Pakistan Azərbaycanın idman sahəsindəki təcrübəsindən yararlanmaq istəyir

 

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya Federal Nazirliyi arasında anlaşma memorandumu imzalanıb

 

Pakistan Azərbaycanın idman sahəsindəki təcrübəsindən yararlanmaq istəyir.

Bunu ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya Federal naziri Fehmida Mirza Ni oktyabrın 21-də Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov ilə görüşdə deyib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə A.Rəhimov Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan birinci dövlət olduğunu və hər iki ölkənin illərə söykənən dostluq və qardaşlıq münasibətlərinin daim inkişaf etdiyini diqqətə çatdırıb. Nazir qeyd edib ki, Anlaşma Memorandumu ölkələrimizdə idman sahəsinin inkişafına çox böyük dəstək verəcək. Qonaq ölkəmizə səfəri çərçivəsində Azərbaycan Milli İdman TibbReabilitasiya İnstitutu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Milli Gimnastika Arenası, Su İdmanı Sarayı və digər idman qurğuları ilə tanış olacaq, ölkəmizdə idman infrastrukturu barədə geniş məlumat əldə edəcək.

Azərbaycanda gənclər sahəsində görülən işlər barədə də qonağa məlumat verən A.Rəhimov Gənclər və İdman Nazirliyi tərəfindən uzun müddətdir müxtəlif ölkələrdə gerçəkləşdirilən "Mən Azərbaycan haqqında nə bilirəm?” esse müsabiqəsində Pakistan gənclərinin də fəal iştirak etdiklərini və qaliblərin dəfələrlə ölkəmizə səfər etdiklərini diqqətə çatdırıb.

Yüksək qonaqpərvərliyə görə xüsusi təşəkkürünü bildirən Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya Federal naziri xanım Fehmida Mirza Ni Azərbaycanın idman sahəsində sürətlə inkişaf etdiyini və Pakistanın ölkəmizin təcrübəsindən yararlanmaqda maraqlı olduğunu bildirib.

Fehmida Mirza Ni Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil etdiyini vurğulayıb. O, Pakistanın da bu səpkili yarışlara ev sahibliyi etmək istədiyini söyləyib. Qonaq bildirib ki, idman diplomatiyası onun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Ölkəmizin idman sahəsində çox böyük təcrübəyə malik olduğunu söyləyən Fehmida Mirza Ni idman diplomatiyasına Azərbaycanın da cəlb oluna biləcəyini və bununla da münasibətlərin yeni mərhələyə qədəm qoya biləcəyini vurğulayıb.

Xanım nazir Azərbaycan və Pakistan idmançılarının idmanın müxtəlif növləri üzrə birgə təlim-məşq toplanışlarına qatılmalarının idmanın inkişafında önəmli addım olduğunu bildirib, bu istiqamətdə də əməkdaşlığı genişləndirməyin vacibliyini diqqətə çatdırıb. Azərbaycanın əsrarəngiz ölkə olduğunuturizmin inkişaf etdiyini söyləyən qonaq pakistanlıların son illərdə respublikamıza artan marağından xüsusilə söz açıb.

Görüşdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya Nazirliyi arasında idman sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanıb.

 

Azərbaycan.- 2019.- 22 oktyabr.- S. 5.