Milli maraqlara qənim
kəsilənlər
Azərbaycanın
uğurlarına kölgə salmaq istəyən xarici qüvvələrin
və onların daxildəki "buyruq qulları”nın
çirkin niyyətləri iflasa məhkumdur
Oktyabr ayının 19-da bəzi destruktiv qruplar köhnə "ənənələrinə” sadiq qalaraq insanların rahatlığını pozmaqla razılaşdırılmamış küçə yürüşü keçirməyə, kütləvi iğtişaşlar törətməyə, asayişi kobud şəkildə pozmağa cəhd etdilər. Lakin hüquq mühafizə orqanları tərəfindən qanunsuz yürüşün qarşısı alındı. Ancaq mitinqdən sonra antiazərbaycançı şəbəkənin daxildəki "buyruq qulları” və xaricdə yaşayan bəzi şəxslər aldıqları xüsisi sifarişlər əsasında sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yaymağa başladılar. Bu xoşagəlməz hallar isə ölkə ictimaiyyətinin ciddi narazılığına səbəb oldu.
Yaranmış vəziyyəti təhlil edən siyasətçilərin də arzuolunmaz vəziyyətlə bağlı fikirləri birmənalıdır. Milli Məclisin komitə sədrləri, deputatları hesab edirlər ki, bütün bunlar antiazərbaycançı şəbəkənin ölkəmizin son vaxtlarda əldə etdiyi uğurları həzm edə bilməməsi və nailiyyətlərə kölgə salmaq məkirindən qaynaqlanır.
Polis sivil qaydalara uyğun
davranış nümayiş etdirdi
Əli HÜSEYNLİ,
Milli Məclisin Hüquq siyasəti və
dövlət quruculuğu komitəsinin sədri:
- Bir qrup
ifrat radikal müxalifətin oktyabrın 19-da mitinq adı ilə
toplaşdıqları yer seçiminin özü belə
onların sırf hüquqazidd əməllərindən xəbər
verir. Baxmayaraq ki, Baki Şəhər İcra
Hakimiyyəti onlara müraciətlərinə əsasən
daha əlverişli yer təklif etmişdi.
Xatırlatmaq istəyirəm ki, "Sərbəst
toplaşmaq azadlığı haqqında” qanunun 9-cu maddəsinin
3-cü hissəsinin 2-ci bəndinə əsasən,
metropolitenin mühafizə zonalarında toplantıların
keçirilməsi qadağandır. Ona görə də şəhər
icra hakimiyyəti tərəfindən mitinqin qeyd olunan vaxtda
Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May
küçəsindəki "Neftçi” idman klubunun
Qaradağ təlim idman bazasında keçirilməsi təklif
olunmuşdu. Buna baxmayaraq, radikal müxalifət
şəhərin mərkəzi hissəsində qanunsuz
aksiyanın keçirilməsinə cəhd göstərdi və
ictimai asayişi ciddi şəkildə pozmağa
çalışdı.
Hüquq mühafizə orqanları öz peşə vəzifə
və borclarını layiqincə yerinə yetirərək
qanunsuz aksiyanın qarşısını aldı. Bundan bir
neçə gün əvvəl də İqtisad Universitetinin
qarşısında qanunsuz aksiya cəhdlərindən
görüntüləri də xatırladaraq deyərdim ki,
polis olduqca sivil qaydalara uyğun davranış nümayiş
etdirib.
Bu gün çox aydın şəkildə biz Fransada,
İspaniyada polisin vətəndaşlara qarşı
amansızlıqlarını müşahidə edirik. Dinc
nümayişçilərə qarşı polis tərəfindən
rezin güllələrdən istifadə olunması, jurnalistlərin
döyülməsi, həddindən artıq aqressiya və sairə
bu gün Avropa İttifaqı ölkələrində tez-tez
rast gəlinir.
Azərbaycandakı inkişaf, xüsusilə ictimai-siyasi
sabitlik bir sıra dairələrin maraqları ilə
üst-üstə düşmür və bu kimi cəhdlər
də məhz onların sifarişidir.
Antiazərbaycançı şəbəkənin
növbəti avantürası da iflasa uğradı
Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı:
- Azərbaycan
müstəqilliyinin 28-ci ildönümünü möhtəşəm
nailiyyətlər, sosial-iqtisadi yüksəliş,
mühüm beynəlxalq siyasi nailiyyətlərlə qeyd edir.
