Humanitar əlaqələrin uğurlu nümunəsi
Ölkələr arasında humanitar əlaqələrin rolu, əhəmiyyəti müasir dünyamızda daha da güclənir. Humanitar münasibətlər sülh və sabitliyin qorunmasına, qarşılıqlı iqtisadi-ticarət əlaqələrinin güclənməsinə, insanların yüksək rifahının təmin olunmasına yönələn təşəbbüslərin daha da genişlənməsinə, bütün bu istiqamətlərdə qazanılmış nailiyyətlərin inkişafına zəmin yaradır.
Bu gün
Azərbaycan və Rusiya arasında mövcud olan humanitar əməkdaşlıq əlaqələri
bunun bariz nümunəsidir.
Bir neçə vaxt
öncə Bakıda Rus Kitab
Evinin yaradılmasının 10 illiyinin təntənə ilə qeyd edilməsi də bu əməkdaşlığın
əlamətdar faktlarından biri kimi tarixə yazıldı.
Mədəni
körpülər
Müstəqil Azərbaycanın dünya miqyasında çoxmillətli və tolerant ölkə kimi tanınmasının bir mühüm səbəbi var: xalqımız tarixən sivil, mədəni yaşam və düşüncə tərzi ilə digər millətlərin mənəvi dəyərlər sisteminə - mədəniyyətinə, adət-ənənəsinə, dininə və dilinə dözümlü münasibət bəsləmiş, sivilizasiyalararası dialoqun, ümumbəşəri mədəni inteqrasiyanın tərəfdarı kimi çıxış etmişdir.
Hazırda bütün
planeti öz təsiri
altına almış qarşısıalınmaz qloballaşma prosesləri xalqımızın milli kimliyini və
özünəməxsusluğunu qorumaqla
yanaşı, fərqli mədəniyyətlərlə
yaxından təmasda olmağı, habelə dünyaya
çıxış üçün
aparıcı xarici dilləri, ortaq dəyərləri öyrənməyi
zəruri edir.
Təcrübə göstərir ki, xalqlar arasında mövcud olan tarixi-mədəni əlaqələr diplomatik münasibətlərin səmərəli qurulmasında mühüm əhəmiyyət daşıyır və rəsmi Bakı Rusiya ilə əlaqələrin inkişafında bu amili hər zaman nəzərə almağa çalışır. Azərbaycanın sivilizasiyalararası dialoq təşəbbüskarı kimi çıxış etməsi, ölkədə milli azlıqların bütün hüquqlarının ciddi səviyyədə qorunması, yüksək tolerantlıq mühitinin hökm sürməsi Rusiya-Azərbaycan münasibətlərinə müsbət təsirini göstərir. Azərbaycan bu gün MDB-də azsaylı respublikalardan biridir ki, burada dövlət büdcəsi hesabına rus dilinin, rusdilli təhsilin inkişafına diqqətlə yanaşılır.
Xalqımız bir sıra obyektiv tarixi proseslər fonunda rus dili
ilə bağlı olmuş, dünya mədəniyyətinə məhz bu dilin köməyi ilə
çıxmışdır. XIX-XX əsrlərdə
respublikamızın bir çox
nüfuzlu ziyalıları,
yazıçı və dramaturqları Rusiyada
yüksək ali təhsil almışlar. İki əsrdən artıq müddətdə
respublikamızda rus mədəniyyətinin
və maarifinin pozitiv
təsirləri duyulmuş, mütərəqqi
təhsil ənənələrinin formalaşmasında öz sözünü
demişdir. Qonşu
ölkədə yaşayan azərbaycanlılar
isə ictimai-siyasi, sosial-iqtisadi,
mədəni, elmi sahələrdə
çalışır, ikitərəfli əlaqələrə
öz layiqli töhfələrini
verirlər.
Postsovet məkanında Rusiya və xarici ölkə yazıçılarının müxtəlif janrlarda rus dilində nəşr olunmuş kitablarının təqdim edildiyi ilk ixtisaslaşmış Rus Kitab Evi də Azərbaycan paytaxtının mədəni-intellektual mühitində özünəməxsus rol oynayır. Bura həm rus dilində mütaliə həvəskarlarının sevimli ünvanı, həm də millətlərarası həmrəyliyin möhkəmlənməsi və Azərbaycanla Rusiyanın mədəni-humanitar əlaqələrinin dərinləşməsi üçün əlverişli məkandır. Öz fəaliyyəti ilə bu kitab evi də Azərbaycan və Rusiya arasında mehriban dostluq münasibətlərinin inkişafına, humanitar sferada qarşılıqlı əlaqələrin gücləndirilməsinə öz dəyərli töhfələrini verir.
