İşıqlı Azərbaycan naminə

Prezident İlham Əliyevin elektroenergetika sahəsindəki nəhəng layihələri bir vaxtlar əhalisini enerji ilə təmin edə bilməyən ölkəni bu gün ixracatçı dövlətə çevirib

20 Oktyabr Energetiklər Günüdür

Yaşadığımız 2019-cu il Azərbaycan elektroenergetikası üçün olduqca əlamətdar ildir. Çünki bu il Azərbaycanın enerji sisteminin 120, paylayıcı elektrik şəbəkəsinin 90 illiyi qeyd edilir. Eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 oktyabr tarixinin Energetiklər Günü kimi qeyd edilməsi ilə bağlı sərəncamının 15 ili tamam olur.

Bu, əlbəttə ki, dövlət başçısının elektroenergetika sahəsində çalışan insanların fədakar əməyinə verdiyi böyük qiymətin ifadəsidir. Bu həmin tarixdir ki, 38 il əvvəl, 1981-ci ilin oktyabr ayının 20-də Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə Mingəçevir şəhərindəki "Azərbaycan” İstilik Elektrik Stansiyasının birinci enerji bloku istismara verilib və bununla da Azərbaycan energetikasının inkişafında yeni, çox mühüm mərhələnin əsası qoyulub.

Heydər Əliyev dühası ilə təməli qoyulan enerji təhlükəsizliyi

Azərbaycan iqtisadiyyatının, onun sosial həyatının istər ötən əsrin 70-80-ci illərindəki, istərsə də müstəqillik dövründəki dinamik yüksəlişi bir çox mühüm amillərlə yanaşı, elektrik enerjisi sisteminə də sirayət edir. Elektrik energetikasında sürətli inkişafı təmin etmək məqsədilə hələ 1970-80-ci illərdə təxirəsalınmaz tədbirlər həyata keçirildi, bir sıra irimiqyaslı layihələr reallaşdırıldı. Məhz həmin illərdə Ulu Öndər Heydər Əliyev resbublikanın elektrik enerjisinə olan tələbatını yerli imkanlar hesabına ödəməyi qarşıya məqsəd qoyaraq, bu istiqamətdə gərgin fəaliyyətə start verdi. Demək olar ki, Azərbaycanda enerji təhlükəsizliyi sisteminin təməli həmin illərdə qoyuldu.

Bu sahədə işləri sürətləndirən dahi şəxsiyyət Azərbaycanın bugününü əvvəlcədən görürdü və hesab edirdi ki, vaxt gələcək, bu işlər müstəqil Azərbaycan dövlətinə və xalqına xidmət edəcək. Həmin dövrdə bir-birinin ardınca yeni elektrik stansiyalarının, yüksək gərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu.

Respublikaların maliyyə imkanlarının məhdud olduğu bir dövrdə çox böyük maliyyə vəsaiti tələb edən bu irimiqyaslı işlərin görülməsi üçün İttifaq büdcəsindən vəsaitin ayrılmasına nail olmaq həmin dövrdə heç də asan deyildi. Heydər Əliyev 70-80-ci illərdə energetika sahəsində gördüyü işlər haqqında sonralar belə deyirdi: "Hər dəfə elektrik stansiyası tikilməsi haqqında SSRİ rəhbərliyi qarşısında məsələ qoyarkən mənə deyirdilər ki, SSRİ-də vahid elektrik enerjisi sistemi var və Azərbaycana nə qədər elektrik enerjisi istəyirsiniz verək. Mən deyirdim ki, yox, istəyirəm bizim özümüzünkü olsun. Mən istəyirdim ki, müəyyən sahələrdə biz asılı olmayaq. Bu gün mən iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan elektrik enerjisi sahəsində asılı deyildir. Özü həmin elektrik stansiyalarında elektrik enerjisi istehsal edir”.

Həmin dövrdə bir-birinin ardınca yeni elektrik stansiyalarının, yüksək gərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu.

Diqqət etsək görərik ki, əgər 1969-cu ilə qədər Azərbaycan elektrik enerjisi idxal edirdisə, 1982-ci ildə artıq ölkəmiz elektrik enerjisi ixrac edən respublikaya çevrildi. Bununla da elektrik enerjisi sahəsində yeni inkişaf mərhələsinin başlanğıcı qoyuldu.

