Çarəsiz
canların həyata dönüş ünvanı
"Mehriban xanımın sayəsində bütün
arzularım çin oldu. 8 yaşlı övladım
danışdı, iməklədi, yeridi...”
Bu
binanın da dizaynını O verib...
Hər
bucağını, guşəsini ən kiçik detalına
qədər gözləri önündə canlandırıb,
mükəmməl sənət əsərinə çevrilməsinə,
müasir memarlığı ilə göz oxşamasına
çalışıb...
Çalışıb ki, bu məkanda olanların ürəyi
mənəvi sakitlik tapsın, buradakı aura onların qəlbini
rahatlasın, çarəsiz körpə canlar yaşamaq
şansı qazansınlar, həyata daha sıx
bağlansınlar.
Bu yuva
sirli-sehirli bir dünyaya çevrilsin, kiçik sakinlərini
nağıllar aləminə qovuşdursun, qalaktikaya, aya-ulduza
səyahətə çıxsınlar, atəşlə rəqs
etsinlər, sonsuzluğa yol alsınlar...
Naçar
anaların fərəhdən ürəkləri dağa
dönsün, sevincləri yerə-göyə
sığmasın, üzlərində həkk olunmuş kədər
cığırlarından xoşbəxtlik şəlaləsi
çağlasın...
Bu
sadalananlar böyük xeyirxahın, Birinci vitse-prezident, Heydər
Əliyev Fondunun prezidenti, UNESKO və ISESCO-nun xoşməramlı
səfiri Mehriban xanım Əliyevanın həyat kitabına
yazdığı humanist əməllərin qızıl
misralarından kiçik bir haşiyədir...
Anaların sevinci...
"Ana idim, amma heç zaman analıq sevinci yaşaya
bilməmişdim. Dünyam zülmətə
dönmüşdü, oğlum serebral iflic idi. İllərlə
onun danışmasını, yeriməsini, heç olmasa
sürünməsini, iməkləməsini o qədər
arzulayırdım ki... Amma əlimdən heç nə gəlmirdi,
donuq nəzərləri gözümə dikilmiş 8
yaşlı balamı bağrıma sıxıb
ağlayır, dualar edirdim... Elə bil Allah
dualarımı eşitdi və Mehriban xanım
Əliyevanın sayəsində çarəsiz övladıma
qapı açdı. Mehriban xanımın
yaratdığı bu ünvanda bütün arzularım
çin oldu, illərlə intizarını çəkdiyim o
səsi eşitdim, oğlumun "ana” sözü
qulağımda musiqiyə çevrildi, diz çökərək
mənə sarı addımlamağını izlədim, o an
elə bildim ki, atdığı hər qarış addım
ömrümə ömür caladı, məni dünyanın
bəxtəvərinə çevirdi. Bu
xoşbəxtliyi mənə, mənim kimi minlərlə anaya
yaşatdığına görə Mehriban xanım
Əliyevaya minnətdaram” deyə bir ana sevinc göz
yaşları içərisində fikirlərini
bölüşür.
Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin
Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət
Reabilitasiya Müəssisəsindəyik.
Elə bir ünvanda ki, buradakı bütün
anaların duaları Mehriban xanıma yönəlib. Qayəsi,
seçimi insanlara kömək göstərmək, konkret
problemləri həll etmək olan Mehriban xanım Əliyevaya.
Heydər
Əliyev Fondunun təşəbbüsü ilə yaradılan
mərkəzdə fiziki qüsurlu uşaqlara müstəqil
yaşamaq vərdişləri öyrədilir
Yeni Günəşli yaşayış massivində yerləşən
bu müəssisə Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə Heydər Əliyev Fondunun və Rusiyanın "Uralsib”
maliyyə korporasiyasının birgə əməkdaşlıq
layihəsi çərçivəsində inşa edilib. 2007-ci il
noyabrın 5-də tərəflər arasında imzalanan
Anlaşma Memorandumuna əsasən mərkəzin tikintisinə
başlanılıb və bina 2011-ci il aprelin 5-də istifadəyə
verilib. Mehriban xanım Əliyeva mərkəzin
açılış mərasimində iştirak edib, binada
yaradılan şəraitlə tanış
olub.
