19 oktyabr mitinqinin Azərbaycanın
və onun vətəndaşlarının
maraqları ilə heç bir əlaqəsi yoxdur
Əli
ƏHMƏDOV: "Əhalinin əmin-amanlığı pozmaq istəyənlərə öldürücü
etinasızlıq göstərməsi xalqın ölkədəki
sabitliyi yüksək qiymətləndirməsinin,
Prezident İlham
Əliyevə inamının, onun siyasətini
müdafiə etməsinin, xalqla
iqtidarın birliyinin əyani ifadəsidir”
"Oktyabr ayının 19-da Bakıda qeyri-qanuni küçə yürüşü keçirmək, asayişi pozmaq, qarşıdurma yaratmaq cəhdləri və sosial şəbəkələr üzərindən antikonstitusion çağırışlar destruktiv qrupların fəaliyyətinin açıq təxribatlar törətmək müstəvisinə keçməsindən xəbər verir. Küçə yürüşünün icazəsiz və adətən insanların gur olduğu yerlərdə keçirilməsi məqsədli şəkildə insanların rahatlığını pozmaq, onlarda narazılıq yaratmaq və bu zəmində ictimai sabitliyin üzərinə kölgə salmaq niyyəti güdür. Diqqəti çəkən həm də odur ki, bütün bu qanunsuz hərəkətlər Prezident İlham Əliyevin Soçidə "Valday” Beynəlxalq Diskussiya Klubunda və Aşqabadda MDB dövlət və hökumət başçılarının növbəti toplantısında Qarabağ münaqişəsilə bağlı insanlarda böyük ruh yüksəkliyi yaratmış çıxışlarından, habelə cari ilin 9 ayının yekunlarına həsr edilmiş müşavirədə daxili siyasətlə əlaqədar səsləndirdiyi ədalətli və sərt bəyanatlarından az sonraya təsadüf edir. Yəqin ki, Azərbaycanın inkişafını gözü götürməyənlər, xalqın ruh yüksəkliyinin artmasından xofa düşən xarici dairələr və daxildəki destruktiv qruplar birbaşa təxribat törətmək qərarına gəliblər”. Bu fikirləri Baş nazirin müavini, YAP sədrinin müavini - icra katibi Əli Əhmədov özünün rəsmi feysbuk səhifəsində paylaşmışdır.
Əli Əhmədov bildirib ki, razılaşdırılmamış, deməli, icazəsiz küçə yürüşləri, vətəndaş itaətsizliyinə çağırışlar aksiyaların təşkilatçısı olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanun müstəvisindən məqsədyönlü şəkildə kənara çıxdığını sübuta yetirir. YAP sədrinin müavini Əli Əhmədov daha sonra qeyd edib: "Azərbaycanda maraqlı dairələrin sifarişi ilə sabitliyi pozmaq, xaos yaratmaq niyyəti aydın görünür. Destruktivlərə və onların açıq və gizli havadarlarına çirkin niyyətlərini həyata keçirməyə, ölkənin 1990-cı illərin əvvəllərində yaşadığımız müsibətləri yenidən yaşamasına imkan verilə bilməz və verilməməlidir.
Dövlət və onun müvafiq orqanları ölkədəki sabitliyi qorumağa qadirdir və ötən gün onu bir daha əyani şəkildə nümayiş etdirdi. İnanıram ki, törədilən təxribatlara və antikonstitusion çağırışlara lazımi hüquqi qiymət veriləcək. Eyni zamanda, onu da aydın şəkildə müşahidə etdik ki, xalq destruktivləri və onların yerinə yetirmək istədikləri çirkin sifarişləri qətiyyətlə pisləyir. İnsanlarımız ölkəmizdəki inkişafı və rahat həyatı yüksək qiymətləndirir. İndi hamının Prezident İlham Əliyevin ətrafında əvvəlkindən daha sıx birləşməsi zamanıdır. Təxribata və təxribatçılara ən tutarlı cavab bu ola bilər. Bütün vətəndaşları qətiyyətli olmağa, dövlətimizin və rahat həyatımızın keşiyində möhkəm dayanmağa səsləyirəm.
Gəlin birlikdə Azərbaycanı qoruyaq!”