 

Elektroenergetika sahəsində yeni əsr

Elektroenergetikanın inkişafı sahəsində dahi liderin ideyalarını uğurla həyata keçirən, onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı da elektroenergetika sayəsindən yan keçmədi, üstəlik bir qədər də canlandı.

Yaradılma tarixi Ümummilli Liderin adı ilə bağlı olan müstəqil Azərbaycanın energetika sistemi, Prezident

İlham Əliyev tərəfindən müxtəlif vaxtlarda təsdiq olunmuş dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində daha da inkişaf etdirilərək dünya standartlarına uyğun səviyyədə yenidən qurulmaqdadır.

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı həyatımızın bütün sahələrində, o cümlədən elektroenergetika sisteminin inkişafında öz əksini tapıb. Ölkədə həyata keçirilən islahatlar elektrik təchizatı ilə bağlı müasir infrastrukturun yaradılması istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına səbəb oldu.

16 il əvvəl Prezident İlham Əliyevin enerji sektorunda islahatların həyata keçirilməsinə start verməsi elektroenergetika sahəsində yeni eranın başlanmasına gətirib çıxardı. Azərbaycan elektrik enerjisi idxal edən ölkədən elektrik enerjisi ixrac edən ölkəyə çevrildi. Bu gün bu sözləri cəsarətlə demək üçün hansı əziyyətlərə sinə gərilib, nə qədər gecəli-gündüzlü əmək sərf edilib, bu da bir həqiqətdir. Müasir elektroenergetika infrastrukturu çoxlarına bəlkə də məşəqqət dolu günləri, gecələri unutdurub.

Elə cənab Prezident də müxtəlif vaxtlardakı çıxışlarında həmin günləri xatırlayarkən haqlı olaraq qeyd edir: "O illərdə ölkəmizin yarısı işıqsız qalırdı. Bakı şəhərinin özündə işıq çatışmırdı. Hətta bəzi hallarda saat 12-də televiziya kanalları da fəaliyyətini dayandırırdı ki, vətəndaşlar elektrikdən az istifadə etsinlər. Çünki elektrik çatışmırdı. Bu gün biz nəinki özümüzü təmin edirik, xaricə elektrik enerjisi ixrac da edirik”.

Məhz cənab İlham Əliyevin elektroenergetika sisteminin inkişafına göstərdiyi diqqət sayəsində Azərbaycan həm də dünyada enerji ixracatçısı kimi tanınmaqdadır. Dünyanın mötəbər reytinq təşkilatlarının hər il açıqladıqları hesabatlarda Azərbaycanın adı ən islahatçı ölkə kimi qeyd edilir. Dünya Bankının "Doing Business 2020” hesabatında Azərbaycanın ötən illə müqayisədə daha 5 pillə irəliləyərək ən islahatçı 20 ölkə sırasına daxil edilməsi də bunun təsdiqidir.

 

Dayanıqlı inkişafa keçid, enerji sistemində müasir islahatlar

2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev ölkədə elektrik enerjisi ilə bağlı modernləşdirmə prosesinin davam edəcəyini vurğulayaraq bildirmişdi ki, mövcud stansiyaların potensialının gücləndirilməsi üçün işlər aparılır. Yenidənqurma, bərpa, modernləşmə işləri nəticəsində mövcud stansiyalarda ən azı 400-500 meqavat əlavə enerji gücü əldə edilməsi mümkündür.

Ümumiyyətlə, son illərdə Azərbaycanda elektrik enerjisinin istehsalı və ötürülməsi sahəsində çox böyükmiqyaslı işlər həyata keçirilir. 2018-ci ilin sentyabr ayından etibarən cənab Prezidentin tapşırığına əsasən enerji sistemində yeni islahatlara start verilib, yerli və xarici mütəxəssislərin rəyi nəzərə alınmaqla "Reabilitasiya Proqramı” hazırlanaraq dərhal icrasına başlanılıb.