Çox sevindirici haldır ki, bu
ildönümü həm də qazandığımız
uğurların qlobal miqyasda təsdiqi və təsbiti ilə əlamətdar
oldu. Beynəlxalq iqtisadi təşkilatların son
hesabatlarında yer alan məlumatlar bir daha
təsdiq edir ki, Prezident İlham Əliyevin həyata
keçirdiyi islahatlar düzgün istiqamətdədir və
qazanılan iqtisadi nailiyyətlərimiz dünyada təqdir
olunur.
Eyni zamanda Azərbaycan bu həftə Qoşulmama Hərəkatına
sədrliyi rəsmən öz üzərinə götürəcək. "Valday”
Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında və
Aşqabadda dövlət başçılarının Zirvə
görüşündə Ermənistana vurulan siyasi-diplomatik zərbənin
ardınca Azərbaycan BMT-dən sonra dünyanın ikinci ən
böyük təşkilatına sədrlik edəcək.
Beləliklə, İlham Əliyev növbəti
dəfə beynəlxalq miqyasda lider mövqeyinə
çıxır.
Bütün bu nailiyyətlər xalqımızı
sevindirir, qürurlandırır. Yeganə sevinməyən
isə antiazərbaycançı dairələrdir. Ona görə respublikamızda uğurla həyata
keçirilən islahatların, mühüm siyasi
uğurların fonunda son vaxtlar antiazərbaycançı mərkəzlərin
də fəaliyyətində fəallaşma hiss olunur. Əlbəttə, onların fəallığının
güclü Azərbaycan dövlətinin qarşısında
zərrə qədər də təsiri olmasa da, görünən
odur ki, respublikamızın inkişafı, uğurları,
insanların sosial rifahının yüksəlməsi
qısqanclıqla qarşılanır. İndiyədək
bu istiqamətdə baş verən proseslər göstərir
ki, antiazərbaycançı dairələrin Azərbaycan
dövlətinə və Prezident İlham Əliyevə
qarşı apardıqları qarayaxma kampaniyaları, cəmiyyətdə
qarşıdurma yaratmaq, sabitliyi pozmaq cəhdləri həmişə
iflasa düçar olub. Bu gün beynəlxalq
miqyasda onların həyata keçirmək istədikləri, məkrli
planlar yox, Azərbaycan Prezidentinin apardığı islahatlar və
"Qarabağ Azərbaycandır!”
çağırışı daha ucadan səslənir.
Belə bir məqamda antiazərbaycançı şəbəkə
Azərbaycanda daxili vəziyyəti, ictimai-siyasi sabitliyi gərginləşdirmək
üçün yenidən təxribatlar törətməyə,
iğtişaşlar yaratmağa cəhd edir. Oktyabrın
19-da müxalifətin Milli Şura adlandırılan qurumunun
Bakının mərkəzində icazəsiz mitinq keçirməyə
cəhd etməsini başqa cür qiymətləndirmək
mümkün deyil. Çünki
küçə yürüşünün icazəsiz və
adətən insanların gur olduğu yerlərdə
keçirilməsi məqsədli şəkildə
insanların rahatlığını pozmaq, onlarda
narazılıq yaratmaq və bu zəmində ictimai sabitliyin
üzərinə kölgə salmaq niyyəti güdür.
Görünən odur ki, radikal ovqatlı antimilli qüvvələr
antiazərbaycançı şəbəkədən növbəti
sifariş alıblar. Onlarda narahatlıq yaradan isə inkişaf
edən və yüksələn Azərbaycandır. Çünki İlham Əliyevin rəhbərliyi ilə
qazanılan hər bir uğur onların antimilli müstəvidə
qurulmuş fəaliyyətlərini alt-üst edir, insanlara yalan
sırımaq cəhdlərinin qarşısını
alır.
Müxalifətin əvvəlcədən
hazırlanmış iğtişaş planları bu dəfə
də uğursuzluğa düçar oldu. Azərbaycan
polisi yüksək peşəkarlıqla, bir çox xarici
ölkələrdə mitinqlərin dağıdılması
zamanı tətbiq olunan vasitələrdən istifadə etməməklə
öyrədilmiş bir qrup insanın şəhərin mərkəzində
sabitliyi pozmaq cəhdinin və daha dəqiq ifadə etsək,
iğtişaş yaratmaq planının
qarşısını qətiyyətlə aldı. Biz həmin günlərdə televiziyada
İspaniyanın Kataloniya əyalətində və Honqkonqda
mitinqlərin necə dağıdıldığını izləyirdik.
