Səmimiliyini
itirən jurnalistika
Azərbaycan milli
mətbuatını fikir nəhəngləri, söz korifeyləri
yaradıblar!
Çox böyük çətinliklə: maliyyənin, mətbəə və şriftin, mürəttib və qəzet yayıcılarının, hətta qəzetə yazanların və yetərli oxucunun olmadığı bir zamanda!
Amma bütün çətinlik və maneələrə mətanətlə sinə gərərək millətə xidmət etmək, onu maarifləndirmək, gözünü açmaq, mövhumata üstün gəlmək üçün fədakarcasına meydana giriblər!
Hədə-qorxulara məhəl qoymadan, təqiblərdən çəkinmədən, ünvanlarına mütəmadi səslənən söyüş və təhqirlərə baxmadan, ölüm təhlükəsindən belə qorxmadan!
Yorulmadan, usanmadan, yollarında büdrəmədən qələmləri və sözləri ilə savaşıblar!
Çünki özləri əsl vətənpərvər ziyalı, prinsipial fikir və əqidə adamları, qorxmaz millət fədailəri idilər!
"...Belədə qəzet çıxarmaqdan savayı bir qeyri-əlac yoxdur ki, kağızın üstünə yazılmış o doğru sözlər qapı-pəncərələrdən o iman mənzilinə çata bilsin. Heç olmaz ki, doğru söz yerdə qalsın” deyən Həsən bəy Zərdabi sona qədər öz amalına sadiq qaldı.
"Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!” söyləyən Cəlil Məmmədquluzadə də ömrünü milləti yolunda şam kimi yandırdı!
Biri maarifləndirərək, digəri tənqid edərək, gülə-gülə islah etməyə, gözlərini açmağa, elmə, mədəniyyətə və mərifətə yönəltməyə çalışdılar!
Amma bu qələm əhillərinin hamısı öz əməllərində həm də səmimi idilər!
Çünki milləti sevdikləri, onun gələcəyini düşündükləri üçün hər çətinliyə dözürdülər!
***
Milli mətbuatımız yarandığı gündən obyektiv, təmiz, qərəzsiz və təmənnasız olub!
İnsan şəxsiyyətinə və ləyaqətinə hörmətlə yanaşmağa çalışıb və buna nail olub!
Heç zaman tənqiddən təhqirə keçməyib!
"Molla Nəsrəddin” satira hədəfi kimi sadə, avam və savadsız kəndlini yox, mövhumatı, rüşvətxor məmuru, qudurğan bəy-xanı seçib!
"Fəhlə, sən də özünü bir insanmı sanırsan?!”
Yaxud,
"Öyrəşməmisən ət-yağa dünyada əkinçi!
Heyvan kimi ömr eyləmisən sadə, əkinçi!” yazan M.Ə.Sabirin hədəfi fəhlə və ya əkinçi deyil, ona həqarətlə baxan ağa, bəy idi!
Çünki özləri də əsl ziyalı, mükəmməl qələm sahibi, başqalarına hörmətlə yanaşmağı bacaran jurnalistlər idilər!
***
Jurnalist
peşəkarlığının vacib elementlərindən
biri jurnalist səmimiyyətidir!
Müsahibinin
qələm əhlinə inanması, ürək
qızdırması üçün bu, çox mühüm
şərtdir!
Məhz bu halda jurnalist ilə müsahibi arasında
qarşılıqlı inam və etibar yaranır, sualları
çəkinmədən, ehtiyat etmədən
dolğunluğu ilə cavablandırır.
Müsahib bilir ki, onun "yozula bilən”, ikimənalı
cavabları da pis yerə yozulmayacaq, geriyə, özünə
qarşı yönləndirilməyəcəkdir!
Müasir jurnalistikada təəssüf ki, digər
janrların "unudulduğu”, yalnız informasiya və
müsahibənin aparıcı mövqeyə
çıxdığı bir vaxtda bu, xüsusilə vacibdir.
Jurnalist səmimiyyətinin itirilməsinin başlıca
səbəbi "sensasiya xəstəliyi”dir!
Bir
çox saytlar və qəzetlər oxucu diqqəti çəkmək,
yazılarını "maraqlı etmək” üçün
ona sensasiyalı sərlövhələr qoymağa,
materialın içinə əslində mətləbə və
mövzuya dəxli olmayan "qeyri-adi”, "indiyədək bəlli
olmayan” "faktlar” salmağa can atırlar.
Odur ki, müsahibə zamanı müxbirlər ciddi-cəhdlə
müsahibinin dilindən nəsə qoparmağa, hansısa
"ifadəni” almağa çalışırlar.
Hətta
bunu məqsədə çevirirlər, necə deyərlər,
qoparmayınca əl çəkmirlər!
Nəticədə yazı jurnalist səmimiyyətinə
inanan müsahibin "dilindən qaçırdığı”,
həyatı üçün xarakterik olmayan, bəzən təsadüfi,
ötəri bir məqamı barədə söylədiyinin əndirəbadi
formada təqdimi ilə yekunlaşır.