***
"Sosial şəbəkədə müxalifətin mitinq adlandırdığı başıpozuq hərəkətləri izləyirəm. Həqiqətən üzücü mənzərədir: çox az sayda insan şəhərin gur yerində asayişi pozmaqla diqqəti cəlb etməyə çalışır. Sanki onlar insanların rahatlığını pozmaqlarından həzz alırlar. Əslində isə utanmaq lazımdır. Müşahidə etdiklərim deməyə əsas verir ki, küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər. Sanki başqa ölkənin vətəndaşları, yadplanetlilərdir. İstər-istəməz yada 30 il əvvəlki dövrün qaragüruhu düşür. Heç dəyişməyiblər, dəyişmək də istəmirlər. Ona görə də Azərbaycanın bugünündən çox geridə qalıblar. Yaxşı ki, onlar azdır, özü də lap az.
Polisin davranışı təqdirəlayiqdir. Qanunsuz, icazəsiz aksiyaların qarşısı alınmalıdır. İnsanların rahatlığını kimsə pozmamalıdır və poza bilməz”.
***
Müxalifətin radikal qanadının oktyabr ayının 19-da Bakıda icazəsiz kütləvi aksiya keçirmək niyyəti və cəhdləri haqlı olaraq bəzi suallar doğurur ki, onları cavablandırmağa ehtiyac olduğunu düşünürəm. Əvvəla, ondan başlamaq istəyirəm ki, bir neçə ay bundan öncə Azərbaycanın siyasi proseslərinə xarici təsirlərin təhlükələri ilə bağlı həyəcan təbili çalır, cəmiyyətin bu təhlükələrə qarşı müqavimət göstərməsinin vacibliyini vurğulayırdıq. Müxalifət də daxil olmaqla bir sıra partiyalar və vətəndaş cəmiyyəti təşkilatlarının ölkənin siyasi həyatına xarici təsirlərin yolverilməzliyinə dair birgə mövqe nümayiş etdirməsi, bəyanat imzalaması sözügedən təhlükənin nəinki mövcudluğuna, hətta kifayət qədər ciddi olduğuna işarə idi. Oktyabr ayının 19-da təşkil olunan qanunsuz aksiya cəhdi bəzi siyasi partiyaların vasitəçiliyi ilə ölkənin daxili işlərinə xarici müdaxilə niyyətlərinin real təhlükəli həddə çatmasından xəbər verir. Mətbuatda yayılan məlumatlar mitinqçilərin planlarının və hərəkətlərinin bəzi xarici dairələrin nümayəndələri ilə razılaşdırıldığına hər hansı şübhə yeri qoymur. Deyilənlərə mitinqdən sonra haqqında söhbət gedən ünvanlara kütləvi aksiya cəhdi ilə əlaqədar hesabat verildiyini də əlavə etsək, mənzərə tam aydın olar. Görünən odur ki, 19 oktyabr mitinqinin Azərbaycanın və onun vətəndaşlarının maraqları ilə heç bir əlaqəsi yoxdur, ictimai zərurət yükünə malik deyil və bu səbəbdən də insanların diqqətini cəlb edə bilməyib. Belə olan halda razılaşdırılmamış mitinqin keçirilməsinin əsl səbəbinin bəzi xarici dairələrin maraqlarından qaynaqlandığına inanmamaq mümkün deyil. Bunun başqa adı Azərbaycanın dövlətçilik və milli mənafelərinin maraqlı xarici dairələrə qurban verilməsi, sadə dildə desək, satılmasıdır. Dərk etmək nə qədər üzücü olsa da Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun ətrafında toplaşanlar bəzi xarici dairələrin əlində Azərbaycana qarşı istifadə olunan təhlükəli vasitəyə çevrilib. Hesab edirəm ki, cəmiyyətimiz buna biganə qalmamalı, dövlətin müvafiq orqanları xarici maraqlara xidmət göstərən siyasi təşkilatın fəaliyyətinə qanunauyğun hüquqi qiymət verməlidir.