Müstəqil dövlət kimi Azərbaycan və Rusiya arasında diplomatik münasibətlər təxminən 26 illik dövrü əhatə etsə də, tarixilik baxımından bunun kökü daha qədimlərə gedib çıxır. Azərbaycan və rus xalqlarını təkcə ərazi yaxınlığı, ortaq sərhədlər deyil, həm də tarixi, mədəni, sosial bağlar bir-birinə birləşdirir. Bu mənada, iki xalq və dövlət arasındakı münasibətlər təkcə sərhədlərə dayanan qonşuluqla əlaqədar deyil, həm də dostluq və əməkdaşlığa əsaslanır.
Qarşılıqlı
hörmətə əsaslanan münasibətlər
Son iki əsr ərzində olduğu kimi, ölkələrimiz və xalqlarımız bu gün də dostluq və mehriban qonşuluq ənənələrini qoruyurlar. Bu ənənələrdən hər iki cəmiyyət üçün faydalı məqsədlərlə istifadə edilir. Dövlət müstəqilliyinin bərpasından sonra bu tarixi əlaqələrin qorunub saxlanması, keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi belə bir strateji əməkdaşlığın təməlini qoymuş Ümummilli Lider Heydər Əliyevin, həmçinin bu siyasəti davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin böyük xidmətləridir.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyət rəhbərliyinə
qayıdışından sonra bir çox sahələrdə
olduğu kimi, Azərbaycanla
Rusiya arasındakı münasibətlərdə
də əvvəlki səriştəsiz iqtidarlar
dövründə yaradılmış geriləmələr, gərginliklər tədricən aradan
qalxmağa başladı. 2000-ci ildə Rusiyada Vladimir Putinin Prezident seçilməsi
ilə qonşu dövlətin siyasətində,
xüsusilə də ənənəvi müttəfiqlərlə
münasibətlərində praqmatizm və
konstruktivizm, sağlam,
qarşılıqlı faydalılığa və səmərəliliyə
dayanan əməkdaşlıq meyilləri
özünü göstərdi.
Ulu Öndər Heydər Əliyevin Rusiya ilə bağlı daimi xoşməramlı mövqeyi Azərbaycan-Rusiya münasibətlərində yeni inkişaf mərhələsinin əsasını qoydu. Azərbaycan və Rusiya prezidentlərinin qarşılıqlı səfərləri dostluq və etimad bağlarının möhkəmlənməsinə, hərtərəfli mübadilələrin genişlənməsinə təkan verdi. Bir çox mühüm məsələlər və sahələr üzrə hər iki dövlətin və xalqın milli, dövlətçilik maraqlarına cavab verən sazişlər, müqavilələr imzalandı. Bu razılaşmaların mühüm bir qismi də məhz humanitar sahədə əməkdaşlıqları nəzərdə tuturdu. Beləliklə, münasibətlər əvvəlki tempinə, normal səviyyəsinə qaytarıldı və bu nəticənin əldə olunmasında humanitar əlaqələrin gücləndirilməsi mühüm rol oynadı.
2003-cü ilin oktyabrında cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi, Ulu Öndərin milli dövlətçilik kursunu davam etdirməsi Azərbaycan və Rusiya münasibətlərində daha ciddi, hərtərəfli tərəqqi meyillərinin uğurlu yüksəkliyinə gətirib çıxardı. Əslində bu da yeni inkişaf mərhələsinin əsası idi. Azərbaycan Prezidenti dəfələrlə Rusiyaya rəsmi və işgüzar səfərlər etdi. Eyni zamanda Rusiya Prezidenti V.Putinin bir neçə dəfə Azərbaycana yüksək səviyyəli səfərləri reallaşdı. Hətta bu səfərlərin, qarşılıqlı etimada, etibara və səmimiyyətə dayanan münasibətlərin nəticəsi olaraq ölkəmiz ilk dəfə, 2016-cı ilin avqustunda Bakı şəhərində Azərbaycan, Rusiya və İran prezidentlərinin - "Üçlər” formatının zirvə toplantısına evsahibliyi etdi. Bunun davamı olaraq növbəti görüş 2017-ci ilin noyabr ayında İranda, Tehran şəhərində gerçəkləşdirildi.
