Azərbaycan-Pakistan əlaqələri inkişaf edir

 

Oktyabrın 21-də Milli Məclis Sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Pakistan Milli Assambleyasının üzvü, Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya üzrə federal naziri xanım Fehmida Mirzənin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Ziyafət Əsgərov Azərbaycan ilə Pakistanın dostqardaş ölkələr olduğunu bildirib. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlətdir. Xüsusilə, Azərbaycanın müstəqilliyinin ilk illərində Pakistan Azərbaycana çox kömək edib. Hazırda ölkələrimiz arasında siyasi, iqtisadi, ticari, humanitar, hərbi-texniki əlaqələr çox yüksək səviyyədədir.

Z.Əsgərov diqqətə çatdırıb ki, münasibətlərimizin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri xüsusi rol oynayıb, bir sıra vacib sənədlər imzalanıb. Ölkələrimiz bir sıra beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirbiz bu əməkdaşlığın daha da güclənməsində maraqlıyıq.

Komitə sədri Pakistanın beynəlxalq təşkilatlarda Azərbaycana verdiyi daimi dəstəyə, həmçinin Xocalı soyqırımı ilə bağlı Pakistan Milli Assambleyasında qəbul olunmuş qətnamələrə görə təşəkkürünü bildirib.

Ölkəsinin Azərbaycan ilə sıx tarixi köklərlə bağlı olduğunu deyən xanım Fehmida Mirzə Pakistanda mövcud olan Kəşmir, Azərbaycanda isə Dağlıq Qarabağ münaqişələrinin oxşarlığından danışıb. Qonaq bu münaqişələrin həllində Pakistan və Azərbaycanın həmişə bir-birinə dəstək verməsindən məmnunluğunu bildirib. Söhbət zamanı bu münaqişələrin həlli üçün əlaqələrimizin bundan sonra inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı, idman sahəsində əməkdaşlıq, Pakistanın istehsal etdiyi idman məhsullarının Azərbaycanda tanıdılması və tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov və digər rəsmi şəxslər iştirak ediblər.

 

Azərbaycan.- 2019.- 22 oktyabr.- S. 5.