Amma Azərbaycan polisi atlardan, itlərdən, su
şırnaqlarından, gözyaşardıcı qazlardan
istifadə etməməklə öz peşə borcunu layiqincə,
nümunə göstərməklə yerinə yetirdi.
Müxalifətçilik heç bir halda dövlətə
və xalqa qarşı yönəlməməlidir. Azərbaycanın siyasi
tarixində hələ 1990-cı illərin əvvəllərində
Yeni Azərbaycan Partiyasının müxalifət partiyası
kimi ortaya qoyduğu böyük təcrübə var.
Müxalifət dövlətin milli maraq və mənafelərini
hər şeydən üstün tutmalı, öz
proqramları ilə hakimiyyətin fəaliyyətinin
canlanmasına, alternativ düşüncələri ilə
ölkə qarşısında duran vəzifələrin daha
sürətlə gerçəkləşməsinə xidmət
etməlidir. Təəssüf ki, Əli Kərimlinin
rəhbərlik etdiyi AXCP-nin və Milli Şuranın
timsalında bunun tamamilə əksi müşahidə olunur.
Əslində müxalifətçiliyi antimilli
platformaya çevirmiş belələrindən başqa nəsə
gözləmək də sadəlövhlük olardı. AXC qaragüruhunun birillik iqtidarı başa
çatdıqdan sonra Ə.Kərimli daim öz fəaliyyətini
antiazərbaycançı dairələrlə əlaqələndirib.
Bu mənada əslində onun fəaliyyəti
sağlam müxalifətçilik prinsipləri ilə tamamilə
ziddiyyət təşkil edir. O, təmsil olunduğu
qurumun daxilində öz rəhbərinə belə xəyanət
edib. Həm buna, həm dövlətin milli
maraqlarını satdığına, müxalifətçiliklə
bir araya sığmayan hərəkətlərinə görə
ətrafındakılar ondan üz döndəriblər. Ə.Kərimlinin antiazərbaycançı dairələrlə
əməkdaşlığı, onlardan sifarişlər
aldığı zaman-zaman təkzibolunmaz faktlarla ifşa
olunub. Onun yenidən mitinq həvəsinə
düşməsinin səbəbi də aldığı yeni
sifarişdir.
Azərbaycanın Dövlət Müstəqilliyi
Günü oktyabrın 18-də idi. Müxalifətin icazəsiz mitinqi məhz
bu tarixdən bir gün sonra keçirmək istəməsində
də bir məqamı var. Məlum olduğu kimi, 1991-ci ildə
Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsindən
dərhal sonra AXC-Müsavat qruplaşmasının hakimiyyət
uğrunda mübarizəsi xalqa və dövlətçiliyə
ciddi zərbə vurdu. Yeni qazanılmış
müstəqillik itirilmək təhlükəsi ilə üzləşdi.
Hərbi çevriliş yolu ilə hakimiyyətə
gələn bu qüvvələr cəmi birillik iqtidarları
ilə Azərbaycana ən böyük tarixi yaraları
vurdular. Təəssüf ki, vaxtilə
müstəqilliyimizi itirmək təhlükəsi
qarşısında qoyan həmin qüvvələr bu gün
yenidən köhnə ssenariləri işə salmaq istəyirlər.
Lakin onların hədəfi əslində
iqtidara gəlmək deyil. Əsl hədəfləri
Azərbaycanın müstəqilliyini və dövlətçiliyini
məhv etməkdir. Onlar bu niyyətləri,
antiazərbaycançı şəbəkənin
maraqlarına xidmətlərini ortaya qoymaqla bu xalqa aid
olmadıqlarını göstərdilər.
Azərbaycan xalqı Heydər Əliyev siyasi kursunun və
İlham Əliyevin islahatlar strategiyasının ətrafında
sıx birləşib. Xalqımız hələ 26 il
öncə xaosa və anarxiyaya, AXC və Müsavata yox deyib,
indi də bu mövqeyə sahibdir. Ona görə
onlara Azərbaycan siyasi səhnəsində heç vaxt yer
olmayacaq.
Kimlərinsə özünü
qanunlardan üstün tutmasına imkan verilməyəcək
Tahir RZAYEV,
Milli Məclisin deputatı:
- Hər
bir aksiya - mitinq, yürüş müəyyən qanunvericilik
çərçivəsində olmalıdır. Qanundankənar heç bir kütləvi aksiya
keçirilməməli və buna yol verilməməlidir.