Şübhəsiz ki, bu əməkdaşlıq formatlarının alınmasında Azərbaycan və Rusiya prezidentlərinin xidmətləri müstəsnadır. 3 oktyabr 2019-cu ildə Soçi şəhərində Rusiyanın təşəbbüsü ilə keçirilən "Valday” Beynəlxalq Diskussiya Klubundakı tarixi çıxışı zamanı Prezident İlham Əliyev Azərbaycanla Rusiya arasındakı münasibətlərin mövcud səviyyəsini belə qiymətləndirdi: "Ölkələrimiz arasında münasibətlər strateji əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, biz bir-birimizi strateji tərəfdaşlar adlandırırıq. Bu gün biz ikitərəfli münasibətlərin çox geniş gündəliyini nəzərdən keçirdik və gələcək qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirdik. Ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur. Dövlət başçılarının və digər rəsmi şəxslərin müntəzəm görüşləri əməkdaşlığımızın dərinləşməsinə şərait yaradır. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırıq, ən mühüm, ümdə məsələlərdə ənənəvi olaraq bir-birimizi dəstəkləyirik”.
Hər iki ölkənin dövlət rəhbərləri arasındakı qarşılıqlı inam və etimad bu gün ikitərəfli münasibətlərin sivil məcrada yüksəlişini təmin edir. Prezident İlham Əliyev Bakıdakı Rus Kitab Evinin 10 illiyi münasibətilə ölkəmizdə səfərdə olan Rusiya nümayəndə heyətini qəbul edərkən bu məsələni xüsusi vurğulayaraq demişdir: "Heç kəs üçün sirr deyil ki, mənim Vladimir Vladimiroviçlə əslində qarşılıqlı hörmətə, qarşılıqlı anlaşmaya və əməkdaşlığı dərinləşdirmək cəhdlərinə əsaslanan mötəbər, mən deyərdim ki, dost münasibətlərimiz mövcuddur”.
Ənənələr
davam etdirilir
Dövlət rəhbərimizin Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubundakı tarixi çıxışında da qeyd etdiyi kimi, ölkələrimiz arasında ticari-iqtisadi münasibətlərin inkişafında müsbət dinamika müşahidə olunur. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Rəsmi statistikaya görə, 2018-ci ildə 880 min rusiyalı Azərbaycana səfər edib. Bu il isə onların sayı daha da çoxalıb. Rusiyalı turistləri Azərbaycana cəlb edən amillər sırasında təbii ki, ölkəmizin füsunkar guşələri, mədəni-tarixi yerləri, milli mətbəximizin dadı ilə yanaşı ölkəmizdəki təhlükəsizlik, əmin-amanlıq, rahatlıq mühitinin də böyük rolu var.
Humanitar əlaqələrin mühüm bir qismi də təhsil sferasını əhatə edir. Artıq neçə ildir ki, Azərbaycanda Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyət göstərir. Hazırda Rusiyanın müxtəlif nüfuzlu ali məktəblərində 11 mindən çox tələbə təhsil alır. Bu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə formalaşdırdığı nəcib ənənənin davamıdır. O illərdə Ulu Öndərin təşəbbüsü, bilavasitə dəstəyi ilə hər il minlərlə Azərbaycan gənci keçmiş ittifaqın, xüsusilə də Rusiyanın aparıcı ali məktəblərində təhsil almaq üçün göndərilir, bu gənclər oxuduğu illərdə həm rus dilinə dərindən yiyələnir, həm də ölkəmiz üçün xüsusilə vacib ixtisaslar üzrə peşəkar bacarıqlar qazanaraq vətənə dönürdülər. Heydər Əliyevin sovet dövründə Rusiyaya təhsil almaq üçün göndərdiyi gənclərin böyük qismi bu gün də Azərbaycan həyatının müxtəlif sahələrində layiqincə çalışır, dövlətimizin inkişafına öz dəyərli töhfələrini verirlər.