"Reabilitasiya Proqramı” çərçivəsində istismar müddətini çoxdan başa vuran və ötən ilin iyul ayında qəza baş verən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan "Azərbaycan” İstilik Elektrik Stansiyasının hər biri ayrıca elektrik stansiyası statusunda olan 8 enerji bloku növbəli şəkildə yenidən qurularaq təmir edilir. Son bir ildə 5 blokda yenidənqurma işləri aparılıb, digər 3 enerji blokunda işlər gələn ilin birinci yarısında yekunlaşacaq. Paralel olaraq "Azərbaycan” İstilik Elektrik Stansiyasında yerləşən, ölkənin 2 ən böyük yarımstansiyalarından biri olan 500 kilovoltluq yarımstansiyada işlərin 95 faizi görülüb və hazırda sazlama işləri həyata keçirilir.

2018-ci ildə qəza baş verən 330 kilovoltluq yarımstansiyada yenidənqurma sürətlə davam etdirilir və işlərin yarıdan çoxu görülüb. 330 kilovoltluq yarımstansiyanın idarəetməsi üçün tikilən mərkəzdə işlər tamamlanıb. Bundan başqa, elektrik stansiyasının Baş İdarəetmə Mərkəzində, azot-oksigen, hava kompressor sahələrində, yağ və reagent təsərrüfatlarında, kimya sexində işlər başa çatıb, son tənzimetmə işləri aparılır.

Bununla yanaşı, "Cənub” Elektrik Stansiyası etibarlı yanacaq təchizatını təmin etmək məqsədilə Hacıqabul rayonunda yerləşən qazpaylayıcı stansiyadan "Cənub” ES-ə 25 km məsafədə 530 mm diametrli (40 atm. təzyiqli) yeni qaz kəməri çəkilərək istismara verilib.

 

"Şimal-1” Elektrik Stansiyasında da son aylarda təmir, sazlama və bərpa işləri aparılıb. Belə ki, stansiyanın blokunda zədələnmiş rutor dəyişdirilərək başqası ilə əvəz edilib. 100 tona qədər çəkisi olan rutorun dəyişdirilməsi ilə bağlı stansiyanın fəaliyyətinin müvəqqəti dayandırılması fürsətindən istifadə edilərək, xarici və yerli mütəxəssislərin iştirakı ilə yanacaq kompressoru, işçi kürəklər, o cümlədən digər avadanlıq, aqreqatlar yenilənib, təmizlənib və təmir edilib.

"Reabilitasiya Proqramı” çərçivəsində Mingəçevir şəhərində yerləşən "Mingəçevir” Su Elektrik Stansiyasında da təmir-bərpa işləri həyata keçirilir. Hidroaqreqatlarda təmir-bərpa işləri aparılır və sifariş əsasında gətirilən ehtiyat hissələri quraşdırılır.

"Şəmkir” Su Elektrik Stansiyasında da təmir-bərpa işləri həyata keçirilir. Ötən ilin payızından başlayaraq stansiyanın hidroaqreqatlarında təmir-bərpa işləri aparılıb və 2 saylı hidroaqreqat üçün sifariş əsasında gətirilən ehtiyat hissələri dəyişdirilib, 330 kV-luq blok avtotransformatoru əsaslı təmir olunub. Bununla 100 MVt "itirilmiş” güc bərpa olunub, dayanıqlıq və etibarlıq artırılıb. Hazırda əsas işlər "Şəmkir” SES-in sutullayıcı qurğusunda aparılır. 1983-cü ildə stansiya istismara veriləndən bu günə qədər sutullayıcı qurğuda heç bir təmir işləri aparılmadığı üçün qurğu yenidən qurulacaq.

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi "Sumqayıt” Elektrik Stansiyasını işini dayandırmaq təhlükəsi ilə üzləşdirdiyindən sahildən Xəzər dənizinin içərisinə doğru soyuq suyun 5 metr dərinlikdən götürülməsinə imkan verən 750 metr məsafədə estakada qurmağa qərar verilib. Bununla da ilk dəfə MDB məkanında soyutma suyunun kaskad vasitəsilə sakitləşdirici kanala və oradan isə stansiyaya ötürülməsi sistemi yaradılacaq. Artıq neçə müddətdir işlərə başlanılıb və növbəli iş prinsipi əsasında fasiləsiz olaraq davam etdirilir. İşlər qrafik əsasında 8 ay müddətində başa çatdırılacaq və stansiyaya Xəzər dənizinin dərinliyindən su veriləcək.

