləndirilməsinə dəstək
göstərilib. Sahibkarlara bütün
dövlət-biznes ("G2B”) və biznes-biznes ("B2B”) xidmətlərin
vahid məkanda göstərilməsi məqsədilə
hazırda Bakı şəhərində yaradılmaqda olan ilk
kiçik və orta biznes evinin (KOB evi) təşkili və
"e-KOB evi” portalının yaradılması istiqamətində
tədbirlər davam etdirilir.
Gələn il qeyri-neft sənayesi 8,8 faiz, kənd təsərrüfatı 4,8 faiz
artacaq
İqtisadi və sosial inkişaf konsepsiyasının
hazırlanması prosesi barədə danışan Şahin
Mustafayev proqnozların mütəmadi olaraq ölkə
iqtisadiyyatının mövcud inkişaf səviyyəsi, qlobal
meyillər və çağırışlar nəzərə
alınmaqla yeniləndiyini qeyd edib. Bu sahədə işlərin
təkmilləşdirilməsi, baş verən iqtisadi proseslərə
daha çevik və adekvat yanaşmanın təmin olunması
məqsədilə nazirlikdə aparılan institusional tədbirlərin
genişləndirilməsi qərara alınıb.
Nazir vurğulayıb ki, görülən işlər,
möhkəm iqtisadi təməl qarşıdakı 2020-ci ildə
inkişafın davamlılığına əsas yaradır. Belə ki, ÜDM-in real
artımının 3 faiz, o cümlədən neft sektoru
üzrə 1,6 faiz, qeyri-neft sahəsində isə 3,8 faiz təşkil
edəcəyi proqnozlaşdırılır. Gələn il
qeyri-neft sənayesi 8,8 faiz, kənd təsərrüfatı
4,8 faiz artacaq. Proqnozlara görə, 2020-ci ildə
ÜDM-də qeyri-neft sektorunun payı 65 faizi ötəcək.
2020-ci ildə
əsas kapitala investisiya qoyuluşunun 18,3
milyard manat təşkil edəcəyi gözlənilir. Bunun 12,2 milyard manatı daxili, 6,1 milyard
manatının isə xarici investisiyaların payına
düşəcəyi proqnozlaşdırılır.
Qeyri-neft investisiyalarına əsaslanan artımın əldə
edilməsi üçün iqtisadi fəaliyyət subyektlərinin
maliyyə resurslarına çıxış
imkanlarının genişləndirilməsi, maliyyə dərinliyinin
Strateji Yol Xəritəsində müəyyən olunmuş 60
faizə çatdırılması qarşıya qoyulmuş əsas
vəzifələrdəndir. Buna nail olmaq
vacibdir.
Şahin Mustafayev iqtisadi müşavirədə dövlət
başçısının çıxışından irəli
gələn və İqtisadiyyat Nazirliyi qarşısında
qoyulmuş vəzifələrin vaxtında və yüksək
səviyyədə icrası üçün nazirliyin struktur
bölmələrinə konkret tapşırıqlar verib,
müşavirədə verilmiş proqram xarakterli hər bir
tapşırıq üzrə ayrıca əhatəli Tədbirlər
Planının hazırlanması qərara alınıb.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.- 2019.- 22 oktyabr.- S. 1;
3.