1700 kvadratmetr sahəsi olan mərkəz müasir
standartlara uyğun tikilib və müasir avadanlıqla təchiz
olunub. Burada
uşaqların müalicəsi üçün qum terapiyası, artterapiya üsullarından,
müalicəvi vannalardan istifadə edilir. Uşaqlarla
sosial mühit oriyentasiyası tədrisi aparılır, onlara
müstəqil yaşamaq vərdişləri öyrədilir.
Psixoloji sərbəstlik - sensor terapiya kabineti psixoemosional
vəziyyəti yaxşılaşdırmaq, narahatlıq və
aqressiyanı azaltmaq, qorxu və sinir gərginliyini aradan
götürmək, normal yuxunu bərpa etmək, psixoloq və
uşaq arasında etibarlı kontakt yaratmaq məqsədi
daşıyır.
Mərkəzdə müalicə ilə yanaşı, tədris
işləri də aparılır. Uyğunlaşdırılmış
otaqda uşaq və yeniyetmələrin tədrisi oyun və
oyuncaqlar vasitəsilə əyləncəli formada həyata
keçirilir. Mərkəzdə
uşaqların psixoloji və fiziki imkanlarının qiymətləndirilməsi
də həyata keçirilir. Bunun
üçün ayrılan xüsusi otaqda müayinə və
qiymətləndirmə 3 mütəxəssis - pediatr, nevroloq və
psixoloq tərəfindən aparılır.
Müəssisədə uşaq serebral iflici, Daun sindromu,
autizm əlaməti olan 3-18 yaş arası uşaqlar müalicə
olunur. Eyni zamanda psixoloji vəziyyətində əqli
gerilik, kəkələmə, nitq qüsurlu uşaqlara da xidmət
göstərilir. Müəssisəyə qəbul
tibbi sosial ekspert komissiyasının göndərişi əsasında
olur. Burada 15-ə yaxın prosedur həyata
keçirilir. Prosedurların əsasını
müalicəvi bədən tərbiyəsi təşkil edir.
Çünki bu uşaqların fiziki
sağlamlığını bərpa etmək
üçün idman daha çox kömək edir. Adele kostyumları, müxtəlif trenajorlar, masaj, banyoterapiya
- mirvari suyu ilə olan vannalarla uşaqlar müalicə edilir.
Valideynlər, uşaqlar
üçün əvəzedilməz mükafat
Mərkəzdə Heydər Əliyev Fondunun müraciəti
ilə internat evlərindən gələn kimsəsiz
uşaqlar da reabilitasiyadan keçirlər. Əvvəlcə
bura qəbul olunan uşaqların həkim və sosioloqlar tərəfindən
kompleks qiymətləndirilməsi həyata keçirilir.
Qiymətləndirmə nəticəsində hər
bir uşağa fərdi reabilitasiya proqramı tərtib olunur.
Bu proqrama əsasən uşaqlar 10 gün
reabilitasiya kursunu davam etdirirlər. Onlara hər
üç aydan bir, ildə dörd dəfə belə kurslar
keçirilir və bu, 18 yaşlarına qədər davam
etdirilir, 18 yaşı tamam olanlar isə böyüklər
üçün bərpa mərkəzlərinə
keçirilirlər.
Bu ilin 7-8 ayı ərzində 300-dən çox uşaq
mərkəzdə reabilitasiya kursu keçib. Müəssisədəki
bütün xidmət, müalicə, müayinə və
prosedurlar pulsuzdur. Müəssisənin direktoru Sevinc
Yusifova deyir ki, ölkəmizdə bu cür reabilitasiya mərkəzlərinin
yaradılmasına çox ehtiyac var: "Çünki bu xəstəliklər
dövrümüzün fəlakətidir və təəssüf
ki, getdikcə artır. Daun sindromlu,
autizmli
uşaqların sayı çoxalır, o cümlədən də
serebral iflic olanların. Mehriban xanım Əliyeva
belə reabilitasiya mərkəzləri yaradaraq bu cür
uşaqlara, onların valideynlərinə böyük
xeyirxahlıq edir”.