İstilik elektrik stansiyalarında aparılan işlərlə paralel ümumi layihə gücü 769 MVt olan modul tipli "Bakı”, "Astara”, "Şəki”, "Xaçmaz”, "Şahdağ” və "Səngəçal” modul elektrik stansiyalarının real generasiya gücünün artırılması və sabit fəaliyyətinin təmin edilməsi işlərinə başlanılıb. Bu məqsədlə lazım olan ehtiyat hissələrinin alınması məqsədilə Finlandiyanın "Wartsila” şirkəti ilə müvafiq müqavilələr bağlanılıb və avadanlıqlar gətirilərək quraşdırılır.

 

Yenidən qurulan yarımstansiyalar

Bakı və Abşeron yarımadasının elektrik enerjisi ilə təchizatında düyün nöqtəsində yerləşən 220/110/10 kV-luq "Müşfiq”, "Xırdalan”, eləcə də 110/35/10 kV-luq "8-ci Km” "Zabrat”, "Əhmədli” və 110/35/6 kV-luq "Dübəndi” və "Maştağa”, 500/330/220 kV-luq "Abşeron” yarımstansiyalarında hal-hazırda yenidənqurma işləri aparılır. Ümumilikdə 2 ədəd 220 kV-luq və 15 ədəd 110 kV-luq yarımstansiya daxil olmaqla 17 ədəd yarımstansiyada yenidənqurma işləri həyata keçirilir. Artıq 4 ədəd, "Zabrat”, "Kimyaçılar” və "Dübəndi”, "Müşfiq” yarımstansiyalarında işlər başa çatıb.

"Azərenerji” ASC Bakı şəhərinin elektrik enerji təchizatının etibarlığı və dayanıqlığını gücləndirmək üçün Şirvan şəhərindəki "Cənub” Elektrik Stansiyasından "Xırdalan” yarımstansiyasına 330 kV-luq bazada çəkdiyi 220 kV-luq yüksəkgərginlikli elektrik verilişi xəttində işləri yekunlaşdırıb və xətt istismara verilib.

Müasir avadanlıqlar və proqram təminatı ilə təchiz ediləcək yeni SCADA sistemi Əsas və Ehtiyat Dispetçer İdarəetmə Mərkəzindən, 7 regional monitorinq mərkəzlərindən (Bakı, Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Mingəçevir, Xaçmaz) ibarət olacaq. 21 stansiya və 70 yarımstansiyanı əhatə edəcək sistem enerji istehsalını və tezliyin tənzimatını müasir tələblər səviyyəsində aparmaq üçün yüksək texniki imkanlara malik olacaq. Burada məlumatların və idarəedici əmrlərin ötürülməsi ikiqat ehtiyatlandırılacaq və dairəvi müstəqil şəbəkə vasitəsilə həyata keçiriləcək. Həmçinin sistemin tərkibində analitik proqram modulları və dispetçerlərin məşq simulyatoru müasir proqram təminatları tətbiq edilməklə istifadəçi məmnunluğunu təmin edəcək. Genişlənməyə və yeni əlavələrə açıq olan yeni SCADA sistemi 20 il zəmanətlə işləyəcək.

Son 1 ildə cənab Prezident tərəfindən "Şimal-2”, "Yeni Yaşma” və "Lerik” elektrik stansiyalarının açılışı həyata keçirilib. 2018-ci ilin oktyabr ayının 11-də Cənubi Qafqazın ən böyük külək elektrik stansiyası olan 50 meqavatlıq "Yeni Yaşma” Külək Elektrik Parkı istismara verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Stansiyanın istismara verilməsi nəticəsində Azərbaycanda alternativ enerjinin ümumi istehsalda payı 0,7 faizdən 1,8 faizədək artıb. Eyni zamanda həmin gün 3,6 MVt gücündə "Yaşma Bağları” və 1,7 MVt gücündə "Şuraabad” Külək Elektrik Parkı da istismara verilib.

2018-ci ilin 15 oktyabr tarixində isə 16,5 meqavat gücündə "Lerik” Elektrik Stansiyasının açılışı olub.