Azərbaycanda rus dilinə münasibət
Azərbaycan
bu gün postsovet məkanında rus dilinə böyük
hörmət bəslənən azsaylı ölkələrdən
biridir. Respublikamızda hazırda 120 mindən çox təkcə
rus əhalisi yaşayır.
Bakıda rus dilinin öyrənilməsi üzrə iri mərkəzlərdən biri
- Bakı Slavyan Universiteti
uzun illərdən bəri uğurla
fəaliyyət göstərir və ölkəmizdə slavyan dilləri, xüsusilə rus dili üzrə peşəkar
pedaqoji kadrların hazırlanmasında, elmi tədqiqatların aparılmasında mühüm rol oynayır. Bundan başqa, bütün
dövlət ali məktəblərimizdə
rus dili bölmələri
var, bu bölmələrdə
25 mindən çox tələbə təhsil
alır. Təhsilin rus dilində olduğu 338 məktəbdə isə 130 min azərbaycanlı şagird
rus dilində oxuyur.
Bütün bunlar zəngin elm, mədəniyyət,
təhsil dili kimi rus dilinin köməyi ilə
Azərbaycanda formalaşan intellektual
ənənələrdən irəli gəlir. Məlum
olduğu kimi, hələ
çar Rusiyası dövründə və
sovet hakimiyyəti dönəmində Azərbaycan
cəmiyyətinin dünyada özünü göstərən inkişaf meyilləri ilə
tanışlığı məhz rus dili vasitəsilə baş
verir, bu dilin elmi, mədəni, ədəbi
mühitində əxz olunurdu.
Azərbaycan
dövlət müstəqilliyini bərpa edəndən sonra da
rus dilinin zəngin resurslarına, ünsiyyət imkanlarına
müsbət mənada ehtiyac qaldığından bu dil
özünün millətlərarası kommunikasiya
mövqeyini tam itirmədi.
Azərbaycanda rus dilinə olan yüksək hörməti Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov Bakı Rus Kitab Evinin 10 illik yubileyində iştirak etmək üçün ölkəmizdə səfərdə olarkən müsahibələrinin birində xüsusi təqdir etdi.
"Azərbaycanda rus dilinə
olan münasibəti başqalarına
nümunə göstərmək olar” deyən
L.Kalaşnikovun qənaətincə postsovet məkanında rus
dilinə Azərbaycandakından daha isti, effektiv münasibət,
çətin ki, tapılar. O hesab edir ki,
Azərbaycanda doğma dilimizə sadiq qalmaqla rus dilinə bu qədər
isti münasibət göstərilməsi
həmin dilin dünya
mədəniyyətinə çıxış kanalı
olmasından irəli gəlir.
Dövlət Dumasının komitə sədri Azərbaycanda rus dilinin qorunması və inkişafında Ümummilli Lider Heydər Əliyevin xidmətlərini xüsusi vurğuladı.
Azərbaycan dövlətinin müstəqillik
illərində rus dilinə bir çox keçmiş ittifaq
ölkələrindən fərqli olaraq ögey münasibət göstərməməsi
Ulu Öndərin müdrikliyindən irəli
gəlirdi. Rus dilinin imkanlarından mədəni
inkişaf üçün
yetərincə bəhrələnmiş Azərbaycan xalqı
müstəqillik dövründə bu dildən
çəkinməyə ehtiyac görmədi,
rus mədəni arealında
iştirakını saxladı. Digər tərəfdən bu amildən Rusiya ilə
münasibətlərin inkişafında əhəmiyyətli
məqam kimi faydalandı və bu gün də faydalanır.
Yaradıcı əlaqələr
Hazırda
Bakıda dünyanın düşüncə tarixinin
böyük şəxsiyyətlərindən olan dahi rus
şair və yazıçıları Puşkinin, Lermontovun,
Tolstoyun adlarını daşıyan küçələr
var. Paytaxtın mərkəzindəki bağların
birində Puşkinin şərəfinə
abidə ucalır. Bakıdakı Yesenin və
Lermontov muzeylərində bu
şairlərin ölkəmizdə olması ilə
bağlı xatirələr qorunub
saxlanır. Bakıda Səməd Vurğun
adına Rus Dram
Teatrı fəaliyyət göstərir. Bu
teatr öz maraqlı
repertuarı, yaradıcı heyəti, nümayiş
etdirdiyi tamaşalarla
azərbaycandilli teatr həvəskarları
arasında da kifayət qədər
populyardır. Azərbaycan teatrlarının əksəriyyətində
də rusdilli truppalar
çalışır.
