21 oktyabr 1987-ci il: Heydər
Əliyevin SSRİ rəhbərliyindən istefası və
anti-Azərbaycan ssenarilərinin işə düşməsi
1987–ci ilin 21 oktyabr günü SSRİ-də yaşayan
ermənilər və digər anti-Azərbaycan qüvvələr
xüsusi sevinc hissinə
qərq olmuşdular. Çünki
həmin gün görkəmli siyasi və dövlət xadimi,
SSRİ-nin ən qüdrətli liderlərindən
biri kimi tanınan Heydər
Əliyev Mixail Qorbaçovun
yürütdüyü yanlış xəttə,
onun anti-Azərbaycan və anti-müsəlman
siyasətinə etiraz əlaməti olaraq tutduğu bütün vəzifələrdən istefa vermişdi. Məlum olduğu kimi, Heydər Əliyev
1976-cı ilin mart ayında
Sov. İKP MK Siyasi Bürosu
üzvlüyünə namizəd,
1982-ci ilin noyabrında
isə Siyasi Büronun üzvü seçilmiş, eyni zamanda, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin
edilmişdi. O, həmin
yüksək vəzifədə
çalışdığı dövrdə 60-dan çox
ümumittifaq nazirliyinin,
komitə və digər mərkəzi idarələrin fəaliyyətinə
ümumi rəhbərliyi
həyata keçirmiş
və bu sahələrin işinə
əsl dinamizm gətirmişdi.
AZƏRTAC xəbər verir ki, bu
fikirlər Azərbaycan
Prezidentinin ictimai-siyasi
məsələlər üzrə
köməkçisi Əli
Həsənovun "Facebook”
sosial şəbəkəsindəki
səhifəsində paylaşdığı
statusda yer alıb.
Statusda deyilir: Heydər Əliyevin istefaya göndərilməsinin əsas
səbəblərindən biri
də SSRİ-nin siyasi rəhbərliyini o zaman ələ almış erməni lobbisinin təsiri və təzyiqi idi. Elə onun
SSRİ rəhbərliyindən kənarlaşdırılmasından dərhal sonra ermənilər Mixail Qorbaçovun xeyir-duası
ilə Qarabağ avantürasına start vermiş,
qısa müddət sonra - 1987-ci il noyabrın 18-də Qorbaçovun
müşavirlərindən biri olan akademik
Abel Aqanbekyan Fransanın
"Humanite" qəzetinə
müsahibəsində Dağlıq
Qarabağın Ermənistana
birləşdirilməsi məsələsini
qaldırmışdı.
Azərbaycanın ərazi bütövlüyünün
pozulması, ermənilərin
respublikamızın ərazisinin
bir hissəsini işğal etməsi planı xeyli əvvəllərdən hazırlanmışdı. Həm də bu plan təkcə Qorbaçovun
yanında və Kremldə mərkəzi rəhbərlikdə oturan
ermənilər və
ermənipərəst qruplar
tərəfindən deyil,
bütün dünyadakı
anti-Azərbaycan və
anti-türk dairələr
tərəfindən müdafiə
edilirdi, onu həyata keçirmək üçün ciddi hazırlıq işləri
görülürdü. Heydər Əliyevin
Kremldə, SSRİ-nin
əsas rəhbərlərindən
biri olması qarşıda dayanan ən əsas maneə idi. Odur ki, Qorbaçov
ermənilərin təhriki
ilə, ilk növbədə,
Heydər Əliyevin Kremldən uzaqlaşdırılmasına
çalışırdı və iki il müddətində
bu istiqamətdə açıq-aşkar formada
xüsusi canfəşanlıq
göstərirdi. Təsadüfi
deyil ki, Qorbaçov Heydər Əliyevə istefaya getməsini təklif edəndə, Ulu Öndər bu təklifə görə heç təəccüblənmədiyini
bildirmiş, böyük
mətanət hissi və soyuqqanlılıqla
illərdir rəhbər
şəxslərdən biri
olduğu SSRİ rəhbərliyindən
ayrılmışdı. SSRİ kimi böyük bir ölkədə vicdanla çalışan,
işində heç
vaxt ciddi qüsuru olmayan, bütün dünyada böyük siyasətçi
və bacarıqlı
təşkilatçı kimi
tanınan, əhali arasında böyük siyasi nüfuza malik olan belə
bir görkəmli siyasi və dövlət xadiminin istefaya göndərilməsi
haqda məlumatlar ildırım sürəti
ilə bütün dünyaya yayılmış
və böyük təəssüf doğurmuşdu.