2019-cu ilin 5 sentyabr tarixində cənab Prezident İlham Əliyevin iştirakı ilə 400 meqavatlıq "Şimal-2” Elektrik Stansiyası istismara verilib. Cənubi Qafqazda 57,4 faiz olmaqla ən yüksək faydalı iş əmsalına malik olan "Şimal-2” Elektrik Stansiyası "Şimal-1” Elektrik Stansiyası ilə paralel istismar edilməklə daha sabit və qənaətcil olub və ölkənin ikinci böyük elektrik stansiyası statusunu əldə edib. "Şimal-1” və "Şimal-2” elektrik stansiyaları üzrə ümumilikdə il ərzində 5,7 milyard kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulub. Hər iki elektrik stansiyası birlikdə respublikanın 20 faizini, Bakı və Abşeron yarımadasının isə 50 faizini elektrik enerjisi ilə təmin edəcək.

Stansiyanın açılışını çox əlamətdar hadisə adlandıran dövlət başçısı qeyd etmişdir ki, Azərbaycanda elektrik enerjisinə olan tələbat artır və əlbəttə, istehsal gücləri bu tələbata uyğun olmalıdır. Ona görə bu stansiyanın çox böyük əhəmiyyəti var: "Bu stansiyanın fəaliyyətə başlaması elektrik enerjisi sahəsində çox əlamətdar hadisədir. Mən şadam ki, biz bu gün bu stansiyanın açılışını edirik. Azərbaycanda bundan sonra da sənaye istehsalının və iqtisadiyyatın artımı elektrik enerjisi mənbələri ilə təmin edilməlidir”.

 

Azərbaycandan Gürcüstan və İrana yeni elektrik xətləri çəkilir

Elektrik enerjisi mübadiləsinin yaxşılaşdırılması, ixrac imkanlarının artırılması məqsədilə qonşu İran və Gürcüstan dövlətləri arasında yüksəkgərginlikli elektrik verilişi xətti çəkilir.

Gürcüstan Respublikası ilə elektrik enerjisi mübadiləsində etibarlılığı artırmaq və daha çox elektrik enerjisi ixrac etmək, o cümlədən Gürcüstandan tranzit etməklə Avropa bazarına çıxış imkanlarını daha da artırmaq məqsədilə 330 kilovoltluq "Ağstafa-Qardabani” hava xətti 44 km məsafədə, 2 dövrəli variantda yenidən qurulur. Azərbaycan Respublikası və İran İslam Respublikası arasında enerji mübadiləsinin texniki imkanlarının artırılmasını təmin edəcək 220 kilovoltluq "Masallı-İran Astarası” arasında isə yeni elektrik verilişi xətti çəkilir. Bundan başqa, Rusiya ilə enerji mübadiləsinin yaxşılaşdırılması, ixrac imkanlarının artırılması məqsədilə 330 kV-luq "Abşeron-Yaşma-Dərbənd” yeni hava xəttinin çəkilməsi layihələndirilir.

 

Dövlətlər arasında yeni hava xətlərinin çəkilməsi və ya yenidənqurulması enerjisistemlər arasında əlaqələrin etibarlılığını daha da möhkəmləndirəcək, xətlərin ötürücülük qabiliyyətini yüksəldəcək və beynəlxalq enerji bazarına çıxış potensialımızı daha da artıracaq.

57 rayon və şəhəri əhatə edən "Azərişıq” ASC-nin uğur formulu

Paytaxtın enerji təsərrüfatında həyata keçirilən yenidənqurma işləri və uğurlu islahatlar, təbii ki, hər zaman dövlət başçısının diqqətindədir. 2015-ci ilin fevral ayının 10-da Prezident İlham Əliyevin 1045 saylı sərəncamına əsasən, "Bakıelektrikşəbəkə” ASC-nin bazasında yaradılan "Azərişıq” ASC Prezident İlham Əliyevin "İşıqlı Azərbaycan” layihəsinin reallaşdırılması və ölkəmizin ən ucqar yaşayış məntəqələrinin belə nura bələnməsi naminə yorulmadan və iftixarla çalışmaqdadır.