2009-cu ildən Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi fəaliyyətdədir. Mərkəz Azərbaycan və Rusiya arasında mədəni, təhsil, elmi-texniki və informasiya əlaqələrinin inkişafı missiyasını yerinə yetirir. Azərbaycanın yaradıcı və mədəni-maarifləndirici təşkilatları ilə əməkdaşlığın yaranmasına və inkişafına, ölkələr arasında qarşılıqlı işgüzar münasibətlərin genişlənməsinə şərait yaradır.
Bakıda 2004-cü ildən "Luç” Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyası da fəaliyyət göstərir. Bu ictimai təşkilatın yaradılmasının təşəbbüsçülərindən biri Azərbaycan Rus İcmasıdır. "Luç” Assosiasiyası respublikanın yaradıcı insanlarını - Bakı universitetlərinin rus dili və ədəbiyyatı kafedralarında çalışan ədəbiyyatşünas və dilçiləri, rusdilli dövri nəşrlərin jurnalistlərini, həvəskar və ya peşəkar səviyyədə ədəbi yaradıcılıqla məşğul olan insanları sıx birləşdirmək, Azərbaycanda rus dilini qoruyub saxlamaq və inkişaf etdirmək istiqamətində səmərəli iş aparır. Assosiasiyanın fəaliyyəti çoxşaxəlidir. O, Azərbaycan Yazıçılar Birliyi və "Rossotrudniçestvo” agentliyi ilə sıx əlaqə saxlayır, Rusiya ilə Azərbaycan arasında ədəbi əlaqələri inkişaf etdirir.
"Luç” Assosiasiyası müntəzəm olaraq dünya, Azərbaycan və rus ədəbiyyatının korifeylərinin yubileylərinə həsr edilmiş tədbirlər, rus dili və ədəbiyyatı üzrə ustad dərsləri, beynəlxalq ədəbi müsabiqələr keçirir.
Ölkəmizdə rus
dilində çoxsaylı informasiya portalları,
qəzet və jurnallar, dərsliklər, bədii
ədəbiyyat nümunələri nəşr olunur, televiziya və radio kanallarında verilişlər translyasiya edilir,
Rusiyanın çoxsaylı dövri mətbu
nəşrləri satılır. Rusiyanın bir
sıra informasiya agentliklərinin Azərbaycanda
müxbir məntəqələri var.
Multikulturalizm nümunəsi
Cənubi Qafqazda etnik rusların ən böyük icmasının məhz Azərbaycanda yaşaması, onların öz ana dillərini, mədəniyyətlərini, milli adət-ənənələrini qoruyub saxlamaları, cəmiyyətin ictimai-siyasi, elmi-mədəni və sosial-iqtisadi həyatında geniş təmsil olunmaları, dövlətçiliyimizin möhkəmlənməsində fəal iştirak etmələri ölkəmizdəki multikulturalizm mühitinin nailiyyətidir.
Azərbaycan və Rusiya
prezidentlərinin təşəbbüsü ilə
yaradılmış Bakı Beynəlxalq Humanitar
Forumunun müntəzəm iclasları da ölkələrimiz arasındakı humanitar əlaqələrin daha
bir uğurudur. Bu beynəlxalq platformanın əsas məqsədi
humanitar sahədə əlaqələri
gücləndirmək, beynəlxalq səviyyədə humanitar çağırışları
aktuallaşdırmaqdır.
Bakı Beynəlxalq Humanitar Forumu hər il keçirilir, onun işində dünyanın elmi-mədəni və siyasi elitasının görkəmli nümayəndələri, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və KİV əməkdaşları iştirak edirlər. Bu görüşlərdə müasir dövrün aktual problemləri müzakirə olunur. Forum çərçivəsində təşkil edilən "dəyirmi masa”lar, dialoqlarla bilik mübadiləsinə, konstruktiv debat və müzakirələrə şərait yaradılır. Hər müzakirənin nəticələri beynəlxalq təşkilatlara, dünya ölkələrinə və ayrılıqda fərdlərə ünvanlanmış tövsiyə və müraciətlərdə təcəssüm olunur.