Üstəlik, hadisələr içində bəlkə
də ən axırıncı yerdə dayanan həmin fikir sərlövhəyə
daşınır.
Bəzi jurnalistlər bunu özləri üçün
"uğur” saysalar da, əslində peşənin prinsiplərinin
ciddi şəkildə pozulmasıdır!
İnsan həyatından "sensasiya” düzəltmək
yaramaz!
Sənə
inanaraq açıq söhbət edənin sözgəlişi
söylədiyinin başına ip salaraq hallandırmaq yolverilməzdir!
Təəssüf
ki, bunlar artıq müasir jurnalistikanın adiliyə
çevrilmiş gerçəkliyidir!
Və fəaliyyət
tərzidir!
***
Səmimiyyətini
itirən jurnalistika artıq digər vacib keyfiyyətlərindən
də aralı düşür! Məsələn,
mərhəmət və xeyirxahlığı arxa plana
keçməkdədir.
Biz yalnız hansısa ciddi xəstəliyə
düçar olmuş insanın, xüsusən də
tanınmış sənət adamının müalicəsi
üçün pul toplamaq kampaniyası keçirilərkən
(əsasən də telekanallarda) bunun şahidi oluruq. Halbuki sovet
dövründə mətbuat və televiziya daima ölkə vətəndaşının
yanında olurdu, onun qayğı və problemlərinin (hətta
məişət və digər sahələrlə
bağlı) həllində köməkçisinə
çevrilirdi.
Bu gün
isə mərhəmət və xeyirxahlığın yerini
aqressiyanın tutmasının şahidləriyik...
Nəyi nəzərdə tuturuq.
Müasir jurnalistika kriminal xəbərlərə,
baş vermiş ağır, qəddarlıqla törədilmiş
cinayətlərin işıqlandırılmasında daha həvəsli
görünür.
Yəqin ki, bunun bir səbəbi DİN-in ölkədə
baş verən hər bir cinayət hadisəsini dərhal
öz saytında yerləşdirməsi və bu səbəbdən
həmin informasiyaların hamı üçün əlçatan
olmasıdır.
Lakin
kriminal mövzuda yazarkən faktlara yanaşma qaneedici deyil!
Əvvəla, kriminal xəbərləri bütün sayt
və telekanalların hamısı birnəfəsə verdiyindən
"cinayət bolluğu” təsəvvürü yaranır.
Digər tərəfdən, faktlara yanaşmada sensasiya,
şişirtmə elementləri üstünlük təşkil
edir.
Halbuki təəssüf,
mərhəmət, qınaq və çəkindirmə məqamlarına
üstünlük verilməsi daha vacibdir!
Mətbuatın "obyektiv münsif” əvəzinə
"qızışdırıcı mövqe” tutması da
diqqətçəkən və ciddi narahatlıq yaradan məqamlardandır.
Söhbət söylənən fikirlərə
münasibət bildirilməsindən gedir.
Tutaq ki, tanınmış simalardan biri hansısa məsələ
ilə bağlı mətbuata açıqlama verir. Dərhal
başqa bir qəzet və ya sayt bu açıqlamadakı bəzi
məqamlarla bağlı başqa birinə "mövqe”
bildirməyi xahiş, bəzən isə tələb edir.
Və başlayır ordan-burdan "qazımağa”,
qurdalamağa, müsahibinin dilindən "ilişkənli” nəsə
qoparmağa!
Elə ki əllərinə bir şey keçir, sevinir,
yenidən ilk açıqlama verənlə əlaqə
saxlayaraq "filankəs sənin fikirlərinlə
bağlı bunları dedi, cavabın nədir?” söyləməklə
iki nəfər arasında ziddiyyət yaratmağa
çalışırlar.
Vay o
gündən ki, müsahib təcrübəsiz ola
və daha sərt mövqe sərgiləyə...
Müxbirin
çiçəyi çırtlayır, deməli, istədiyi
"sensasiya” alınıb...
Ancaq bu nə
jurnalistikadır, nə də jurnalist - vətəndaş
münasibəti!
Bu,
jurnalistikanın nə təməl prinsiplərinə, nə mətbuatın
ənənələrinə, nə də ki medianın
müasir beynəlxalq standartlarına uyğundur!
İnsanları
ziddiyyətə, qarşıdurmaya sövq etmək heç
zaman KİV-ə hörmət və başucalığı gətirməz!
Jurnalist
öz fəaliyyəti ilə barış yaratmağa
çalışmalıdır!
Süni "sensasiya”nın isə ömrü uzun olmur!
Belə "sensasiyada” qazananlar çox keçmədən
oxucu sayında itirirlər.
***
Yaxud başqa bir məqam.
Adətən müxbir öz suallarını rahat şəraitdə
müəyyənləşdirir və hazırlayır. Sonra mobil
telefonla əlaqə yaradaraq kimdənsə cavab almağa
çalışır.
Telefonla
danışdığı insan haradadır, hansı şəraitdədir,
əhvali-ruhiyyəsi necədir, fikrini dərhal həmin sual ətrafında
toplaya biləcəkmi - bütün bunlar müxbirin vecinə
deyil, heç bu barədə düşünmür də!