Respublikamızın 57 rayon və şəhərini əhatə edən "Azərişıq” ASC 7 regional enerji təchizatı satış idarəsi üzrə fəaliyyət göstərir. Səhmdar cəmiyyətin əsas missiyası istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli elektrik enerjisi ilə təchiz etmək; yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə etmək; elektrik enerjisi istehsalçıları ilə əməkdaşlıqda diversifikasiyanı təmin etmək; ən müasir texnoloji yeniliklərə əsaslanan idarəetməni formalaşdırmaq; istehlakçılara göstərilən xidmətin keyfiyyətini yüksək səviyyədə təmin etmək və daim təkmilləşdirmək; elektrik enerjisinin texnoloji sərfiyyatını minimum səviyyəyə endirmək və sairdir.

Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinə uyğun olaraq "Azərişıq” ASC-yə aid 3 strateji hədəf, 3 prioritet istiqaməti əhatə edən 11 tədbir üzrə müvafiq işlər tamamilə yerinə yetirilib.

"Azərişıq” ASC tərəfindən 2025-ci ilədək respublika üzrə elektrik enerjisinə olan tələbatın proqnoz göstəricilərinə dair məlumatlar hazırlanaraq "Azərenerji” ASC ilə razılaşdırılıb, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən 2030-cu ilə qədər tikintisi nəzərdə tutulan obyektlərin elektrik enerjisinə olan tələbatın proqnoz göstəriciləri hazırlanaraq Energetika Nazirliyinin işçi qrupuna təqdim edilib. Bir sözlə, respublikanın bütün istehlakçılarının fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində "Azərişıq” ASC tərəfindən həyata keçirilən tədbirlər davam etdirilməkdədir.

Elektrik ixracatçısına çevrilən Azərbaycanın artan imkanları

Ötən ilin ilk 9 ayı ilə müqayisədə 2019-cu ilin 9 ayında elektrik enerjisinin istehsalında şərti yanaçağın sərfi 2,1 faiz, xüsusi sərfiyyat 4,9 faiz, elektrik enerjisinin ötürülməsində itkilərin həcmi 5,8 faiz azaldılıb.

Bu ilin arxada qalan 9 ayı ərzində "Azərenerji” ASC tərəfindən xarici dövlətlərə 1 milyard 36 milyon kVts elektrik enerjisi ixrac edilib ki, bu da ötən ilin 9 ayı ilə müqayisədə 310 milyon kVts çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın artması "Reabilitasiya Proqramı” çərçivəsində görülən işlərin nəticəsi hesab edilir. Çünki elektrik stansiyalarının texniki imkanlarının müəyyən qədər artması qonşu dövlətlərə daha çox elektrik enerjisi tədarük edilməsini şərtləndirib.

Oktyabrın 15-də Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlət başçısı bir daha son illərdə ölkəmizdə yenidən qurulan elektrik stansiyalarının, yarımstansiyaların, ötürücü xətlərin Azərbaycana böyük dividenllər gətirdiyini bildirdi. Cənab Prezident vurğuladı ki, məhz bu reallıqlar sayəsində Azərbaycan Dünya Bankının "Doing Business” hesabatında nəhəng dövlətlər sırasında 2-ci yerdə qərarlaşıb. Hesabata əsasən elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Əlbəttə ki, son illərdə bu qədər elektrik stansiyalarının, yarımstansiyaların, ötürücü xətlərin tikilməsi ölkəmizi dünya miqyasında ikinci yerə yüksəldib. Bütün bunlar cənab Prezident İlham Əliyevin bu sahədə gördüyü uğurlu işlərə verilən beynəlxalq qiymət, yüksək dəyərdir.

Bu işdə həmçinin Azərbaycan energetiklərinin az da olsa payının olması bizə sevinc hissi bəxş edir. Cənab Prezidentin diqqət və qayğısı, beynəlxalq reytinq təşkilatlarının hesabatlarındakı rəylər Azərbaycan energetiklərini həm qürurlandırır, həm də onlara fəaliyyətlərində böyük stimul verir.

Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin qüdrətli Azərbaycanın dünyaya günəş kimi nur saçması yolunda ölkə energetikləri qarşısında qoyduğu bütün tapşırıqlar bundan sonra da uğurla icra olunacaq.

Gününüz mübarək, əziz energetiklər!

 

Baba RZAYEV

"Azərenerji” ASC-nin prezidenti

Azərbaycan.-2019.- 20 oktyabr.- S.3.