Azərbaycan hüquqi, demokratik ölkədir və burada hər
bir proses qanunlarla tənzimlənir. İndiyə
kimi belə olub, bu gün də belədir, bundan sonra da belə
olacaq. Kimlərinsə özünü
qanundan yuxarı görməsinə, aparmasına imkan verilməyəcək.
Mən insanların kütləvi mitinqlərə,
iğtişaşlara çağırılmasının tərəfdarı
deyiləm. Hər şey qanunvericilik çərçivəsində
olmalıdır. Hansısa qüvvələr
mitinq, kütləvi aksiya keçirəndə isə icazə
almalıdırlar. Əks halda yaşanan
qarşıdurmalardan hansısa tərəfin ziyan çəkməsi,
dağıntıların olması dövlətin də imicinə
ziyandır.
Dağıdıcı müxalifətin mitinq cəhdi də
bu baxımdan qəbulolunmaz idi. Bu cür qanunsuz hərəkətlər,
yaşanan xoşagəlməz anlar heç bir halda Azərbaycan
cəmiyyəti üçün faydalı deyil. Bunun məsuliyyəti isə insanları
iğtişaşlara səsləyən müxalifət liderlərinin
üzərinə düşür. Onlar bu
məsələdə məsuliyyət daşıyırlar.
Azərbaycan ötən əsrin 80-ci illərinin
sonlarının, 90-cı illərinin əvvəllərinin,
xaosun, anarxiyanın, özbaşınalığın,
hüquqi nihilizmin hökm sürdüyü ölkə deyil. Artıq o
dövrlər çoxdan geridə qalıb. İndiki Azərbaycan qanunlarla idarə olunan
güclü, qüdrətli, müasir, modern və model Azərbaycandır
və onun qüdrətli, cəsarətli, müdrik lideri var.
Ümumiyyətlə, kimlərinsə ərköyünlüyünə,
cığallığına, özünü qanunlardan
üstün tutmasına imkan verilməyəcək. Bunu həmin
qüvvələr nə qədər tez anlasalar, özləri
üçün yaxşı olar.
Düşmənin dəyirmanına
su tökənlərdən hər bir azərbaycanlı uzaq
olmalıdır
Qənirə PAŞAYEVA,
Milli Məclisin deputatı:
- İcazəsiz
keçirilən küçə yürüşü,
asayişi pozmaq, qarşıdurma yaratmaq cəhdləri və
sosial şəbəkələr üzərindən anti-konstitusion
çağırışlar edilməsi kimi bəzi radikal
müxalif qüvvələrin təxribat addımları
Prezident İlham Əliyevin Soçidə "Valday” Beynəlxalq
Diskussiya Klubunda, Aşqabadda MDB dövlət və hökumət
başçılarının növbəti
toplantısında Qarabağ münaqişəsilə bağlı
verdiyi sərt bəyanatlardan, Türk Şurasının
möhtəşəm zirvə toplantısında verdiyi önəmli
məsajlarından, cari ilin 9 ayının yekunlarına həsr
edilmiş müşavirədə səsləndirdiyi ədalətli
və sərt bəyanatlarından az sonraya təsadüf etməsi
əslində təsadüf kimi görünmür.
Azərbaycanın inkişafında maraqlı olmayan, ölkəmiz əleyhinə fəaliyyət göstərən bəzi xarici dairələr daha da fəallaşıb və onlar daxildəki bəzi radikal müxalifət tərəfdarları ilə vəziyyəti gərginləşdirməyə cəhd edirlər. Siyasi düşüncələrimizdən asılı olmayaraq, bu gün hamımız dövlətimizin, Ali Baş Komandanımızın ətrafında sıx birləşməliyik. Çünki biz torpaqlarımızı işğaldan azad etməliyik. Düşməninin dəyirmanına su tökən addımlardan hər bir azərbaycanlı uzaq olmalıdır. Mitinq, piket və yürüşü icazə verilən yerlərdə keçirə bilərdilər. Şəhər mərkəzində, əhalinin sıx olduğu yerlərdə qanunsuz küçə yürüşünə cəhdin arxasında dayanan marağı anlamaq çətin deyil. Təəssüf... Amma insanlarımızın əksəriyyəti bu gün cənab Prezidentin, Ali Baş Komandanın ətrafında sıx birləşərək ölkəmizin inkişafı üçün ona dəstəyini yüksək səslə ifadə edir və heç bir xarici qüvvə və onların daxildəki tərəfdarları bu kimi addımlarla nəyəsə nail ola bilməzlər. Allah Azərbaycanımızı qorusun hər zaman!
Azərbaycan.- 2019.- 22 oktyabr.- S. 4.