Cavabını gözləyən digər sual razılaşdırılmamış, yəni qanunsuz mitinqin keçirilməsinə cəhd göstərilməsi ilə əlaqədardır. Azərbaycanda bütün hüquq və azadlıqlar kimi, sərbəst toplaşmaq hüququ da təmin edilib. Hər hansı qanuni kütləvi aksiyanın keçirilməsinə məhdudiyyət və ya qadağa yoxdur. Lakin bütün dünyada, hətta ən demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da kütləvi aksiyalar zamanı ictimai asayişin qorunmasına, vətəndaşların təhlükəsizliyinin təmin olunmasına görə məsuliyyəti hökumət daşıyır. Elə buna görə də istənilən kütləvi aksiya əvvəlcədən razılaşdırılır, onun keçirilməsi üçün yer ayrılır. Əks halda asayişin qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi mümkün olmazdı. Aksiya iştirakşılarının özlərinin təhlükəsizliyinin təmin edilməsi də bu qəbildən olan zərurətdir və onun məsuliyyəti də hüquq mühafizə orqanlarının üzərinə düşür. Eyni zamanda, mitinqdə iştirak etməyən insanların rahatlığının pozulmaması amili də mütləq nəzərə alınmalıdır. Sadalanan həqiqətlərin mitinqin təşkilatçılarının bilmədiyini düşünmək sadəlövhlük olardı. Bəs onda niyə radikal müxalifət razılaşdırılmamış aksiya keçirilməsinə çalışır. Nə qədər təəccüblü görünsə də, səbəb çox sadədir: təxribat salmaq, qarşıdurma yaratmaq. Mitinqin təşkilatçıları bilir ki, icazəsiz aksiyanın qarşısı alınmalıdır və alınacaq. Bax onlara da məhz elə bu lazımdır: sifarişçilərə və mitinqi təşkil edənlərə lazım olan gərginliyin, qarşıdurmanın yaradılması. Əgər daha ciddi təxribat etmək mümkün olarsa, lap yaxşı, müxalifət də elə bunu istəyir. Qalanını müxalifətin havadarları özləri edəcək: çəkilən şəkillər, videogörüntülər lazımi yerlərə ötürüləcək, Azərbaycanda insan haqları pozulur deyə haray-həşir qopacaq, hansısa beynəlxalq təşkilatlar, həmişə olduğu kimi, ölkəmizə və hakimiyyətə qarşı ikili standartlara əsaslanan bəyanat qəbul edəcək və s.
Cavabını gözləyən daha bir sual mitinqin şəhərin ən gur, hərəkətin ən intensiv olan yerində keçirilməsindən ibarətdir. Bunun bir səbəbi təşkilatçıların mitinqə aid olmayan insanlar hesabına kütləvilik effekti yaratmaq istəyindən qaynaqlanır. Əslində bu, özünüaldatmaqdan başqa heç nəyə yaramır, zira radikal müxalifətin ictimai bazasının olmadığını Azərbaycanda bilməyən yoxdur. Gəlin bunu buraxaq mitinq təşkilatçılarının öz vicdanına (əgər varsa). Ancaq icazəsiz mitinqin keçirilməsi üçün yerin seçilməsində digər amil də var. İnsanlar gur olan yerlərdə onların rahatlığını pozmaq, qıcıq yaratmaq, mümkün olsa, asayiş qoruyucuları ilə əhali arasında qarşıdurma yaratmaq və s. daha asandır. Göründüyü kimi, pis ola biləcək nə varsa, hamısını etməyə çalışıblar ki, məkrli niyyətlərinə çatsınlar.
Təxribat bu
dəfə də baş tutmadı.
Xalqın radikalçıları qəbul etməməsi bir daha təsdiqini
tapdı. Əhalinin ölkədəki əminamanlığı
pozmaq istəyənlərə öldürücü etinasızlıq
göstərməsi xalqın ölkədəki sabitliyi yüksək qiymətləndirməsinin,
Prezident İlham
Əliyevə inamının, onun siyasətini müdafiə etməsinin, xalqla iqtidarın birliyinin əyani
ifadəsidir. İnanıram ki, bundan sonra da
xalqımız bütün təxribatlara
və təxribatçılara layiqli cavab verəcək, Azərbaycanın dövlət
və milli maraqlarının keşiyində
sayıq dayanacaq.
Azərbaycan.- 2019.- 22 oktyabr.- S. 4.