SSRİ-yə rəhbərliyi dövründə Heydər
Əliyev təkcə
istedadlı idarəçiliyi
və uzaqgörən
siyasəti ilə bütün sovet vətəndaşlarının rəğbətini qazanmamışdı,
o, həm də uzun müddət Kremldə bütün türk-müsəlman xalqlarının
himayədarı, onlara
qarşı mərkəzi
hakimiyyət dəhlizlərində
hazırlanan əksər
məkrli planların qarşısına keçilməz
sədd çəkən
qətiyyətli və
vətənpərvər bir
insan kimi sevilirdi. Azərbaycana qarşı hazırlanan
və həyata keçirilməsi üçün
məqam gözlənilən
bütün məkrli
planların reallaşmasına
da məhz Heydər Əliyev mane olurdu. Əlbəttə ki, onun belə qətiyyətli siyasi mövqeyi SSRİ rəhbərliyində təmsil
olunan anti-Azərbaycan
qüvvələrdə ciddi
narahatlıq doğururdu.
Qeyd etməliyəm ki, o dövrdə Sov.İKP MK Siyasi Bürosunun üzvü, siyasi rəhbərlikdə
böyük nüfuz sahibi olan Heydər
Əliyevin tez-tez dəyişilən SSRİ rəhbərliyində
birinci şəxs olması ideyası da artıq xalq
içərisində, yüksək
dairələrdə müzakirə
olunur və etiraf edilirdi. SSRİ-nin görkəmli siyasi xadimlərindən olan Andrey Qromıko
öz oğlu ilə söhbətində
qeyd edirdi ki, "Bizim Siyasi Büroda ancaq üç adam nisbətən
cavandır: Romanov, Qorbaçov
və Əliyev. Axırıncı mənə daha
xoş gəlir.
Onun vaxtında Azərbaycan, xüsusən respublikanın
kənd təsərrüfatı
çox sürətlə
inkişaf etmişdir.
Əliyev gözəl təşkilatçıdır,
təmiz və abırlı adamdır.
Amma təəssüf
ki, onun namizədliyi istisna olunur...”. Oğlunun "Nəyə görə, milliyyətinə görəmi?”
- sualına cavabında A.M.Qromıko açıq şəkildə
etiraf etmişdi: -
"Bu məsələdə - hə. Milliyyətinə görə”.
Beləliklə, 1987-ci il oktyabrın
21-də Heydər Əliyevin
istefaya məcbur edilməsi ilə həm onun dinamik
sosial-iqtisadi rəhbər
fəaliyyətindən bəhrələnən
bütün sovet vətəndaşları, həm
çoxmillətli SSRİ-nin
ədalətli milli-dini
siyasətinin əsas qarantlarından biri kimi çıxış etməsindən faydalanan müttəfiq və muxtar respublikaların qeyri-rus əhalisi, həm də, ilk növbədə, canından
çox sevdiyi doğma xalqı - Azərbaycan Respublikasının
vətəndaşları özlərinin
əsl himayədarını
itirdilər. Əlbəttə ki, Heydər
Əliyevin istefası
qeyd etdiyim bütün kateqoriyadan olan insanlar üçün
böyük itki oldu. Lakin onun istefasından
ən çox ziyan görən, əlbəttə ki, doğma Azərbaycan oldu. İstefadan az keçməmiş
xalqımız üçün
heç də xoş olmayan məkrli ssenarilər dövriyyəyə buraxıldı
və anti-Azərbaycan
planlara start verildi. Amma dahi şəxsiyyət və fenomenal siyasətçi kimi Ulu Öndər geri çəkilmədi, ruhdan düşmədi, məğlub olmadı, xalqının ağır
günlərində xilas
meydanına atılaraq,
öz tarixi missiyasını həyata
keçirdi. Azərbaycanı bir dövlət olaraq parçalanma və məhvolmadan xilas etdi, müstəqil
dövlət yaratdı,
vətəndaş həmrəyliyinə
və dövlətçilik
ətrafında xalqın
monolit birliyinə nail
oldu.
Azərbaycan.- 2019.- 22 oktyabr.- S. 2.