Ona materialı tez, həm də "sensasiya”
formasında hazırlamaq gərəkdir!
Sualları
yağdırır...
Darmacalda
suala cavab verənin bəzən fikrini dəqiq ifadə etməməsi
başadüşüləndir!
Lakin bu,
bir paraları üçün göydəndüşmə
olur!
Fikrin,
cümlənin, hətta bəzən sözün başına
ip salaraq belədən-belə dolandırır, belədən-belə
fırladır!
Digər saytlar da dərhal onlarla səs-səsə verirlər.
Vay o
gündən ki, həmin şəxs mətbuatın daim
qaraladığı insanlardan olsun!
Bir
vur-çatlasın düşür ki, gəl görəsən!
Amma bu, nə
jurnalistikadır, nə də sənə inanan, səninlə əməkdaşlıq
edənə göstərilən insani münasibət!
Sonra da
deyirlər ki, filankəslər mətbuatdan yayınırlar,
telefonlarını qapadırlar, KİV-lə əməkdaşlıq
etmirlər...
Kim qərəzli
müxbirlə, xəbər yox, sensasiya ardınca qaçan
KİV-lə dostluq edər ki...
Əsl
jurnalist insanları dürüstlüyü, xoş niyyəti,
səmimiliyi ilə dost-əməkdaşa çevirə biləndir!
Çünki
səmimiyyətin özəyində bir inam və etibar
dayanır!
***
Sosial şəbəkə "prinsip”lərinin (bəlkə
də prinsipsizliyinin) mətbuata daşınması obyektivliyə
və səmimiyyətə vurulan zərbədir!
Sosial şəbəkədə müxtəlif
yaşlı, xarakterli, səviyyəli,
dünyagörüşlü insanlar bir-birlərilə istədikləri
formada və ifadələrlə danışa, yazışa
bilərlər.
Bu azad söz "meydanında” nə məhdudiyyət
var, nə senzura, nə də qayda-qanun!
Necə
deyərlər, hərənin öz ədəbinə və
qanacağına qalıb!
Mətbuat isə hüquqla, qanunlarla tənzimlənən
və jurnalistdən məsuliyyət tələb edən sahədir.
Burada
çalışanlar fəaliyyətlərində nə qədər
azad və sərbəst olsalar da, həmin qanunların tələblərinə,
Azərbaycan Jurnalistinin Peşə Davranışı
qaydalarına əməl etməyə borcludurlar!
Sosial şəbəkə bəlkə də mətbuata
nüfuz etmək istəyər (Əslində, edir də).
Hələlik
onunla rəqabətdədir!
Amma bu sayaq nüfuzetmə mətbuata hörmət və
başucalığı gətirərmi, yaxud gətirirmi?
Üstəlik belə "sərbəst” davranış
zamanı məhkəmə məsuliyyətini, qanunun tələblərini
də unutmaq olmaz!
***
Həyat
dəyişir, inkişaf edir, yenilənir...
Yeni
texnologiyalar hər yana nüfuz edir,
işimizi rahatlaşdırır və asanlaşdırır,
operativliyi və sürəti artırır.
İnformasiya bolluğu, informasiyanın yayım sürəti,
miqyası görünməmiş həddə
çatmışdır.
Bütün
bunlar yaxşıdır, hamını qane edəndir!
Şübhəsiz bu texniki proseslərin, eyni zamanda,
sosial şəbəkədəki müzakirə və yeniliklərin
mətbuata da təsiri inkarolunmazdır.
Bir tərəfdən İKT-nin, digər tərəfdən
lazımi biliyi, peşə təcrübəsi olmayan
insanların jurnalistikaya axını bu sahədə də
müəyyən dəyişikliyə səbəb olur.
Təəssüf
ki, dəyişikliklərin hamısı müsbət yöndə
getmir!
Xüsusən
peşəkarlıq səviyyəsinin aşağı
düşməsi, milli mətbuatımızın əsrlər
boyu formalaşmış ənənələrindən uzaqlaşması
xoşagələn və arzuedilən hal deyil!
Jurnalistikada
səmimiyyətin itirilməsi də ən ağrılı
itkilərdən sayılmalıdır!
Çünki bu, təkcə müxbir-vətəndaş
münasibəti ilə məhdudlaşmır.
Mətbuatla cəmiyyət arasındakı əlaqələrin
keyfiyyətinə də ciddi təsir göstərir.
Mətbuat əməkdaşlıq etdiyi insanların
sayında və səmimiliyində itirir.
İnsanlar isə ürək qızdırılası,
etibar ediləsi qələm sahiblərinin azalmasından pəjmürdə
olurlar.
Təəssüf ki, milli mətbuatın yaranmasından
bugünümüzədək gəlib çıxan səmimi
münasibətləri, jurnalistikamızın səmimiliyini
qoruya bilmirik.
Deməli,
həm də bir qism mənəvi dəyərlərdən gen
düşürük...
Heç
nə qazanmadığımız halda itirməyə dəyərmi?!.
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2019.- 22 oktyabr.- S. 1;
3.