S.Yusifova
məlumat verir ki, bu uşaqlarda 70 faiz irəliləyiş ola bilər, tam sağalma isə, demək olar
ki, mümkün deyil, amma nisbi yaxşılaşmalar
müşahidə edilir: "Oturmayan uşaqlar mərkəzimizdə
bunu bacarıblar, danışmayanlar danışıblar. Gəzməyən uşaqlar var ki, ilk
addımlarını burada atıblar”.
"Uşaq
serebral iflicli, Daun sindromlu, autizmli uşaqların
çoxalmasının əsas səbəbi yaxın qohum
evliliyinin, erkən və gec hamiləliyin olmasından irəli
gəlir” deyən direktor qeyd edir ki, burada infeksiyaların da
öz rolu var. Qadınlarda toksoplazma, herpes, rubella kimi
infeksiyaların faizinin çox olmasının nəticəsi
uşaqlarda serebral iflic diaqnozunun artmasına gətirib
çıxarır: "Qadınlar uşağı planlamazdan
əvvəl həkimə müraciət edib müayinə
olunmalı və bu mikrobları varsa müalicə etdirməli,
hamiləlik dövründə isə vaxtlı-vaxtında həkim
nəzarətindən keçməlidirlər. Bu,
gec ailə quran xanımlara da aiddir. Daun sindromlu
uşaqların əksəriyyəti 40 yaşdan sonra həyata
gətirilən uşaqlardır. Burada da
mütləq ultrasəs müayinələrindən
keçilməlidir. Dölün birinci
trimestrində Daun sindromu özünü büruzə verir.
Ona görə də vaxtında ginekoloq məsləhəti
alıb nəzarət altında olan valideynlərin həyata
daha sağlam uşaq gətirmə ehtimalı çoxdur.
Erkən hamiləliklər də ziyandır,
16-17 yaşda bədən tam formalaşmır və həyata
sağlam uşaq gətirmir. Acınacaqlıdır ki, hətta
elə ailələr var orada iki uşaq serebral iflicidir,
autizmdir, əqli geridir və s. Bu, çıxılmaz bir vəziyyətdir
və valideyn üçün də yaşamaq çox
ağır olur”.
Uşaq serebral iflicinin əsas səbəbi
qohum nikahlarıdır
Həkim-nevropatoloq
İsmayıl Kərimov da vurğuladı ki, uşaq serebral
iflicinin getdikcə artmasının ən ciddi səbəbi
qohum nikahlarıdır: "Biz xəstəni qəbul edərkən
verdiyimiz ilk sual valideynlər arasında
qohumluq əlaqələrinin olub-olmamasıdır. Demək olar ki, müraciətlərin 45-50 faizində
qohum evlilikləri qeydə alınır. Bu
baxımdan yaxın qohumla nikaha girmək düz deyil. Ola bilər ki, həmin ailədə doğulan
uşaqlarda problem olmasın, ancaq gələcək nəsildə
bu, mütləq özünü göstərə bilər”.
Fizioterapevt Aynur Həsənova söyləyir ki, uşaq
serebral iflicindən əziyyət çəkən xəstələrin
müalicəsi uzun sürən prosesdir. Buna görə
də zamanında və vaxtlı-vaxtında müalicə
vacibdir. Əgər müalicə kursu ləngidilərsə,
yaxşı nəticə gözləməyə dəyməz.
Ruhəngiz adlı valideynlə söhbət edirik. Bildirir ki, qızı
Əminə serebral iflicdir, artıq 4-5 kursdur bu müəssisəyə
gəlir: "Nəticələr ürəkaçandır. Psixologiyasında, sosial uyğunlaşmasında irəliləyişlər
var. Əminənin bədən qüsurları, yerişi
düzəlib, psixi inkişafı artıb”.