Rusiya ilə humanitar əlaqələrin
inkişafında Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və ISESCO-nun
xoşməramlı səfiri Mehriban
xanım Əliyevanın rəhbərlik etdiyi
Heydər Əliyev Fondunun, fondun
vitse-prezidenti Leyla
xanım Əliyevanın Rusiyanın müxtəlif şəhərlərində,
o cümlədən Həştərxanda,
Volqoqradda, Ulyanovskda
həyata keçirdiyi humanitar
layihələrin çox böyük
rolu var.
"Qarabağ Azərbaycandır və NİDA”
Hələ də ədalətli həllini tapa bilməmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh və danışıqlar yolu ilə tənzimlənməsi prosesində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biri kimi də Rusiya ilə əməkdaşlıq əlarələrinin ölkəmiz üçün önəmi böyükdür.
Azərbaycan cəmiyyətində Dağlıq
Qarabağ münaqişəsinin ədalətli
həllində gözləntilər digər həmsədr
dövlətlərdən bəlkə də ən çox qonşu və dost Rusiyadandır. Azərbaycan vətəndaşları
bu münaqişənin sülh
yolu ilə ədalətli həllinə
Rusiyanın töhfələr verəcəyinə daha çox ümidlidirlər.
Təsadüfi deyil ki, Azərbaycan Prezidenti
Rusiyanın təşəbbüsü ilə təşkil olunan "Valday” Beynəlxalq
Diskussiya Klubundakı
çıxışında da bu məqama xüsusi yer ayırdı və Ermənistanın
nöqtə sonluqlu sərsəm bəyanatları
ilə məşhurlaşmağa çalışan yeni rəhbərliyinə sarsıdıcı zərbə
vurdu: "Ermənistan baş
nazirinin təəccüb doğuran
bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə
qarşılanmayıb, ona Rusiya
Federasiyası tərəfindən də "Valday”
forumu çərçivəsində müvafiq cavab verilib” dedi Azərbaycan Prezidenti: "Beləliklə, bəyanat
sözbəsöz belədir: "Qarabağ
Ermənistanın bir hissəsidir və
nöqtə”. Birincisi, yumşaq
desək, bu, yalandır. Dünya
tərəfindən həm Aran, həm də
Dağlıq Qarabağ Azərbaycanın
ayrılmaz hissəsi kimi tanınıb.
Ermənistan özü də bu qanunsuz qurumu
tanımır. Qarabağ tarixi,
əzəli Azərbaycan torpağıdır. Beləliklə,
Qarabağ Azərbaycandır və nida işarəsi”.
Bunun davamı olaraq MDB Dövlət
Başçıları Şurasının Türkmənistanın
Aşqabad şəhərində keçirilmiş məhdud tərkibli
iclasında da cənab İlham
Əliyev gündəlikdə Böyük
Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar məsələnin
olmasından istifadə edərək Ermənistanı
2016-cı ildə Yerevanın mərkəzində faşist cəlladı və satqın Qaregin Njde ləqəbi ilə
alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana 6 metrlik heykəlin
qoyulmasına görə ifşa etdi. Ermənistanın baş
naziri Nikol
Paşinyanı fakt qarşısında qoydu.
Bütün bunlar bir tərəfdən Azərbaycan Respublikası Prezidentinin diplomatiya, siyasət sahəsindəki yüksək peşəkarlığının ifadəsidirsə, digər tərəfdən də öz prinsiplərinə sadiqliyinin, münasibətlərdə hər zaman səmimiyyətə, qarşılıqlı hörmətə yüksək dəyər kimi üstünlük verməsinin göstəricisidir. Dərin köklərə əsaslanan Azərbaycan - Rusiya münasibətləri də bu gün hüquq bərabərliyi və qarşılıqlı hörmət prinsipləri əsasında qurulub. Ona görə də bu münasibətlər belə faydalı və uğurludur.
İradə
ƏLİYEVA
Azərbaycan.-2019.- 20 oktyabr.- S.1;5.