Uşaqlarda
kiçik motorikanın inkişafını həyata
keçirən Esmira Qurbanova deyir ki, hazırda məşğul
olduğu 4 yaşlı uşağın əl əzələləri
az inkişaf edib və onunla didaktik vəsaitlərlə
işləyir. Bura seqem lövhələr,
mozaikalar, piramidalar daxildir. Sonrakı mərhələdə
isə özünə xidməti inkişaf etdiriləcək,
düymələmə, geyinmə-soyunma və digər vərdişlər
yaranacaq. Məktəb dövründə isə
məktəbəhazırlıq başlayacaq. Qələmi
tutmaq, rəngləmə, oyun xəmiri ilə iş və s.:
"Uşaqların həyata inteqrasiyası da unudulmur, onlarda
özlərinə xidmət bacarıqlarını inkişaf
etdiririk. Belə uşaqlar müəssisəyə
gələndə əksər halda geyinib-soyuna, hətta
qaşığı belə tuta bilmirlər. Amma 10 günlük reabilitasiya kursunu bitirəndən
sonra bu bacarıqlar onlarda əmələ gəlir”.
Azərbaycanda yeganə bu müəssisədə olan
sensor terapiya kabinetinə daxil oluruq.
Yarıqaranlıq
otağın tavanında ulduzlu göy bərq vurur,
quşların cəh-cəhi, çayların
şırıltısı, meşənin
pıçıltısı duyulur, sanki cənnətə
düşürsən...
Psixoloq Nərmin
Cəbrayılova məlumat verir ki, bu otaqda aktivləşdirici
və passivləşdirici elementlər var: "Məsələn,
otağın küncündəki dekorativ ocaq sanki yanır. Autizm uşaqlar bundan çox qorxurlar, amma
yaxınlaşdıqda təhlükə
olmadığını görürlər, yəni imitasiya
edirlər. Buradakı güzgüyə baxaraq
sonsuzluğa doğru gedişi kəşf edir, tavana baxaraq səma-ulduzların
cazibəsinə qapılırlar, Bethovenin musiqilərini, təbiətin
melodiyalarını dinlədikcə sakitləşirlər...”
Uşaqlara yaxşılıq nə qədər
çox olsa, yenə azdır...
15 yaşlı Kənan Xanlarzadə serebral iflicdir və
bu mərkəzə gələndə danışa, otura, yeriyə
bilməyib, həmçinin də psixoloji olaraq heç bir
şey anlamayıb. Anası söyləyir ki, Kənan onun ilk
övladıdır və doğuş zamanı travma alıb:
"İndi onda çox irəliləyiş var.
Yavaş-yavaş sözlər deyir, sərbəst oturur, yeriyə
bilir, ətrafa reaksiya verir, başa düşür: "Ana
kimi bu sevinci mənə yaşatdığı
üçün Mehriban xanıma təşəkkür edirəm.
Birinci xanım mənim övladım da
aralarında olmaqla, bu cür fiziki qüsurlu uşaqlara
yüksək qayğı göstərir, bərpa mərkəzlərində
onlara hər cür şərait yaradır. Mehriban xanım Əliyevanın bizim kimi çarəsiz
analara etdiyi yaxşılığın haqqı ödənilməz”.
Sağlam övlad bütün valideynlərin arzusudur. Təəssüf
ki, həyatda bir çox valideyn bu arzudan kənarda qalır və
bir ömür boyu övladının xəstəliyi ilə
mübarizə aparmağa məhkum olur. Uşaq
serebral iflici, Daun sindromu, autizm sağalan xəstəlik deyil,
amma əlamətlərinin yaxşılaşması
mümkündür. Elə bu məsələni
əldə əsas tutan Mehriban xanım Əliyeva da ümidsiz
körpələrə, yaralı analara dayaq durmağa
çalışır. Çalışır
ki, həyatda heç bir valideyn məyus olmasın, uşaqlar
sağlam, qayğısız böyüsünlər.
Və hər dəfə Birinci vitse-prezidentin təşəbbüsü
ilə yaradılan bu cür mərkəzlərdə olarkən
qaçan, oynayan, danışan, gülən, sevinən
uşaqları gördükcə bir daha əmin oluruq ki,
Mehriban xanım Əliyeva qarşısına qoyduğu bu
müqəddəs amala çatır. Amma yenə də hər zaman
vurğulayır ki, uşaqlara yaxşılıq nə qədər
çox olsa, yenə azdır...
Yasəmən MUSAYEVA
Azərbaycan.-2019.-
20 oktyabr.- S.1;6.